Məhkəmə qərarları › İş №e-2(005)-1338/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1338/2024

29.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1338/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək mübahisəsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək mübahisəsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “GESCO" ASC-də işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 1800 manat, gecə növbəsinə görə 480 manat, 5 ay müddətində əmək kitabçasını vermədiyi üçün 4560 manat olmaqla cəmi 6840 manat, qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün 1 faiz pulun hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı 05.07.202-ci il tarixdə cavabdeh “GESCO" ASC ilə əmək müqaviləsi bağlamışdır. İddiaçının tələbi cavabdeh “GESCO" ASC-də işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 1800 manat, gecə növbəsinə görə 480 manat, 5 ay müddətində əmək kitabçasını vermədiyi üçün 4560 manat olmaqla cəmi 6840 manat, qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün 1 faiz pulun hesablanaraq ona ödənilməsi barədə olmaqla, əmək münasibətlərindən irəli gələn mübahisədir. Bununla belə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək mübahisəsi üzrə pul” tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya təşkilatına müraciət etməmiş və bu barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Halbuki qanunvericiliyə əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməlidirlər. Bu qaydaya riayət edilməməsi isə icraata qəbul olunmuş iddia ərizəsinin AR MPM-nin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanması üçün əsasdır. Digər tərəfdən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan isə görünür ki, iddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa edilmə tələbi üzrə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, bu barədə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Bundan sonra iddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırki tələb üzrə mediasiya təşkilatına müraciət etmədiyini, əvvəlki mübahisə üzrə verilmiş mediasiya arayışının təqdim edilməsinin mümkün olduğunu düşündüyünü, hər dəfə mediasiyaya müraciət etmək üçün maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olduğunu, hazırki tələb üzrə mediasiya sessiyasında iştirak etmədiklərini bildirmişdir. Göründüyü kimi, tərəflər hazırki əmək mübahisəsi üzrə pul tələbinə dair mediasiya sessiyasında iştirak etməmişlər. İddiaçı cavabehə qarşı irəli sürdüyü digər tələb (işə bərpa) üzrə keçirilmiş mediasiya sessiyasının nəticəsi olaraq verilmiş Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışını iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı işin əmək münasibətləri ilə bağlı olmasına baxmayaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak ilə bağlı tələbə riayət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək mübahisəsi üzrə pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar