Məhkəmə qərarları › İş №e-2(005)-1417/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1417/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1417/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqavilə əsasən Cavabdeh Ağarəhim qızından 3000 (üç min) manat məbləğində pulun, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manat və ödənilmiş 50 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X1 nümayəndəsi ilə Cavabdeh Ağarəhim qızı arasında qızı X10 Respublikasında Alanya Turizm Universitetinə qəbul prosesi həyata keçirilməsi ilə bağlı 03 iyul 2023-cü il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin edilmişdir. Belə ki, X8 X5 X3 tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli Ön Kabul məktubundan da görünür ki, X4 İşletmeciliği bölümünə qəbul edilmişdir. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh Ağarəhim qızı müqavilə üzrə öhdəliyini təmin etməmişdir. X2 3000 (üç min) manat borcu vardır. Tərəflər arasında bağlanan müqavilənin müqaviləsinin 3.1.6-cı maddəsinə əsasən qəbul prosesi başa çatdıqdan sonra tələbə müqavilə üzrə müəyyən edilmiş məbləği ödəmədiyi təqdirdə "xxxx" MMC-nin tələbəyə xidmət haqqı miqdarında təzminat iddiası qaldırmaq hüququ vardır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq, o, borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə digər tərəflər “Tələbə” Fidan Səmədova, Cavabdeh (qanuni nümayəndəsi) arasında bağlanmış xaricdə təhsil proqramından görünür ki, müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilənin predmetini İddiaçı MMC tərəfindən “Tələbənin” Türkiyə Respublikasında Alanya Turizm Universitetinə bakalavr pilləsinə qəbul prosesinin təşkil edilməsi ilə bağlı münasibətlər təşkil edir. Müqavilənin 2.2-ci maddəsinə əsasən bu müqavilə ilə təmin edilmiş öhdəliyin ölçüsü 3000 AZN-dır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən göstərilmiş təhsil xidmətləri üzrə 3000 manat dəyərində xidmət haqqının ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Türkiyə Respublikası Antalya İcra Hakimiyyəti Alanya liseyindən verilən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, bildirilir ki, X9 məktəbin daimi şagirdidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yerləşdirmə nəticəsi barədə arayışdan müəyyən olunur ki, Fidan Səmədova turizm fakültəsinin turizm menecmenti ixtisasına qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 783.1-ci maddəsinə görə, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə görə, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə qeyd edir ki, məhkəməyə sübut qismində təqdim olunmuş iş materiallarından göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulan xidmət haqqını iddiaçıya ödəməmişdir. Belə ki, "xxxx" MMC tərəflər arasında bağlanan müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, iddiaçının qızı - X14 Respublikasında Alanya Turizm Universitetinə bakalavr pilləsinə qəbul edilmişdir. Tərəflər arasındakı müqavilənin şərtlərinə görə cavabdeh tərəf “Tələbə”nin qəbulundan sonra müəyyən olunmuş xidmət haqqını – 3000 AZN məbləği ödəməyi öhdəliyinə götürsə də, həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh maddi durumunda yaranan çətinliklərlə bağlı olaraq tərəflər arasındakı müqavilədə qeyd olunmuş məbləği – xidmət haqqını ödəyə bilmədiyini, nəticədə borcun yarandığını bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən müqavilə öhdəliklərinin icra edilməsini mübahisə etməmiş, əksinə müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqını ödəmək iqtidarında olmadığını əvvəllər də iddiaçıya bildirdiyini qeyd etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilə üzrə hazırda iddiaçı tərəfindən göstərilmiş xidmət haqqına görə 3000 manat borcu yaranmışdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, Cavabdeh Ağarəhim qızından 3000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olanda məhkəmə qeyd edir ki, vəkilə ödənilmiş 100 manat xidmət haqqı ödənilməsi hissəsində də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş 100 manat və 50 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar