Məhkəmə qərarları › İş №e-2(005)-1589/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1589/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1589/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Azərbaycan Respublikası X7 X8 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası X7 X8 cavabdeh “Bakinşaat Group" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası X7 X8 cavabdeh “Bakinşaat Group" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 147205,12 (bir yüz qırx yeddi min iki yüz beş manat 12 qəpik) (ƏDV ilə) manat məbləğində borcun və ilkin mediasiya sessiyası üçün X7 tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində haqqın, ümumilikdə 147605,12 (bir yüz qırx yeddi min altı yüz beş manat 12 qəpik) (ƏDV ilə) manat məbləğində vəsaitin X5 ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə Azərbaycan Respublikası Prezidenti yanında X3 üzrə Komissiya arasında bağlanılmış 25 oktyabr 2013-cü il tarixli 1/10 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli və S.S.Axundov küçələrinin kəsişməsində yerləşən Komissiyanın inzibati binasının tikintisinə başlanılmış və müqavilədə nəzərdə tutulan işlərin bir qismi yerinə yetirilmişdir. "Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında X3 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək Azərbaycan Respublikasının X7 yaradılmış və ləğv edilmiş Komissiyaların istifadəsində olan dövlət əmlakı X4 balansına verilmişdir. X4 balansına verildikdən sonra həmin binanın təyinatında dəyişikliklər edilmiş və imtahan korpusu kimi istismar ediləcəyi qərara alınmışdır. Qeyd edilən obyektdə "xxxx" MMC tərəfindən faktiki olaraq yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmlərinin dəqiqləşdirilməsi məqsədilə komissiya yaradılmış və həmin komissiya üzvləri tərəfindən Forma-2 ilə buraxılmış və faktiki olaraq yerinə yetirilmiş iş həcmləri və onların dəyərləri müəyyənləşdirilərək 21 iyul 2017-ci il tarixində müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən 247 205,12 (iki yüz qırx yeddi min iki yüz beş manat 12 qəpik) manat (ƏDV ilə) məbləğində yaranmış borcu "xxxx" MMC adıçəkilən binada yarımçıq qalan tikinti-quraşdırma işlərini tamamlamaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Yaranmış borcun ödənilməsi məqsədilə X5 məxsus Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli və S.S.Axundov küçələrinin kəsişməsində yerləşən imtahan korpusu binasında 247 205,12 manat (ƏDV ilə) məbləğində işlərin görülməsi üçün Mərkəz tərəfindən 05 fevral 2021-ci il tarixli 04/07-15/0274 nömrəli və 25 avqust 2021-ci il tarixli 04/07- 15/2243 nömrəli məktublarla "xxxx" MMC-yə müraciət edilməsinə və səlahiyyətli nümayəndələri ilə görüşlər keçirilməsinə baxmayaraq qeyd edilən işlərin görülməsi ilə bağlı hər hansı addım atılmamışdır. Qeyd edilən bina dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsait çərçivəsində tikildiyindən ötən müddət ərzində təhvil verilməsi nəzərdə tutulmuşdu, amma yuxarıda qeyd edilən akta əsasən "xxxx" MMC tərəfindən öhdəsinə götürülmüş 247 205,12 manat (ƏDV ilə) məbləğində tikinti-quraşdırma işlərinin həyata keçirilməməsi nəticəsində bina müəyyən edilmiş vaxtda təhvil verilə bilməmişdi. Binanın təcili olaraq istismara verilməsi ilə bağlı işlərin sürətləndirilməsini təmin etmək məqsədilə artıq podratçı şirkət "xxxx" MMC tərəfindən yerinə yetirilməli olan işlərin icrasına başlamışdır və Mərkəzin podratçı şirkətə bu görülmüş işlərə görə borcu yaranmışdır. Beləliklə, Mərkəz tərəfindən "xxxx" MMC-yə təklif olunan işlərin görülməsi artıq öz aktuallığını itirmişdir. Ona görə də, yuxarıda adı çəkilən akta əsasən müəyyən edilmiş 247 205, 12 (ƏDV ilə) manat məbləğində borcun tikintiquraşdırma işlərinin görülməsi ilə deyil, pul vəsaiti şəklində ödənilməsi zərurətinin yaranması ilə bağlı "xxxx" MMC-yə ünvanlanmış 23 noyabr 2021-ci il tarixli 04/07-15/3064 nömrəli məktubdan sonra "xxxx" MMC tərəfindən qeyd edilən borcdan 100 000 (bir yüz min) manat məbləğində vəsait Mərkəzə köçürülmüşdür. Lakin 147 205, 12 (ƏDV ilə) manat məbləğində borc "xxxx" MMC tərəfindən X5 ödənilməmişdir. Eyni zamanda "xxxx" MMC ilə X7 arasında yaranmış mübahisəyədair ilkin mediasiya sessiyası 26 noyabr 2021-ci il tarixdə keçirilsə də, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir, bu səbəbdən də mediasiyaya dair xərclər də tərəflər arasında bölünməmiş və ilkin mediasiya sessiyası üçün müəyyən olunmuş 400 (dörd yüz) manat məbləğində haqq X7 tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası X7 X8 nümayəndəsi X10 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “Bakinşaat Group" MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Sifarişçi” İddiaçı Azərbaycan Respublikasının Prezidenti yanında X3 üzrə Komissiyası ilə “Podratçı” “Bakinşaat Group" MMC arasında 25.10.2013-cü il tarixli əsaslı tikinti-quraşdırma işləri ilə əlaqədar 1/10№-li Podrat müqaviləsindən görünür ki, Bu Müqaviləyə asasan “Podratçı" öz tərəfindən tərtib edilmiş layiha və smetaya (İ saylı Əlavə) əsasan va Müqavilədə müəyyən edilmiş müddatda Bakı şəhəri, S.S Axundov küçəsi ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində Komissıyanm yeni inzibatı binasının əsaslı tikintı-quraşdırma işlərinin keyfiyyətlə, tikinti normalarına və qaydalarına tam uyğun şəkildə yerinə yetirməyi, “Sifarişçi” isə "Podratçıya bunun müqabilində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci b). "Sifarişçi" bu Müqavilənin icrasına görə "Podratçıya 11.040.804 (on bir milyon qırx doqquz min səkkiz yüz dörd) manat 86 qəpik məbləğində muzd ödəməyi öz öhdəsinə götürmüşdür (2.1-ci b). 21.07.2017-ci il tarixli Aktdan görünür ki, aktı imza edənlər-sifarişçi təşkilatın nümayəndələri- Azərbaycan Respublikası X4 direktorlar şurası sədrinin müavini Bayram Xəlilov, ləğv edilmiş X3 üzrə Komissiyanın aparatının rəhbəri- Vilayət Hüseynov və texniki nəzarətçisi Elmar Sultanov, layihə təşkilatının nümayəndəsi –layihənin baş mühəndisi-Fikrət Ələkbətzadə, Podratçı təşkilatın nümayəndələri –Cavabdeh MMC-nin direktoru Elşən Əbdülov, baş mühəndisi Cəbrail Quliyev və istehsalat şöbəsinin mühəndisi Xalid Verdiyev, X4 texniki nəzarətçisi Faiq İbadullayev bu aktı ona görə tərtib etmişlər ki, Azərbaycan Respublikası Prezidenti yanında X3 üzrə Komissiya üçün tikilən yeni inzibati binaya baxış keçirilmişdir. Aktın qeyd hissəsindən görünür ki, yaranmış borcu (247205,12 manat) podratçı təşkilat yarımçıq qalan tikinti quraşdırma işlərini tamamlamaqla ödəməyi öz öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə Azərbaycan Respublikası Prezidenti yanında X3 üzrə Komissiya arasında 25 oktyabr 2013-cü il tarixdə 1/10 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli və S.S.Axundov küçələrinin kəsişməsində yerləşən Komissiyanın inzibati binasının tikintisinə başlanılmışdır. “Bakinşaat Group" MMC Komissıyanın yeni inzibatı binasının əsaslı tikinti-quraşdırma işlərinin keyfiyyətlə, tikinti normalarına və qaydalarına tam uyğun şəkildə yerinə yetirməyi, “Sifarişçi” isə bunun müqabilində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin tikinti işləri başa çatdırılmadığından tərəflər arasında narazılıq yaranmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası X7 Publik Hüquqi Şəxsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC tərəfindən 147205,12 (bir yüz qırx yeddi min iki yüz beş manat 12 qəpik) (ƏDV ilə) manat məbləğində borcun və ilkin mediasiya sessiyası üçün X7 tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində haqqın, ümumilikdə 147605,12 (bir yüz qırx yeddi min altı yüz beş manat 12 qəpik) (ƏDV ilə) manat məbləğində vəsaitin X5 ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iddia ərizəsində göstərilən halların doğruluğunu yoxlamaq üçün araşdırma aparmış, nəticədə Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərin tam icra edilməməsi müəyyən edilmişdir. Belə ki, mülki iş materiallarında olan 21.07.2017-ci il tarixli Aktdan görünür ki, Cavabdeh MMC tərəfindən tikinti işləri başa çatdırılmamış, yarımçıq qalmışdır. Nəticədə MMC-nin Komissiyaya 247205,12 manat borc yaranmışdır. Aktın qeyd hissəsində yaranmış borcu (247205,12 manat) podratçı təşkilatın yarımçıq qalan tikinti quraşdırma işlərini tamamlamaqla ödəməyi öz öhdəsinə götürdüyü qeyd edilmiş və akta Cavabdeh MMC-nin və Azərbaycan Respublikası X4 möhürləri ilə təsdiq edilmişdir. Göstərilən halı məhkəmə 247205,12 manat məbləğində borcun cavabdeh tərəfindən etirafı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Göründüyü kimi, cavabdeh “Bakinşaat Group" MMC podrat müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçı Azərbaycan Respublikası X7 Publik Hüquqi Şəxsinə təmirli vəziyyətdə təhvil verilməli binanı müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada icra etməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh “Bakinşaat Group" MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı Azərbaycan Respublikası X7 X8 hazırkı iddiası əsaslıdır, iddiaçı Azərbaycan Respublikası X7 Publik Hüquqi Şəxsi qeyd edilən iddianı əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh MMC tərəfindən 147205,12 (bir yüz qırx yeddi min iki yüz beş manat 12 qəpik) (ƏDV ilə) manat məbləğində borc və ilkin mediasiya sessiyası üçün X7 tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində haqq, ümumilikdə 147605,12 (bir yüz qırx yeddi min altı yüz beş manat 12 qəpik) (ƏDV ilə) manat məbləğində vəsait X5 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi təmin edildiyindən ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu cavabdeh Bakinşaat Group” MMC–dən tutularaq iddiaçılara ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən 147205,12 (bir yüz qırx yeddi min iki yüz beş manat 12 qəpik) (ƏDV ilə) manat məbləğində borc və ilkin mediasiya sessiyası üçün X7 tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində haqq, ümumilikdə 147605,12 (bir yüz qırx yeddi min altı yüz beş manat 12 qəpik) (ƏDV ilə) manat məbləğində vəsait X5 ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar