Məhkəmə qərarları › İş №e-2(005)-1311/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1311/2022

28.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1311/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyin nümayəndəsi Səfərov Namiq oğlunun iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “əmək fəaliyyətinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “əmək fəaliyyətinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin verdiyi 10 dekabr 2021-ci il tarixli, 1482/K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Radiometereologiya, aviameterelogiya və aerologiya X3 Stansiyasına əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1980-ci il tarixdə anadan olmuşdur. O, 10 dekabr 2021-ci il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Radiometereologiya, aviameterelogiya və aerologiya X3 Stansiyasında mütəxəssis radiometeoreloqu vəzifəsində işləmişdir. İşlədiyi müddətdə qüsursuz işləməklə, hər hansı bir pozuntuya yol verməmişdir. Lakin, əsaslı bir səbəb olmadan və hər hansı bir xəta törətmədən aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin rəisinin 10 dekabr 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bir daha qeyd edir ki, o, hər hansı bir pozuntu etməmiş və xəbərdarlıq olunmadan belə qəflətən işdən azad olunmuşdur. İşdən çıxarılmağına əsas kimi 04-05 noyabr 2021-ci il tarixlərində keçirilmiş attestasiyanın nəticələrinin yaxşı olmadığı bildirilmişdir. Halbuki, o, bununla razı deyil. Ümumiyyətlə, barəsində verilmiş əmr qanunvericiliyin tələblərinə zidd olmaqla, onun əmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Keçirildiyi bildirilən attestasiya isə ümumiyyətlə, qanunvericiliyin tələblərinə uyğun keçirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin rəhbərliyi tərəfindən verilmiş əmri qeyri-qanuni və əsassız hesab edir. Qeyd edir ki, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmadan bu əmr verilmişdir. O, işə qəbul olunduğu vaxtdan işlədiyi müddətdə qüsursuz, fasiləsiz iş stajı var, həmişə də işinin öhdəsindən layiqincə gəlmişdir. Amma, cavabdeh bu əmri verərkən qanunvericilinin tələblərini pozmuşdur. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyin nümayəndəsi Səfərov Namiq oğlu iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-1311/2022 nömrəli iş üzrə İddiaçı cavabdeh Milli Hidrometeorologiya Xidmətinə qarşı ‘Xidmətin 10 dekabr 2021-ci il tarixli, 1482/K nömrəli Əmrinin ləğv edilməsi və 'məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirirlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində işin səmərəliliyinin artırılması, əməyin təşkilində mütərəqqi üsulların tətbiqi, kadr potensialının gücləndirilməsi, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması və ixtisasına sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Əmək məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrə i “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarfna uyğun olaraq Xidmətin 2020-ci il 23 dekabr tarixli 1031/Ü nömrəli Əmrinə əsasən 04-05 noyabr 2021-ci il tarixlərində Radiometeorologiya, aviameteorologiya və aerologiya mərkəzinin X1 işçilərin attestasiyası keçirilmişdir. İddiaçı iddia ərizəsndə Milli Hidrometeorologiya Xidmətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinə (İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllərin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.) münasibətdə qanunvericiliyin tələblərini pozduğunu bildirmişdir. Qeyd edir ki, attestasiyanın keçirilməsi ilə əlaqədar attestasiya olunacaq işçilər qanunamüvafiq qaydada qabaqcadan xəbərdar edilərək, attestasiyanın keçirilməsi qaydaları ilə tanış edilmişlər. Bundan əlavə işçilərin attestasiyasının keçirilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmuşdur. İddiaçı Attestasiya vərəqəsindən də göründüyü kimi 40-ı test və 3-ü açıq tipli olmaqla ona verilən sualları tələb olunan səviyyədə cavablandıra bilməmişdir. Belə ki, o 40 test sualından yalnız 18-ni doğru cavablandırmış, açıq tipli sualların isə heç birinə düzgün cavab verə bilməmişdir. “Milli Hidrometeorologiya Xidmətində işçilərinin attestasiyasının keçirilməsi qaydalarının 6.2-ci maddəsinə əsasən düzgün cavablandırılmış sualların miqdarı açıq tipli suallardan 2-ni və test tapşırılarının tətbiq olunmuş sayırın 50% və bundan az təşkil edərsə işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən ləğv edilir. Beləliklə İddiaçı doğru cavblarının miqdarı açıq tipli suallarda 0 (sıfır) test tapşırıqlarında isə 50%-dən az olduğu üçün Attestasiya Komissiyasının “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Şimal-Qərb RHM və Şəki RMS-də keçirilmiş attestasiyasının 10 noyabr 2021-ci il tarixli 5 nömrəli Protokoluna əsasən “Milli Hidrometeorologiya Xidmətində işçilərinin attestasiyasının keçirilməsi qaydalarf’nm 6.2-ci bəndinin tələbi əsas götürülərək, Şəki RMS-in mütəxəssis-radiometeoroloqu İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə müvafiq olaraq ləğv edilməsi tövsiyyə edilmişdir. Milli Hidrometeorologiya Xidmətinin 10 dekabr 2021-ci il tarixli 1484/K nömrəli Əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edildikdə) 10 dekabr 2021-ci il tarixdən Radiometeorologiya, aviameteorologiya və aerologiya mərkəzinin X2 mütəxəssisradiometeoroloqu vəzifəsindən azad edilmiş və onunla bağlanmış Əmək müqaviləsi ləğv edilmişdir. Onu da qeyd edir ki, iddiaçının iddia ərizəsində hüquqlarının pozulmasının qanuni əsası kimi göstərdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.1-ci maddəsində müəyyənləşdirilmiş xəbərdarlıq müddətləri əmək müqaviləsinin işəgötürən tərəfindən həmin Məcəllənin 70-ci maddəsinin ‘V bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verildiyi hallara şamil edilir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş, lakin 11.04.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilmməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 noyabr 2021-ci il tarixli № 5 saylı protokolun təsdi edilmiş surətindən görünür ki, Şəki RMS-in rəisi X4, mütəxəssis radiometeoroloqları İddiaçı, X8, X7, elektrotexnika üzrə mütəxəssis X11, mütəxəssis elektronik Cumayev Rəvan Mehrac oğlu və sistem üzrə texniki X6 MHX-nin işçilərinin attestasiyasının keçirilməsi qaydalarının 6.2 bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq ləğv edilməsi tövsiyyə edilmişdir. (8-ci bənd). İş materiallarında olan Attestasiya vərəqəsindən görünür ki, İddiaçı test suallarından 18 düz, 16 səhv, 6 cavabsız; açıq suallardan 2 səhv, 1 cavabsız ümumilikdə 45 % nəticə göstərmişdir. Attestasiyanın nəticələrinə görə 10.12.22021-ci il tarixdən Radiometrologiya, avtometerelogiya və aerologiya mərkəzinin Şəki RMS-in mütəxəssis metereoloqu vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş materialarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin 10 dekabr 2021-ci il tarixli 1482/k saylı Əmrindən görünür ki, İddiaçıAzərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə uyğun olaraq (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) 10 dekabr 2021-ci il tarixdən Radiometeorologiya, aviameteorologiya və aerologiya mərkəzinin X2 mütəxəssisradiometeoroloqu vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətində işçilərin attestasiyasının keçirilməsinin qaydalarından görünür ki, Attestasiyaya ayrılan vaxt 75 (yetmiş beş) dəqiqəyədəkdir, 40 test tapşırığından və 3 açıq tipli sualdan ibarətdir. (5.3 b) Attestasiya olunan işçilər attestasiyadan azı bir ay əvvəl mövzular ilə tanış edilməlidirlər. (5.4 b) Attestasiya komissiyası attestasiyada toplanan müvafiq nəticələrə uyğun olaraq aşağıdakı qərarlardan birini verir. (6 b) Düzgün cavablandırılmış sualların miqdarı açıq tipli suallardan 2-ni və test tapşırıqlarının tədbiq olunmuş sayının 65%-ni keçdikdə - vəzifəyə uyğundur. (6.1 b) Düzgün cavablandırılmış sualların miqdarı açıq tipli suallardan 2-dən və test tapşırıqlarının tətbiq olunmuş sayının 50% və bundan az təşkil edərsə işçi ilə bağlanmış əmək müqaviləsi əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilir. (6.2 b) Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əmək edilməklə işə götürən tərəfindən ləğv edilə bilər. (9.1 b) İş materiallarına əlavə edilmiş əlyazmalardan görünür ki, İddiaçı 16.09.2021-ci il tarixdə Attestasiya qaydaları ilə tanış edilmiş və bunu öz imzası ilə təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş əlyazmalardan görünür ki, İddiaçı 16.09.2021-ci il tarixdə Attestasiya əmri ilə tanış edilmiş və bunu öz imzası ilə təsdiqləmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətində Radiometereologiya, aviameterelogiya və aerologiya X3 Stansiyasında 10 dekabr 2021-ci il tarixədək mütəxəssis radiometeoreloqu vəzifəsində işləmişdir. 04.11.2021-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin Şimal-Qərb RHM və Şəki RMS-də attestasiya keçirilmiş və həmin attestasiyanın nəticələrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə 10.12.2021-ci il tarixli, 1482/k nömrəli əmrlə xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyin nümayəndəsi Səfərov Namiq oğlu məhkəməyə etiraz təqdim edərək, İddiaçı Milli Hidrometeorologiya Xidmətinə qarşı "Xidmətin 10 dekabr 2021-ci il tarixli, 1482/K nömrəli Əmrinin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsinə dair” iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 64.1-ci maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. 64.2-ci maddəsinə əsasən, işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. 65.1-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2-ci maddəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4-cü maddəsinə əsasən, attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5-ci maddəsinə əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. 65.6-ci maddəsinə əsasən, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddəsinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 65.8-ci maddəsinə əsasən, bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. 67.1-ci maddəsinə əsasən, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.6-ci maddəsinə əsasən, attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərkən hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, mülki iş materiallarında olan sübutlarla müəyyən edilir ki, İddiaçı işə götürən tərəfindən 04.11.2021-ci il tarixdə attestasiyadan keçmiş və ona verilmiş sulların ümumilikdə 45 %-ni doğru cavablandırmışdır. Həmin Atestasiyanın nəticələrinə dair 10.11.2021-ci il tarixli, 5 №-li protokoldan müəyyən olunur ki, mütəxəssis- radiometeoroloq İddiaçı MHX-nin işçilərinin attestasiyasının keçirilməsi qaydalarının 6.2 bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilməsi tövsiyyə edilmişdir. Bundan sonra işçi İddiaçı işəgötürənin 10.12.2021-ci il tarixli, 1482/k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətində işçilərin attestasiyasının keçirilməsinin qaydalarından görünür ki, düzgün cavablandırılmış sualların miqdarı açıq tipli suallardan 2-dən və test tapşırıqlarının tətbiq olunmuş sayının 50% və bundan az təşkil edərsə işçi ilə bağlanmış əmək müqaviləsi əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilir. İddiaçıisə attestasiyada 50%-dən aşağı, yəni 45 % nəticə göstərmişdir. Bu halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən attestasiya keçirilərkən, həmçinin İddiaçıilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. Buna görə də iddia tələbinin təmin oluması üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “əmək fəaliyyətinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar