Məhkəmə qərarları › İş №e-2(005)-1507/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1507/2025

06.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1507/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla ) “əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) “əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə qüvvədən düşmüş hesab edilməklə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, o, İddiaçı bu ilin iyun ayında əmək müqaviləsi bağlayaraq, işə qəbul edilmək üçün müraciət etdikdə ona bildirmişlər ki, o, Cavabdehndə menecer vəzifəsində çalışır. Bundan sonra o, ASAN xidmət üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və ona bildirmişlər ki, onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildiriş qüvvədədir. Cavabdeh şirkətin ünvanı üzrə müraciət edib əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı cəhdlər etsə də, nə şirkəti, nə də məsul şəxslərini tapa bilməmiş, cavabdehin və məsul şəxslərinin harada olması barədə məlumat əldə edə bilməmişdir. Qeyd edilir ki, İddiaçı həqiqətən cavabdehlə xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlayaraq, menecer vəzifəsində çalışsa da artıq bir neçə müddətdir ki, əmək münasibətlərinə xitam vermişdir. Lakin bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsindən məlumatı olmamışdır. Məhkəməyə müraciət etməzdən öncə iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, mediasiyaya müraciət etmiş, lakin, mediasiya vasitəsilə mübahisənin həlli mümkün olmamışdır. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə qüvvədən düşmüş hesab edilməklə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron sistemə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Dost Mərkəzi ilə işə qəbul edilmək üçün əmək müqaviləsi bağlamaq istəyəndə ona bildirildi ki, Cavabdeh MMC-də menecer vəzifəsində işçi kimi adı qeydiyyatdadır. O, Cavabdeh MMC-də əvvəllər işləmişdir. Onun həqiqətən işsiz olduğunu sübut etmək üçün məhkəmə qərarı lazımdır. O, Cavabdeh MMC-də işə başlayandan bir müddət sonra şirkət bağlandı və Cavabdeh MMC-də rəhbər işçilərin çoxu Azərbaycanlı deyildi. Daha sonra o, X1 xidmətinə müraciət etmişdir, ona yalnız məhkəmə yolu ilə əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatlarını və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, “İşçi” İddiaçı ilə “İşəgötürən” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı menecer olaraq işə götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/9/2024-01511 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndəda İMS-də iştirak etmiş, MMC-nin nümayəndəsi isə iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə ünvanlanan məktubdan görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsini və müqaviləyə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7.2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 9-cu maddəsinin “o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir; 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinin l-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 2-ci hissəsinə əsasən Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir; 49-cu maddəsinin 2-2-ci hissəsinə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir; 49.4-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı işəgötürən Cavabdeh MMC ilə xx.xx.2018-ci il tarixdə menecer olaraq işə qəbul edilməyi barədə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bağlanmasına dair bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Daha sonra isə iddiaçı həmin işdən çıxmışdır. Lakin İddiaçı adı elektron informasiya sistemində Cavabdeh MMC-nin işçisi kimi hələ də qalmaqdadır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı “əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi” tələbinə dair iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh (işəgötürən) hüquqi şəxs hazırda fəaliyyətini dayandırdığından əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi mümkün deyil. Göründüyü kimi, cavabdeh hüquqi şəxsin fəaliyyətini dayandırması səbəbindən, hazırda iddiaçının iddia tələbinin cavabdeh hüquqi şəxs tərəfindən icra edilməsi qeyri-mümkün olduğundan, məhkəmə hesab edir ki, iddiaçının qanuni mənafelərinin müdafiəsinin təmini üçün hazırda yuxarıda sadalanan iddia tələbinin yerinə yetirilməsi hüququnun üçüncü şəxsə həvalə edilməsi qanunamüvafiqdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar