Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1421/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Quliyev Ramin Nizaməddin oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqaviləyə əsasən Cavabdeh 1500 manat məbləğində pulun, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manat və ödənilmiş 35 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Beynəlxalq Təhsil MMC-nin Direktoru X1 nümayəndəsi ilə Cavabdeh arasında Türkiyə Respublikasında Dövlət Universiteti İqtisadiyyat, Maliyyə ixtisasına qəbul prosesi həyata keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etmişdir. Türkiye Cümuriyyeti X3 X8 Başkanlığı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli Kabul Mektubundan da görünür ki, cavabdeh universitetə qəbul edilmişdir. MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini təmin etməmişdir. Hazırda cavabdehin 1500 manat borcu vardır. Tərəflər arasında bağlanan müqavilənin müqaviləsinin 3.1.6-ci maddəsinə əsasən qəbul prosesi başa çatdıqdan sonra tələbə müqavilə üzrə müəyyən edilmiş məbləği ödəmədiyi təqdirdə "xxxx" MMC-nin tələbəyə xidmət haqqı miqdarında təzminat iddiası qaldırmaq hüququ vardır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə və telefonla əlaqə saxlanılmasına baxmayaraq, o borcunu ödəməmişdir. Eyni zamanda müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin məzmunundan görünür ki, müqavilənin predmetini "xxxx" MMC tərəfindən tələbə Cavabdeh Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisəsi olan Türkiyə Respublikasında Dövlət Universiteti İqtisadiyyat, Maliyyə fakültəsinə qəbul prosesini təşkil etmək bunun müqabilində müqavilənin 2-ci maddəsinə əsasən tələbə tərəfindən 1 ay müddətində (3 ayadək) 1500 manat pulu xidmətin əvəzi olaraq ödənilməsini təmin etməkdən ibarətdir. Müqavilənin 3.1.6-cı maddəsinə əsasən “Tələbə”nin qəbul prosesi başa çatdıqdan sonra “Tələbə” geriyə qalan məbləği ödəmədiyi təqdirdə "xxxx" MMC-nin “Tələbə”yə qarşı xidmət haqqı miqdarında təzminat iddiası qaldırmaq hüququ vardır; xx.xx.2023-cü il tarixdə X3 X8 Başkanlığı tərəfindən verilmiş təsdiq məktubunun məzmunundan görünür ki, Cavabdeh adıçəkilən universitetinə qəbul olmuşdur; xx.xx.2024-cü il tarixli Pretenziya məktubunun məzmunundan görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış öhdəliyi 3 gün ərzində yerinə yetirməsi və göstərilmiş təhsil xidmətləri üzrə 1500 manat dəyərində xidmət haqqını, həmçinin müqavilə şərtlərinə uyğun olaraq 1500 manat təzminatı ödəməsi barədə xəbərdar etmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia qaldırmaq üçün 35 manat məbləğində dövlət rüsumu ödəmişdir; Ödəniş qəbzindən görünür ki, 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Türkiyənin Ali Təhsil Müəssisələrinə qəbul” barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyi təmin etməmişdir. Hazırda Cavabdeh 1500 manat borcu vardır. Cavabdeh öhdəliyi icra etməkdən imtina etmiş, iddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. Eyni zamanda, iddianın hüquqi xidmətə görə 100 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat məbləğində dövlət rüsumu cavabehdən tutularaq iddiaçıya ödənilməsi dair hissəsini araşdıraraq hesab edirəm ki, iddia tələbi həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 14 saylı vəkil bürosunun hesabına 100 manat məbləğində pul köçürülmüş, eləcə də məhkəmədə iddia verilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə vəkilə ödənilmiş pulun 30 manat hissədə ağlabatan məbləğ olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1500 manat məbləğində pul, hüquqi yardım üçün 30 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 35 manatın 33,5 manatı İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1500 manat məbləğində borc, hüquqi yardım üçün 30 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 35 manatın 33,5 manatı İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1421/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1421/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver