Məhkəmə qərarları › İş №e-2(005)-1406/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1406/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1406/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı "ödənilmiş təhsil xərclərinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 23.469,21 (iyirmi üç min dörd yüz altımış doqquz manat, iyirmi bir qəpik) manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin social-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət budcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli 128 nömrəli Qərarı ilə “ Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsi xarici ölkədə təhsil almaq üçün təqüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıdır. a) müqavilənin predmeti; b) tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç)təhsili bitirdikdən sonra təqüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar. Qaydaların 5.4-cü bəndinə əsasən təqüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış(yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2015-ci ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2015-ci il tarixli, 986 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdehMacarıstan, X2 ali təhsil müəssisəsində “iqtisadiyyat” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2015-2018-ci tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 23469,21 AZN vəsait ödənilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, üzürsüz səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 617 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və tələbənin adı təhsil nazirinin xx.xx.2015-ci il tarixli, 986 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh X1 School ali təhsil müəssisəsində “iqtisadiyyat” ixtisası (bakalavr səviyyəsi) üzrə 2015-2018-ci tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 23469,21 AZN vəsait ödənilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixində Azərbaycan Dövlət İqtisadi Universitetinə daxil olmuş və xx.xx.2020-ci il tarixində həmin ali təhsil müəssisəsini bitirmişdir. Bunu təsdiq edən bakalavr diplomunun və ona 060450 saylı əlavənin surəti qoşmada sizə təqdim edilir. Həmçinin, 153 nömrəli əmrlə xx.xx.2020-ci il tarixində müvafiq hərbi hissənin siyahısına daxil olaraq atıcı vəziəfəsi üzrə həqiqi hərbi xidmətə başlamış, daha sonra 179 nömrəli əmrlə xx.xx.2020-ci il tarixindən etibarən sürücü vəzifəsi üzrə xidmətini davam etdirmiş, 162 nömrəli əmrlə xx.xx.2021-ci il tarixində hərbi hissədən çıxarılmış və həqiqi hərbi xidmətini tamamlamışdır. xx.xx.2023-cü il tarixində Türkiyə Respublikasının Bahçeşehir Universitetində magistr səviyyəsi üzrə təhsil almaq haqqını qazanmış, təhsilini orada davam etdirmişdir. Göründüyü kimi, şəxs Dövlət Proqramı üzrə Macaristan Respublikasında təhsilini davam etdirə bilməmiş və nəticədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli, 617 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Daha sonra isə AR Elm və Təhsil Nazirliyi xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 23.469,21 AZN vəsaitin AR Elm və Təhsil Nazilriyinin xeyrinə tutulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, yuxarıda adı çəkilən müqavilənin 5.2-ci bəndində qeyd olunmuşdur ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. İşin hallarını nəzərdən keçirdikdə aydın olur ki, tərəflərin arasında müqavilə 2015-ci ildə bağlanılmış, 2016-cı ildə isə ona birtərəfli qaydada xitam verilmişdir. Lakin, iddiaçı mülki qanunvericiliyin nəzərdə tutduğu müddətləri pozaraq, yalnız 2024-cü ildə iddia ərizəsi qaldırılmışdır. Bu səbəbdən də həmin iddia ərizəsi rədd edilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş subutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Təhsil Nazirinin (Elm və Təhsil Nazirinin) xx.xx.2015-ci il tarixli, 986 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 16/1826 nömrəli məktubuna uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən xarici ölkələrin universitetlərində təhsil almaq üçün tövsiyə edilmiş Cavabdeh “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların siyahısına daxil edilmişdir. Nazirliyin İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) Təhsil Nazirliyinə təqdim olunacaq ödəmə sənədlərinə uyğun olaraq Əmrdə adları qeyd olunan tələbələrin təhsil almaları ilə bağlı bütün xərclərin (təhsil haqqı, viza-qeydiyyat haqqı, ali məktəbə qeydiyyat, sosial müdafiə sığortası, aylıq yaşayış və ildə bir dəfə gediş-gəliş yol xərcləri, təşkilatı xərclər və s.) müvafiq qaydada müəyyən olunmuş müddətlərdə Dövlət Proqramının icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilməsini təmin etməsi həvalə edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli müqavilənin surətindən görünür ki, Dövlət Proqramı təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi təhsil alanın Macarıstan, X2 Universiteti ali təhsil müəssisəsində “iqtisadiyyat” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2015-ci ildən 2018-ci ilə kimi tədrisini təşkil etməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi” Qaydalarının 2 nömrəli əlavəsi “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə”nin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir. Müqavilənin 5.2-ci bəndinə əsasən təhsil alan Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, təhsilini başa vurduqdan sonra 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və könüllü olaraq təhsilini davam etdirmədikdə, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmalıdır. - Müqavilənin 6.1-ci bəndinə əsasən təhsil alan üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqavilə birtərəfli qaydada Komissiyanın qərarına əsasən Təhsil Nazirliyi tərəfindən ləğv edilir. Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar əsaslandırılmaqla, Təhsil Nazirliyi tərəfindən Komissiyaya məlumat təqdim olunur. - AR Təhsil Nazirliyi tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 154 nömrəli reyestrdən görünür ki, Cavabdeh kartına 4000 EUR ödəniş edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirinin (Elm və Təhsil Nazirinin) xx.xx.2016-cı il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyasının müvafiq məktubuna uyğun olaraq Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsilini davam etdirməkdən imtina etməsi nəzərə alınaraq onun adı xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasəniş üzrə iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh adının xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması ilə bağlı xx.xx.2016-cı il tarixli əmrinin qəbul edildiyi tarixdən birtərəfli qaydada xitam verilmiş və iddiaçının həmin tarixdən ödənilmiş təhsil xərclərinin cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bununla yanaşı, iddiaçı hüquqlarının pozulmasını 2016-cı ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı qanunvericiliklə müqavilə müddətləri üçün nəzərdə tutulan 3 illik iddia müddəti ərzində (2019-cu ilədək) məhkəməyə iddia ərizəsi ilə müraciət etmədiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim etdiyindən iş üzrə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı "ödənilmiş təhsil xərclərinin geri qaytarılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar