Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-144/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul və maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul və maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 3-cü mərtəbədə yerləşən 24 nömrəli mənzilin dəyəri olaraq, “X11 Korporasiyası” ASC-yə 3023.90 manat nəğd olaraq iddiaçı tərəfindən ödənilmiş pulun, həmin mənzilin təmirinə xərclənmiş 58.000 manatın, 10000 manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun “X11 Korporasiyası” ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2014 saylı, 08 aprel 2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, YeniYasamalY/M, Ə.Əhmədov küçəsi, bina 1, blok B, 3-cü mərtəbədə yerləşən 24 nömrəli mənzilin boşaldılaraq iddiaçı “X11 Korporasiyası” ASC-ə qaytarılması, cavabdeh X2, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bildirilir ki, həmin məhkəmə proseslərində iddiaçının iştirakı təmin edilməmiş və sözügedən qətnamə barədə məlumatı olmamışdır. Həmin qətnamədən iddiaçı yalnız 2021-ci ilin dekabr ayında Yasamal rayon İcra şöbəsinin əməkdaşları vasitəsi ilə məlumat almışdır. Bundan sonra həmin qətnaməni Yasamal Rayon Məhkəməsindən rəsmi qaydada götürərək apellyasiya şikayəti vermiş, lakin onun şikayəti mümkün sayılmadı və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmədi. İddiaçı qeyd edir ki, mərhum həyat yoldaşı X8 ilə cavabdeh “X11 Korporasiyası” ASC arasında, ünvan 1-nin, 3-cü mərtəbəsində yerləşən 24 nömrəli mənzilə dair 14377 saylı, xx.xx.2011-ci il tarixli “Mənzilin Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Həmin mənzilin alqı-satqısı zamanı hər kvadrat metrinə görə 450 manat ödənilməsi barədə razılıq əldə olunaraq tərəflərin iradəsi ifadə olunsa da, sonradan cavabdeh Alqı-satqı müqaviləsində, iddiaçı tərəfin məlumatı olmadan mənzilin bir kvadrat metrinin dəyəri 1851.8 manat kimi qeyd olunmuş və bununla da mənzilin dəyəri ağlasığmaz həddə artırılmaqla, aldadılma yolu ilə rəsmiləşdirilmişdir. Halbuki, cavabdehlə onların razılaşması hər kv. metrə görə 450 manat olmuşdur. Həyat yoldaşı mənzilin pulunu bir müddət ödədikdən sonra aldadıldığını başa düşdü və yenidən razılaşma ilə bağlı cavabdehə müraciət etdi. Lakin bu müraciətin heç bir nəticəsi olmadı. Bundan başqa, iddiaçının həyat yoldaşının ödəmələri belə tam olaraq qeydə alınmayıb. Belə ki, məhkəmə qətnaməsində cəmi 3023.90 manat pulun ödənilməsi qeyd olunmuşdur ki, bu da yoldaşının ödədiyi məbləğin çox kiçik bir hissəsidir. Halbuki, iddiaçı qeyd edir ki, ona məlumdur ki, mərhum həyat yoldaşı daha çox pul ödəyib. Həmçinin, bildirir ki, ümumi sahəsi 100.3 kv. metr olan, 3 otaqdan ibarət mənzili, cavabdeh tam təmirsiz olaraq onlara təhvil vermişdir. Həmin mənzilin təmirinə tam olaraq, 58000 manat vəsait sərf etmişik. Halhazırda cavabdeh, məhkəmə qətnaməsinə əsaslanaraq heç bir qarşılıqlı razılaşma olmadan onları mənzildən çıxarmaq istəyir. Belə olan halda iddiaçı və ailə üzvləri faktiki sahibi olduğu, öz xərci ilə təmir edib 10 ildən çox bir müddət ərzində yaşadığı mənzildən məhrum olur. Baxmayaraq ki, həmin mənzildə 58.000 manat xərclənməklə və əsaslı təmirtikinti işləri aparmaqla həmin mənzildə ailəsi ilə birlikdə gələcəkdə də yaşamaqda davam etmək arzusunun olmasına, mənzilin dəyərinin bir hissəsinin mərhum həyat yoldaşı tərəfindən ödənilməsinə baxmayaraq, evi əlindən alınır və bununla da iddiaçıya, ailəsinə çox ciddi maddi və mənəvi zərbə vurulur. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır ki, ödədikləri və təmirə xərclədikləri pulların geri alınması, iddiaçıya və ailəsinə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məhkəmə qaydasında təmin olunsun. Həmçinin, “X11 Korporasiyası” ASC iddiaçıya həmin problemi süni şəkildə yaradıb evi əllərindən almağa iddialı olduqları vaxtdan, eləcə də iddiaçını məhkəmələrə cəlb etdiyindən və yeganə yaşayış yerinin əlindən çıxmaq ərəfəsində olduğundan, iddiaçı da, ailə üzvləri də çox ciddi mənəvi-psixoloji sarsıntı keçirmişdir. Hətta iddiaçı bir neçə dəfə buna görə intihar etmək istəmişdir. Lakin sonra hər halda bu problemin qanuni həll yollarının olmasını düşündüyündən və aldığı məsləhətlərdən sonra bu fikrindən daşınmışdır. Ona görə də iddiaçı, ona vurulmuş mənəvi zərərin məbləğinin ən azından 10.000 manat civarında qiymətləndirir. Cavabdeh "xxxx" ASC-nin baş direktoru Ayhan Keskinkılıç etiraz ərizəsi ilə müraciət edərək İddiaçı iddiasının əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-yə (bundan sonra “Akkord” adlanacaq) qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X8 ilə Akkord arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 14377 saylı mənzil alqı-satqı müqaviləsi əsasında ödənilmiş 3023.90 manat pulun, mənzilin təmirinə xərclədiyi 58000 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun və ödənilmiş dövlət rüsumunun, Akkordan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı aşağıdakı səbəblərə görə tamamilə əsassız və qanunsuz hesab edir: Əvvala, İddiaçı X4 hüquqi varisi olması müəyyən deyil və onun hansı əsasla iddia verməsi aydın deyil. Bundan əlavə X8 xx.xx.2011-ci il tarixli, 14377 saylı mənzil alqı-satqı müqaviləsi əsasında Akkordan aldığı Bakı şəhəri Yeni Yasam Y/M, Ə.Əhmədov küçəsi, bina 1, blok B, 24 nömrəli mənzilin pulunu ödəmədiyinə görə Akkordun iddiası əsasında həmin müqavilə məhkəmə qaydasında ləğv edilmiş və mənzil Akkorda geri qaytarılmışdır. X1 mənzilin təmirini mənzilin pulunu ödəmədən, Akkordla hər hansı razılaşma bağlamadan həyata keçirdiyi üçün Akkord iddiaçı qarşısında hər hansı öhdəlik daşımır və iddiaçıya mənzilin təmirinə çəkilən vəsaitə görə pul ödəməyə borclu deyildir. Mənzilin təmirini X8 öz riski ilə həyata keçirmişdir. X8 və iddiaçı mənzilin pulunu ödəmədiyi üçün nə mənzilin mülkiyyətçisi, nə də vicdanlı sahibi hesab oluna bilməz və hər hansı yaxşılaşdırmalara görə cavabdehdən yaxşılaşdırmaların əvəzini tələb edə bilməz. Eyni zamanda mənzilin sahibi X8 mənzili 2011-ci ildə alıb, təmir edib və orada mənzilin pulunu ödəmədən uzun müddət yaşayıb. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra “iddiaçı” adlanacaq) "xxxx" ASC-yə (bundan sonra “Akkord” adlanacaq) qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X8 ilə Akkord arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 14377 saylı mənzil alqı-satqı müqaviləsi əsasında ödənilmiş 3023.90 manat pulun, mənzilin təmirinə xərclədiyi 58000 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun və ödənilmiş dövlət rüsumunun, Akkordan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edilir ki, iddaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçının həyat yoldaşı X8 xx.xx.2011-ci il tarixli, 14377 saylı alqı-satqı müqaviləsi əsasında Akkordan Bakı şəhəri Yeni Yasamal Y/M, Ə.Əhmədov küçəsi, bina 1, blok B, 24 nömrəli mənzili almış, 2011-ci ildə təmir etmiş, mənzilin pulunu ödəmədən uzun müddət iddiaçı və ailəsi ilə orada yaşamış, mənzilin pulunu ödəmədiyinə görə Akkord “müqavilənin ləğvi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2014-cü il tarixli, 2(004)-1511/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, iddiaçı ailəsi ilə mənzildə yaşamaqda davam etmiş, yalnız Yasamal rayon İcra şöbəsi tərəfindən 2021ci ilin dekabr ayında məcburi qaydada mənzil boşaldılaraq "xxxx" ASC-yə qaytarılmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış 16 avqust 2011-ci il tarixli, AK-295 saylı Kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC “Kapital” filialı tərəfindən borcalan X10 70214.10 manat məbləğində pul vəsaiti 239 ay müddətinə ödəmək şərti ilə, Bakı şəhəri, Yasamal rayonu ərazisində Yeni yasamal Y.M., Ə.Əhmədov küç., inşa etdirdiyi 1 saylı bina, B blok, 24 saylı ünvanda yerləşən, ümumi sahəsi 100.3 kv.m olan, 3 otaqdan ibarət yaşayış sahəsinin alınması üçün verilmişdir. Yasamal Rayon Məhkəməsinin 08 aprel 2014-cü il tarixli, 2(004)-1511/2014 saylı qətnaməsinə əsasən ünvan 1, 3-cü mərtəbədə yerləşən 24 nömrəli mənzilin boşaldılaraq iddiaçı “X11 Korporasiyası” ASC-ə qaytarılması, cavabdeh X2, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2009-cu il tarixdə verilən AZ-İ 496358 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı xx.xx.1977-ci il tarixdə nikahları bağlanmış, bu barədə akt qeydləri kitabında xx.xx.1977-ci ildə 443 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 25 aprel 2017-ci il tarixli, AZ-İ 873367 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 “ani ölüm” səbəbindən xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 606 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 14377 №-li “mənzilin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, “Satıcı” "xxxx" ASC ünvan 1, 3-cü mərtəbədə yerləşən 24 nömrəli mənzili “Alıcı” X5 185735,54 manata 240 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mənzil Təhvil Komissiyasının sədri Elşən Fətəliyev, Mənzil Komissiyasının üzvü Elnarə Yazəliyeva, Mənzil Komissiyasının üzvü Vilayət Məlikov Mənzil Komissiyasının üzvü Eldəniz Vəliyev və X8 arasında bağlanmış akta əsasən, Bakı şəhəri, Yasamal rayonu, X14 Massivi, Ə.Əhmədov küçəsi, blok B, 3-cü mərtəbədə yerləşən 24 nömrəli mənzil sonuncuya təhvil verilmişdir və tərəflərin bir-birinə heç bir pretenziyası mövcud deyil və buna görə də aktı imza edirlər. Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli, 10/374 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında 3-cü mərtəbədə yerləşən 24 nömrəli mənzildə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 26535,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4832 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında 3-cü mərtəbədə yerləşən 24 nömrəli mənzildə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq 2012-2014-cü illər üçün ümumi dəyəri təqribən 25086,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçının mərhum əri X8 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 14377 №-li mənzilin alqı-satqı müqaviləsinə əsasən “Satıcı” "xxxx" ASC ünvan 1, 3cü mərtəbədə yerləşən 24 nömrəli mənzili “Alıcı” X5 185735,54 manata 240 ay müddətinə ödəmək şərti ilə satmışdır. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilmədiyinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona qarşı məhkəmədə iddia qaldırmış və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2014-cü il tarixli, 2(004)-1511/2014 saylı qətnaməsinə əsasən, ünvan 1, 3-cü mərtəbədə yerləşən 24 nömrəli mənzilin boşaldılaraq iddiaçı “X11 Korporasiyası” ASC-ə qaytarılması, cavabdeh X2, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda həmin qətnamə ilə müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışa əsasən X8 tərəfindən cəmi 3023.90 manat məbləğində pul ödənilmişdir. Bundan başqa, iddiaçı həmin mənzilin təmirini də həyata keçirmiş və bu təmirin dəyəri müvafiq ekspert rəyinə əsasən 2012-2014-cü illər üçün ümumi dəyəri təqribən 25086,0 manat məbləğində olduğu müəyyən edilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 25 aprel 2017-ci il tarixli, AZ-İ 873367 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən məlum olmuşdur ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından məlum olur ki, X8 ilə İddiaçı xx.xx.1977-ci il tarixdə nikahları bağlanmışdır. ünvan 1, 3-cü mərtəbədə yerləşən 24 nömrəli mənzil isə X8 tərəfindən xx.xx.2011-ci il tarixdə alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin mənzil birgə nikah dövründə əldə edildiyindən, əmlakın nikah dövründə əldə edilməsi prezumpsiyası tətbiq edilməklə, həmin əmlaka dair əldə olunanlar onların birgə mülkiyyəti hesab olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı olduğuna görə hazırda İddiaçı belə bir iddia qaldırmağa subyektiv hüququ yaranmışdır. Məhkəmə tərəflər arasında mövcud olmuş məhkəmə mübahisəsinə və bu mübahisə əsasında qəbul edilmiş məhkəmə qərarlarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiva institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında nümayiş etdirilən hüquqi mövqe baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 08 aprel 2014-cü il tarixli, 2(004)-1511/2014 saylı qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin məhkəmə icraatı çərçivəsində İddiaçı mərhum əri X8 xx.xx.2011-ci il tarixli, 14377 №-li mənzilin alqısatqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi, o cümlədən, həmin müqavilənin icrası üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə ödənilmiş məbləğ göstərilmişdir. Bu baxımdan, hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2014-cü il tarixli, 2(004)-1511/2014 saylı qətnaməsinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının mərhum əri tərəfindən xx.xx.2011-ci il tarixli, 14377 №-li mənzilin alqı-satqı müqaviləsi üzrə ümumilikdə 3023.90 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iddianın pulun tutulması hissəsi ilə bağlı xx.xx.2011-ci il tarixli, 14377 №-li mənzilin alqı-satqı müqaviləsinin 5.7-ci bəndinə istinadən onu da qeyd edir ki, bu bənd müqavilənin yalnız alıcı, yəni X4 təşəbbüsü ilə ləğv edildiyi hallara şamil edilir. Lakin preyudisial əhəmiyyətə malik məhkəmə aktından göründüyü kimi, müqavilənin ləğvinin təşəbbüskarı alıcı deyil, satıcı "xxxx" ASC olmuşdur. Bu səbəbdən də hazırda pulun tutulması ilə bağlı hər hansı qeyd-şərtlər (ilkin ödənişin qaytarılmaması və sair) tətbiq edilə bilməz. Belə olan halda, məhkəmə iddianın “cavabdehə alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması’' hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilən məhkəmə icraatı çərçivəsində müəyyən edilmiş hallardan görünür ki, xx.xx.2011-ci il tarixli, 14377 №-li mənzilin alqı-satqı müqaviləsi üzrə ümumilikdə 3023.90 manat məbləğində pul ödənilmişdir. Bu səbəbdən, iddia tələbi bu hissədə təmin edilməli və 3023.90 manat məbləğində pul cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası’’ ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “təmirə çəkilmiş xərclərin əvəzinin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı mənzildə təmir işlərinin aparılmasına ümumilikdə 58.000 manat məbləğində vəsait sərf etdiyini göstərməsinə baxmayaraq, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 21 sentyabr 2023-cü il tarixli, 10/4832 saylı ekspert rəyində mənzilin təmirinə 2012-2014-cü illər üçün ümumi dəyəri təqribən 25086,0 manat məbləğində vəsaitin sərf edildiyi göstərilmişdir. Cavabdeh tərəf iddia tələbinə etirazında köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimata istinad etsə də, həmin təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirinin 76-S saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda, mənzildə qüsurlar olmadığından köhnəlmə faizi də tətbiq edilə bilməz. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC hər hansı hüquqi əsas olmadan təmirin dəyəri qismində əldə etmiş 25086 manat məbləğində pulu İddiaçı qaytarmalıdır. Bundan başqa, məhkəmə iddianın “10000 manat mənəvi zərərin ödənilməsi" hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Bundan başqa cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ərizəyə münasibət bildirərək onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh "xxxx" ASC nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh öz ərizəsində mənzilin 2021-ci il tarixində boşaldılmasını qeyd edir. Göründüyü kimi, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək, vicdanlı sahib kimi əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş on illik iddia müddətini ötürməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 3023,90 manat, mənzildə aparılmış təmirin dəyəri olaraq 25086,0 manat pul məbləği İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat ekspertiza xərci "xxxx" ASC-dən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 3023,90 (üç min iyirmi manat, doxsan qəpik) manat, mənzildə aparılmış təmirin dəyəri olaraq 25086 (iyirmi beş min səksən altı manat) manat pul məbləği İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat ekspertiza xərci "xxxx" ASC-dən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-144/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-144/2023
16.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver