Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1326/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı Cavabdeh MTK-ya qarşı “daşınmaz əmlakın mülkiyyətçisinə təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “daşınmaz əmlakən mülkiyyətçisinə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən sahəsi 130 kv.metr olan 71 nömrəli sahənin (mənzilin) İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının mansard mərtəsində yerləşən sahəsi 130 kv.metr olan 71 nömrəli sahə (mənzil) alqı-satqı əsasında ikincinə satılmışdır. Cavabdeh MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 07/05 nömrəli protokolundan çıxarışa əsasən, Quliyeva X3 üzvü qəbul edilməklə, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən sahəsi 130 kv.metr olan 71 nömrəli sahənin (mənzilin) payçısı olmuşdur. Cavabdeh MTK tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 29 nömrəli maliyyə arayışına əsasən, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən sahəsi 130 kv.metr olan 71 nömrəli sahənin (mənzil) payçısıdır və MTK-nə heç bir borcu yoxdur. Belə ki, sözügedən mənzil müvafiq sənədlərə əsasən İddiaçı məxsusdur. O, alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etməklə mənzilin dəyərini tam ödəsə də, artıq üç ildir ki, mənzil ona təhvil verilmir. Belə ki, mənzil tam istifadəyə yararlı hala gətirilməmiş, giriş dəhlizi, o cümlədən pəncərələr yerləşdirilməmiş, digər təmir işləri yekunlaşmamışdır. İddiaçı mənzilin təhvil verilməsinə dair cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh öz öhdəliyini icra etməmişdir. Belə ki, sözügedən mənzilin İddiaçı təhvil verilməsi məhkəmə qaydasında tələb edilməlidir. Hesab edilir ki, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının mansard mərtəsində yerləşən sahəsi 130 kv.m olan 71 nömrəli sahənin (mənzil) iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi zəruridir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Asif oğlu məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MTK-ya və məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına razılığın olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən sahəsi 130 kv.m olan 71 nömrəli sahəni payçıya verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahənin haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə sahənin dəyəri 91.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın xx.xx.2021-ci tarixli Cavabdeh MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə protokoldan görünür ki, İddiaçı MTK-ya üzvlüyü qəbul edilmiş və İddiaçı razılıq yolu ilə Cavabdeh MTK-ya məxsus ünvan 3 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən sahəsi 130 kv.metr olan 71 nömrəli sahəyə düşməsi təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 29 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya məxsus ünvan 4 ünvanda tikilməkdə olan yüksəkmərtəbəli, yaşayış binasının mansard hissəsində yerləşən, sahəsi 130 m² olan 71 nömrəli sahənin dəyərini qalıq olmadan 100% ödəmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-117/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxslər - X7, X8 və X5 tərəfindən, həmçinin təqsirləndirilən şəxs Məhərrəm Həsənqulu oğlunun mənafeyinə aid hissədə müdafiəçi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2024 nömrəli iş üzrə 02.08.204-cü il tarixli hökmündən görünür ki X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda inşa edilən yaşayış binasının mansard hissəsində yerləşən sahəsi 130 m2 olan 71 nömrəli sahənin cavabdeh tərəfindən İddiaçı təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, İddiaçı ünvan 3 ünvanda inşa edilən yaşayış binasının mansard hissəsində yerləşən sahəsi 130 m2 olan 71 nömrəli sahəyə 91.000 manat pul məbləği ödəmişdir. Bağlanmış müqavilələrin qanunun tələblərinin pozulması və ya hər hansı digər məqsədlə bağlanması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra edərək, sahənin dəyərini tam şəkildə ödəmiş, cavabdeh MTK həmçinin müqavilə üzrə öhdəliklərini icra etməli və mübahisəli sahəni iddiaçıya təhvil verməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, ünvan 3 ünvanda inşa edilən yaşayış binasının mansard hissəsində yerləşən sahəsi 130 m2 olan 71 nömrəli sahə Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən tələb olmadığından dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK tərəfindən ünvan 3 ünvanda inşa edilən yaşayış binasının mansard hissəsində yerləşən sahəsi 130 m2 olan 71 nömrəli sahə (mənzil) İddiaçı təhvil verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1326/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-1326/2025
28.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver