Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1462/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı ümumi yığıncağının qərarının, maliyyə arayışının və digər sənədlərin verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı ümumi yığıncağının qərarının və maliyyə arayışının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış kompleksindəki 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 121,03 kv.m təşkil edən 3 otaqlı, 48 saylı və ümumi sahəsi layihə üzrə 83,87 kv.m təşkil edən 2 otaqlı, 49 saylı mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün tələb olunan sənədlərin, yəni MTK üzvlərinin ümumi yığıncağının qərarının və maliyyə arayışının (mənzilə dair pay haqqının ödənilməsi və borcun olmaması barədə) təsdiq olunmuş surətinin ona təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanında tikilən, Cavabdeh MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 121,03 kv.m təşkil edən 3 otaqlı, 48 saylı və ümumi sahəsi layihə üzrə 83,87 kv.m təşkil edən 2 otaqlı, 49 saylı mənzillərin alınması barədə Cavabdeh MTK ilə arasında müqavilələr bağlanmışdır. Təhvil veriləcək 1 ədəd 2 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü 83,87 kv.m təşkil etmiş və faktiki dəyəri 67096 ABŞ dolları, 1 ədəd 3 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü isə 121,03 kv.m təşkil etmiş və faktiki dəyəri 96824 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 67096 ABŞ dolları və 96824 ABŞ dolları məbləğində vəsait onun tərəfindən Kooperativin xəzinəsinə artıqlaması ilə ödənilmişdir. Hazırda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin istismara qəbul edilməsi ilə bağlı müvafiq orqan tərəfindən akt verilmişdir. Bundan sonra o, həmin mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün tələb olunan sənədlərin yəni MTK üzvlərinin ümumi yığıncağının qərarını və maliyyə arayışının (mənzilə dair pay haqqının ödənilməsi və borcun olmaması barədə) ona təqdim olunmasını xahiş etsə də, müraciəti cavablandırılmamış və qeyd olunan sənədlər ona təqdim olunmamışdır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, mənzil alqı-satqı müqavilələrində və maliyyə arayışlarında müəyyən edilmiş ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış kompleksindəki 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 121,03 kv.m təşkil edən 3 otaqlı, 48 saylı və ümumi sahəsi layihə üzrə 83,87 kv.m təşkil edən 2 otaqlı, 49 saylı mənzilllərə mülkiyyət hüququnun daşınmaz əmlak reyestrində qeydə alınması üçün cavabdehin üzərinə ümumi yığıncağın qərarının, maliyyə arayışının (mənzilə dair pay haqqının ödənilməsi və borcun olmaması barədə), həmin mənzillərin yerləşdiyi yaşayış binasının istismara qəbul aktını, binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icra və ya istifadə hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktını və mənzillərin möhürlə təsdiqlənmiş plan cizgilərinin ona verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsi və vəkilinin izahatını, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2007-ci il tarixli Mənzilin alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-ci məhəllədə yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin kompleksdəki 2 saylı binanın, 7 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 121,03 kv.m təşkil edən 3 otaqlı, 48 saylı mənzilin “Kooperativ” “Payçı”-ya (mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürürlər. Təhvil veriləcək 1 ədəd 3 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü 121,03 kv.m təşkil edir və faktiki dəyəri 96824 ABŞ dolları məbləğində müəyyən edilir. “Payçı” tikinti başladığı tarixdən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş mənzilin ümumi dəyərinin 100 %-ni təşkil edən 96824 ABŞ dolları məbləğində vəsaiti “Kooperativ”in xəzinəsinə ödəməlidir; xx.xx.2007-ci il tarixli Mənzilin alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-ci məhəllədə yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin kompleksdəki 2 saylı binanın, 7 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 83,87 kv.m təşkil edən 2 otaqlı, 49 saylı mənzilin “Kooperativ” “Payçı”-ya (mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürürlər. Təhvil veriləcək 1 ədəd 2 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü 83,87 kv.m təşkil edir və faktiki dəyəri 67096 ABŞ dollan məbləğində müəyyən edilir. “Payçı” tikinti başladığı tarixdən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş mənzilin ümumi dəyərinin 100 %-ni təşkil edən 67096 ABŞ dolları məbləğində vəsaiti “Kooperativ”in xəzinəsinə ödəməlidir; Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-ci məhəllədə tikilən çoxmərtəbəli yaşayış kompleksindəki 2 saylı binanın, 7 mərtəbəsində yerləşən və ümumi sahəsi 83,87 kv.m-dən ibarət olan 2 otaqlı, 49 saylı mənzilə dair xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2018-ci il tarixli maliyyə arayışlarının surətlərinə əsasən müvafiq olaraq 10000, 20000, 20000, 10000 ABŞ dolları və 250 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir; Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-ci məhəllədə tikilən çoxmərtəbəli yaşayış kompleksindəki 2 saylı binanın, 7 mərtəbəsində yerləşən və ümumi sahəsi 121,03 kv.m-dən ibarət olan 2 otaqlı, 48 saylı mənzilə dair xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2018-ci il tarixli maliyyə arayışlarının surətlərinə əsasən müvafiq olaraq 15000, 10000, 30000, 20000, 30000 ABŞ dolları və 250 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir; Təqdim edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MTK arasında mənzillərə dair müqavilələr bağlanmış, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququnun tanınması üçün sənədlər tam şəkildə təqdim edilməmişdir. İddiaçı cavabdehə rəsmi olaraq müraciət etmiş, lakin heç bir nəticə vermədiyindən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Eyni zamanda Mülki Məcəllənin mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 178.8-ci maddəsinə müvafiq olaraq mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilən tikililər üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9.1-ci maddəsinə əsasən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin məcəllənin 8.0.10-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; Mülki Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq mübahisəli hüquq münasibətinin yarandığı zaman, yəni 2013-cü il yanvarın 1-dək və 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müxtəlif sənədlər tələb olunur. Belə ki, 2013-cü il yanvarın 1-dək inşa edilən tikililər üzrə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalı, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üzrə isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə qərara əlavə edilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı mənzillərinin dəyərini tam şəkildə ödəyərək, öz öhdəliyini yerinə yetirmiş və bununla da mənzillər üzərində mülkiyyətə dair hüquqlarını əldə edilməsinə dair əsası və hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışlarına əsasən İddiaçı Cavabdeh MTK-ya Nərimanov rayonu, Ə.Əliyev küçəsi 65, 1990-cı məhəllə ünvanında tikilən çoxmərtəbəli yaşayış kompleksindəki 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121,03 kv.m olan, 3 otaqlı, dəyəri 96824 ABŞ dolları olan 48 saylı mənzil üçün 105147,06 ABŞ dolları, həmin ünvanda yerləşən ümumi sahəsi 83,87 kv.m olan 2 otaqlı, dəyəri 67096 ABŞ dolları olan 49 saylı mənzil üçün isə 60147,06 ABŞ dolları məbləğində ödəniş etmişdir. Görünür ki, iddiaçı 49 saylı mənzil üçün müəyyən olunmuş tam vəsaiti ödəməsə də, 48 saylı mənzil üçün artıq ödəniş etmiş, ödənilmiş məbləğ iddiaçının cavabdeh MTK-ya ümumilikdə 2 mənzilə görə ödəməli olduğu məbləği əhatə edir, hətta iddiaçının nəzərdə tutulmuş məbləğdən daha artıq ödəniş etdiyi aydın olur. İddiaçı cavabdeh MTK-ya ümumilikdə 163920 ABŞ dolları məbləğində ödəniş etməli olduğu halda 165294,12 ABŞ dolları məbləğində ödəniş edərək öz öhdəliyini lazımınca icra etmişdir. İddiaçı tərəfindən edilmiş ödənişlər mahiyyəti üzrə iki fərqli mənzilə görə edilsə də, bu vəsaitlər eyni subyektə, tərəflər arasında bağlanmış müqavilədə də göstərildiyi kimi cavabdeh MTK-nın xəzinəsinə daxil olmuş, yəni ödənişin bu qaydada edilməsi iddiaçının öz öhdəliyini icra etmədiyinə dəlalət etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun əldə edilməsinə dair maneələrin aradan qaldırılması üçün ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış kompleksindəki 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121,03 kv.m-dən ibarət olan, 3 otaqlı, 48 saylı və ümumi sahəsi 83,87 kv.m-dən ibarət olan, 2 otaqlı, 49 saylı mənzillərə dair MTK üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi, maliyyə arayışı, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktının iddiaçıya verilməsi vəzifəsi Cavabdeh MTKnin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumuna dair tələb olmadığından iddiaçıya aid edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış kompleksindəki 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121,03 kv.m-dən ibarət olan, 3 otaqlı, 48 saylı və ümumi sahəsi 83,87 kv.m-dən ibarət olan, 2 otaqlı, 49 saylı mənzillərə dair MTK üzvlərinin ümumi yığıncağının qərarı, verilən mənzillərin plan-cizgisi, maliyyə arayışı, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktının İddiaçı verilməsi vəzifəsi Cavabdeh MTK-nin üzərinə qoyulmalıdır Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1462/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1462/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver