Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1315/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçınun Cavabdeh MMC-yə qarşı mübahisə prdemeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nərimanov rayon İcra Hakimiyyəti göstərilməklə, öhdəliklərin icrası və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nərimanov rayon İcra Hakimiyyəti göstərilməklə, öhdəliklərin icrası və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 203 nömrəli müqaviləyə əsasən ona verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması, 2023-cü ilin may ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər aya görə 800 manat pul vəsaiti və həmin vəsaitin tam məbləğinə illik 5 faiz vəsait, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 17k nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olub. Onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixdə verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 1196009) ilə təsdiq olunub. xx.xx.2021-ci il tarixdə onunla cavabdehin mülkiyyətində olan ev barəsində 203 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ərizəçi özünün yaşayış sahəsinin cavabdehə təhvil verilməsi öhdəliyini, cavabdeh isə müqavilə ilə şərtləndirilmiş müddət və qaydada həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının 5-cı mərtəbəsində sahəsi 74,73 kv.m olan mənzilin ona verilməsi öhdəliyini götürüblər. Müqavilənin 2.2.4-cü bəndinə əsasən cavabdeh yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq nəzərdə tutulmuş mənzili ona verməli idi. Binanın bünövrəsi 2021-ci ilin may ayında qoyulmuşdur. Binada işlər indiyə kimi getdiyindən orada yaşayış yoxdur, halbuki, cavabdeh müqavilədə ərizəçi üçün nəzərdə tutulmuş mənzili bu ilin (2023-cü ilin) mayında təhvil verməli idi. Ona təklif olunacaq mənzilin sahəsi 69,998 kv.m, yəni şirkətin ona təqdim etməli olduğu mənzilin sahəsindən az qala 5 kv.m (daha dəqiq 4,73 kv.m) azdır. Birincisi, cavabdeh daşınmaz əmlak barəsində üzərinə götürdüyü öhdəliyin icrasını bu günə artıq 20 aydır ki, yubadır, ikincisi, ona verməli olduğu mənzildən sahəsi əhəmiyyətli dərəcədə kiçik mənzil vermək niyyətindədir. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil ona vaxtında, yəni bu ilin mayında veriləcəyi təqdirdə o həmin mənzili kirayə verə bilərdi. Üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, ərizəçinin hüquqları təmin olunmur. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, məhkəmə qərar qəbul edərkən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 1.2 və 2.1.8-ci bəndlərinə xüsusilə diqqət yetirməlidir. Belə ki, həmin bəndlərdə aşağıdakılar göstərilmişdir: 1.2. “Tikinti şirkəti” “Əmlak mülkiyyətçisi”ndən onun əmlakını tam təhvil təslim aldığı tarixdən, inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyatçisi”ni təmirsiz mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə kompensasiya şəklində aylıq (yoxdur) manat məbləğində öhdəlik haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda 1 dəfə “Əmlak mülkiyyətçisi”nin hesabına köçürəcək. “Əmlak mülkiyyətçisi”nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi aylıq öhdəlik haqlarından tutaraq, onun ödənişlərini təmin edəcəkdir. 2.1.8. Bu Müqavilədə göstərilən 24 ay müddət bitdikdən sonra, sözügedən mənzil razılaşdırılmış şərtlərə uyğun şəkildə “Tikinti şirkəti” tərəfindən təhvil verilmədiyi halda, həmin mənzil təhvil veriləcəyi günə qədər nəzərdə tutulmuş aylıq öhdəlik haqqı - uzanan hər 1 ay üçün ayda 1 dəfə olmaqla (yoxdur) manat şirkət tərəfindən ödəniləcək. Gördüyünü kimi, müqavilədə göstərilən hər 2 bənddə tikintinin qurtarana və mənzilin sakinə təhvilə verilənə qədər hər hansı kompensasiyanın ödənilməsi şərti qeyd olunmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçınun nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, binanın bünövrəsi 2021-ci ilin may ayında qoyulmuşdur. Həmin dövrdən 24 ay müddətinə mənzil təhvil verilməli olduğu halda təhvil verilməmişdir. Onlara gələcəkdə təhvil veriləcək mənzili göstərmişlər. Həmin mənzilin sahəsi müqavilədə nəzərdə tutulandan azdır. Hər bir halda binada təmir-tikinti işləri hazırki dövrədək yekunlaşmamışdır. Qeyd edilən halları nəzərə alaraq iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. İddiaçınun nümayəndəsi və vəkili Vəkil1 sonuncu məhkəmə iclası ilə bağlı ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları, iddia ərizəsinə etirazı işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Tikinti şirkəti” Cavabdeh MMC ilə “Mülkiyətçi” İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli, 203 saylı müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, ******* №-li, xx.xx.2017-ci il tarixli çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakını sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətə və qaydada “Tikinti Şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərətbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi, “Tikinti Şirkəti” F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan əmlakın sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 5-ci mərtəbə, 74,73 kv.m təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”nə geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.3-cü bəndinə əsasən “Əmlak mülkiyyətçisi” “Tikinti şirkəti”nə sökülməsi üçün verdiyi əmlaka dair gələcəkdə heç bir iddia tələbi qaldırmayacaq; xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Vəkil1 Arif oğlunun hesabına 1101 manat məbləğində pul köçürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/2899-9/2924 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tikililər üzrə tikinti və təmir işlərinin aparılma müddətinin müəyyən olunmasına dair metodika olmadığından, sual üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Əlizadə küçələrinin kəsişməsi ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binaya yaxın ərazidə yerləşən analoji mənzillərin kirayə haqqının dəyəri təqribən 800 manat məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Əlizadə küçələrinin kəsişməsi ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “D” bloku, 6-cı mərtəbəsində yerləşən, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İddiaçına təhvil verilməli olan mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azalma əmsalları tətbiq edilmədən ümumi sahəsinin faktiki olaraq 71.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Əlizadə küçələrinin kəsişməsi ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “D” bloku, 6-cı mərtəbəsində yerləşən, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İddiaçına təhvil verilməli olan mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları tətbiq edilmədən ümumi sahəsinin 74.7 kv.m olduğu müəyyən edilmişdir; Qəbzdən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçınun nümayəndəsi və vəkili Vəkil1 yərəfindən 99,60 manat məbləğində rüsum ödənilmişdir; Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 17k nömrəli fərdi yaşayış evinin ona məxsus hissəsinin cavabdehə sökülmək üçün təhvil verilməsini, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş müddətdə həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, sahəsi 74,73 kv.m olan mənzilin iddiaçıya verilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin lazımınca yerinə yetirilməməsinə, mənzilin 24 ay müddətinə təhvil verilməli olduğu halda verilməməsinə əsaslanaraq, müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 2023-cü ilin may ayından hesablanmaqla, kirayə haqqı olaraq mənzilin təhvil verildiyi günədək hər ay 800 manat pul vəsaiti və həmin vəsaitin tam məbləğinə illik 5 faiz vəsait, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Mülki Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Hazırki işdən göründüyü kimi, tikinti şirkəti Cavabdeh MMC mənzili alıcıya təhvil verməyi, iddiaçı isə öz növbəsində ona məxsus mənzilin söküntüsünə icazə verməyi və mənzili boşaltmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.4cü bəndində yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş əmlakı “Əmlak mülkiyətçisi”nə geri qaytarmaq “Tikinti şirkəti”nin vəzifəsi kimi müəyyən edilmişdir. Lakin İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə, habelə ona məxsus mənzilin sökülməsinə və yerində yeni binanın inşa edilməsinə baxmayaraq, Cavabdeh MMC mənzili alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. Mülki Məcəllənin 5.3 və 6.1.5-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Qeyd olunduğu kimi, tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin tikilib ona təhvil verilməsi üçün öz mənzilinin söküntüsünə icazə vermiş və həmin mənzili boşaltmış, MMC isə müqavilə bağlayaraq onu bağladığı əqd üzrə sifarişçi kimi tanımışdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir. Mülki Məcəllənin “öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Belə ki, qeyd olunduğu kimi, binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə təhvil verməli olduğu mənzili hələ də iddiaçıya təhvil verməmiş, müqavilənin bağlanmasından xeyli müddət keçsə də, öz öhdəliklərini tam şəkildə icra etməmiş, cavabdehə veriləcək mənzili göstərsə də, təhvil verməmişdir. Halbuki mənzil xx.xx.2023-cü il tarixədək təhvil verilməli idi. Cavabdehin nümayəndəsi və vəkili də məhkəmə iclasında binanın inşasının tam yekunlaşmadığını, sakinlərə təhvil verilmədiyini, lakin iddiaçıya təhvil veriləcək mənzilin ona göstərildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin təhvil verilməsi tələbi üzrə irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. Tərəflərin izahatına və iş materiallarına əsasən mübahisələndirilən mənzil iddiaçıya təhvil verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası, müqavilədə göstərilən mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin 2023-cü ilin may ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər aya görə 800 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilərək göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu barpa etməküçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Mülki Məcəllənin 443-cü maddəsinin məzmununa görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə bildirir ki, “Tikinti şirkəti” Cavabdeh MMC ilə “Mülkiyətçi” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 203 saylı müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti şirkəti”nin “Əmlak mülkiyyətçisi”ndən onun əmlakını tam təhvil təslim aldığı tarixdən, inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyatçisi”ni təmirsiz mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə kompensasiya şəklində aylıq vəsait ödəmək öhdəliyinin olmaması, həmçinin müqavilənin 2.1.8-ci maddəsinə əsasən 24 aylıq müddət bitdikdən sonra, sözügedən mənzil razılaşdırılmış şərtlərə uyğun şəkildə “Tikinti şirkəti” tərəfindən təhvil verilmədiyi halda, həmin mənzil təhvil veriləcəyi günə qədər nəzərdə tutulmuş aylıq öhdəlik haqqının ödənilməyəcəyi barədə razılıq əldə etmişlər. Məhkəmə müqavilənin bu şərtlərinə nisbətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.2ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Lakin müqavilənin bu şərtləri iddaçının məhkəməyə müraciət etmək hüququndan imtina etməsi kimi təfsir edilməməlidir, burada iddiaçı mənzil inşa edilənə və təhvil verilənədək müvəqqəti yaşayışını təmin etmək üçün sərf edəcəyi məsrəflərin tələbi hüququndan istifadə etməyəcəyi ilə bağlı iradə ifadəsini bildirmişdir. Tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə nəzər salsaq görərik ki, bu cür kompensasiya tələbindən imtina obyektiv səbəblərdən irəli gəlir və ağlabatandır. Belə ki, bizi əhatə edən ictimai münasibətlər çoxsaylı olub müxtəlif xüsusiyyətlərlə xarakterizə edilir. Tikinti sektorunda mövcud olan münasibətlərin xüsusiyyətlərinə nəzər saldıqda bəlli olur ki, bu sahədə fəaliyyət obyektiv səbəblərdən doğan müəyyən gecikmələrlə müşayiət oluna bilər. Məsələn, hava şəraitinin əlverişsiz keçməsi, mövsümi dəyişikliklər, təbii şəraitdən irəli gələn texniki çətinliklər (sementin quruma müddətinin uzanması), tikinti materiallarının bazarda çatışmazlığı, logistika və nəqliyyat xidmətlərindəki ləngimələr kimi hallar ümumilikdə tikinti prosesinin planlaşdırılmış qrafikə uyğun şəkildə icrasını çətinləşdirə və müəyyən qədər yubada bilər. Məhz bu cür hallar tərəflər arasındakı podrat münasibətləri zamanı da ehtimal edilən və yolverilən olduğundan, tərəflər həmin məsələni müqavilədə vurğulamış və iddiaçı müqavilə bağlanan zaman bu cür tələbdən istifadə etməyəcəyinə qərar vermişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı cavabdehin onu mənzillə təmin edənədək kirayə haqqı ödəmə ilə bağlı tələbinin olmayacağı barədə müqavilədəki qeydə razılıq bildirdiyindən, o, kompensasiya tələb etməkdə haqlı deyildir və iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının, kirayə haqqı ilə bağlı vəsaitin tam məbləğinə illik 5 faiz, əlavə olaraq məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulması tələbləri ilə bağlı qeyd edir ki, məhkəmə iddianın kirayə haqqının ödənilməsi hissəsində təmin edilməməsi qənaətinə gəldiyindən, iddia həmin məbləğə hesablanacaq faizlərin tutulması hissələrində təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddianın hüquqi yardıma görə vəkilə ödənilmiş pulun cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ödəniş qəbzindən görünür ki, Vəkil1 hesabına xx.xx.2025-ci il tarixdə 1101 manat pul köçürülmüşdür. Məhkəmə vəkilə ödənilmiş 1101 manat pulun ağlabatan məbləğ olduğunu nəzərə alaraq, iddianın həmin hissədə təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu hər iki tərəfə bərabər şəkildə aid edilməli, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 50 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 203 saylı müqaviləyə əsasən iddiaçıya verilməli olan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 5-ci mərtəbəsində yerləşən, 74,73 kv.m sahəsi olan mənzilin İddiaçına təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Həmçinin hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 1101 manat, dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 203 saylı müqaviləyə əsasən iddiaçıya verilməli olan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 5-ci mərtəbəsində yerləşən, 74,73 kv.m sahəsi olan mənzilin İddiaçına təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 1101 manat, dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1315/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1315/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver