Məhkəmə qərarları › İş №e-2(005)-1372/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1372/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1372/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DİN DQ-nin xx.xx.1998-ci il tarixli, 30/21 nömrəli və xx.xx.1999-cu il tarixli, 19/299 nömrəli bildirişlərinin, MN MHH-nın xx.xx.1993-cü il tarixli, 296 nömrəli arayışının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə sənədlərin ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4483/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, icraata qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5 və 153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, eyni məsələ üzrə məhkəmə qətnaməsi mövcud olduğu halda, tərəf yenidən eyni ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, tərəf yalnız həmin qətnamədən şikayət vermək hüququna malikdir. Hazırki iş üzrə ərizəçi isə həmin hüquqlarından istifadə etmiş, qətnamədən şikayət versə də şikayəti təmin edilməmişdir. Lakin ərizəçi eyni tərəf, eyni predmet, eyni əsaslarla mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, yenidən məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş edir. Müvafiq ərizənin icraata qəbul edilməsi isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilir. Mülki Prosessual Məcəllənin 153.3 və 153.4-cü maddələrinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar