Məhkəmə qərarları › İş №e-2(005)-1274/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1274/2022

06.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1274/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətininverdiyi 10 dekabr 2021-ci il tarixli, 1480/K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Radiometereologiya, aviameterelogiya və aerologiya X3 Stansiyasına əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1972-ci il tarixdə anadan olmuşdur. 10 dekabr 2021-ci il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Radiometereologiya, aviameterelogiya və aerologiya X3 Stansiyasında mütəxəssis radiometeoreloqu vəzifəsində işləmişdir. İşlədiyi müddətdə qüsursuz işləməklə, hər hansı bir pozuntuya yol verməmişdir. Lakin, əsaslı bir səbəb olmadan və hər hansı bir xəta törətmədən aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin rəisinin 10 dekabr 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bir qəflətən işdən azad olunmuşdur. İşdən çıxarılmağına əsas kimi 04-05 noyabr 2021-ci il tarixlərində keçirilmiş attestasiyanın nəticələrinin yaxşı olmadığı bildirilmişdir. Halbuki, o, bununla razı deyil. Ümumiyyətlə, barəsində verilmiş əmr qanunvericiliyin tələblərinə zidd olmaqla, onun əmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Keçirildiyi bildirilən attestasiya isə ümumiyyətlə, qanunvericiliyin tələblərinə uyğun keçirilməmişdir. Onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin rəhbərliyi tərəfindən verilmiş əmri qeyri-qanuni və əsassız hesab edir. Qeyd edir ki, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmadan bu əmr verilmişdir. İşə qəbul olunduğu vaxtdan işlədiyi müddətdə qüsursuz, fasiləsiz iş stajı var, həmişə də işinin öhdəsindən layiqincə gəlmişdir. Amma, cavabdeh bu əmri verərkən qanunvericilinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin rəhbərliyinin qəflətən verdiyi bu əmr Əmək Məcəlləsinin on birinci fəslində göstərilən “Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları” bölümündə nəzərdə tutulan əmək hüquqlarımı da pozmuşdur. Yəni, nəinki mənə yeni iş yeri axtarmaqdan ötrü xəbərdarlıq edilməmiş, hətta, başqa iş yeri axtarmaqdan ötrü Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən xəbərdarlıq edilmədən tələsik qaydada qəflətən, həm də qeyri-qanuni olaraq işdən kənarlaşdırılmışdır. Ona görə də qanunsuz verilən əmr ləğv edilməli, o, işə bərpa olunmalı və məcburi iş buraxmağına görə Əmək Məcəlləsinin 195-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olana kimi bütün dövr üçün onun aylıq orta əmək haqqı ödənilməlidir. Bu məsələnin artıq məhkəmədən kənar həlli yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda 28.02.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Milli Hidrometeorologiya Xidmətinə qarşı “pozulmuş əmək hüquqlarının bərpa edilməsi, işdən çıxarılması ilə bağlı verilmiş əmrin ləğv edilməsi və məcburi işburaxına müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətirdə işin səmərəliliyinin artırılması, əməyin təşkilində mütərəqqi üsulların tətbiqi, kadr potensialının gücləndirilməsi, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması və ixtisasına sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Əmək məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəl “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarfna uyğun olaraq Xidmətin 2020-ci il 23 dekabr tarixli 1031/Ü nömrəli Əmrinə əsasən 04-05 noyabr 2021 -ci il tarixlərində Radiometeorologiya, aviameteorologiya və aerologiya mərkəzinin X1 işçilərin attestasiyası keçirilmişdir. İddiaçı iddia ərizəsində Milli Hidrometeorologiya Xidmətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76cı maddəsinə (İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.) münasibətdə qanunvericiliyin tələblərini pozduğunu bildirmişdir. Qeyd edilir ki, attestasiyanın keçirilməsi ilə əlaqədar attestasiya olunacaq işçilər qanunamüvafiq qaydada qabaqcadan xəbərdar edilərək, attestasiyanın keçirilməsi qaydaları ilə tanış edilmişlər. Bundan əlavə işçilərin attestasiyasının keçirilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmuşdur. İddiaçı Attestasiya vərəqəsindən də göründüyü kimi 40-ı test və 3-ü açıq tipli olmaqla ona verilən sualları tələb olunan səviyyədə cavablandıra bilməmişdir. Belə ki, o 40 test sualından yalnız 19-nu, açıq tipli sualların isə yalnız 1 -ni doğru cavablandırmışdır. “Milli Hidrometeorologiya Xidmətində işçilərinin attestasiyasının keçirilməsi qaydaları”nın 6.2-ci maddəsinə əsasən düzgün cavablandırılmış sualların miqdarı açıq tipli suallardan 2-ni və test tapşırılarının tətbiq olunmuş sayının 50% və bundan az təşkil edərsə işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70ci maddəsinin uc” bəndinə əsasən ləğv edilir. Beləliklə İddiaçı doğru cavblarının miqdarı açıq tipli suallarda 1 (bir) test tapşırıqlarında isə 50%-dən az olduğu üçün Attestasiya Komissiyasının "Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Şimal-Qərb RHM və Şəki RMS-də keçirilmiş attestasiyasf’nın 10 noyabr 2021-ci il tarixli 5 nömrəli Protokolunda “Milli Hidrometeorologiya Xidmətində işçilərinin attestasiyasının keçirilməsi qaydalarının 6.2- ci bəndinin tələbi əsas götürülərək, Şəki RMS-in mütəxəssis radiometeoroloqu İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə müvafiq olaraq ləğv edilməsi tövsiyyə edilmişdir. Milli Hidrometeorologiya Xidmətinin 10 dekabr 2021-ci il tarixli 1480/K nömrəli Əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun claraq (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edildikdə) 10 dekabr 2021-ci il tarixdən Radiometeorologiya, aviameteorologiya və aerologiya mərkəzinin X2 mütəxəssis- radiometeoroloqu vəzifəsindən azad edilmiş və onunla bağlanmış Əmək müqaviləsi ləğv edilmişdir. Onu da qeyd edək ki, iddiaçının iddia ərizəsində hüquqlarının pozulmasının qanuni əsası kimi göstərdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.1-ci maddəsində müəyyənləşdirilmiş xəbərdarlıq müddətləri əmək müqaviləsinin işəgötürən tərəfindən Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verildiyi hallara şamil edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin Şimal-Qərb RHM və Şəki RMS-də keçirilmiş attestasiyanın 10.11.2021-ci il tarixli, 5№-li protokoldan görünür ki, Şəki RMS-in rəisi X4, mütəxəssis radiometeoroloqları X5, X8, İddiaçı, elektrotexnika üzrə mütəxəssis X14, mütəxəssis elektronik X9 və sistem üzrə texniki X6 MHX-nin işçilərinin attestasiyasının keçirilməsi qaydalarının 6.2 bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilməsi tövsiyyə edilir (8-ci bənd). İş materiallarında olan Attestasiya vərəqəsindən görünür ki, İddiaçı test suallarından 19 düz, 20 səhv, 1 cavabsız; açıq suallardan 1 düz, 2 səhv ümumilikdə 47,5 % nəticə göstərmişdir. Attestasiyanın nəticələrinə görə 10.12.2021-ci il tarixdən Radiometrologiya, avtometerelogiya və aerologiya mərkəzinin Şəki RMS-in mütəxəssis metereoloqu vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin nümayəndəsi X12 10.12.2021-ci il tarixli, 1480/k saylı Əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə uyğun olaraq (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) 10 dekabr 2021-ci il tarixdən Radiometeorologiya, aviameteorologiya və aerologiya mərkəzinin X2 mütəxəssis-radiometeoroloqu vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətində işçilərin attestasiyasının keçirilməsinin qaydalarından görünür ki, Attestasiyaya ayrılan vaxt 75 (yetmiş beş) dəqiqəyədəkdir, 40 test tapşırığından və 3 açıq tipli sualdan ibarətdir. (5.3 b) Attestasiya olunan işçilər attestasiyadan azı bir ay əvvəl mövzular ilə tanış edilməlidirlər. (5.4 b) Attestasiya komissiyası attestasiyada toplanan müvafiq nəticələrə uyğun olaraq aşağıdakı qərarlardan birini verir. (6 b) Düzgün cavablandırılmış sualların miqdarı açıq tipli suallardan 2-ni və test tapşırıqlarının tədbiq olunmuş sayının 65%-ni keçdikdə vəzifəyə uyğundur. (6.1 b) Düzgün cavablandırılmış sualların miqdarı açıq tipli suallardan 2-dən və test tapşırıqlarının tətbiq olunmuş sayının 50% və bundan az təşkil edərsə işçi ilə bağlanmış əmək müqaviləsi əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilir. (6.2 b) Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əmək edilməklə işə götürən tərəfindən ləğv edilə bilər. (9.1 b) İş materiallarına əlavə edilmiş əlyazmalardan görünür ki, İddiaçı 16.09.2021-ci il tarixdə Attestasiya qaydaları ilə tanış edilmiş və bunu öz imzası ilə təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş əlyazmalardan görünür ki, İddiaçı 16.09.2021-ci il tarixdə Attestasiya əmri ilə tanış edilmiş və bunu öz imzası ilə təsdiqləmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətində Radiometereologiya, aviameterelogiya və aerologiya X3 Stansiyasında 10 dekabr 2021-ci il tarixədək mütəxəssis radiometeoreloqu vəzifəsində işləmişdir. 04.11.2021-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin Şimal-Qərb RHM və Şəki RMSdə attestasiya keçirilmiş və həmin attestasiyanın nəticələrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə 10.12.2021-ci il tarixli, 1480/k nömrəli əmrlə xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 64.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. 64.2 İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. 65.1 İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 65.8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərkən cavabdehin nümayəndə tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəninin əsassız olması qənaətinə gəlmişdir. Belə ki, mülki iş materiallarında olan sübutlarla müəyyən edilir ki, 16.09.2021-ci il tarixdə İddiaçı işə götürən tərəfindən attestasiya əmri ilə tanış edilmiş, 04.11.2021-ci il tarixdə attestasiyadan keçmiş və ona verilmiş sulların ümumilikdə 47,5 %-ni doğru cavablandırmışdır. Həmin Atestasiyanın nəticələrinə dair 10.11.2021-ci il tarixli, 5 №-li protokoldan müəyyən olunur ki, mütəxəssis radiometeoroloq İddiaçı MHX-nin işçilərinin attestasiyasının keçirilməsi qaydalarının 6.2 bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilməsi tövsiyyə edilmişdir. Bundan sonra işçi İddiaçı işəgötürənin 10.12.2021-ci il tarixli, 1480/k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətində işçilərin attestasiyasının keçirilməsinin qaydalarından görünür ki, düzgün cavablandırılmış sualların miqdarı açıq tipli suallardan 2-dən və test tapşırıqlarının tətbiq olunmuş sayının 50% və bundan az təşkil edərsə işçi ilə bağlanmış əmək müqaviləsi əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilir. İddiaçı isə attestasiyada 50%dən aşağı, yəni 47,5 % nəticə göstərmişdir. Bu halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən attestasiya keçirilərkən, həmçinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. Buna görə də iddia tələbinin təmin oluması üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar