Məhkəmə qərarları › İş №e-2(005)-1557/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1557/2025

02.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1557/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və maddi ziyan” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin (vərəsəlik qaydasında atasından iddiaçıya keçən) ona məxsus ünvan 1-dən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, eyni zamanda ona dəymiş 10.500 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, mərhum atası X3 1980-ci ildən 2000-ci ilə qədər Bakı Şin Zavodunda işləmişdir. Həmin zavodun Həmkarlar Komitəsinin xx.xx.1994-cü il tarixli (97 saylı Protokol) Qərarına əsasən ***-**-** saylı saylı Order əsasında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 və 35 saylı mənzilləri ona verilmişdir. Bina yataqxanadır. Buna görə də mənzillər 34 və 35 kimi göstərilsə də, əslində bir evin 2 otağıdır. İddiaçı və ailəsi (atası, anası və bacısı) 2018ci ilə qədər həmin mənzillərdə yaşayıblar. İddiaçının mərhum atası eyni zamanda 1-ci Qarabağ müharibəsi əlili olduğundan onun mənzilin vəziyyətinin yaxşılaşdırılmasıgenişləndirilməsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əlillər üçün tikilmiş binada da onlara mənzil veriblər. Həmin vaxtdan onlar ora köçüb. Amma həmin mənzil balaca olduğundan xeyli sayda əşyaları birinci mənzillərdə qalıb və onlar tez-tez həmin mənzillərə də gedib-gəlirmişlər. Bir dəfə həmin mənzilə gedən zaman onun balkonlu olan 1 otağının-34 saylı mənzilin cavabdeh tərəfindən zəbt edildiyini görüblər. Ondan həmin mənzildən çıxıb, mənzili dərhal boşaltması tələb edilib. O, mənzili boşaldacağını bildirsə də, bunu etməyib. Həmin ərəfələrdə iddiaçı və bacısı xaricdə oxuyurlarmış. Atalarının səhhəti isə günü-gündən pisləşirdi, analarının da başı ailə qayğılarına və atanın müalicəsinə qarışmışdı. Bu hallardan istifadə edən cavabdeh isə mənzili boşaltmadı. xx.xx.2022-ci ildə iddiaçının atası vəfat etib. Hazırkı mənzillərin çıxarışları olmadığından notarius yalnız maşına dair vərəsəlik işini açdı və iddiaçı və bacısı atalarının vərəsəliyini qəbul ediblər. Sonradan bacısı miras payını ona bağışlayıb. Hazırda iddiaçı atasının yeganə vərəsəsidir və buna dair qanun üzrə vərəsəlik haqqında müvafiq şəhadətnaməni də əldə etmişdir. Cavabdehin özünün də həmin binada digər mənzilləri var. Özü oğlunu evləndirib, həmin mənzillərdə ailəsini yerləşdirib, mənzili ola-ola, əsassız və qanunsuz olaraq, onların mənzilini zəbt etmişdir. Halbuki cavabdehin başqa yerlərdə də evləri var. Həmçinin hamıya məlum olduğu kimi dövlətimiz məcburi köçkünlərin hamısını mənzillərlə təmin etməkdədir. Yuxarıda qeyd edilənlərdən də müəyyən olunduğu kimi cavabdeh neçə müddətdir ki, mənzili qanunsuz və əsassız zəbt etmiş, hər hansı qanuni və hüquqi əsas olmadan orada yaşamaqdadır. Yataqxananın vəziyyəti yaxşı olmadığından hazırda söküntüsü nəzərdə tutulmuşdur. Hətta bununla bağlı yataqxananı söküb, yerində yeni yaşayış binası tikməyi planlaşdıran "xxxx" MMC ilə onarın arasında xx.xx.2023-cü ildə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən onlar mənzilləri MMC-yə təhvil verməyi, MMC isə bunun müqabilində onlara yataqxananın yerində tikiləcək binadan 2 otaqlı 55 kv.metr mənzil verməyi, bu müddətdə isə hər ay 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh mənzili boşaltmadığından, MMC isə hər iki mənzili birgə onlara təhvil verilməsini tələb etdiyindən onlar indiyə qədər mənzilləri MMC-yə təhvil verə bilməmişdir. Bu müddətdə isə mənzilləri tam şəkildə onlara təhvil vermədiklərinə görə MMC onlara 500 manatı ödəməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin tarixdən indiyə qədər-21 aydır ki, onlara (21 ay X 500 manat) 10.500 manat maddi ziyan dəymişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar 10.500 manat ziyana düşdüklərindən hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o, mübahisəli mənzili 2003-cü ildə Vahid Mustafayevdən pul verib satın almışdır. Lakin sənədləşdirmə işləri müxtəlif səbəblərdən gecikmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh və Vahid Mustafayev hər ikisi onun qonşuları olmuşdur. Əli həqiqətən Vahiddən 250 şirvana ev almışdır. Çünki həmin zaman Əli ondan borc istəmiş, lakin o, borcu verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən mübahisəli ünvanda başqa mənzildə yaşayır. Qonşulardan eşitmişdir ki, Əli Vahiddən 2003-cü ildə 5.000 manata mənzil alıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2003-cü il tarixli, 196-19-557 №-li əmrinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 və 35 saylı otaqları X2 verilmişdir. - Xİİİ ЖГ № 410551, xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuş, atası X3, anası X4r. - AZ İİ №316828, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2022-ci ildə ürəyin xroniki işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. - xx.xx.2024-cü il tarixli, 465№-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X1 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan qızı X7, ünvan 1 ünvanında qeydiyyatda olan qızı İddiaçı və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD241313 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LLV1C2A15J0380629, mühərrikin nömrəsi ********* və buraxılış ili 2018-ci il olan LF 7132E-330 MİNİK markalı 99NB188 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2024-cü il tarixli Bakı şəhər 9 saylı notariat ofisində bağlanmış miras payın bağışlanması müqaviləsinə əsasən, X7 AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018ci il tarixli AD241313 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LLV1C2A15J0380629, mühərrikin nömrəsi ********* və buraxılış ili 2018-ci il olan LF 7132E-330 MİNİK markalı 99NB188 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ona çatası payı İddiaçı bağışlamışdır. - xx.xx.2023-cü il tarixli 140A-026№-li "xxxx" MMC ilə X6 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanda köhnə tikilidə (yataqxana) yerləşən 28 kv.metr ümumi sahəsi olan, 34-35 saylı, 2 otaqlı mənzili “MMC”-yə təhvil verir. “MMC” isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən tikinti işləri başa çatdıqdan sonra 55 kv.metr ümumi sahəsi olan 2 otaqlı tam təmirli mənzili “Sakin”ə təhvil verir. - “Azəriqaz” İB tərəfindən verilmiş Gasrep vərəqinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 saylı mənzilin abonent kodu Nigar Mustafayevaya aiddir. - "xxxx" ASC tərəfindən verilmiş Bildirişin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 saylı mənzilin abonent kodu X5 aiddir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə ilk növbədə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmasını araşdırır. Belə ki, işin materiallarından müəyyən edilir ki, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 və 35 saylı otaqları xx.xx.2003-cü il tarixli orderə əsasən X2 verilmişdir. Vahid Mustafayev xx.xx.2022-ci il tarixdə ölmüşdür. Öldükdən sonra ona məxsus miras əmlakı qızları İddiaçı və X7 qəbul etmiş, sonuncu öz miras payını iddiaçıya bağışlamışdır. Hazırkı mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından miras əmlak kimi nəzərə alınmamışdır. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, X6 mərhum X1 həyat yoldaşı olmuşdur. Həmçinin mübahisəli mənzilin təhvil verilməsinə dair müqavilə də X6 ilə "xxxx" MMC arasında bağlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının atasından qalmış miras əmlakı qəbul etməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması onun gələcəkdə mübahisəli mənzildən qanuni mülkiyyət gözləntisi olması barədə nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Məhkəmə Cavabdeh mənzildən çıxarılması barədə iddia tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh məhkəmə iddia tələblərinə etiraz mövqeyində olaraq, bildirmişdir ki, o, pul verib Vahid Mustafayevdən mübahisəli 34 və 35 nömrəli mənzillərin hər ikisini almışdır. Sənədləşmə işləri isə müəyyən səbəblərdən gecikdiyindən, mənzilləri öz adına keçirə bilməmişdir. Lakin məhkəmə araşdırılması zamanı mübahisəli mənzilin cavabdeh tərəfindən həqiqətən qanuni yolla (alqı-satqı və s. özgəninkiləşdirmə nəticəsində) əldə edildiyi müəyyən edilməmişdir. Cavabdehin yeganə sübutu olan şahid ifadələrinə gəlincə isə şahid ifadələri ziddiyətlidir. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslərdən biri cavabdehin mənzili 2003-cü ildə 250 şirvana aldığını, digəri isə 2003-cü ildə 5.000 manata aldığını bildirir. Cavabdeh isə məhkəməyə ünvanlandığı ərizəsində mənzili 2000-ci ildə aldığını bildirir. Bu baxımdan məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şahid ifadələri iş üçün mötəbər sübut hesab edilə bilməz. Cavabdeh həmçinin bildirir ki, mənzilin uzun illər ərzində öz adına rəsmiləşdirməməsinin səbəbi müxtəlif olmuşdur. O, bu barədə iddiaçının anasına müraciət etmiş, iddiaçının anası bu işlə qızı Nigar Mustafayevanın məşğul olacağını bildirmişdir. Nigarr Mustafayevanın isə şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün sənədləşdirmələr aparıla bilməmişdir. Qeyd edilən cavabdehin arqumentləri ilə bağlı məhkəmə bildirir ki, cavabdehin keçən uzun müddət ərzində mənzilə dair heç bir sənədləşdirmə işi aparmamasının bildirdiyi fikirlər səbəbindən olması ağlabatan deyildir. Ona görə ki, keçən müddət kifayət qədər uzun müddətdir. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzildə kommunal xidmətdən istifadəyə dair sənədlərdə abonent kodları iddiaçının bacısı Nigar Mustafayevanın adınadır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli mənzildə cavabdehin məskunlaşmasının hər hansı qanuni əsası müəyyən edilmədiyindən, iddiaçının isə mənzildən atasından qalan miras əmlak kimi sahiblik və istifadə hüquqları mövcud olduğundan, gələcəkdə də mülkiyyət gözləntisi olduğundan, iddia qeyd edilən hissədə qismən təmin edilərək, Cavabdeh mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 və 35 saylı mənzillərdən çıxarılmalıdır. Məhkəmə iddianın “eyni zamanda ona dəymiş 10.500 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə hissəsinə hüquqi qiymət verərək hesab edir ki, qeyd edilən müqavilədə iddiaçının anası Validə Mustafayevaya aylıq 500 manat kiarəyə haqqının ödəniləcəyi qeyri-müəyyən olmaqla, iddiaçıya həqiqətən də cavabdehin hərəkətləri nəticəsində 10500 manat maddi ziyanın dəyməsi halı sübut edilmir. Üstəlik də iddiaçı iddia ərizəsində bildirir ki, “iddiaçı və bacısı xaricdə oxuyurdular”, “əlillər üçün tikilmiş binada da onlara mənzil veriblər. Həmin vaxtdan onlar ora köçüb”. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının yaşayış yeri olmamışdır. Bu səbəbdən də təqdim edilmiş müqavilənin hazırki icraat çərçivəsində mötəbərliliyini də müəyyən etmək mümkün olmadığından, iddiaçıya həqiqətən də 10500 manat maddi ziyanın dəyməsi təkzibedilməz sübutlarla öz təsdiqini tapmadığından, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində əsassızdır, bu səbəbdən də təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 saylı mənzilindən çıxarılsın, həmin mənzil boşaldılsın və İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar