Məhkəmə qərarları › İş №e-2(005)-157/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-157/2023

19.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-157/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X15 Mehdi qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) “zəbt olunmuş mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) “zəbt olunmuş mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı mənzili alqı-satqı müqaviləsi ilə almışdır və mənzil onun mülkiyyətindədir. Qeyd olunan mənzillə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarış verilmişdir. Çıxarışa əsasən ümumi sahəsi 86 kv/m olan mənzil tam olaraq iddiaçının mülkiyyətindədir. Mənzilin əvvəlki sahibi olmuş Cavabdeh qeyd olunan mənzilin bir hissəsini zəbt etmiş və oranı boşaltmaqdan imtina etməkdədir. İddiaçı bu gün faktiki olaraq mülkiyyətində olan mənzildən tam olaraq istifadə edə bilmir. Eyni zamanda, mənzili aldıqdan və müvafiq çıxarışı əldə etdikdən bu günə qədər təxminən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq iddiaçı mülkiyyətində olan mənzilə texniki pasport da ala bilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan və tam mülkiyyəti iddiaçıya məxsus olan çıxarışa əsasən mənzilin texniki pasportunun tərtib edilməsi ilə əlaqədar edilmiş müraciətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən idarənin mütəxəssislərinə şərait yaradılmadığı səbəbindən mümkün olmadığı cavabı verilmişdir. Belə ki, mənzilin bir hissəsini zəbt etmiş Cavabdeh tərəfindən müvafiq idarənin əməkdaşları mənzilə buraxılmamışdır. İddiaçı hal-hazırda faktiki olaraq mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 86 kv/m sahə göstərərək qeyd olunan mənzilə dair mülkiyyətçi kimi iddiaçıya çıxarış vermiş, lakin, bu mənzilin hansı sahəni əhatə etdiyi müəmma olaraq qalmaqdadır. Əgər aidiyəti qurum iddiaçıya tam mülkiyyət sahibi olaraq konkret sahə qeyd etməklə çıxarış verirsə, həmin sahənin hansı hissədən ibarət olmasını təsdiq edən texniki pasportu da təqdim etməlidir. İşin qeyd olunan hallarını nəzərə alaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməsi zəruriliyi də ortaya çıxmaqdadır. Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Hüseyin qızına qarşı “mənzilin boşaldılması” tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri, N.Süleymanov küçəsi 3 saylı evin 86 kv.m ölçüsü olan 10/11 saylı mənzilinin əvvəlki mülkiyyətçisi Cavabdeh Hüseyin qızı olmuşdur. Cavabdeh həmin mənzili 2008-ci ildə kredit müqaviləsi üzrə ipoteka qoymuş, kredit öhdəliklərini icra edə bilmədiyi üçün bank tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuş və məhkəmə borcu mənzilə yönəltmişdir. Qətnamə 2009-cu il tarixli icra sənədi əsasında icra edilmiş, Cavabdeh Bakı şəhəri, N.Süleymanov küçəsi 3 saylı evin 10/11 saylı mənzili təhvil vermiş, bank mənzili təhvil almış və mənzil üzərində bankın mülkiyyət hüququ qeydə alınmışdır. Həmin vaxtdan Cavabdeh həmin mənzillə əlaqəsi olmamışdır. O, 10/11 saylı mənzilə bitişik olan, lakin həmin mənzilin tərkib hissəsi olmayan əlavə inşa edilmiş başqa yaşayış sahəsinə köçüb yaşamağa başlamışdır. Bank 2021-ci ildə 86 kv.m. sahəsi olan Bakı şəhəri, N.Süleymanov küçəsi 3 saylı evin 11 saylı mənzili İddiaçı satıb. İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin İddiaçı Cavabdeh qarşı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsindən çıxarılmasına və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı mənzili 2021-ci ildə alqı-satqı müqaviləsi ilə almışdır və mənzil olan çıxarışa əsasən onun mülkiyyətindədir. Qeyd olunan mənzillə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən mənzilin ümumi sahəsi 86 kv.m-dir. Ancaq Cavabdeh tərəfindən mənzilin bir hissəsi zəbt edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat (sənəd) arxiv qovluğunda aşkar edilməmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3, mənzil 10 ünvanına dair arxiv qovluğunda aşkar edilmiş cizginin surəti təqdim edilir. 11 nömrəli mənzilə dair arxiv qovluğunda cizgi aşkar edilməmişdir. İş üzrə Məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınmışdır. Həmin rəydə göstərilir ki, baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi, ev 3-də yerləşən 10/11 saylı mənzilin İddiaçı istifadəsində olan hissənin faktiki sahəsinin 77,9 kv.m, Cavabdeh istifadəsində olan hissənin faktiki sahəsinin 68,5 kv.m olduğu müəyyən edilmişdir. İş üzrə mütəxəssis rəyi də alınmışdır, həmin rəydə qeyd olunur ki, mübahisəli mənzil 10 və 11 saylı mənzillərin birləşməsi nəticəsində 4 yaşayış otağından, yaşayış və ümumi sahəsi 86 kv.m olmaqla İddiaçı mülkiyyətindədir. Arxivdə 10 saylı mənzilin ilkin özəlləşməsi zamanı 36 saylı MİS tərəfindən tərtib edilmiş plan (yaşayış sahəsi 43 kv.m, köməkçi sahə 12.3 kv.m olmaqla) aşkar edilsə elə, 11 saylı mənzilin planı aşkar olunmamışdır. Mənzillərin hər biri yaşayış sahəsi 43 kv.m olmaqla qeydiyyatdan keçmişdir. Sözügedən mənzildə yoxlama-ölçü işləri aparılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, mənzil daxilində bəzi arakəsmələrin yerləri dəyişdirilmişdir, mövcud olmuş köməkçi sahələr genişləndirilərək yaşayış sahəsi kimi düzəldilmişdir (əlavə sahələr inşa edilmişdir), faktiki olaraq həmin mənzilin qeydiyyatdan keçmiş ümumi sahəsindən 63.1 kv.m və sahəsi 4.0 kv.m olan balkon İddiaçı istifadəsindədir. Bundan əlavə həmin hissəyə bitişik sonradan tikilmiş 6.7 kv.m köməkçi sahə və sahəsi 4.1 kv.m olan balkon aşkar edildi. Mübahisəli mənzilin qeydiyyatdan keçmiş ümumi sahəsindən 22.9 kv.m sahəsi, mövcud olmuş və sonradan genişləndirilmiş köməkçi sahələri, sonradan inşa olunmuş əlavə sahələrlə birlikdə hal-hazırda Cavabdeh istifadəsindədir. Qeyd edilir ki, 10/11 saylı mənzil üzərində hər üç mülkiyyətçinin - Cavabdeh (2006-2009-cu illər), Bankın (2009-2021) və İddiaçı (2021-ci ildən hal-hazıra kimi) mülkiyyət hüququ 86.0 kv.m ölçüdə ümumi sahəyə qeydiyyatdan keçib. Əgər İddiaçı mənzilin sahəsinin az olmasına dair iddiası var idisə, mənzili bu ölçüdə almaya bilərdi, yaxud mənzilin faktiki ölçüsü ilə sənəd üzrə ölçüsü arasında uyğunsuzluq var idisə, bu barədə Bankla məsələni həll edə bilərdi. İddiaçı Bankla alğı-satqı münasibətinə daxil olarkən mənzilin hazırki faktiki vəziyyətinə razılaşıb və həmin vəziyyətdə mənzili alıb. Yəni alğı-satqı predmeti olan mənzili hazırki vəziyyətdə Bank İddiaçı mülkiyyətinə verib, sonuncu da qəbul edib. İddiaçı cavabdehin onun mənzilini zəbt edilməsini qeyd etsə də, bu hadisənin nə vaxt baş verməsini yazmır. Cavabdeh iddiaçının mənzilini heç vaxt zəbt etməyib. 2021-ci ildən iddiaçı mənzili aldığı vaxtdan mənzilinə tam sahiblik edir, cavabdeh onun mənzilinə müdaxilə etməyib, onun mənzilinin heç bir hissəsini zəbt etməyib. 2021-ci ildən əvvəl də zəbt faktı olmayıb, əgər zəbt faktı olsa idi, Bank Cavabdeh qarşı tələb irəli sürə bilərdi. Ekspert rəyinə görə 10/11 saylı mənzil faktiki olaraq 77.9 kv.m, sənəd üzrə 86.0 kv.m-dir. Lakin, ekspert cavabdehin iddiaçının mənzilinin bir hissəsini zəbt etməsi qənaətinə gəlmir. Ancaq iş materilarında olan mütəxəssis rəyində guya mənzilin 22.9 kv.m sahəsinin cavabdehin istifadəsində olması qeyd olunur. Mütəxəssis rəyi mötəbər deyil. Ona görə ki, mütəxəssis özü qeyd edir ki, mübahisəli mənzil 10 və 11 saylı mənzillərin birləşməsi nəticəsində 4 yaşayış otağından, yaşayış və ümumi sahəsi 86 kv.m-dir. Mütəxəssisin istinad etdiyi Arxivdə 10 saylı mənzilin ilkin özəlləşməsi zamanı 36 saylı MİS tərəfindən tərtib edilmiş planda yaşayış sahəsi 43 kv.m, köməkçi sahə - 12.3 kv.m göstərilməsi barədə qeyd xx.xx.1997-ci il tarixlidir. Həmin vaxtdan sonra mənzildə dəyişikliklər olub, Cavabdeh 2006-cı ildə mənzilə mülkiyyət hüququ əldə edəndə həmin cizgiyə uyğun otaqlar olmayıb. Yəni 1997-ci il cizgisindən sonra otaqlarda dəyişiklik olub, Cavabdeh mülkiyyət hüququ cizgiyə uyğun deyil, yeni dəyişikliyə uyğun qeydiyyatdan keçib. Odur ki, cizgi öz hüquqi əhəmiyyətini itirib. Cavabdehin iddiaçının 22.9 kv.m ölçüdə otağını istifadə etməsi doğru deyil, heç bir mötəbər sübutla təsdiq edilmir. Mütəxəssisin qeydlərinə görə mənzilin sahəsi 100.8 kv.m edir ki, belə ölçüdə mənzil qeydiyyatdan keçməyib. Sözügedən 10/11 saylı mənzilin dəqiq sahəsini müəyyən edən yeganə mötəbər sənəd texniki pasport 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğundan aşkar edilmədiyindən mənzilin itkiyə məruz qalmış 8.1 kv.m sahəsinin kimin istifadəsində olmasını, yaxud da sökülüb-sökülməməsini müəyyən etmək mümkün deyil. 8.1 kv.m ölçünün az olması mənzil daxilində daxili arakəsmələrin inşası, yerdəyişməsi, tikintisöküntü işlərinin aparılması nəticəsində itkiyə getmişdir. Əslində hesab edir ki, 86.0 kv.m ölçü pozulmayıb. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 ayrı-ayrılıqda iddianı müdafiə edib, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 ayrı-ayrılıqda yazılı etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, İddiaçı doğma bacısı, Cavabdeh qonşusudur. Cavabdeh bacısının aldığı 10/11 saylı evdən hazırda çıxmaqdan imtina edir. Tərəflər əvvəlcə razılaşmışdılar, 10/11 saylı ev satılmışdır. Cavabdehin evdən gələcəkdə çıxacağı barədə dəqiq məlumatı olmadığını, cavabdehin evi yeni aldığı zaman tikinti apardığını, sonradan, bacısı Gəncədə olan zaman içəri hissədən qapı hördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, 27 ildir ki, cavabdehlə və 2 il müddətində isə iddiaçı qonşusudur. 1996-cı ildə cavabdeh onların həyətdə 2 mənzil almışdır. X3 1988-ci ildən etibarən orada yaşayır. Cavabdeh 2 ayrı-ayrı evi alaraq birləşdirmişdir və X3 tikinti işlərinin aparıldığının şahidi olmuşdur. Otaqların sayını dəqiq bilmir. Evə gedən zaman cavabdehin yaşadığı mənzildə olan qapıdan daxil olduğunu qeyd etmişdir. 1 üstü açıq balkon, 1 qapalı sahə var idi. Ölçülər aparılan zaman X3 orada olmuş, amma imza atmamışdır. Bank tərəfindən iddiaçının hissəsinin təhvil verildiyini, həmin zaman iddiaçının heç bir iddia irəli sürmədiyini, ölçü işləri aparılarkən tərəflərin yaşadığı hissələrin arasının bağlı olub-olması barədə dəqiq məlumatı olmadığını da qeyd etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, cavabdeh uzun müddət yaxın qonşusu olmuşdur və o, həmin ərazidə artıq 2 ildir ki, yaşamır. Bank tərəfindən ölçü işləri aparılarkən X4 də orada olmuş və təhvil-təslim aktında imzası var. Cavabdehin istifadəsində olan sol tərəfdəki pilləkənlərdən qalxdıqda dəhliz, sanitar qovşaq, 2 yataq otağı, 2 zal, mətbəx yerləşdiyini, ölçü işləri aparıldıqdan sonra arakəsmənin bağlı olduğunu, təqribən 1 il 6 aydır ki, həmin sahəyə baxdığını bildirmişdir. Eyni zamanda qeyd edir ki, Bank tərəfindən ölçü işləri aparılarkən iddiaçı heç bir iddia irəli sürməmiş, cavabdeh tərəfindən iddiaçıda olan otağı təhvil verildiyini, pilləkənin çoxdan tikildiyini, hər 2 mənzilin ümumi sahəsi barədə məlumatı olmadığını qeyd etmişdir. Məhkəmə tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzillərə baxış keçirilərkən müəyyən olundu ki, faktiki vəziyyətdə iddiaçı və cavabdehin istifadəsində olan sahələr bir-birinə bitişik yerləşməklə qonşu sahələrdir. Həmin qonşu sahələrin arasında arakəsmə divar vardır, əvvəllər açıq olmuşdur, deyilənə görə sonradan Cavabdeh tərəfindən arakəsmə divar hörülmüşdür. Hazırda tərəflərin mənzillərinə giriş qapıları ayrı-ayrı olmaqla, hündür pilləkandan ibarətdir. Həmin ünvanda yerləşən mənzilə Cavabdeh girişi sol tərəfdən, İddiaçı mənzilinə girişi isə sağ tərəfdəndir. Baxış zamanı həmçinin də müəyyən olundu ki, İddiaçının istifadəsində olan hissədə girişdə zal (qonaq otağı), yataq otağı, bağlı balkon, açıq balkon mövcuddur. Cavabdehin istifadəsində olan hissədə qonaq otağı, yataq otağı, uşaq otağı, dəhliz (mətbəx), sanitar qovşağı mövcuddur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli AN – İ seriyalı № ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, “Satıcı” "xxxx" ASC tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzili “Alıcı” İddiaçı mülkiyyətinə verir. Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin AR Prezidenti yanında Vətəndaşlarla Xidmət və Sosial İnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan 22 noyabr 2022-ci il tarixli 03/613 №-li məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi, ev 3, 10/11 saylı mənzil İddiaçı məxsusdur. Həmin ünvanda ev 3 mənzil 10A saylı mənzil mövcud deyildir və X9 adına xx.xx.2022-ci il tarixli 04/628 saylı xx.xx.2022-ci il tarixli 04/630 və 04/631 saylı arayışlar yanlışdır. Həmin arayışların etibarsız olması bildirilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən qəbul edilən 20 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsinə dair” Qərara əsasən X6 və X9 əməllərində cinayətin tərkibi müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzil İddiaçı tam payda, xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan AR DİN tərəfindən xx.xx.2022-ci il tarixdə verilən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan məlum olur ki, İddiaçı 15 oktyabr 2021ci il tarixdən ünvan 3 ünvanda qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 10/7325 saylı ekspert rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, mübahisəli mənzilin 10 və 11 saylı mənzillərin birləşməsi nəticəsində yaranan 4 (dörd) yaşayış otağından, yaşayış və ümumi sahəsinin 86,0 kv.m olmaqla İddiaçı mülkiyyətində olduğu müəyyən edilir. Arxivdə 10 saylı mənzilin ilkin özəlləşmə zamanı 36 saylı MİS tərəfindən tərtib edilmiş plan (yaşayış sahəsi 43 kv.m, köməkçi sahə 12,3 kv.m olmaqla) aşkar edilsə də, 11 saylı mənzilin planı aşkar olunmadığı müəyyən edilmişdir. Mənzillərin hər biri yaşayış sahəsi 43,0 kv.m olmaqla qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Faktiki olaraq həmin mənzilin qeydiyyatdan keçmiş 63,1 kv.m və sahəsi 4,0 kv.m olan balkon, bundan əlavə həmin sahəyə bitişik sonradan tikilmiş 6,7 kv.m köməkçi sahə və sahəsi 4,1 kv.m olan balkon İddiaçı istifadəsində olduğu müəyyən edilir. Mübahisəli mənzilin qeydiyyatdan keçmiş ümumi sahəsindən 22,9 kv.m sahənin, mövcud olmuş və sonradan genişləndirilmiş köməkçi sahələr, sonradan inşa olunmuş əlavə sahələrlə birlikdə hal-hazırda Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3 ünvanında İddiaçı istifadəsində olan faktiki sahəsinin 77,9 kv.m, Cavabdeh istifadəsində olan hissənin faktiki sahəsinin 68,5 kv.m olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Borc verən” “Kapital Bankın 2 saylı Nəsimi rayon filialı” ilə “Borc alan” Cavabdeh arasında bağlanmış 28 fevral 2008-ci il tarixli Kredit Müqaviləsinə əsasən “Borc verən” istehsal avadanlıqlarının alınması məqsədi ilə “Borc alan”a 112000 manat məbləğində kredit verilməsini, “Borc alan” isə kredit xəttini qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 fevral 2008-ci il tarixli İpoteka Müqaviləsinə əsasən “İpoteka saxlayan” “Kapital Bankın 2 saylı Nəsimi rayon filialı” ilə “İpoteka verən” Cavabdeh arasında bağlanmış 28 fevral 2008-ci il tarixli 1830 №-li kredit Müqavilələrinə əsasən 112000 manat məbləğində 1 il müddətinə verilən kredit xətti və hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Süleymanov Nürəddin küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada yerləşən 86 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 10/11 nömrəli mənzilin yüklü edilməsi ilə bağlı razılığa gəlmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1097/2009 saylı, 23 aprel 2009cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2008-ci il tarixli 1830 №-li kredit müqaviləsinə əsasən 112000 manat əsas, 18461 manat faiz borcu, cəmi 130.461 manat və ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, 130.461 manat və ödənilmiş 20 manat dövlət rüsumu ipoteka edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi (iki mənzilin birləşməsi nəticəsində) 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 4 otaqlı 10 və 11 nömrəli mənzillərə yönəldilməsi, ipoteka predmeti ixtisaslaşdırılmış açıq hərracdan satılaraq əldə olunmuş vəsaitdən bankın borcunun ödənilməsi, əldə edilmiş vəsait tələbin ödənilməsi üçün yetərli olmazsa, çatışmayan məbləğ Cavabdeh başqa əmlakına yönəldilməsi, Cavabdeh və X7 Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 4 otaqlı 10 və 11 nömrəli mənzillərə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin yaşayış sahəsindən qeydiyyatdan və evdən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəmə icraçıları şöbəsinin böyük məhkəmə icraçıları X2 tərəfindən xx.xx.2009-cu il tarixdə “icraata başlamaq haqqında” qərara əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1097/2009 saylı, 23 aprel 2009-cu il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Süleymanov Nürəddin küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada yerləşən 86 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 10/11 nömrəli mənzilini "xxxx" ASC-də ipoteka ilə yüklü edilməsi barədə müqavilə bağlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1097/2009 saylı, 23 aprel 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh kredit borcunun ödənilməsi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi (iki mənzilin birləşməsi nəticəsində) 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 4 otaqlı 10 və 11 nömrəli mənzillərə yönəldilmişdir. “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin əsasında “Satıcı” "xxxx" ASC ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzili “Alıcı” İddiaçı mülkiyyətinə vermişdir. Hazırda məhkəmədə iddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, mənzilin əvvəlki sahibi olmuş Cavabdeh ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzilin bir hissəsini zəbt etdiyindən, iddiaçı bu gün faktiki olaraq mülkiyyətində olan mənzildən tam olaraq istifadə edə bilmir. Cavabdeh isə iddianı qəbul etmir. Qeyd edir ki, İddiaçı Bankla alqı-satqı münasibətinə daxil olarkən mənzilin hazırki faktiki vəziyyətinə razılaşıb və həmin vəziyyətdə mənzili alıb. Yəni alqı-satqı predmeti olan mənzili hazırki vəziyyətdə Bank İddiaçı mülkiyyətinə verib, sonuncu da qəbul edib. Cavabdeh bundan sonra 10/11 saylı mənzilə bitişik olan, lakin həmin mənzilin tərkib hissəsi olmayan hazırki yaşadığı iddiaçının mübahisələndirdiyi mənzilə köçmüşdür. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, mülki işin faktiki hallarından göründüyü kimi, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzil xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı məxsusdur. Cavabdeh iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan mənzilindən sərbəst və maneəsiz istifadəsinə manelər törətməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. Bu halın qarşısını almaq üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehin mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Belə ki, mülki iş üzrə təyin edilmiş 13 mart 2023-cü il tarixli, 10/7325 saylı ekspert rəyindən aydın olur ki, mübahisəli mənzil 10 və 11 saylı mənzillərin birləşməsi nəticəsində yaranan 4 (dörd) yaşayış otağından, yaşayış və ümumi sahəsinin 86,0 kv.m olmaqla, İddiaçı mülkiyyətindədir. Faktiki olaraq həmin mənzilin qeydiyyatdan keçmiş 63,1 kv.m sahəsi hazırda İddiaçı istifadəsindədir. Mübahisəli mənzilin qeydiyyatdan keçmiş ümumi sahəsindən 22,9 kv.m olan sahəsi hal-hazırda Cavabdeh istifadəsindədir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin istifadəsində olan sahədən əlavə əvvəllər mövcud olmuş və sonradan genişləndirilmiş köməkçi sahələr, sonradan inşa olunmuş əlavə sahələrlə birlikdə cavabdehin istifadəsindədir. Yuxarıda qeyd olunanların kontekstində məhkəmə, cavabdeh tərəfindən iddia tələbinə etiraz kimi irəli sürülən “mənzil daxilində bəzi arakəsmələrin yerləri dəyişdirilmişdir, mövcud olmuş köməkçi sahələr genişləndirilərək yaşayış sahəsi kimi düzəldilmişdir (əlavə sahələr inşa edilmişdir)”, “Ekspert rəyinə görə 10/11 saylı mənzil faktiki olaraq 77.9 kv.m, sənəd üzrə 86.0 kv.m-dir”, “8.1 kv.m ölçünün az olması mənzil daxilində daxili arakəsmələrin inşası, yerdəyişməsi, tikinti-söküntü işlərinin aparılması nəticəsində itkiyə getmişdir.” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, mülki işin materiallarından göründüyü kimi cavabdeh etirazının dəlilləri əsassız olmaqla, mötəbər sübutlarla təsdiq edilməmişdir. Eyni zamanda qeyd olunan etirazın dəlilləri iddia tələbinin təkzib edilməsi üçün yetərli olmamışdır. Bunun əksinə olaraq, iddiaçı tələbini əsaslandıran və iddia tələbini irəli sürmək üçün zəruri olan sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, işin hallarından və ekspert rəyindən də müəyyən edilmişdir ki, üçüncü şəxs "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş mübahisəli mənzil iki mənzilin birləşməsi nəticəsində yaranmışdır. Həmçinin də iki mənzilin birləşməsi yerli müayinə zamanı da əyani şəkildə müşahidə olunmuşdur. Belə ki, baxış zamanı mənzillərin arakəsmə divarlarının hörülməsi nəticəsində daxilindən gediş-gəlişin məhdudlaşdırılması (cavabdeh tərəfindən hörülmüşdür) açıq aşkar görünür. Cavabdeh isə etirazında bildirir ki, hüquqmüəyyənedici sənəddə əks olunmuş ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzil hazırda iddiaçının faktiki istifadəsində olan sahədir. Lakin, yerli baxış zamanı iddiaçının hazırda faktiki istifadəsində olan sahənin iki mənzilin birləşməsi nəticəsində yaranması müəyyən edilməmişdir. Halbuki, ekspert rəyi ilə də iki mənzilin birləşməsi deyiləndə hazırda həm iddiaçının faktiki istifadəsində olan, həm də cavabdehin faktiki istifadəsində olan sahələrin birləşməsi nəzərdə tutulur. Bu hal mənzillərin daxilində hazırki vəziyyətinə vizual baxış keçirərkən də müəyyən olunur. Üstəlik də iddiaçının mübahisələndirdiyi hal ekspertin rəyi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda mülki işin faktiki hallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1097/2009 saylı, 23 aprel 2009-cu il tarixli qətnaməsi ilə cavabdehin kredit borcu Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi (iki mənzilin birləşməsi nəticəsində) 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 4 otaqlı 10 və 11 nömrəli mənzillərə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən də müəyyən edilir ki, mübahisəli mənzilin ümumi sahəsi 200 kv. m-dən, yaşayış sahəsi isə 86 kv.m-dən ibarət olmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, cavabdehin hazırkı vəziyyətdə iddiaçıya (mülkiyyətçiyə) məxsus yaşayış sahəsindən istifadə etməsi hər hansı hüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçının mənzilə mülkiyyət hüququ mövcuddur və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisidir və hazırda mübahisəli mənzilin bir hissəsini zəbt edərək, orada yaşayır, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehin mənzildə yaşaması səbəbindən oradan istifadə edə bilmir. Cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, hazırda ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzilə İddiaçı mülkiyyət hüququ mövcuddur. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçının mülkiyyət hüququ olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Məhkəmə, şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının istifadəsində olan sahənin məhz hüquqmüəyyənedici sənəddə qeyd olunmuş sahə olduğu, cavabdehin iddiaçıya məxsus olan mənzili zəbt etməməsini təsdiqləyən dəlil olmadığını, hazırki mübahisədə şahid ifadələrinin digər mötəbər sübutlarla yanaşı qiymətləndirilməli olduğunu, o cümlədən hazırki mübahisəli halın həll edilməsi ilə bağlı məsələnin şahid ifadələri ilə müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, həmin ifadələri cavabdehin etirazlarının əsaslılığını göstərən sübut kimi qəbul etmir. Bundan başqa, həm iddiaçı tərəfindən, həm də cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadələri ziddiyyətli olmuş, işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə, cavabdehlərin əməllərində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi üçün cavabdeh barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Qeyd olunmalıdır ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh 100 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılsın, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar