Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1574/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı MTK-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin yanvar ayından 2024-cü ilin dekabr ayına qədər ödənilməmiş 2046,10 manat kommunal xidmət haqqı borcunun Cavabdeh1; 2020-ci ilin yanvar ayından 2024-cü ilin dekabr ayına qədər ödənilməmiş 1188 manat kommunal xidmət haqqı borcunun Cavabdeh1 İddiaçı MTK-nın xeyrinə tutulması və ödənilmiş 54 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai prospekti, Tələt Şixəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşən 8 blokdan ibarət premium təyinatlı yaşayış kompleksi İddiaçı MMC (MTK) tərəfindən xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncam əsasında pilot layihə çərçivəsində inşa olunmuş, 7 blokdan ibarət hissəsi tam tikilərək, istismara qəbul edilmiş, digər 1 blok isə hazırda inşa olunmaqdadır. Buna baxmayaraq, inşa olunan bir blok yaşayış üçün hər hansı maneə törətmir, digər bütün binalarda mənzillər çıxarışla təmin olunmuşdur. Bina premium səviyyədə inşa olunmuş və geniş həyətyanı sahə, liftlər, qapı-pəncərə sistemi, şahmat zonası, uşaq meydançası, istirahət zonası və sair amillər sözügedən yaşayış kompleksini ətrafda olan digər komplekslərdən fərqləndirir. MTK tərəfindən mənzillər mülkiyyətçilərə təhvil verilərkən, onların əksəriyyətinə (80%-dən artıq) kommunal xidmətlərin göstərilməsinə dair müqavilə imzalatdırılmış, mülkiyyətçilər göstərilən xidmətlərə görə aylıq mənzilin 1 kv.m sahəyə görə 0,45 manat məbləğində kommunal xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bu göstərilən xidmətlərə nasosxanaya xidmət, liftlərə xidmət, xadimələrin, mühafizəçilərin, digər əməkdaşların əmək haqqıları, tullantıların atılması və s. onlarla xidməti nümunə göstərmək olar. MTK-da mənzil mülkiyyətçilərindən olan və 2-ci blok, 13-cü mərtəbədə, 44 nömrəli, ümumi sahəsi 79 kv.m olan mənzildə yaşayan Cavabdeh1 və 4-cü blok, 10-cu mərtəbədə, 63 nömrəli, ümumi sahəsi 44 kv.m olan mənzildə yaşayan Cavabdeh2 tərəfindən bütün kommunal xidmətlərdən istifadə olunmasına baxmayaraq, MTK ilə kommunal müqavilələr imzalamamış, 2020-ci ilin yanvar ayından etibarən hər hansı kommunal ödəniş etməmiş, 2024-cü ilin dekabr ayına qədər ödənilməmiş kommunal xidmət haqqı borcları yaranmışdır. Cavabdehlər kimi sakinlərin qanunvericiliklə üzərinə düşən vəzifələrini yerinə yetirməməsi səbəbindən MTK rəhbərliyi yaratdığı kompleksin pis vəziyyətə düşməməsi üçün hər ay öz vəsaiti hesabına müəyyən xərcləri ödəyir. Hazırda MTK tərəfindən sahə mülkiyyətçilərin əksəriyyəti ilə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr imzalandığından və idarəetmə MTK-ya həvalə edildiyindən, MTK hazırki iddianı qaldırmağa subyektiv hüququ olan şəxsdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 2020-ci ilin avqust ayından 2025-ci ilin aprel ayına qədər ödənilməmiş 1990,80 manat kommunal xidmət haqqı borcunun Cavabdeh1; 2020-ci ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər ödənilməmiş 1188 manat kommunal xidmət haqqı borcunun Cavabdeh1 İddiaçı MTK-nın xeyrinə tutulması və ödənilmiş 54 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nin nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin əsassız olduğunu, MTK-nın onlara kirayə borcunun olduğunu qeyd edərək, iddia tələbin təmin edilməməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: “East Park” Yaşayış kompleksi üzrə sakinin təlimatından görünür ki, 1.12-ci bindinə əsasən sakin hər ay iş günləri ərzində binanın xidmətləri üzrə binanın rəhbərliyi tərəfindən müəyyən olunmuş məbləği və kommunal xərcləri ödəməlidir. 1 kv.m-in qiyməti 0,45 manat məbləğində təyin olunmuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh1 1990,80 manat və Cavabdeh2 1188 manat məbləğində kommunal borcu yaranmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Xətai prospekti, Tələt Şixəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşən 8 blokdan ibarət çoxmənzilli binanın sahə mülkiyyətçilərinin çox hissəsi MTK tərəfindən tərtib edilmiş təlimata uyğun binaya xidmətə görə (nasosxanaya xidmət, liftlərə xidmət, xadimələrin, mühafizəçilərin, digər əməkdaşların əmək haqqıları, tullantıların atılması, və s.) aylıq mənzilin 1 kv.m sahəyə görə 0,45 manat məbləğində kommunal xidmət haqqı ödəməyi razılaşmışlar. Hazırki cavabdehlər isə nəzərdə tutulmuş xidmətlərə görə pul ödənişlərini etməkdən yayınırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənziltikinti kooperativləri hesab edilir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehlərdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər Bakı şəhəri, Xətai prospekti, Tələt Şixəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşən 8 blokdan ibarət binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 0,45 manat əmsalına vurmaqla alınan pul məbləğini hər ay MTK-ya ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan komunal ödənişlərdi. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1990,80 manat və Cavabdeh2 1188 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MTK-nın xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 1990,80 manat və Cavabdeh2 1188 manat məbləğində borc və 54 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada İddiaçı MTK-nın xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1574/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1574/2025
12.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver