Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1426/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi; pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat – kiçik iddia qaydasında məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqavilə əsasən Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pulun, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manat və ödənilmiş 35 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə yazılı ərizə təqdim edərək iddia tələbi ilə razı olmadığını bildirmiş, işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)- 1426/2024 saylı qərardadı ilə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Beynəlxalq Təhsil MMC-nin Direktoru X1 nümayəndəsi ilə Cavabdeh arasında X13 Respublikasında Tokat Gaziosmanpaşa universitetinə qəbul prosesi həyata keçirilməsi ilə bağlı 10 iyul 2023-cü il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin edilmişdir. Belə ki, X7 X2 Öğrenci Koordinatörlüğü tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli X15 da görünür ki, X4 İlişkilər və Reklamçılıq bölümünə qəbul edilmişdir. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də Cavabdeh müqavilə üzrə öhdəliyini təmin etməmişdir. Hazırda Cavabdeh 1500 (bir min beş yüz) manat borcu vardır. Tərəflər arasında bağlanan müqavilənin müqaviləsinin 3.1.6-ci maddəsinə əsasən qəbul prosesi başa çatdıqdan sonra tələbə müqavilə üzrə müəyyən edilmiş məbləği ödəmədiyi təqdirdə "xxxx" MMC-nin tələbəyə xidmət haqqı miqdarında təzminat iddiası qaldırmaq hüququ vardır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq, o borcunu ödəməmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, uşaqla hər hansı bir qohumluq əlaqəsi yoxdur. Lakin hadisə şahidi olmuşdur və ondan sənədini tələb etmişlər. Uşaq rus bölməsində oxuduğu üçün həmin sənədin tərcüməsi ilə bağlı sənəd tələb etmişlər və valideynin üzərində olmadığı üçün sənədi özü təqdim etmişdir. Ondan xahiş etmişlər ki, sürücü kimi onlar Şüvəlan qəsəbəsindən Bakı şəhərinə gətirsin. Bundan başqa onlarla əlaqəsi olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - İddiaçı MMC və tələbə Cavabdeh arasında bağlanmış 10 iyul 2023-cü il tarixli xaricdə təhsil proqramı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən tələbə X13 Respublikasında ali təhsil müəssisəsinə - Tokat Gaziosmanpaşa universiteti bakalavr pilləsinə qəbul prosesinin təşkili ilə bağlı müqavilə bağlanmışdır. Müqavilə ilə təmin edilmiş öhdəliyin ölçüsü 1500 manatdır. Müqavilənin 7.1-ci maddəsinə əsasən, müqavilə tələbə və ya tələbənin qanuni nümayəndəsi, qəyyumu (himayəçisi) tərəfindən imzalandığı andan qüvvəyə minir. - Bakı şəhəri üzrə Təhsil İdarəsi 181 №-li tam orta məktəb tərəfindən verilmiş 267 №li 04 iyul 2023-cü il tarixli arayışdan görünür ki, X12 181 nömrəli tam orta məktəbin 2022/23-cü il tədris ili üzrə Xİ sinif məzunu olmuş və müvəffəqiyyət qazanacağı təqdirdə orta məktəb attestatını iyul ayında alacağı gözlənilir. - X9 Gaziosmanpaşa Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbul sənədindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Nadir Əliyev “Halkla İlişkilər və Reklamçılıq” bölümünə qəbul edilmişdir. - “mPay” xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X8 tərəfindən 14 saylı vəkil bürosuna 100 manat ödəniş edilmişdir. - İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, cavabdehdən xidmət haqqının ödənilməsinin 3 gün ərzində təmin edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında İddiaçı MMC tərəfindən tələbə X13 Respublikasında ali təhsil müəssisəsinə - Tokat Gaziosmanpaşa universiteti bakalavr pilləsinə qəbul prosesinin təşkili ilə bağlı müqavilə bağlanmışdır. Hazırda İddiaçı MMC, Cavabdeh qarşı qeyd olunan müqavilə üzrə pul vəsaitinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, müqavilə bir tərəfdən İddiaçı MMC-nin adından onun nümayəndəsi Fuad Həsənov, digər tərəfdən 18 yaşına çatmayan tələbənin qanuni nümayəndəsi, qəyyumu, himayəçisi kimi Cavabdeh arasında bağlanmışdır. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında ilə formalaşdırılmış hüquqi mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Qeyd olunan müqavilədən göründüyü kimi, tələbə müqavilənin bağlandığı 10 iyul 2023-cü il tarixdə tələbə - xx.xx.2005-ci il təvəllüdlü X12 18 yaşına çatmamışdır. Müqavilənin şərtlərinə əsasən, belə olan halda, yəni tələbə 18 yaşına çatmayıbsa müqavilə tələbənin qanuni nümayəndəsi, qəyyumu, himayəçisi tərəfindən bağlanılmalıdır. İş materialları ilə Cavabdeh tələbə kimi qeyd edilmiş X6 qanuni nümayəndəsi, qəyyumu, himayəçisi olması faktı müəyyən olunmur. Belə ki, buna dair sübutlar iş materiallarına əlavə edilməmiş, məhkəmə araşdırması zamanı qeyd olunan sübutların məhkəməyə təqdim edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmış, bununla belə, cavabdehin müqaviləni imzalamağa səlahiyyətli şəxs olması - X6 qanuni nümayəndəsi, qəyyumu, himayəçisi olması faktı sübut olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, uşaqla - X12 ilə hər hansı bir qohumluq əlaqəsi yoxdur. Uşaq rus bölməsində oxuduğu üçün həmin sənədin tərcüməsi ilə bağlı sənəd tələb etmişlər və valideynin üzərində olmadığı üçün sənədi özü təqdim etmişdir. O sadəcə sürücü kimi onları Şüvəlan qəsəbəsindən Bakı şəhərinə gətirmişdir. Bundan başqa onlarla əlaqəsi olmamışdır. Digər tərəfdən qeyd olunan müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh qarşı hər hansı bir xidmət göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tələbənin qanuni nümayəndəsi, qəyyumu, himayəçisi olmadığından qeyd olunan müqaviləni bağlamaq səlahiyyəti olmamış, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə hər hansı bir xidmət göstərilməmişdir və bu səbəbdən qeyd olunan müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddiaçının tələbi də məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.5-ci maddəsinə əsasən, qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. 33.6-cı maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. 33.7-ci maddəsinə əsasən, himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, habelə hüquqi yardıma görə ödənilmiş məbləğ də iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqavilə əsasən Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pulun, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manat və ödənilmiş 35 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqavilə əsasən Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pulun, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manat və ödənilmiş 35 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1426/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1426/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver