Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1541/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, müqavilədə nəzərdə tutulmuş tam təmirli 1 otaqlı 60.7 kv.m mənzilin İddiaçı təhvil verilməsi və İddiaçı (ailə üzvləri ilə birlikdə) ünvan 2 ünvanında A bloku 7-ci mərtəbədəki mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 4 il 3 ay əvvəl yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanı qarşılıqlı razılaşma əsasında Cavabdeh MMC tərəfindən sökülmüş və orada yeni yaşayış binası tikilmişdir. Razılaşmaya əsasən binadan 106 m2 və 60 m2 olmaqla 2 mənzil Cavabdeh MMC tərəfindən müqavilə ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq İddiaçı 60 m2 mənzildə təmir işləri aparmaq istəsə də, ona Cavabdeh MMC tərəfindən qərəzli manelər yaradılır. Müqavilədə cavabdeh borcu 01 sentyabr 2021ci il tarixə qədər qaytaracağına öhdəlik götürsə də öhdəliyini yerinə yetirməmişdir. 10 sentyabr 2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə nəzər yetirəndə Cavabdeh MMC Bakuvi küçəsi ev 19 mənzil 10 ünvanda yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə (iddiaçıya) məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı 51 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümümi sahəsinə 15-25 faiz əlavə etməklə tam təmirli 1 otaqlı 60.7 kv.m mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürür. İddiaçı dəfələrlə cavabdehdən mənzili tələb etsə də qərəzli maneələrin yaradılması davam etdirilir. Ona görə də iddiaçı hüququndan istifadə edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmənin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, B/30a saylı müqavilədən görünür ki, Y.Bakuvi küçəsi, ev 19, mənzil 10 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada «Müİkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 51 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə tam təmirli 1 otaqlı, 60.7 kv.m. mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür; xx.xx.2018-ci il tarixli, B/30 saylı müqavilədən görünür ki, Y.Bakuvi küçəsi, ev 19, mənzil 10 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada «Müİkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 89 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə tam təmirli 3 otaqlı, 106,5 kv.m. mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıya məxsus mənzillərin sökülməsi müqabilində iddiaçıya 1 otaqlı, 60.7 kv.m və 3 otaqlı, 89 kv.m. mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxus mənzilin yerləşdiyi bina sökülmüş, yerində yeni bina tikilmişdir. İddiaçıya verilməli olan iki mənzildən biri, yəni 3 otaqlı mənzil təhvil verilmiş, hazırda mübahisələndirilən mənzil isə təhvil verildikdən sonra ona istifadəsində maneələr yaradılmışdır. Hazırda iddiaçı qeyd edilən mənzilin ona məxsus olmasına, sahiblik və ondan istifadə etmək hüququnun yaranmasına istinad edərək məhkəmə qaydasında mənzilin ona təhvil verilməsini və həmin mənzilə köçürülməsini məhkəmədən xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 165-ci maddəsinə uyğun olaraq, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Eyni Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Hazırki işdən göründüyü kimi, satıcı Cavabdeh MMC təmirli mənzili alıcıya təhvil verməyi, İddiaçı isə öz növbəsində ona məxsus mənzilin söküntüsünə icazə verməyi və mənzili boşaltmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə, habelə ona məxsus mənzilin sökülməsinə və yerində yeni binanın inşa edilməsinə baxmayaraq, Cavabdeh MMC mənzili alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. Qeyd olunduğu kimi, həmin müqavilə tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilədir və həmin müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin tikilib ona təhvil verilməsi üçün öz mənzilinin söküntüsünə icazə vermiş və həmin mənzili boşaltmış, MMC isə müqavilə bağlayaraq onu bağladığı əqd üzrə sifarişçi kimi tanımışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının müqavilədə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzilə münasibətdə sahiblik və istifadə hüququ ilə yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 5.3 və 6.1.5-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə tərəflər, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidirlər. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.5 və 2.2.3-cü bəndlərinə əsasən isə müqavilədə göstərilən müddətdə Cavabdeh MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək mülkiyyətçinin hüququdur. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək isə "xxxx" MMC-nin vəzifəsidir. Mülki Məcəllənin 452.1-ci maddəsinə uyğun olaraq, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının mübahisələndirilən mənzilə müqavilə üzrə hüquqları yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması və onun həmin mənzilə köçürülməsinə mane olması qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın A bloku 7-ci mərtəbəsində yerləşən tam təmirli, 1 otaqlı, sahəsi 60.7 kv.m. olan mənzilin İddiaçı təhvil verilməsi və həmin tələbdən irəli gələn İddiaçı ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsinə dair iddiası əsaslıdır. İddiaçının izahatına və iş materiallarına əsasən iddiaçının mübahisələndirilən mənzildən istifadə etməsində maneələr yaradılmış, cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası vəzifəsi onun üzərinə qoyulmalıdır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 4 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın A bloku 7-ci mərtəbəsində yerləşən, tam təmirli, 1 otaqlı, sahəsi 60.7 kv.m. olan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı və İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın A bloku, 7-ci mərtəbəsində yerləşən, tam təmirli, 1 otaqlı, sahəsi 60.7 kv.m. olan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun və İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1541/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1541/2023
06.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver