Məhkəmə qərarları › İş №e-2(005)-134/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-134/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-134/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinin predmeti olan əmlakın eyni marka və modeldə, lazımi keyfiyyətdə olan mala dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinin predmeti olan əmlakın eyni marka və modeldə, lazımi keyfiyyətdə olan mala dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən aldığı Lexus NX300 markalı, ban nömrəsi JTJBARBZ702259351, mühərrik nömrəsi ******* olan minik avtromobilində qüsur aşkar edildiyi səbəbindən, həmin qüsur üzrə zəmanətin olmasını nəzərə alaraq, həmin avtomobili cavabdeh tərəfindən eyni marka və modeldən olan lazımi keyfiyyətli mala dəyişdirilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında avtomobil alınmasına dair müqavilə bağlanmış və xx.xx.2021-ci il tarixdə o cavabdehdən Lexus NX300 markalı, ban nömrəsi JTJBARBZ702259351, mühərrik nömrəsi ******* olan minik avtromobili almışdır. Həmin gün müvafiq olaraq ona aldığı avtomobilə dair zəmanət kartı verilmişdir. Zəmanət avtomobilin işlək qurğuları ilə yanaşı, avtomobilin kuzasını da əhatə edir. Lakin bir müddət sonra istismar prosesində avtomobilə altdan baxış keçirərkən kuzov hissəsinin, metalların korroziyasını aşkar etdilər. O bu barədə cavabdehə rəsmi müraciət etmişdir. 13 fevral 2023-cü il tarixdə cavabdeh onun müraciətinə cavab olaraq bildirdi ki, korroziya onun təqsirindən deyil, kənar təsirlərdən qaynaqlanmışdır. Halbuki avtomobil çox az və qaydalara (təlimata) uyğun şəkildə istismar olunmuş, hər hansı bir qəzaya düşməmişdir. Hesab edir ki, cavabdeh zəmanət üzrə öhdəliyindən yayınmaq məqsədilə belə bir cavab vermiş və nəticədə istehlakçı olaraq hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək, bildirmişidr ki, onların ehtimallarına görə avtomobil Yaponiyadan ixrac edilən zaman gəmidə qasırğa zamanı çoxlu duzlu suyun təsirinə məruz qalmış və bu səbəbdən də avtomobildə korroziya yaranmışdır. İddiaçının bu barədə avtomobili aldıqdan 6-8 ay sonra məlumatı olduğunu, bundan sonra cavabdehə yazılı şəkildə müraciət etdiyini, buna görə də məhkəməyə gec müraciət etdiyini bildirmişdir. İddiaçı kifayət qədər yüksək məbləğdə pul ödəyərək "Lexus" kimi tanınmış markadan bir avtomobil əldə etmiş, lakin qısa müddət ərzində maşında korroziya əlamətləri müşahidə edilmişdir ki, bu da avtomobolin keyfiyyətsiz olduğuna dəlalət edir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi avtomobil uzun müddət xaricdə istifadə olunmuşdur. Avtomobil 21 sentyabrda alınmış, 28 sentyabrda ölkədən çıxarılmış və qarlı hava şəraitində istifadə edilmişdir. Avtomobil 1 il 4 ay sonra ölkəyə geri qaytarılmış və iddiaçı dərhal servisə yaxınlaşaraq qüsur barədə məlumat vermişdir. Avtomobil tərəfin deyil bir neçə şəxsin etibarnamə yolu ilə istifadəsində olmuşdur. Bunu isə verilmiş sorğunun cavabından aydınlaşdırmaq mümkündür. Ekspert rəyində də korroziyadan olduğu qeyd olunmuşdur. İddia tələbində avtomobilin yenisi ilə əvəz edilməsi qeyd olunsa da zəmanət kitabçasında şərtlər dəqiqliklə qeyd olunmuşdur. Əsaslandırıcı hissə: a)Mülki işin materialları: - Zəmanət və Servis kitabçasından görünür ki, kitabçanın 3.1-ci bəndində qeyd edilmişdir ki, istehsalçının zəmanəti və əlavə qayğı öhdəlikləri avtomobilin qüsurlu hissələrinin əvəz və ya təmir edilməsini yalnız bu xətanın istehsal qüsurundan və ya avtomobilin ilkin yığılmasından qaynaqlandığı halda əhatə edir. Avtomobilin sahibi yeni Lexus avtomobil, onun kompenentləri və ya orijinal ehtiyat hissələri və aksesuarları ilə əlaqədar iddiaları yalnız İstehsalçının Zəmanəti və ya Əlavə Qayğı üçün təyin edilmiş zaman müddətində təqdim etmək hüququna malikdir. Avtomobil sahibinin zəmanət müddətində aşkar olunmuş iddiaları yerinə yetirmək üçün nəqliyyat vasitəsini zəmanət bitdikdən sonra rəsmi dilerə gətirdikdə, iddia müddəti 60 gün təşkil edir. 5.1-ci bəndində qeyd edilmişdir ki, zəmanət aşağıdakılara şamil edilmir: Lexus avtomobili və ya onun ehtiyat hissələrinin səbəb olmadığı, müstəsna olaraq avtomobil Sahibinin mülahizəsinə əsasən ehtiyat hissələrin təmiri və ya yenisi əvəz edilməsi; Hər hansı xarici amillərin təsirindən, o cümlədən qırıntılar (daş-çınqıl və s) ağac şirəsi və ağac zoğları, duz, quş peyini, kükürdlü yağış təbii hadisələrin təsirindən kuzovun zədələnməsivə ya korroziyası, işıqların səthinə, şüşə, avtomobili əhatə edən plastik örütklərə, ekstremal temperatur; Qalvanik örtüklü hissələrin (asma hissəsi, işlənmiş qaz sistemi və s.) korroziyası; - "xxxx" MMC-nin X11 ünvanlanmış 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Lexus AGZ15/NX200T, JTJBARB/702259351, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildəki yaranmış korroziya ilə bağlı xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə müraciəti ilə bağlı bildirirlər ki, idarə etdiyi avtomobilə tərəflərindən baxış keçirilmiş və cavab olaraq bildirmək istəyir ki, yaranan korraziya istehsalçının hər hansı qüsurundan qaynaqlanmır. Yaranmış korroziya kənar təsir nəticəsidir. - Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışdan görünür ki, Lexus NX300 markalı, **-BR-*** dövlət qedyiyyat nişanlı avtomobilə keçirilmiş müayinənin və yoxlamanın nəticəsində həbsdə, girovda və axtarışda olmadığı müəyyən edilmişdir. - X2 17 may 2023-cü il tarixli, 66 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, tədqiqata təqdim edilmiş **-BR-*** dövlət qeydiyyat nişanlı “LEXUS NX 300” markalı minik avtomobilinin daxili və xarici səthlərin üzərində müxtəlif ölçüdə və sayda paslanma müəyyən edilir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/5076-8/2890 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “LEXUS NX 300” markalı, **-BR-*** dövlət qedyiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin detallarının səthində korroziya (pas) izləri müəyən olundu. Həmin avtomobilin detallarının səthində müəyyən olunan korroziya (pas) izləri avtomobilin işlək funksiyalarına təsir etmir. Ona görə də “LEXUS NX 300” markalı, **-BR-*** dövlət qedyiyyat nişanlı avtomobil texniki cəhətdən istismara yararlıdır. - AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “LEXUS NX 300” markalı, **-BR-*** dövlət qedyiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən yük gömrük bəyannaməsi əsasında İddiaçı adında qeydiyyatdadır. - AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, **-BR-*** dövlət qeydiyyat nişanlı “LEXUS NX 300” markalı minik avtomobil ilə bağlı İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2023-cü il tarixlərində X11, xx.xx.2023-cü il tarixində X7, xx.xx.2023-xx.xx.2024-cü il tarixində X8, xx.xx.2023xx.xx.2023-cü il tarixlərində X9 etibarnamə verilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında **- BR-*** dövlət qeydiyyat nişanlı “LEXUS NX 300” markalı minik avtomobili ilə bağlı alqısatqı müqaviləsi bağlanmışdır. Daha sonra İddiaçı oğlu X12 "xxxx" MMC-yə Lexus AGZ15/NX200T, JTJBARB/702259351, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildəki yaranmış korroziya ilə bağlı müraciət etmişdir, "xxxx" MMC-də xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, idarə etdiyi avtomobilə tərəflərindən baxış keçirilmiş və cavab olaraq bildirmək istəyir ki, yaranan korroziya istehsalçının hər hansı qüsurundan qaynaqlanmır. Yaranmış korroziya kənar təsir nəticəsidir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən aldığı Lexus NX300 markalı, ban nömrəsi JTJBARBZ702259351, mühərrik nömrəsi ******* olan minik avtromobilində qüsur aşkar edildiyi səbəbindən, həmin qüsur üzrə zəmanətin olmasını nəzərə alaraq, həmin avtomobili cavabdeh tərəfindən eyni marka və modeldən olan lazımi keyfiyyətli mala dəyişdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia ərizəsinə etiraz edərək, zəmanət kitabçasında korroziya üzrə zəmanətin müəyyən edilmədiyini, iddiaçının avtomobili qarlı havada istifadə etdiyini bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Mülki Məcəllənin 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğısatqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Mülki Məcəllənin 587.1-ci maddəsinə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi tələb etsin. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Mülki Məcəllənin 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Mülki Məcəllənin 589.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Mülki Məcəllənin 589.3-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin maddənin 2-ci bəndinə əsasən isə, satıcı (icraçı) istehlakçıdan lazımı keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İş materiallarından olan zəmanət kitabçasından müəyyən olunur ki, Lexus avtomobili və ya onun ehtiyat hissələrinin səbəb olmadığı, müstəsna olaraq avtomobil Sahibinin mülahizəsinə əsasən ehtiyat hissələrin təmiri və ya yenisi əvəz edilməsi, hər hansı xarici amillərin təsirindən, o cümlədən qırıntılar (daş-çınqıl və s) ağac şirəsi və ağac zoğları, duz, quş peyini, kükürdlü yağış təbii hadisələrin təsirindən kuzovun zədələnməsivə ya korroziyası, işıqların səthinə, şüşə, avtomobili əhatə edən plastik örütklərə, ekstremal temperatur, qalvanik örtüklü hissələrin (asma hissəsi, işlənmiş qaz sistemi və s.) korroziyası üçün zəmanət müəyyən edilməmişdir. Eyni zamanda AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/5076-8/2890 nömrəli rəyi ilə tədqiqata təqdim edilmiş “LEXUS NX 300” markalı, **-BR-*** dövlət qedyiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin detallarının səthində korroziya (pas) izləri müəyən olundu. Həmin avtomobilin detallarının səthində müəyyən olunan korroziya (pas) izləri avtomobilin işlək funksiyalarına təsir etmir. Ona görə də “LEXUS NX 300” markalı, **-BR-*** dövlət qedyiyyat nişanlı avtomobil texniki cəhətdən istismara yararlı olduğu müəyyən edilmişdir. Buradan görünür ki, avtomobildə yaranan qüsur istehsal xarakterli qüsur səbəbindən yaranmadığından, zəmanət kitabçası ilə korroziya üçün zəmanət müəyyən edilmədiyindən, cavabdeh həmin qüsur üzrə öhdəlik daşıya bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, korroziya zəmanətin əhatə etmədiyi qüsurlara aid olmaqla yanaşı, AR MM-nin 587.2-ci maddəsinin tələblərinə əsasən, alıcı yalnız əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) öz seçimi ilə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ tanınmışdır. İddiaçının nümayəndə və vəkilinin izahatından, mülki işin materiallarında olan ekspert rəyindən müəyyən edilir ki, avtomobil əldə edildiyi gündən hal-hazırki dövrə qədər istifadədə olunur və istifadəyə yararlıdır. Digər sözlə, iddia tərəfi avtomobildə olan qüsurun məhz AR MM-nin 587.2-ci maddəsinə nəzərdə tutulan qüsurlara aid olmasılbarədə hər hansı sübutu məhkəməy təqdim etməmişdirlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanunun normalarının dispozitiv şərtləri ilə də uyğunluq təşkil etməməkdədir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinin predmeti olan əmlakın eyni marka və modeldə, lazımi keyfiyyətdə olan mala dəyişdirilməsi tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 140 manat məbləğində pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinin predmeti olan əmlakın eyni marka və modeldə, lazımi keyfiyyətdə olan mala dəyişdirilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 140 manat məbləğində pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar