Məhkəmə qərarları › İş №e-2(005)-1532/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1532/2023

03.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1532/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 Çərkəz oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyana görə kompensasiya tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyana görə kompensasiya tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əmək müqaviləsinin müddətinin başa çatması əsasına görə işdən azad edilməsinə dair Elm və Təhsil Nazirinin müavini F.Qurbanovun 11 yanvar 2023-cü il tarixli K-96 saylı əmrini ləğv etməklə vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, habelə, qanunsuz işdən azad edilmə ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi, Elm və Təhsil Nazirliyinin əməkdaşları Aydın Rəhimov və Elman İbrahimov tərəfindən şantaj, hədə qorxu və təhdidə məruz qoymaqla öz iradəsi əleyhinə işdən azad edilmə barədə ərizə yazmağa məcbur etmə, işə bərpa edilməsi haqqında Təhsil naziri tərəfindən əmr verilsə də, işə faktiki bərpa edilmədən əsassız bəhanələrlə təkrar şəkildə ayrı-seçkiliyə məruz qoymaqla əmək müqaviləsinə xitam verilməsi nəticəsində işgüzar nüfuzuna ciddi xələl gəlmiş İddiaçı vurulmuş mənəvi ziyana görə 50 min manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə, Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri M.Vəliyeva və Təhsil Nazirliyi əməkdaşları R.İbrahimov və Aydın Rəhimov tərəfindən şantaj və təhdidə məruz qoymaqla iddiaçını öz iradəsi əleyhinə işdən azad edilmə barədə ərizə yazmağa məcbur etmiş şəxslərin qanunsuz hərəkətləri barəsində Xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2003-cü ildən 27 sentyabr 2022-ci il tarixədək Bakı şəhəri Nəsimi rayonundakı 96 saylı uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. 38 illik pedaqoji iş stajına malik İddiaçı bağça müdiri vəzifəsində işlədiyi dövrdə yüksək peşəkarlıq göstərərək uşaq bağçasını nümunəvi bağça səviyyəsinə qaldırmış, əmək kollektivində böyük nüfuza malik olmuş, müsbət iş təcrübəsinə görə dəfələrlə mükafatlandırılmış, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. 15 sentyabr 2022-ci il tarixdə İddiaçı Bakı şəhər Baş Təhsil İdarəsinə çağırılmış, özlərini daxili nəzarət sektorunun əməkdaşları kimi təqdim etmiş Aydın Rəhimov və Elman İbrahimov adlı şəxslər tərəfindən barəsində rüşvət görüntüləri olması, görüntülərin sosial mediya vasitəsilə yaydırılacağı, üzünə adam qoyulacağı, xidməti fəaliyyətinin yoxlatdırılacağı, ləkələyici məlumatlarla işdən azad olunacağı ilə hədələnmiş, şantajla təhdid edilməklə öz iradəsi əleyhinə 20 sentyabr 2022-ci il tarixdə işdən azad edilməsi barədə Təhsil Nazirinin adına ərizə yazmağa məcbur edilmişdir. İddiaçı dərin stress və psixoloji təzyiq altında öz iradəsi əleyhinə işdən azad edilməsi barədə ərizə yazaraq E.İbrahimova təqdim etmiş, daha sonra təhdid və hədə qorxu altında işdən azad edilməsi haqda ərizə yazmağa məcbur edilməsi haqda məlumat vermək üçün Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri M.Vəliyevanın qəbuluna düşmək istəsə də, sonuncu onu qəbul etməkdən imtina etmişdir. Məlum olmuşdur ki, bu hədə qorxu və şantajla Təhsil Nazirinin adına işdən azad edilməyə razılıq vermə tələbinin sifarişçisi M.Vəliyevadır. Aydın Rəhimov və Elman İbrahimov adlı əməkdaşlar bu məlumatı şəxsən İddiaçı bildirmişlər. İddiaçı 15 sentyabr 2022-ci ildə Bakı şəhər Baş Təhsil İdarəsinə çağırılması, təhdid və hədə qorxu altında işdən azad edilməsi haqda ərizə yazmağa məcbur edilməsi, öz iradəsi əleyhinə işdən azad edilməsi barədə ərizə yazaraq E.İbrahimova təqdim etməsi, dərin stress və psixoloji sarsıntı keçirməsi faktı həmin vaxt onu binanın həyətində gözləmiş şahidlər X1 və X3 tərəfindən təsdiq olunmuşdur. 19 sentyabr 2022-ci il tarixdə İddiaçı təkrar ərizə ilə Bakı şəhər Baş Təhsil İdarəsinin müdirinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinə müraciət edərək ilkin ərizəsinin etibarsız sayılmasını, işinə davam etmək istəməsini xahiş etmişdir. İlkin ərizəsinin etibarsız sayılması haqda İddiaçı həmin ərizələri Bakı şəhər Baş Təhsil İdarəsində və Cavabdehndə qeydiyyata alınsa da, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cimaddəsinin 2-ci hissəsinin “a” bəndinə görə öz ərizəsinə əsasən 20 sentyabr 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə Elm və Təhsil Naziri tərəfindən 20 sentyabr 2022-ci il tarixli K-1049 saylı və Bakı şəhər Baş Təhsil İdarəsi müdiri M.Vəliyeva tərəfindən 27 sentyabr 2022-ci il tarixli K-1275 saylı əmr imzalanmışdır. Bakı şəhər Baş Təhsil idarəsi tərəfindən 2 saylı Vəkil bürosunun sorğusuna cavab olaraq təqdim edilmiş ərizələrin surətləri ilə müəyyən edilmişdir ki, İddiaçı 15 sentyabr 2022-ci il tarixdə 20 sentyabr 2022-ci il tarixdən işdən azad edilməsi haqda ərizə təqdim etmiş, 19 sentyabr 2022-ci il tarixdə isə işdən azad edilməsinə dair əvvəlki ərizəsinin etibarsız hesab edilməsi haqqında həm Bakı şəhər Baş Təhsil İdarəsinə, həm də Elm və Təhsil Nazirliyinə ərizə təqdim etmiş və ərizələri qeydiyyata alınmışdır. Bundan başqa, İddiaçı özlərini Bakı şəhər Baş Təhsil İdarəsinin daxili nəzarət sektorunun əməkdaşları kimi təqdim etmiş Elman İbrahimov və Aydın Rəhimovun hədə qorxu gələrək öz iradəsi əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edilməsi barədə Bakı şəhər Baş Təhsil idarəsinin müdirinə, habelə Elm və Təhsil Nazirinə müraciət etsə də, “Müraciətlərə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müraciətlərinə cavab verilməmişdir. 2 saylı vəkil bürosunun sorğusuna cavab olaraq İddiaçı ərizələri və əmrinin surəti büroya təqdim edilsə də, Bakı şəhər Baş Təhsil idarəsi tərəfindən nə İddiaçı ərizələrinə, nə də vəkil müraciətlərinə əsaslandırılmış cavablar verilməmiş, hətta mediasiya prosesində iştirakdan imtina edilmişdir. İddiaçı işdən azad edilməsi barəsində ərizəsinin özlərini Bakı şəhər Baş Təhsil İdarəsinin məsləhətçiləri kimi təqdim etmiş Elman İbrahimov və Aydın Rəhimov (iddiaçının tələbinə baxmayaraq şəxsiyyət məlumatları təqdim edilməmişdir) tərəfindən alınması da ərizənin hədə qorxu və təhdid altında alındığını sübut edir. Adları göstərilən şəxslər keçmiş polis əməkdaşları olduqlarını bildirsələr də, Təhsil Nazirinin adından hansı əsasla işdən azad edilmə barədə ərizə almalarını izah etməmiş, buna səlahiyyəti olmalarına aydınlıq gətirməmişlər. Həmçinin onların İddiaçı aldıqları ərizənin Təhsil Nazirinə hansı yolla göndərilməsi də aydın deyildir. Digər tərəfdən, İddiaçı işdən azad edilməsi barədə ilkin ərizəsinin etibarsız hesab edilməsi barədə 19 sentyabr 2022-ci il tarixli ərizəsi Bakı şəhər BaşTəhsil İdarəsi tərəfindən Elm və Təhsil Nazirliyinə göndərilməmişdir. İddiaçı tərəfindən elektron poçt vasitəsilə Təhsil Nazirinə 19 sentyabr 2022-ci il tarixdə ünvanlanmış eyni məzmunlu ərizə də nəzərə alınmamış və onun əmək müqaviləsinə 15 sentyabr tarixli ərizəsi nəzərə alınmaqla xitam verilməsi barədə 20 sentyabr 2022-ci il tarixli əmr imzalanmışdır. Bakı şəhəri Nəsimi rayonundakı 96 saylı uşaq bağçasının müdiri İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqda 20 sentyabr 2022-ci il tarixli K-1275 saylı qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı və mənəvi ziyana görə kompensasiya tələbi və hədə qorxu ilə işdən çıxmağa məcbur etməni həyata keçirmiş təhsil işçilərinin barəsində xüsusi qərar çıxarılması tələbinə dair iddia ərizəsi Nərimanov rayon məhkəməsinə verilmiş və hakim M.Əfəndizadənin sədrliyi ilə baxılmışdır. 30 dekabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqda qanunsuz əmrin ləğv edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmr imzaladığı bildirilmiş və 30 dekabr 2022-ci il tarixli K-1560 saylı əmr məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 30 dekabr 2022-ci il tarixli K-1560 saylıəmrinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqda xx.xx.2022-ci il tarixli K-1049 saylı əmr ləğv edilmiş, o, Bakı şəhəri 96 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilmiş, bu əmrdən irəli gələn zəruri tədbirlərin görülməsi insan resursları şöbəsinə və Bakı şəhər Baş təhsil idarəsinə tapşırılmışdır. Təhsil Nazirinin həmin əmri nəzərə alınaraq iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin müvafiq düzəlişlər edilməsi üçün geri qaytarılması haqqında məhkəməyə ərizə təqdim olunmuş, məhkəmənin 30 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 30 dekabr 2022-ci il tarixli əmrində İddiaçı işə bərpa edilməsi nəzərdə tutulsa da, o, Bakı şəhər Baş Təhsil idarəsinə dəvət edilməmiş, əmrlə tanış edilməmiş, təhvil-təslim aparılmamış, vəzifəsinə bərpa edilməmişdir. Məlum olmuşdur ki, Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri M.Vəliyeva 96 saylı bağçaya müdir vəzifəsinə öz yaxın adamını təyin etmək istədiyi üçün işə bərpa haqda Təhsil Nazirinin əmrini icra etmədən İddiaçı əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi haqda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdimat vermiş, Elm və Təhsil Nazirinin müavini F.Qurbanov tərəfindən 11 yanvar 2023-cü il tarixdə İddiaçı əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi haqda Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 11 yanvar 2023-cü il tarixli 96 saylı əmr verilmişdir. Hətta verilmiş həmin əmr barədə 28 yanvar tarixinədək İddiaçı məlumat verilməmiş, Təhsil Nazirliyinin çağrı mərkəzinə və Bakı şəhər Baş Təhsil İdarəsinə edilmiş müraciətlər cavabsız buraxılmışdır. Beləliklə də, İddiaçı işə bərpa edilməsi barədə Elm və Təhsil Nazirinin 30 dekabr 2022-ci il tarixli K-1560 saylı əmri formal xarakter daşımış və icra edilməmişdir. İddiaçı qeyd edir ki, işə bərpa əmri Bakı şəhər Baş Təhsil İdarəsi tərəfindən faktiki olaraq şikayət etdiyi üçün İddiaçın ıcəzalandırmaq, iztirab vermək və ona daha bir mənəvi zərbə vurmaq məqsədi daşımışdır. İddiaçı bildirir ki, elm və Təhsil Nazirinin müavini F.Qurbanov tərəfindən imzalanmış 11 yanvar 2023-cü il tarixli 96 saylı əmr qanunsuz və əsassızdır. İddiaçı işə bərpa edilməsi barədə Elm və Təhsil Nazirinin 30 dekabr 2022-ci il tarixli K-1560 saylı əmri icra edilməmiş, o, işə bərpa barədə əmrlə tanış edilməmiş, faktiki olaraq işinə bərpa edilməmiş, təhvil-təslim aparılmamış, hətta iş yerinə çağırılmamışdır. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə əsasən İddiaçı əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edilməli olduğu halda, qanunun bu tələbinə də əməl edilməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi qanunsuz olduğundan Təhsil Nazirinin 30 dekabr 2022-ci il tarixli K-1560 saylı əmri ilə o, əvvəlki vəzifəsinə bərpa edilmişdir. İddiaçı qeyd edir ki, işə bərpa barədə həmin əmr icra edilmədən 10 gündən sonra İddiaçı Nazir müavininin əmri ilə işdən azad edilə bilməzdi. O bildirir ki, 38 illik pedaqoji staja malik, son 20 il ərzində isə 96 saylı bağçanın müdiri vəzifəsində peşəkarcasına qüsursuz işləmiş, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə, dəfələrlə mükafatlandırılmış və qanunsuz olaraq işdən azad edilməsi Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə etiraf olunmuş, İddiaçı Təhsil Nazirliyi sistemində müqavilə müddəti bitmiş yüzlərlə işçidən fərq qoyularaq əmək müqaviləsinə Təhsil Nazirinin müavini tərəfindən xitam verilməsi əmək münasibətlərində ayrı seçkilik sayıldığından qanuni və əsaslı sayıla bilməz. İddiaçı qeyd edir ki, Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri M.Vəliyeva şəxsi maraqlarını rəhbər tutaraq qərəzli şəkildə iddiaçını işə bərpa etməkdən boyun qaçırmış, ayrıseçkilik edərək müqavilə müddəti bitmiş yüzlərlə işçidən fərq qoyaraq qanunsuz şəkildə əmək müqaviləsinə xitam verilməsi üçün Nazir müavini qarşısında vəsatət qaldırmış və onun işdən azad edilməsinə nail olmuşdur. İddiaçı bildirir ki, səbəbi isə odur ki, qısa müddətdə tərbiyəçi işləmiş və heç bir təşkilatçılıq təcrübəsi olmayan, səriştəsiz bir şəxsi yalnız şəxsi maraqlarını rəhbər tutaraq 96 saylı bağçaya müdir əvəzi təyin etmiş və onu həmin vəzifəyə təsdiq etməkdə israrlıdır. İddiaçı bildirir ki, Bakı şəhər Baş Təhsil İdarəsinə rəhbərlik edən M.Vəliyevanın məqsədi məktəbəqədər təhsil müəssisəsinin normal fəaliyyətini təmin etmək deyil, şəxsi məqsədlərini həyata keçirməkdən ibarətdir. Bu məqsəd naminə o, 20 il qüsursuz xidmət etmiş iddiaçının nüfuzu ilə oynamış, Təhsil Nazirliyinin daxili nəzarət idarəsinin əməkdaşları tərəfindən hədələnərək işdən azad edilməsinə dair ərizə yazmağa məcbur edilməsini təşkil etmiş, hədələnməsi ilə əlaqədar məlumat vermək istəyən İddiaçı qəbul etməkdən və dinləməkdən imtina etmiş, işdən çıxarılmasının onun arzusu ilə baş verməsini idarənin əməkdaşları vasitəsilə bildirməklə mənəvi əzab vermiş, Təhsil Nazirinə şikayət ərizəsi yazmasını bağışlamayacağını bildirərək ərizələrinə cavab verməkdən qanunsuz şəkildə imtina etmiş, işə bərpa etmə barədə Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmrini icra etməkdən imtina etmiş, əmək müqaviləsinin müddətinin uzadılmasından imtina etmiş, onun cəmiyyət içərisində işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. O, eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 30 dekabr 2022-ci il tarixli K-1560 saylı əmrində Təhsil Nazirliyinin əməkdaşları Aydın Rəhimov və Elman İbrahimov tərəfindən İddiaçı hədə-qorxu gəlinməsinin və şantajla təhdid edilməklə işdən azad edilməsi barədə Təhsil Nazirinin adına ərizə yazmağa məcbur edilməsinin, Elman İbrahimov adlı mütəxəssisin hansı səlahiyyətlə Təhsil Nazirinin adına 20 sentyabr 2022-ci il tarixdən işdən azad edilməsi barədə ərizə almasının səbəblərinə, habelə, Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri M.Vəliyevanın qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməmiş, mənəvi ziyana görə kompensasiya tələbinə də aydınlıq gətirilməmişdir. İddiaçı qeyd edir ki, İddiaçı əvvəlki işinə bərpa edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 30 dekabr 2022-ci il tarixli K-1560 saylı əmri Təhsil Nazirliyinin əməkdaşları Aydın Rəhimov və Elman İbrahimov tərəfindən İddiaçı hədə-qorxu gəlinməsinin və şantajla təhdid edilməklə işdən azad edilməsi barədə Təhsil Nazirinin adına ərizə yazmağa məcbur edilməsinin etiraf edilməsi deməkdir. İddiaçı bildirir ki, İddiaçı işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, təhdid edilərək öz iradəsi əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edildiyindən fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması üçün xərclər çəkmiş, 38 illik qüsursuz xidmətə baxmayaraq Bakı şəhər Baş Təhsil İdarəsinin və Təhsil Nazirliyinin işçiləri tərəfindən şantaj və təhdidə məruz qalaraq işdən azad edilməyə məruz qaldığından, işə bərpa edilməsi haqda Təhsil Naziri tərəfindən əmr verilməsinə baxmayaraq, faktiki olaraq əmr icra edilməmiş və 11 gündən sonra qanunsuz şəkildə ayrı-seçkiliyə məruz qalaraq təkrarən işdən azad edildiyindən işgüzar nüfuzuna xələl gəlmiş və ciddi mənəvi ziyan çəkmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin qanunsuz olaraq xitam edilməsi, mübahisə predmeti olan əmrin qanunsuz olması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X5nə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə müraciət olunsa da, müraciətlərə cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 Çərkəz oğlu ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini əsassız hesab etdiyini bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 07 iyun 2021-ci il tarixli, 171 saylı əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri (rəis əvəzi X6 şəxsində) ilə “İşçi” İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı BŞMTM və UE idarəsinin Nəsimi rayonu 96 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli bağlanmışdır. - Kadrların şəxsi uçot vərəqəsinin surətindən aydın olur ki, İddiaçı ADPU-nun məktəbəqədər pedaqogika və psixologiya fakültəsinin məktəbəqədər pedaqogika və psixologiya ixtisası üzrə B-1-005831 nömrəli diplom almışdır. - İddiaçı əmək fəaliyyətinə başladığı zamandan etibarən gördüyü işlər barədə məlumatlardan aydın olur ki, İddiaçı Bakı şəhəri 96 nömrəli körpələr evi-uşaq bağçasında xx.xx.2003-cü ildən müdirə vəzifəsində çalışmışdır. - AR Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 171 nömrəli əmrdən aydın olur ki, Bakı şəhəri 96 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı xx.xx.2021-ci il tarixdə 66 yaşının tamam olması ilə əlaqədar, AR ƏM-nin 10-1.2-ci maddəsinə əsasən onunla 1 il müddətinə əmək müqaviləsi bağlanması barədə göstəriş verilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-660 nömrəli əmrdən aydın olur ki, Bakı şəhəri 96 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılması barədə göstəriş verilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-1049 saylı əmrdən aydın olur ki, Bakı şəhəri 96 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022ci il tarixdən xitam verilməsi, Bakı şəhəri 96 nömrəli körpələr evi-uşaq bağçasının baş tərbiyəçisi X2 həmin müəssisənin vakant olan müdir vəzifəsinin icrası xx.xx.2022-ci il tarixdən 3 ay müddətinə həvalə edilməsi barədə göstəriş verilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-1560 nömrəli əmrdən aydın olur ki, Bakı şəhəri 96 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı barəsində “əmək müqaviləsinə xitam verilməsi barədə” AR Elm və Təhsil Nazirliyinin K-1049 nömrəli, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi barədə göstəriş verilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, K-96 saylı əmrdən aydın olur ki, Bakı şəhəri 96 nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə göstəriş verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 12 may 2023-cü il tarixli, 3-17-5/2-16779/2023 saylı məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 96 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı müddətli əmək müqaviləsinə xitam bildirişi xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 2003-cü ildən 20 sentyabr 2022-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu 96 saylı uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. İddiaçı ilə cavabdeh arasında müddətli əmək müqavilələri bağlanmış, 07 iyul 2022-ci il tarixdə K-660 saylı əmrlə əmək müqaviləsinin vaxtı 07 iyul 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək uzadılmışdır. 15 sentyabr 2022-ci il tarixdə iddiaçı Bakı şəhəri Baş Təhsil İdarəsində öz arzusu ilə işdən çıxma barədə ərizə təqdim etmişdir. 19 sentyabr 2022-ci il tarixdə iddiaçı təkrar ərizə ilə Bakı şəhər Baş Təhsil İdarəsinin müdirinə və AR Elm və Təhsil nazirinə müraciət edərək ilkin ərizəsinin etibarsız sayılmasını, işinə davam etmək istəməsini xahiş etmişdir. 20 sentyabr 2022-ci il tarixdə iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə öz ərizəsi əsasında xitam verilməsi barədə AR Elm və Təhsil Nazirinin K-1049 və Bakı şəhəri Baş Təhsil İdarəsinin 27 sentyabr 2022-ci il tarixli K-1275 saylı əmrlər imzalanmışdır. İddiaçı göstərilən əmrlərin ləğv edilməsi, işə bərpa və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, mülki işə baxılmağa hazırlıq müddətində AR Elm və Təhsil Nazirliyinin 30 dekabr 2022-ci il tarixli, K-1560 saylı Əmrinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 20 sentabr 2022-c il tarixli, K-1049 saylı Əmr ləğv edilmiş və o Bakı şəhəri 96 saylı körpələr evi-uşaq bağçası vəzifəsinə bərpa edilmiş, bu əmrdə irəli gələn zəruri tədbirlərin görülməsi insan resursları şöbəsinə və Bakı şəhər Baş Təhsil İdarəsinə tapşırılmışdır. Daha sonra AR Elm və Təhsil Nazirliyinin 11 yanvar 2023-cü il tarixli 96 saylı əmri ilə iddiaçının əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətin başa çatması) əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, AR Elm və Təhsil Nazirinin müavini F.Qurbanovun 11 yanvar 2023-cü il tarixli K-96 saylı əmrini ləğv etməklə vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, habelə, qanunsuz işdən azad edilmə ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi, Elm və Təhsil Nazirliyinin əməkdaşları Aydın Rəhimov və Elman İbrahimov tərəfindən şantaj, hədə qorxu və təhdidə məruz qoymaqla öz iradəsi əleyhinə işdən azad edilmə barədə ərizə yazmağa məcbur etmə, işə bərpa edilməsi haqqında Təhsil naziri tərəfindən əmr verilsə də, işə faktiki bərpa edilmədən əsassız bəhanələrlə təkrar şəkildə ayrı-seçkiliyə məruz qoymaqla əmək müqaviləsinə xitam verilməsi nəticəsində işgüzar nüfuzuna ciddi xələl gəlmiş İddiaçı vurulmuş mənəvi ziyana görə 50 min manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə, Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri M.Vəliyeva və Təhsil Nazirliyi əməkdaşları R.İbrahimov və Aydın Rəhimov tərəfindən şantaj və təhdidə məruz qoymaqla iddiaçını öz iradəsi əleyhinə işdən azad edilmə barədə ərizə yazmağa məcbur etmiş şəxslərin qanunsuz hərəkətləri barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 43-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, K-96 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən müqavilənin müddətinin qurtarması şərtdir. Məhz sadalanan halın mövcudluğu əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan halın mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilməsinə baxmayaraq, məhkəməyə ümumiyyətlə iddiaçı ilə bağlanmış hər hansı müqavilə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi öz izahatında iddiaçının əmək müqaviləsinin onun şəxsi işində olmaması, bunun səbəbini isə körpələr evi-uşaqlar bağçasının əvvəllər Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olması, onlar tərəfindən iddiaçıya məxsus əmək müqaviilələrinin AR TN-nə təhvil verilməməsi ilə əlaqələndirmişdir. Həmçinin məhkəməyə bu məsələ ilə əlaqədar müvafiq struktur qurumlar arasında aparılmış müraciətlər təqdim edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan olmaqla, iqtisadi cəhətdən daha güclüdür, əmək münasibətlərində isə işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halların sübut etmə yükünü işçinin üzərinə qoyulması düz deyil. Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış əmək müqailəsinə 01 oktyabr 2013-cü il tarixdən başlayaraq, üç aydan bir uzadılmışdır. 09 iyun 2020-ci il tarixdən əmək müqaviləsi 1 il müddətə uzadılmış; 07 iyun 2021-ci il tarixdə iddiaçının 66 yaşının tamam olması ilə əlaqədar, AR ƏM-nin 10-1.2 maddəsinə əsasən onunla bir illik müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Mülki işin materiallarında olan əmrlərdən görünür ki, 30 dekabr 2022-ci il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 20 sentyabr 2022-ci il tarixli əmr ləğv edilərək, o işə bərpa edilmişdir. 07 iyul 2022-ci il tarixli əmrlə isə tərəflər arasında bağlanmış müqavilənin müddəri 31 dekabr 2022-ci il tarixə qədər uzadılmışdır. Belə olan təqdirdə, işəgötürən müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunan müddət ərzində öz iradə ifadəsini işçiyə bildirməmişdir. Yəni işəgötürən tərəfindən müqavilənin müddətinin bitməsindən bir həftə keçən müddət ərzində tələb etmə halı müəyyən edilmir. 31 dekabr 2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə, işəgötürən ən geci 09 yanvar 2023-cü il tarixdə işçiyə əmək münasibətlərini davam etdirmək istəmədiyini bildirməli idi. Belə ki, qüvvvədə olan əmək qanunvericiliyinə əsasən, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Digər tərəfən, məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş iddiaçının “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi barədə bildirişlərdən görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə 20 sentyabr 2022-ci il tarixli Əmrlə bağlı bildiriş daxil edilsə də, həmin əmrin sonradan ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi barədə bildiriş, o cümlədən, iddiaçının müddətli əmək müqaviləsinin vaxtının vitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron sistemə daxil edilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən, qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, müqavilə müddəti bitdikdən sonrakı bir həftə ərzində cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi ilə işəgötürən tərəfindən iradə ifadəsi bildirilmədiyindən, eyni zamanda, əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yerləşdirilmədiyindən, əmək müqaviləsinə xitam verilməsi barədə əmr hüquqi qüvvəyə minməmiş, əmək münasibətləri davam etdirilmişdir. Bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmuşdur ki, həmin müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında izahatları və mülki işin materialları ilə təsdiq edilir ki, iddiaçının işə bərpa edilməsinə dair AR Elm və Təhsil Nazirliyinin 30 dekabr 2022-ci il tarixli, K-1560 saylı Əmrinin mövcud olmasına baxmayaraq, həmin əmr icra olunmamış, iddiaçı faktiki olaraq öz vəzifələrinin icrasına buraxılmamış, məcburi işburaxma dövrü üçün ödənilməli olan əmək haqqı məbləği ona ödənilməmişdir. Halbuki əmrin özündə bu məsələlər öz əksini tapmış, məhz adıçəkilən əmrin qəbul edilməsi, iddiaçının işdən çıxarılma barədə ilkin əmrin ləğv edilməsi onun iddia ərizəsini geri götürməsinə səbəb olmuşdur. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, K-96 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmişxx.xx.2023-cü il tarixli, K-96 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya maddəsinə əsasən əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, iddia tələbi digər hissədə - mənəvi ziyana görə kompensasiyanın ödənilməsi və Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri və əməkdaşları barədə xüsusi qərardad çıxarılması barədə tələbi hissəsində əsassızdır. Belə ki, hazırki mülki iş üzrə iddia tələbinin əsasını təşkil edən Əmr AR Elm və Təhsil Nazirliyinin 20 sentabr 2022-ci il tarixli, K-1049 saylı Əmri deyil, 11 yanvar 2023-cü il tarixli Əmridir. xx.xx.2022-ci il tarixli əmr iddiaçı tərəfindən mübahisələndirilmiş, cavabdeh tərəfindən həmin əmr ləğv edilərərək iddiaçının işə bərpa edilməsi barədə 30 dekabr 2022-ci il tarixli Əmr imzalanmışdır. Belə olan təqdirdə mübahisələndirilən əmr artıq mövcud olmadığı üçün məhkəmə bu hissədə tələbi əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyana görə kompensasiya tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı əmək müqaviləsinin müddətinin başa çatması əsasına görə işdən azad edilməsinə dair Azırbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, K-96 saylı əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri Nəsimi rayonu 96 saylı uşaq bağçasını müdir vəzifəsinə bərpa edilsin. 11 yanvar 2023-cü il tarixdən işə bərpa oluduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq iddiaçıya ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar