Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1342/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1na qarşı (açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın yenidən bölünməsi; mirasın qəbulu müddəti) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1na qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın yenidən bölünməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1na qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın yenidən bölünməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci ildə vəfat etmiş Cavabdeh4 Yusif oğlunun vərəsələrinə verilmiş 2V-157, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə vəfat etmiş babası Cavabdeh4 Yusif oğlunun mirasının qanun üzrə vərəsəlik əsasında yenidən bölünməsi, İddiaçı miras əmlakların 1/4 pay hissəsinə vərəsəlik hüququnun tanınması, çatan miras payların naturada ayrılması, naturada bölgünün mümkün olmaması halında əmlakların hərraca çıxarılaraq satılması və miras əmlakda paylara uyğun olaraq bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “mərhum atam X8 anam X9 ilə 1997ci ildə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.1999-cu il təvəllüdlü İddiaçı dünyaya gəlmişdir. X11 ilə ailə quraraq ikinci nikaha daxil olmuşdur. Həmin nikahdan Cavabdeh4 Əfəndiyev X2 Qəmərxanım Teymur qızı dünyaya gəmişdir. Mərhum atam X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bildirir ki, atam vəfat etdikdən sonra Bakı şəhəri 51 Saylı notariat ofisində 24 yanvar 2018-ci ildə vərəsəlik işi açılmışdır. Atamın işlədiyi SOCAR-dan ona ödənilcək 3341,56 manat pul məbləğinin olması bildirildi. Məbləğin böyük olmaması səbəbindən və faktiki olaraq atamın ikinci ailəsi ilə yaşama səbəbindən həmin miras əmlakla bağlı iddiam olmadı və ikinci ailəsindən olan uşaqlara qalması məsləhət bilindi. Atamın vəfatından sonra mənimlə soyuq davranıldı və münasibətlərin korlanmasına səbəb oldu. Atamın yeni ailəsi və babamla münasibəti bərpa etmək üçün əlaqə saxladığım zaman babamın xx.xx.2020-ci il tarixində vəfat etdiyini öyrəndim. Təəssüf ki, bu barədə mənə və ailəmə heç bir məlumat verilməmişdir. Digər vərəsələr, 51 saylı notariusa müraciət edərək xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açdırmışlar. Birinci Vərəsəlik işində olduğu kimi burda da, mənim adımı vərəsələr siyahısında qeyd etməyiblər. Belə ki, ikinci nikahdan doğulan övladların vərəsəlik işində payları bölünsədə birinci nikah nəzərə alınmamışdır. Mərhum vəfat etdiyian mülkiyyətində Bakı şəhəri İcra hakimiyyəti tərədindən verilmiş ÖM № 100078 seriyalı 1199 saylı reyestr kitabında 180105 səhifə qeydə alma № 30/180105 olan Bakı şəhəri, Nərimanov rayon, T.Əliyev küçəsində yerləşən 23 saylı evdəki 35 saylı mənzil və Bank Respublika ASC-nin Azadlıq flialında babama məxsus 16873,95 manat əmanət olmuşdur. Miras əmlak cəmi 3 nəfər arasında bölünmüşdür. Miras əmlakın bölgüsü ilə bağlı Bakı şəhəri 51 Saylı notariat ofisinin notariusuna tərəfimizdən müraciət edilmişdir. Lakin müddət və əmlakların faktiki bölgüsündə yaranmış mübahisələrə görə miras əmlakın bölgüsündən imtina edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Mərhum babam Cavabdeh4 miras əmlakının bölgüsü və mənim 1/4 pay hüququmun tanınmağı zərurəti vardır”. II. Tərəflərin mövqeləri: Cavabdehlər xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdirlər ki, iddia tələbi tamamilə əsassız və qanunazidd olduğu üçün rədd edilməlidir. İlkin olaraq bildirmişlər ki, iddiaçının anası ilə mərhum atam evli olduqları zaman yəni birgə nikah dövründə heç bir əmlak və s. əldə etməyiblər. İddiaçının ana ilə mərhum atam şahidlərin bildirdiklərinə əsasən münasibətləri yaxşı olmadığı üçün demək olar ki, hər zaman atasının evinə gedirmiş. Yəni mübahisə predmeti olan evə sahiblik etməmişdir. Nikahları pozulan zaman iddiaçının anası onu yaşayış yeri ilə təmin etməyi tələb etdiyi üçün mərhum babası tərəfindən onlara özlərini yaşayış yeri ilə təmin edə bilmələri üçün pul vəsaiti (10 000 manat) verilmişdir. Onlar da buna uyğun olaraq özlərini yaşayış yeri ilə təmin etmişlər. Nikahları pozulduqdan sonra mərhum atası, həmçinin nənə-baba hər zaman iddiaçı ilə görüşmək istəsələr də, iddiaçının anası buna mane olmuşdur. Halbuki atası da, nənəsi də, babası da ziyalı, ailə qədri, övlad dəyərləri bilən insanlar olublar. Atası rəhmət getdikdən sonra nənə və babası ömürlərinin sonunadək onlarla, anası, bacı-qardaşı ilə birlikdə yaşamışlar. Ömürlərinin sonunadək anası onların qulluğunda dayanmış, onların dəfn və yas məsələlərini həll etmişdir. Hətta iddiaçının anası ilə atasının nikahın pozulmasına dair atası tərəfindən verilmiş iddia ərizəsində belə, qarşı tərəfin özünün ailə ilə bağlı öhdəliklərini yerinə yetirməməsi, sərbəst həyat yaşamaq istəyi boşanmanın səbəbi olaraq qeyd edilmişdir. Mərhum atası fotoqraf fəaliyyəti ilə məşğul idi. Əgər doğrudan da iddiaçının dediyi kimi münasibətlər sonradan korlanmışdırsa, niyə mərhum atası ilə, nənə-babası ilə çəkilmiş fotoşəkillər heç yerdə mövcud deyildir. Ayrıldıqları vaxtdan bugünədək iddiaçı tərəf öz babası, nənəsi ilə maraqlanmamış, qohumluq funksiyalarını icra etməmişlər. İddiaçı tərəf düz 20 ildən sonra indi məlum olan “niyyətlə” öz doğma babası ilə görüşmək istəmişdir. Lakin mərhum babaları 04 dekabr 2020-ci il tarixdə vəfat etdiyindən bu mümkün olmamışdır. Babaları vəfat etdikdən sonra qanun üzrə vərəsələr olaraq illərdir birgə yaşadıqları, sahib çıxdıqları babalarından miras qalan miras əmlak üzərində öz hüquqlarını tanıtmışlar. Bu zaman heç kimin hüququ pozulmamış, hər şey o dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq icra edilmişdir. Buna görə də iddia tələbi tamamilə əsassızdır. İddia ərizəsində qeyd olunan maddi hüquq normaları hazırki situasiyanın tənzimlənməsi ilə qətiyyən əlaqəli deyildir. Babası vəfat edən zaman vərəsəlik münasibətlərini tənzimləyən AR Mülki Məcəlləsinin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçının özü də babasının 2020-ci ildə vəfat etməsindən 5 il sonra xəbər tutmuşdur. Babasının vəfatı ilə əlaqədar vərəsəlik işi açılan zaman qanunun tələbinə uyğun olaraq 6 ay müddət gözlənilmiş, lakin təbii olaraq bizdən başqa heç bir vərəsə miras əmlak üçün müraciət etməmişdir. Buna görə də miras əmlak onlara verilmişdir. Hazırki situasiyanın ortaya çıxmasına “əsas’’ kimi göstərilən AR Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenumunun Qərarında qeyd edilən əsas məqamı diqqətə çatdırır: Sözügedən qərarla Mülki Məcəllənin 6 aylıq müddətlə bağlı maddəsi qüvvədən düşmüş hesab edilsə də, Qərara alındı hissənin 3-cü bəndində qeyd olunur ki, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Sözügedən qərar isə 26 dekabr 2023-cü il tarixdə, yəni babamın vəfatından, vərəsəliyin açılmasından 3 il sonra qüvvəyə minmişdir. İddia ərizəsində yuxarıda qeyd etdiyi məqamların əksini göstərən hər hansı bir müddəa verilməmiş, həmçinin 5 il sonra miras əmlakdan pay almaq hüququ əsaslandırılmamışdır. Konstitusiya Məhkəməsinin sözügedən qərarı olmasaydı, iddiaçının iddia tələbi 6 aylıq müddətə riayət etmədiyi üçün birmənalı rədd edilməli idi. Bunu keçmiş məhkəmə təcrübəsi də göstərir. Amma konstitusiya Məhkəməsinin müvafiq qərarının olması da situasiyanı iddiaçının xeyrinə dəyişmir. Çünki Qərarda birmənalı qeyd olunur ki, Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilsin. Yəni babası 2023-cü ilin dekabr ayından sonra vəfat etsəydi hər bir halda iddiaçının miras əmlakda pay hüququ saxlanılacaqdı 6 aylıq müddəti ötürsəydi belə. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı atası Teymurun Əliyevin birinci nikahdan olan övladıdır. Sonradan nikahları pozulmuş və atasının ikinci nikahdan üç övladı var. Teymur Əliyev 2017-ci ildə vəfat etmişdir və onun 3.000 manat civarında mirası qalmışdır. Bu səbəbdən ilk nikahdan olan övladı mirasla bağlı müraciət etməmişdir, lakin bundan sonra babası 2021-ci ildə vəfat etdi və vəfat etdikdən sonra Nərimanov rayonu ərazisində əmlak və bank hesabında 16.000 manat məbləğində pul aşkar edilmişdir. Həmin miras ikinci nikahdan olan üç övlad arasında qəbul olunub və hazırda iddia tələbləri verilmiş şəhadətnamənin etibarsız hesab olunması, varis olaraq vərəsəlik hüququnun tanınması və əmlakın yenidən ¼ pay hissədə bölünməsidir. İddiaçı tərəfindən mirasla bağlı müraciət olunmayıb, çünki 2017-ci ildə atası vəfat etməmişdən əvvəl hər iki ailə arasında münasibət yaxşı olub, lakin ata vəfat etdikdən sonra aralarında problemlər yaşanıb və ünsiyyətləri kəsilib. Babasının vəfat etməsi barədə məlumatı olmayıb və iddiaçının fevral ayında toyu olan vaxt aralarında olan küsülülüyü aradan qaldırmaq üçün babasının yanına gedib. Bu zaman məlum olub ki, artıq baba 2021-ci ildə vəfat etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum X5 övladıdır. Atası babasından əvvəl - 2017-ci ildə ağciyər xərçəngindən vəfat edib. Babasının vəfat etməsindən, yəni 2020-ci ildən sonra ondan qalan pay mirasına haqqının olmasını düşünür. Vaxt müddətinin gecikməyinin bir sıra səbəbləri var. Atası ilə anası arasında bağlanmış nikah 2004-cü ildə pozulmuşdur. Özü anasının himayəsində qalmışdır və aralarında olan bəzi məsələləri qabartmayıb. Anası ilə nənəsi arasında münasibətlər kəskinləşib. Atasının ikinci ailəsi var və həmin nikahdan övladları var. Atasının digər ailəsi ilə münasibəti olmayıb, çünki həmişə sözsöhbət olacağından çəkinmişdir. Teymur Əliyev ünvanda yerləşən mənzildə 5 yaşına qədər yaşamış və babası ilə görüşmək üçün ara-sıra ora getmişdir. Pandemiya ərəfəsi olduğuna görə və işə başladığı dövr olduğuna görə babası ilə daha da gec-gec görüşməyə başlamışdır. Həmişə məhləyə gedir və babası ilə görüşürdü. Lakin sonradan 2020-ci ildə anasının anası Covid-2019 virusundan vəfat etdiyinə görə və virusa yoluxduğuna görə babası ilə çox görüşə bilməmişdir. Sonradan məlum oldu ki, 2020-ci ildə babası vəfat edib. Babasının mobil telefonu yox idi və ev telefonu ilə əlaqə saxlayırdı. 2020-ci ilin yaz aylarında zəng vurmuş, lakin zəng çatmamışdır. Nənəsi ilə danışmadığına görə o, telefonu götürəndə babasını çağırmasını xahiş edirdi. Sonradan zəng vuranda nənəsi onu tərsləmiş və bildirmişdir ki, “danışa bilməzsən”. Daha sonra pandemiya dövrü oldu və hərbi məsələlərinə görə başı qarışmışdır, lakin bir müddət sonra məlum oldu ki, babası vəfat etmişdir. 2020-ci ildə babası zənglərə cavab vermədiyi üçün məhləyə getmiş və qonşulardan soruşanda babasının vəfat etdiyini bildirmişdirlər. Babasının vəfatını belə öyrənmişdir. Özü evlidir və həmin ərəfələrdə babasına bildirmək istəmişdir. Bu səbəbdən xeyir işinin olacağı barədə məlumat vermək istəmişdir. 3 il nişanlı qalmış, bu ilin əvvəlində nikaha daxil olmuşdurlar. Toydan əvvəl ona məlumat vermək istəmişdir. 2020-ci ilin dekabr ayında babasının vəfat etdiyini bilmişdir. Babasının vəfatından məlumatlı olmasının dəqiq tarixi yadında deyil, lakin 2021-ci ilə yaxın vaxtlar idi, çünki xeyir-dua almaq istəmişdir. 2019-cu ildə evə gedib-gələ bilmədiyi üçün babası ilə görüşmüş, babası ona atası vəfat etdiyindən və universitet vaxtı gəldiyindən 10000 manat məbləğində pul vermişdir. Atasını bacısı və ya qardaşı olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, vərəsəlik işi açılandan dörd il sonra iddiaçı məhkəməyə müraciət edib və hesab edir ki, qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. İstinad olunan X3 qeyd olunur ki, həmin qərar qüvvəyə minəndən sonraki münasibətlərə şamil olunur və həmin müddətdən əvvəl olan işlərə tətbiq olunmur. İddiaçı tərəfindən müddət ötürülüb və bu da hesab olunur ki, öz payından imtina edib. Tərəflər arasında ümumiyyətlə münasibət olmayıb və qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: -İ-AZ seriyalı 045317 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, İddiaçı 04 avqust 1999-cu ildə anadan olmuşdur. Onun X1, anası X6r. - AZ-İ seriyalı 030599 saylı nikahın pozulması haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X8 və X9 arasında olan nikaha xx.xx.2004-cü il tarixdə xitam verilmişdir. - AZ-İ 980116 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Cavabdeh4 25 avqust 2007-ci il tarixdə anadan olmuşdur. X1, anası X7r. - AZ-İİ 296952 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Cavabdeh2 xx xxxx 2009-cu il tarixdə anadan olmuşdur. X1, anası X7r. - AZ-İİ 692834 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Cavabdeh3 xx xxxx 2011-ci il tarixdə anadan olmuşdur. X1, anası X7r. - AZ-İ seriyalı 881939 saylı ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X8 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - AZ-İİ seriyalı 127365 saylı ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Cavabdeh4 Yusif oğlu xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - 07 iyul 2021-ci il tarixli reyestrdə 2V-157 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş- Cavabdeh4 Yusif oğlunun vərəsəsi: xx.xx.2017-ci il tarixdə vəfat etmiş olan-X5 vərəsələri Bakı şəhəri, T.Əliyev küçəsi, ev 23, mənzil 35-də qeydiyyatda olan Cavabdeh4 (AZE ******** ASAN 3 xx.xx.2015), Bakı şəhəri, T.Əliyev küçəsi, ev 23, mənzil 35-də qeydiyyatda olan Cavabdeh2 (AZE ******** ASAN 3 xx.xx.2015) və Bakı şəhəri, T.Əliyev küçəsi, ev 23, mənzil 35-də qeydiyyatda olan Cavabdeh3 (AZE ******** ASAN 3 xx.xx.2015) onlardan hər biri miras əmlakldan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -BTİ VƏ MHQİ tərəfindən xx.xx.2002 tarixdə Cavabdeh4 Yusif Oğluna verilmiş 30/180105 qeydəalma nömrəsi ilə 1199 nömrəli kitabın 180105 -ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 45.87 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. - 07 iyul 2021-ci il tarixli reyestrdə 2V-158 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş- Cavabdeh4 Yusif Oğlunun vərəsəsi: xx.xx.2017-ci il tarixdə vəfat etmiş olan-X5 vərəsələri Bakı şəhəri, T.Əliyev küçəsi, ev 23, mənzil 35- də qeydiyyatda olan Cavabdeh4 (AZE ******** ASAN 3 xx.xx.2015), Bakı şəhəri, T.Əliyev küçəsi,ev 23, mənzil 35-də qeydiyyatda olan Cavabdeh2 (AZE ******** ASAN 3 xx.xx.2015) və Bakı şəhəri, T.Əliyev küçəsi, ev 23, mənzil 35-də qeydiyyatda olan Cavabdeh3 (AZE ******** ASAN 3 xx.xx.2015) onlardan hər biri miras əmlakldan 1/3 hissədə pay almalıdır Şəhadətnamə verilən miras əmlak xx.xx.2021-ci il tarixdə Bank Respublika ASC-nin Azadlıq filialı tərəfindən verilmiş 01/642 saylı məktuba əsasən 16873.95 manat pul məbləğindən ibarətdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə 1/3 hissədə Cavabdeh4 adına qeydə alınmışdır. Əmlakın digər hüquq sahibləri 1/3 hissədə Cavabdeh2 və 1/3 hissədə Cavabdeh3dır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndə və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh4 Yusif oğlunun nəvəsidir. Cavabdeh4 Yusif oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələri - xx.xx.2017-ci il tarixdə vəfat etmiş olan oğlu X5 vərəsələri kimi Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 hər biri Cavabdeh4 Yusif oğlundan qalan miras əmlakdan 1/3 hissədə pay almış, bununla bağlı Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən 07 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Miras əmlak 16873.95 manat pul məbləğindən və ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 45.87 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. Həmin mənzil üzərində Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/3 hissədə payları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış, bununla bağlı müvafiq çıxarış verilmişdir. Hazırda İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və babası Cavabdeh4 Yusif oğlunun mirasının qanun üzrə vərəsəlik əsasında yenidən bölünməsi, miras əmlakların 1/4 pay hissəsinə vərəsəlik hüququnun tanınması və s. barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1321-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarına əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan iddiaçı və cavabdeh vərəsəliyə çağırılmış hesab edilirlər. Hazırki iş üzrə miras qoyan Cavabdeh4 Yusif oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş, bununla da həmin tarixdə miras açılmışdır. Nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Qanunvericiliyə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. (M.M m.1243.2; 1246; 1272) İddiaçının xx.xx.2020-ci il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş müddət ərzində vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi, həmçinin onun miras qalmış əmlakı faktiki qəbul etməsi halı məhkəmə tərəfindən müəyyən edilməmiş, İddiaçı iddia ərizəsində iddianın əsası kimi babası Cavabdeh4 Yusif oğlunun ölümündən məlumatının olmadığını, bu barədə ona və ailəsinə heç bir məlumat verilmədiyini bildirmişdir. Bununla belə, fasiləsiz audio-video yazısı aparılan 17 aprel 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, “2020-ci ildə babası zənglərə cavab vermədiyi üçün məhləyə getmiş və qonşulardan soruşanda babasının vəfat etdiyini bildirmişdirlər. Babasının vəfatını belə öyrənmişdir. Özü evlidir və həmin ərəfələrdə babasına bildirmək istəmişdir. Bu səbəbdən xeyir işinin olacağı barədə məlumat vermək istəmişdir. 3 il nişanlı qalmış, bu ilin əvvəlində nikaha daxil olmuşdurlar. Toydan əvvəl ona məlumat vermək istəmişdir. 2020-ci ilin dekabr ayında babasının vəfat etdiyini bilmişdir. Məhləyə getmiş, qonşulardan məlumat almışdır. Babasının vəfatından məlumatlı olmasının dəqiq tarixi yadında deyil, lakin 2021-ci ilə yaxın vaxtlar idi, çünki xeyir-dua almaq istəmişdir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi iddiaçı 2020-ci ilin sonlarında babası Cavabdeh4 Yusif oğlunun vəfat etdiyindən məlumatlı olmuş, bununla belə qanunvericiliklə müəyyən olunmuş müddətdə mirası qəbul etməyə yönələn hərəkətləri etməmiş, vərəsəliklə bağlı hüquq və mənafelərinin müdafiəsi üçün gələcəkdə yaranan biləcək pozuntuların qarşısının alınmasına ağlabatan sayıqlıq, diqqət və sair göstərməli olduğu halda bunu etməmiş və mirasın qəbulu müddətini üzürlü səbəbdən ötürməsinə dair halları təsdiq edən sübutlar təqdim etməmişdir. Bununla da, iddiaçı istər subyektiv vərəsəlik hüququnu, istərsə də mirasın qəbul faktını rəsmiləşdirən cavabdehlərə məxsus şəhadətnamələrin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş imkanı itirmişdir. İddiaçı babasının ölümündən məlumatlı olmadığını bildirsə də, məhkəmə iclasında babasının ölümündən 2020-ci ilin sonlarından – 2021-ci ilə yaxın tarixlərdən məlumatlı olduğunu etiraf etmişdir. Bu səbəbdən də məhkəmə iddiaçının ərizəsində göstərdiyi dəlilləri əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, mübahisəli əmlaklarla bağlı Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş vərəsəlik şəhadətnamələri və onun əsasında mənzilə dair dövlət reyestrindən verilmiş çıxarış qüvvədə olduğundan mirasın yenidən bölünərək mübahisəli miras əmlaklara dair iddiaçının miras payı müəyyən edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın həmin qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi birbaşa göstərilmişdir. Hazırkı mülki iş üzrə vərəsəlik münasibətləri göstərilən qərar qüvvəyə minməzdən əvvəl - miras qoyanın öldüyü tarixdə, yəni xx.xx.2020-ci il tarixdə yaranmış və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmaqla, xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmişdir. Yəni mülki iş, qeyd olunan Qərar çıxarılan zaman məhkəmənin icraatında olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı hazırkı mübahisəyə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə hesab edir ki, İddiaçı “xx.xx.2020-ci ildə vəfat etmiş Cavabdeh4 Yusif oğlunun vərəsələrinə verilmiş 2V- 157, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə vəfat etmiş babası Cavabdeh4 Yusif oğlunun mirasının qanun üzrə vərəsəlik əsasında yenidən bölünməsi, İddiaçı miras əmlakların 1/4 pay hissəsinə vərəsəlik hüququnun tanınması, çatan miras payların naturada ayrılması, naturada bölgünün mümkün olmaması halında əmlakların hərraca çıxarılaraq satılması və miras əmlakda paylara uyğun olaraq bölüşdürülməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1na qarşı “xx.xx.2020-ci ildə vəfat etmiş Cavabdeh4 Yusif oğlunun vərəsələrinə verilmiş 2V-157, 2V- 158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə vəfat etmiş babası Cavabdeh4 Yusif oğlunun mirasının qanun üzrə vərəsəlik əsasında yenidən bölünməsi, İddiaçı miras əmlakların 1/4 pay hissəsinə vərəsəlik hüququnun tanınması, çatan miras payların naturada ayrılması, naturada bölgünün mümkün olmaması halında əmlakların hərraca çıxarılaraq satılması və miras əmlakda paylara uyğun olaraq bölüşdürülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1342/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1342/2025
18.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver