Məhkəmə qərarları › İş №e-2(005)-1330/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1330/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1330/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilə öhdəliyinin icra olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilə öhdəliyinin icra olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, xx.xx.2017-ci il tarixli, 183/17 nömrəli müqaviləyə 1 saylı Əlavə Razılaşmaya əsasən, həmin müqavilənin 2.2.6-cı maddəsi ilə müəyyən edilmiş mənzilin təhvil verilmə müddəti gecikdirildiyinə görə Cavabdeh MMC (X1 şəxsində) tərəfindən alıcı, yəni İddiaçı mənzil təhvil veriləcək günədək alıcının müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə aylıq 250 manat məbləğində kirayə haqqı bu günə qədər ödənilmədiyi üçün iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 18.500 manat, əldən çıxmış fayda olaraq 5.000 manat, vəkilə ödənilən 300 manat pulun, dövlət rüsumu olaraq ödənilmiş 133 manat pulun, ümumilikdə 24.000 manat pul vəsaitinin cavadehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC (X2 şəxsində) arasında xx.xx.2017-ci il tarixli 183/17 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Cavabdeh MMC (X2 şəxsində) iddiaçıdan 103.004 manat pul vəsaiti alaraq ona ünvan 1 ünvanında yerləşən binanın 3-cü blokunun 16-cı mərtəbəsində olan, ümumi sahəsi 93.64 kv.metr təşkil edən 358 saylı mənzili xx.xx.2018-ci il tarixdə təmirli şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəf həmin müqavilənin 2.2.6-cı bəndində nəzərdə tutulmuş müddət ərzində yəni, xx.xx.2018-ci il tarixədək mənzili təhvil verməmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixdə xx.xx.2017-ci il tarixli 183/17 nömrəli müqaviləyə 1 saylı Əlavə Razılaşmaya əsasən, həmin müqavilənin 2.2.6-cı maddəsi ilə müəyyən edilmiş mənzilin təhvil verilmə müddəti gecikdirildiyinə görə Cavabdeh MMC (X1 şəxsində) tərəfindən alıcı, yəni İddiaçı mənzil təhvil veriləcək günədək alıcının müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə xx.xx.2019-cu il tarixindən etibarən kompensasiya şəklində aylıq 250 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Buna baxmayaraq həmin Razılaşmanmm 1-ci bəndi də bu günə qədər Cavabdeh MMC (X1 şəxsində) tərəfindən icra edilməməkdədir. İddiaçı dəfələrlə öhdəliyin icrası ilə bağlı müraciət etmiş və son olaraq xx.xx.2023-cü il tarixdə yazılı surətdə rəsmi qaydada müraciət etsə də Cavabdeh MMC (X1 şəxsində) tərəfindən heç bir cavab verilməmişdir. Qeyd olunan razılaşmaya əsasən aylıq 250 manat kirayə haqqı xx/xx/2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş olsaydı 13.000 (52 ay x 250=13.000) manat olardı. Bu pul vəsaiti ən azından depozit olaraq banka qoyulmuş olsaydı Respublikada olan Bank uçot dərəcəsinin hesablanmaqla (2019-2023-cü illər ərzində orta hesabla illik uçot dərəcəsi 8% olmuşdur) əldə edilmiş məbləğ 1.040 manat olardı. Cavabdeh MMC (X1 şəxsində) qeyd olunan kirayə haqqını ödəmədiyi üçün iddiaçıya 1.040 manat ziyan dəymiş olur. Həmin məbləği ümumi məbləğin üzərinə gəldikdə ümumilikdə 13.000+1040=14.040 manat olur. İddiaçı nümayəndəsi və vəkili Vəkil daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 30.000 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil daha sonra yenidən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar olaraq 49.440 manat əldən çıxmış fayda və 10.730 manat dəymiş zərər, ümumilikdə 60.170 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə 183/17 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Hımin müqaviləyə əsasən MMC ünvan 1 ünvanında yerləşən binanın 3-cü blokunun 16-cı mərtəbəsində olan, ümumi sahəsi 93.64 kv.metr təşkil edən 358 saylı mənzili 103.004 manat ödənilməsi qarşılığında xx.xx.2018-ci il tarixdə təmirli şəkildə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən binanın 3-cü blokunun 16-cı mərtəbəsində olan, ümumi sahəsi 93.64 kv.metr təşkil edən 358 saylı mənzilə görə 103.004 manat məbləği tam şəkildə ödəyib və onun MMC-nə borcu yoxdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış xx.xx.2017-ci il tarixli 183/17 nömrəli müqaviləyə 1 saylı Əlavə Razılaşmanın surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 183/17 nömrəli müqavilənin 2.2.6-cı maddəsi ilə müəyyən edilmiş mənzilin təhvil verilmə müddəti gecikdirildiyinə görə satıcı tərəfindən mənzil alıcıya təhvil veriləcək günədək xx.xx.2019-cu il tarixdən etibarən kompensasiya şəklində aylıq 250 manat məbləğində kirayə haqqı ödənilir. İş materiallarında olan Hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 8.760 manat kirayə haqqı kompensasiyası Cavabdeh MMC tərəfindən İddiaçı ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nə pretenziya məktubu ünvanlanaraq, 2017-ci ildə bağlanmış müqaviləyə dair Əlavə 1 saylı razılaşma üzrə öhdəliklərin icra edilməsi barədə xəbərdar edilmişdir. Məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında mənzil alqı-satqısına dair xx.xx.2017-ci ildə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən binanın 3-cü blokunun 16-cı mərtəbəsində olan, ümumi sahəsi 93.64 kv.metr təşkil edən 358 saylı mənzili MMC xx.xx.2018-ci il tarixədək iddiaçıya təhvil verməli idi. Müqavilə üzrə mənzilin dəyəri 103.004 manat pul vəsaiti iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin iddiaçı mənzilin dəyərini tam ödəməsinə baxmayaraq, cavabdeh mənzili razılaşdırılmış vaxtda iddiaçıya təhvil verməmişdir. xx.xx.2018-ci il tarixdə tərəflər arasında 2017-ci ildə bağlanmış müqaviləyə dair Əlavə 1 saylı razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən mənzili iddiaçıya təhvil verəcəyi vaxtadək hər ay 250 manat kirayə haqqı ödəməlidir. Yuxarıda qeyd edilən hallar işin mübahisə edilməyən hallarıdır. Ona görə ki, cavabdeh iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etdiyindən xəbərdardır və məhkəməyə iddiaya qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Qısacası cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan mənzilin təhvil verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. 1 saylı əlavə üzrə öhdəliyin cavabdeh tərəfindən hansı həcmdə icra edilməsi barədə yalnız iddiaçı tərəfindən hesabdan çıxarış təqdim edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi ümumilikdə 8.760 manat kirayə haqqı kompensasiyası Cavabdeh MMC tərəfindən İddiaçı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən aralarında bağlanmış razılaşmaya uyğun şəkildə icra edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi hesabdan çıxarışdan müəyyən edilir ki, razılaşmaya əsasən müəyyənləşdirilmiş vaxtdan başlayaraq cavabdeh tərəfindən iddiaçıya hər ay deyil, müəyyən vaxtlarda, bəzən bir neçə ayın kompensasiyası şəklində, ümumilikdə 2023-cü ilin fevral ayınadək 8.760 manat həcmində ödənişlər edilmişdir. 2023-cü ilin martın 31-də iddiaçı cavabdehə öhdəliklərin icra edilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2025-ci il tarixədək (dəqiqləşdirmə verildiyi tarixədək) iddiaçıya ümumilikdə 16000 manat (64 ay x 250 manat) kirayə haqqı ödənilməli idi. Lakin cavabdeh tərəfindən öhdəlik lazımı qaydada icra edilməmiş və cavabdeh iddiaçıya həmin vaxt ərzində cəmi 8.760 manat pul vəsaiti ödəmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsinə görə cəmi 7270 manat (16000-8.760) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 49.440 manat əldən çıxmış fayda barədə iddia tələblərinə qiymət verərək, hesab edir ki, iddia tələbi göstərilən hissədə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edilən iddia tələbini onunla əsaslandırır ki, əgər iddiaçı mənzilə görə cavabdehə ödədiyi pul vəsaitini vaxtında banka qoysaydı, həmin məbləğdən illik 8 faiz bank uçot dərəcəsinə əsasən fayda götürə bilərdi. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının iddiasının predmetini cavabdehin mənzilin təhvil verilməsi barədə müqavilə öhdəliyinin deyil, həmin müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə bağlanmış 1 saylı əlavə razılaşmanın icra edilməməsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı mənzil üçün cavabdehə ödədiyi pulun geri ödənilməsini tələb etmək hüququna malik olduğu halda, bunu etməmiş, cavabdeh tərəfindən mənzilin ona təhvil verilməsini gözləmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının 103.004 manat pul vəsaitini mənzili almamış olsaydı belə, banka qoymaq barədə niyyəti olmamışdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Göründüyü kimi, iddiaçı mövcud tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbləri göstərilən hissədə rəmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin iddianın 300 manat məbləğində vəkil xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. MPM-nin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə bağlı xərclərə daxil olan və iddiaçı tərəfindən ödənilmiş 300 manat hüquqi yardım görə ağlabatan məbləğdə, yəni 200 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7270 manat, 200 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaiti və 130 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar