Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1532/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqaviləyə əsasən Cavabdeh 2000 manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Direktoru X1 nümayəndəsi ilə Cavabdeh arasında Türkiyə Respublikasında Bayburt Universiteti Beynəlxalq Ticarət və İdarəçilik bölümünə qəbul prosesi həyata keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etmişdir. X5 Universiteti Rektörlügü Uluslararası İlişkilər ofisi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli X9 da görünür ki, cavabdeh universitetə qəbul edilmişdir. MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini təmin etməmişdir. Hazırda cavabdehin 2000 manat borcu vardır. Tərəflər arasında bağlanan müqavilənin müqaviləsinin 3.1.6-ci maddəsinə əsasən qəbul prosesi başa çatdıqdan sonra tələbə müqavilə üzrə müəyyən edilmiş məbləği ödəmədiyi təqdirdə "xxxx" MMC-nin tələbəyə xidmət haqqı miqdarında təzminat iddiası qaldırmaq hüququ vardır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə və telefonla əlaqə saxlanılmasına baxmayaraq, o borcunu ödəməmişdir. Eyni zamanda müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh (X6 qanuni nümayəndəsi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin məzmunundan görünür ki, müqavilənin predmetini İddiaçı MMC tərəfindən tələbə X6 Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisəsi olan Türkiyə Respublikasında Bayburt Universiteti Beynəlxalq Ticarət və İdarəçilik fakültəsinə qəbul prosesini təşkil etmək bunun müqabilində müqavilənin 2-ci maddəsinə əsasən tələbə tərəfindən 1 ay müddətində (5 ayadək) 2000 manat pulu xidmətin əvəzi olaraq ödənilməsini təmin etməkdən ibarətdir. Müqavilənin 3.1.6-cı maddəsinə əsasən “Tələbə”nin qəbul prosesi başa çatdıqdan sonra “Tələbə” geriyə qalan məbləği ödəmədiyi təqdirdə İddiaçı MMC-nin “Tələbə”yə qarşı xidmət haqqı miqdarında təzminat iddiası qaldırmaq hüququ vardır; xx.xx.2024-cü il tarixdə X3 X10 Başkanlığı tərəfindən verilmiş təsdiq məktubunun məzmunundan görünür ki, X8 adıçəkilən universitetinə qəbul olmuşdur; xx.xx.2024-cü il tarixli Pretenziya məktubunun məzmunundan görünür ki, İddiaçı MMC Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış öhdəliyi yerinə yetirməsi və göstərilmiş təhsil xidmətləri üzrə 2000 manat dəyərində xidmət haqqını, həmçinin müqavilə şərtlərinə uyğun olaraq 2000 manat təzminatı ödəməsi barədə xəbərdar etmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia qaldırmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Türkiyənin Ali Təhsil Müəssisələrinə qəbul” barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyi təmin etməmişdir. Hazırda Cavabdeh 2000 manat borcu vardır. Cavabdeh öhdəliyi icra etməkdən imtina etmiş, iddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2000 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2000 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1532/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-1532/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver