Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1308/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətə arasında əmək müqaviləsinin xitam verilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin verdiyi 10 dekabr 2021-ci il tarixli, 1486/K nömrəli əmrin ləğv edilməsi, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Radiometereologiya, aviameterelogiya və aerologiya X1 Stansiyasına əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxxx 1987-ci il tarixdə anadan olmuşdur. O, 10 dekabr 2021-ci il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Radiometereologiya, aviameterelogiya və aerologiya X1 Stansiyasında mütəxəssis elektroniki vəzifəsində işləmişdir. İşlədiyi müddətdə qüsursuz işləməklə, hər hansı bir pozuntuya yol verməmişdir. Lakin, əsaslı bir səbəb olmadan və hər hansı bir xəta törətmədən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin rəisinin 10 dekabr 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hər hansı bir pozuntu etməmişdir və xəbərdarlıq olunmadan işdən azad olunmuşdur. İşdən çıxarılmağına əsas kimi 04-05 noyabr 2021-ci il tarixlərində keçirilmiş attestasiyanın nəticələrinin yaxşı olmadığı bildirilmişdir. Halbuki, iddiaçı bununla razı deyil. Ümumiyyətlə, barəsində verilmiş əmr qanunvericiliyin tələblərinə zidd olmaqla, onun əmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Keçirildiyi bildirilən attestasiya isə ümumiyyətlə, qanunvericiliyin tələblərinə uyğun keçirilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin rəhbərliyinin qəflətən verdiyi işdən çıxarma barədə əmr Əmək Məcəlləsinin on birinci fəslində göstərilən “Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları” bölümündə nəzərdə tutulan əmək hüquqlarını da pozmuşdur. Yəni, nəinki iddiaçıya yeni iş yeri axtarmaqdan ötrü xəbərdarlıq edilməmiş, hətta, başqa iş yeri axtarmaqdan ötrü Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən xəbərdarlıq edilmədən tələsik qaydada qəflətən, həm də qeyri-qanuni olaraq işdən kənarlaşdırılmışdır. Ona görə də qanunsuz verilən əmr ləğv edilməli, İddiaçı işə bərpa olunmalıdır və məcburi iş buraxmağına görə Əmək Məcəlləsinin 195-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olana kimi bütün dövr üçün iddiaçının aylıq orta əmək haqqı ödənilməlidir. Həmçinin, aralarında olan bu əmək mübahisəsinin həlli ilə bağlı Mediasiya Şurasına müraciət etmişdır, lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin nümayəndəsi təyin edilmiş ilkin mediasiya prosessində iştirak etmədiyindən, Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator tərəfindən mediasiya prosesində iştirak edilməmə barədə 09 fevral 2022-ci il tarixli arayış verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında yazılı etiraz ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətində işin səmərəliliyinin artırılması, əməyin təşkilində mütərəqqi üsulların tətbiqi, kadr potensialının gücləndirilməsi, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması və ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetini 2001-ci il 23 may tarixli 97 nömrəli “Azərbaycan respublikasında işçilərin attestasiysının keçirilməsi Qaydaları”na uyğun olaraq Xidmətin 2020-ci il 23 dekabr tarixli 1031/Ü nömrəli Əmrinə əsasən 04-05 noyabr 2021-ci il tarixlərində Radiometeorologiya, aviameteorologiya və aerologiya mərkəzinin Şəki Radiometeoroloji stansiyasında işçilərin attestasiyası keçirilmişdir. İddiaçı iddia ərizəsində Milli Hidrometeorologiya Xidmətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-ci maddəsinə (işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsində eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.) münasibətdə qanunvericiliyin tələblərinin pozduğunu bildirmişdir. Qeyd edir ki, attestasiyanın keçirilməsi ilə əlaqədar attestasiya olunacaq işçilər qanuna müvafiq qaydada qabaqcadan xəbərdar edilərək, attestasiyanın keçirilməsi qaydaları ilə tanış edilmişlər. Bundan əlavə işçilərin attestasiyasının keçirilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmuşdur. İddiaçı Attestasiya vərəqəsindən də göründüyü kimi, 40-ı test və 3-ü açıq olmaqla ona verilən sualları tələb olunan səviyyədə cavablandıra bilməmişdir. Belə ki, o, 40 test sualından yalnız 14-nü düz, açıq tipli suallardan isə heç birini cavablandıra bilməmişdir. “Milli Hidrometeorologiya Xidmətində işçilərinin attestasiya keçirilməsi qaydaların”nın 6.2-ci maddəsinə əsasən düzgün cavablandırdığı sualların miqdarı açıq tipli suallardan 2-ni və test tapşırıqlarının tətbiq olmuş sayının 50% və bundan az təşkil edərsə, işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsin 70-ci maddəsinin “c” bəndinə əsasən ləvğ edilir. Beləliklə İddiaçı doğru cavablarının miqdarı açıq tipli suallardan müəyyən olunmamış, test tapşırıqlarında isə 50%-dən az olduğu üçün Attestasiya Komissiyasının “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaninda Milli Hidrometeorologiya Xidmətinin Şimal-Qərb RHM və Şəki RMS-də keçirilmiş attestasiyasının 10 noyabr 2021-ci il tarixli 5 nömrəli Protokoluna əsasən “Milli Hidrometeorologiya Xidmətində işçilərinin attestasiya keçirilməsi qaydaları”nın 6.2-ci bəndinin tələbini əsas götürərək, Şəki RMS-in mütəxəssis-elektronik İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilməsi tövsiyyə edilmişdir. Milli Hidrometeorologiya Xidmətinin 10 dekabr 2021-ci il tarixli 1486/K nömrəli Əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin ) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edildikdə) 10 dekabr 2021-ci il tarixdən Radiometeorologiya, aviameteorologiya və aerologiya mərkəzinin Şəki Radiometeoroloji stansiyasının mütəxəssis-elektronik vəzifəsindən azad edilmişdir və onunla bağlanmış Əmək müqaviləsi ləğv edilmişdir. İddiaçının iddia ərizəsində hüquqlarının pozulmasının qanuni əsası kimi göstərdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.1-ci maddəsində müəyyənləşdirilmiş xəbərdarlıq müddətləri əmək müqaviləsinin işəgötürən tərəfindən Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ştatları ixtisar edildikdə) xitam verildiyi hallara şamil edilir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Attestasiya vərəqəsindən də göründüyü kimi, 40-ı test və 3-ü açıq olmaqla ona verilən sualları tələb olunan səviyyədə cavablandıra bilməmişdir. Belə ki, o, 40 test sualından 14-nü düz, açıq tipli suallardan isə heç birini cavablandıra bilməmişdir. Beləcə 35 müvəffəqiyyət faizi əldə etmişdir. “Milli Hidrometeorologiya Xidmətində işçilərinin attestasiya keçirilməsi qaydaların”nın 6.2-ci maddəsinə əsasən düzgün cavablandırdığı sualların miqdarı açıq tipli suallardan 2ni və test tapşırıqlarının tətbiq olmuş sayının 50% və bundan az təşkil edərsə, işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilir. Attestasiya Komissiyasının “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaninda Milli Hidrometeorologiya Xidmətinin Şimal-Qərb RHM və Şəki RMS-də keçirilmiş attestasiyasının 10 noyabr 2021-ci il tarixli 5 nömrəli Protokoluna əsasən “Milli Hidrometeorologiya Xidmətində işçilərinin attestasiya keçirilməsi qaydaları”nın 6.2-ci bəndinin tələbini əsas götürərək, Şəki RMS-in mütəxəssis-elektronik İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilməsi tövsiyyə edilmişdir. Milli Hidrometeorologiya Xidmətinin 10 dekabr 2021-ci il tarixli 1486/K nömrəli Əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin ) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edildikdə) 10 dekabr 2021-ci il tarixdən Radiometeorologiya, aviameteorologiya və aerologiya mərkəzinin Şəki Radiometeoroloji stansiyasının mütəxəssis-elektronik vəzifəsindən azad edilmişdir və onunla bağlanmış Əmək müqaviləsi ləğv edilmişdir. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” nın 2.4cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. 2.6-cı bəndinə əsasən Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, ixtisasını artırmağa göndərmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır. 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2-ci maddəsinə əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.6-ci maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1-ci maddəsinə attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.5-ci maddəsinə əsasən işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. 67.6-cı maddəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Mülki işin araşdırılmış hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı cavabdeh işəgötürənin təsərrüfatında işləmiş, əməyin ödənilməsi formasına və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqına uyğun vaxtamuzd haqq almışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı irəli sürdüyü tələbləri təqdim edilmiş sübutlarla təsdiq edə bilmədiyindən işə bərpa tələbi əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-1308/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1308/2022
20.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver