Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1588/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DİN DQ tərəfindən verilmiş xx.xx.1998-ci il və xx.xx.1999-cu il tarixli bildirişlərin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə sənədlərin ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4483/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, icraata qəbul edilməmişdir. Ərizəçinin əlavə qətnamənin qəbul olunmasından imtina olunması və bu səbəbdən məhkəməyə yenidən müraciət etmək hüququnun olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından görünür ki, Ərizəçi 2(103)-3974/2024 saylı iş üzrə əlavə qətnamənin qəbul edilməsi barədə ərizəsi təmin olunmamışdır. Qərardadda qeyd edilmişdir ki, Ərizəçi izah olunsun ki, o, həmin ərizədə göstərildiyi halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən verilə biləcək kassasiya şikayətində göstərə bilər. Göründüyü kimi hazırda ərizəçinin mübahisələndirdiyi “sənədlərin şəxsə məxsusluğuna” dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsində göstərilən (DİN DQ-nin xx.xx.1998-ci il tarixli, 30/21 №-li və xx.xx.1999-cu il tarixli, 19/299 №-li bildirişlərinin, MN MHH-nın xx.xx.1993cü il tarixli, 296 №-li arayışının ərizəçiyə məxsus olması barədə) məsələyə artıq baxılmış və tərəfə kassasiya şikayəti vermək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5 və 153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, eyni məsələ üzrə məhkəmə qətnaməsi mövcud olduğu halda, tərəf yenidən eyni ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, tərəf yalnız həmin qətnamədən şikayət vermək hüququna malikdir. Hazırki iş üzrə ərizəçi isə həmin hüquqlarından istifadə etmiş, qətnamədən şikayət versə də şikayəti təmin edilməmişdir. Lakin ərizəçi eyni tərəf, eyni predmet, eyni əsaslarla mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, yenidən məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın tanınmasını xahiş edir. Müvafiq ərizənin icraata qəbul edilməsi isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilir. Məhkəmə ərizəçinin dəfələrlə eyni tələblə məhkəməyə müraciət etməsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 174.5-ci maddəsinə görə məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Qeyd edilməlidir ki, mahiyyəti üzrə baxılmış iddia tələbi ilə bağlı məhkəməyə dəfələrlə müraciət edilməsi Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinin işdə iştirak edən şəxslərin, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olması barədə tələbi ilə bir araya sığmır. Lakin məhkəmə mövcud vəziyyətdə təkrarən eyni iddia ərizəsinin verilməsinin hüquqlardan suiistifadə olduğunun ərizəçinin nəzərinə çatdırılmasını məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 153.3 və 153.4-cü maddələrinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Eyni zamanda Ərizəçi vəsatət ilə məhkəməyə müraciət edərək, dövlət hesabına vəkillə təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci maddəsinə uyğun olaraq, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Mülki Prosessual Məcəllənin 67-1.2-ci maddəsinə əsasən, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 67-1.5-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Qeyd edilən normalardan aydın olduğu kimi, birinci instansiya məhkəməsində vəkilin iştirakı ilə bağlı məsələ özlüyündə iki mərhələdə fərqləndirilir. Belə ki, ilkin hal şəxsin ümumiyyətlə məhkəməyə müraciət etməsi məqsədilə, digər hal isə artıq işin məhkəmə icraatı zamanı şəxsin vəkillə təmin olunmasıdır. Hazırki halda ərizəçi iddia ərizəsi ilə birlikdə vəkillə təmin olunma barədə vəsatət vermişdir. Lakin iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. Bu səbəbdən ərizəçi vəkillə təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olduğu halda, ilk növbədə müvafiq vəkil qurumuna müraciət etməli, həmin qurum isə onun dövlət hesabına vəkillə təmin olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 67-1.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon məhkəməsi tərəfindən dövlət hesabına vəkillə təmin edilmə işlərinə baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən, dövlət hesabına vəkillə təmin edilmə barədə vəsatəti baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi baxılmamış saxlanılsın və ona müvafiq ərizə ilə vəkil qurumuna müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1588/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1588/2025
31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver