Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1591/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhər 10-cu mikrorayon ünvan 1ərtəbəli binanın icraçısı fiziki şəxs (VÖEN **********) Hüseynov Şakir Hüseynovun varisi Cavabdeh2 (Cavabdeh3 MTK) 72.665 manat və gecikdirilmiş vaxt üçün illik beş faizin 58.132 (əlli səkkiz min yüz otuz iki manat) ümumilikdə 131.035 manat (yüz otuz bir min otuz beş ) pulun ona ödənilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlər Sumqayıt şəhər 10-cu mikrorayon ünvan 1ərtəbəli binanın icraçısı fiziki şəxs (VÖEN **********) Hüseynov Şakir Hüseynovun varisi Cavabdeh2, Cavabdeh3 MTK-dan və Cavabdeh1 72.665 manat əsas və gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğlə hesablanmaqla 58.132 (əlli səkkiz min yüz otuz iki ) manat ümumilikdə 130797 manat ( bir yüz otuz min yeddi yüz doxsan yeddi ) manat vəsaitin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, Sumqayıt şəhər, 10-cu mkr, ünvan 1ərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metrlik sahəyə və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7 (72 kvadrat), ümumi sahəsi 144 kvadrat metr olan iki mənzilə görə 27 iyul 2007-ci ildə fiziki şəxs Şakir Hüseyn oğlu Hüseynovla, ünvanda göstərilən mənzillərlə bağlı müqavilə bağlamışdır. Ümumilikdə 144 kv.m sahə üçün 72.665 (yetmiş iki min altı yüz altmış beş) AZN ödənilməsi ilə bağlı onlar tərəfindən müqavilə bağlanmışdır. Hüseynov Şakir Hüseyn oğlu Sumqayıt şəhəri 36-cı məhəllə, Dostluq və Sülh küçələrinin kəsişmələrində direktoru olduğu “Qarabağ” Sudan istifadə edənlər assosiyasının adından Cavabdeh1 ilə formal olaraq 01 fevral 2006-cı il tarixdə podrat müqaviləsi bağlayıb onun rəhbərliyi və göstərişi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, yaşayış binasını inşasını aparmaq görünüşü yaradaraq, tikinti qüvvədə olan qanunvericiliyə, tikinti norma və qaydalarına, normativ-texniki sənədlərlə müəyyən edilmiş tələblərə uyğun olmayan tikinti işləri həyata keçirdərək müxtəlif şəxslərin qanuni mənafelərinə və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. (hökm 1(101)-76/09 məhkəmə iclas zalında təqdim olunacaq). Sözügedən binada iki mərtəbə hazır olsa da, Şakir Hüseynov cinayət məsuliyyətinə cəlb olunduğu üçün və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin mütəxəssilərinin 14 may 2008-ci il aktına əsasən binanın tikintisi dayandırılmışdır. Yalnız 2022-ci ildə Cavabdeh3 Mənzil Tikinti Kooperativi tərəfindən tikinti davam etdirilmişdir. Şakir Hüseynov vəfat etdiyi üçün iddiaçı hüquqi varis Cavabdeh2 (Cavabdeh3 MTK) iddia tələbini yönəltmişdir. Məhkəmə iclasında nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlilləri ilə eyniməzmunlu izahat verib əlavə olaraq bildirdi ki, iddiaçı pul vəsaitinin bir hissəsini Şakir Hüseynova, digər hissəsini isə o, həbsdə olduğu müddətdə mal-material şəklində Cavabdeh1 vermişdir. Müqavilədəki pul vəsaitlərinin qarşısındakı imzaların ikisi Cavabdeh1, digəri ikisi Şakir Hüseynova məxsusdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisəli müqavilə Cavabdeh1la deyil, Şakir Hüseynovla bağlamışdır və 2 qrafanının məhz Cavabdeh1 tərəfindən imzalanmasının səbəbi ona aydın deyil. Həmçinin, möhür Şakir Hüseynov tərəfindən vurulmuş, cədvəldəki 2 qrafadakı imza da sonuncu tərəfindən imzalamışdır. Bundan əlavə müqavilədəki “barter” sözü də şəxsən Şakir Hüseynovun özü tərəfindən yazılmışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində hündürmərtəbəli binalar üçün ayrılmış torpaq sahəsində həmin binaların tikintisi ilə bağlı fəaliyyətlə məşğul olmaq üçün Ş.Hüseynovla podrat müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən, üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir. 2009-cu ildə Şakir Hüseynov həbs edildikdən sonra, məhkəmə qərarına əsasən binada mənzillərin tikilib təhvil verilməsi barədə səlahiyyət ona məxsus idi. Cavabdeh1 izahatında iddiaçının atası Bəxtiyar Məmmədovu tanıdığını bildirərək qeyd etmişdir ki, sonuncu cavabdehləri həm tikinti materialları və avadanlıqları ilə təchiz etmiş, həm də ödəniş etmişdir. Lakin, hazırda bütün payçılarla birlikdə, onun özünün də hüquqları pozulmuşdur. Hesab edir ki, iddia tələbi təmin edilə bilər, lakin sözügedən pul vəsaiti ondan tutulmamalıdır. Belə ki, iddiaçı tikinti üçün mənzilin dəyərinin bir hissəsinin ödənişini etmiş, bir hissəsini isə tikinti materialları ilə əvəzləşdirmişdir. Lakin iddiaçı tərəfindən ödənilən məbləğ dəqiq yadında deyil. Ödəniş cədvəlindəki imzalardan 1 və 2-ci Şakir Hüseynovun, 3 və 4-cüsü isə ona məxsusdur. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, 2018-ci il tarixli hökmlə dələduzluq əsasında Cavabdeh1 Şakir Hüseynova aid binadan ayrı-ayrı şəxslərə mənzil satdığı müəyyən olunmuşdur. İddiaçı ilə bağlanmış müqavilədə Cavabdeh1 onda mövcud olan Ş.Hüseynova məxsus blanklardan istifadə edərək, imza və möhür oxşadılmışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı ilə bağlanılan müqavilədə həmin mənzili fərdiləşdirməyə imkan verən mənzilin nömrəsi, mərtəbəsi və s. məlumatlar göstərilməmişdir. Halbuki, onlar tərəfindən bağladıqları müqavilələrdə mənzillərin nömrəsi və mərtəbələri dəqiqliklə qeyd olunur. Bundan əlavə qeyd etmişdir ki, atası Şakir Hüseynov həbs olunduqda Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə 2007-ci ildən indiyədək bütün payçılar zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmçinin, 2008-ci ildə Cavabdeh1 da həbsdə olmuş, 2009-cu ildə azad olmuşlar. Bu baxımdan müqavilənin tarixi də ağlabatan deyil. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan: - İcraçı Şakir Hüseyn oğlu Hüseynov ilə payçı İddiaçı arasında xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Sumqayıt şəhər, 10-cu mkr, ünvan 1ərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 72 kv.metr olan mənzil izolə olunmuş – otaqdan ibarət olub bir pay kimi verilmişdir. Müqavilənin qiyməti 36.000 ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən İddiaçı tərəfindən 72665 manat məbləğində ödəniş edilmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X3 qərarının surətindən görünür ki, vət. İddiaçı müraciəti əsasında toplanmış material 02 mart 2023-cü il tarixdə Nərimanov RPİ-nə göndərilmiş, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, hazırda Cavabdeh3 MTK-nın sədridir. Ona qədər Cavabdeh3 MTK-nın sədri mərhum atası Şakir Hüseynov olmuşdur. Atası Şakir Hüseynov 2009-cu ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və atası 21 iyun 2016-cı il tarixdə cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Bundan sonra o, X4 adına Cavabdeh3 MTK təsis etmiş və hazırda həmin MTK-nın icraçı direktorudur. Atası vəfat etdikdən sonra inşaası yarımçıq qalan Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən binanın tikintisi ilə bibisi oğlu Əlnur Bayramov məşğul olmuşdur. Onun özü isə Sumqayıt şəhərində inşa edilən binalann tikinti və təmirini təşkil edir. Cavabdeh1 onun mərhum atası Şakir Hüseynovla bağlamış olduğu podrat müqaviləsi əsasında Sumqayıt şəhərində bina evlərinin tikintisi ilə məşğul olsa da hazırda həmin podrat müqaviləsi qüvvədə deyildir və müqavilə müddəti başa çatmışdır. Sumqayıt şəhəri, 13 mkr, ev 40, mənzil 41-də yaşayan İddiaçı onun barəsində ünvanladığı şikayət ərizəsi ilə tanış olmuşdur. İddiaçı onun barəsində ünvanladığı şikayət ərizəsində qeyd etdiyi onunla bağlı olan xüsusat tamamilə yalandır. Həmin ünvanda tikilmiş binada yerləşən mənzil Cavabdeh1 tərəfindən İddiaçı satılmışdır. Təlman Səlimov bu kimi dələduzluq əməllərinə yol verdiyi üçün həbs olunmuşdur. Belə ki, qeyd olunan məsələ ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsinin 10 dekabr 2018-cİ il tarixli hökmü var və həmin hökümdə Cavabdeh1 təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı şikayəti ilə bağlı bundan əvvəl Nərimanov rayon məhkəməsində araşdırma aprılmış və onun xeyrinə qərar çıxmışdır. Bundan sonra Bakı şəhər Apeliyyasiya məhkəməsində işə baxılmış və işin Sumqayıt məhkəməsinə aidiyyəti olması ilə bağlı qərar qəbul edilmişdir. Daha sonra isə Sumqayıt rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı Cavabdeh1 həbs olunduğunu görüb onun barəsində şikayət edir. Lakin Cavabdeh1 eyni məzmunlu şikayətlərlə bağlı həbs olunmuşdur. Həmçinin İddiaçı şikayət ərizəsində də görsənir ki, hazırda qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri, Nərimanov rayonu məhkəməsində mülki qaydada iş araşdırılır. Sadəcə İddiaçı haqsız olduğundan məhkəmənin nəticələrinin onun xeyirinə çıxmayacağmı bilib polis orqanına onun barəsində şikayət etmişdir. İddiaçı Cavabdeh1 qohumudur və bu səbəbdən Elman Telmandan deyil ondan şikayət edir. X6 əvvəllər özü də Azərbaycan Resüpublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilərək həmin maddə ilə barəsində ittiham elan edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə əsasən rədd edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1363/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(060)-364/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 3-16-16/2-4/1095 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 202-ci vərəqəsində İddiaçı adına olan 27 iyul 2007-cii il tarixli Müqavilənin arxa tərəfində “İcraçı” hissəsində “Hüseynov Ş.H.” yazılarından aşağıda və cədvəl hissəsində 1-2-ci sətirlərin sonunda “ödəməni qəbul edənin imzaları” qrafasındakı imzalar – eyni şəxs Hüseynov Şakir Hüseyn oğlu tərəfindən icra olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 1(101)-706/2018 saylı hökmü ilə Cavabdeh1, Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313-cü maddələri də nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, AR CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə, CM-nin 178.3.2-cı maddəsi ilə 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə,8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 313- cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmü ilə Cavabdeh1 təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, Sumqayıt şəhər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təyin edilmiş 9 il 4 ay 10 gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Cavabdeh1 qəti olaraq 3 (üç) il müddətə müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şakir Hüseyn oğlu Hüseynov ilə İddiaçı arasında 27 iyun 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, “İcraçı” Şakir Hüseyn oğlu Hüseynov Sumqayıt şəhər, 10-cu mkr, ünvan 1ərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 72 kv.metr olan mənzili tikinti işləri başa çatdırıldıqdan sonra Müqavilənin əsas predmeti kimi təhvil verir, “Payçı” isə mənzili qəbul edir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1363/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı “mənzildən və qeyri-yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ünvan 1ərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metr sahəyə və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kvadrat metr olan iki otaqlı mənzilinə onun istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(060)-364/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı Sumqayıt şəhəri 10-cu mikrorayon, ünvan 1ərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metr sahəyə və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kvadrat metr olan iki otaqlı mənzilinə iddiaçının istifadə hüququnun tanınması barədə iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1363/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(060)- 364/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan müqavilə üzrə fiziki şəxs icraçı Şakir Hüseyn oğlu Hüseynov öz öhdəliyini yerinə yetirməmiş, həmçinin payçı İddiaçı ödədiyi pul məbləğini də geri qaytarmamışdır. Mülki işin faktiki hallarına əsasən müqavilə tərəfi olan Şakir Hüseyn oğlu Hüseynov vəfat etmişdir, Cavabdeh2 onun hüquqi varisidir. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş mülki işin 202-ci vərəqəsində İddiaçı adına olan 27 iyun 2007-ci il tarixli müqavilənin arxa tərəfində “icraçı” hissəsində “Hüseynov Ş.H” yazılarından aşağıda və cədvəl hissəsində 1-2-ci sətirlərin sonunda “ödəməni qəbul edənin imzaları” qrafasındakı imzalar eyni şəxs - Hüseynov Şakir Hüseyn oğlu tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məlumatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 755-ci maddəsinə əsasən podratçı işi şəxsin yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İşin müəyyən edilmiş faktiki hallarına əsasən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi onunla Cavabdeh2 mərhum atası Şakir Hüseynov arasında bağlanmış müqaviləyə istinad edərək həmin müqavilələr üzrə ödədiyi pulu cavabdehlərdən müştərək qaydada tələb edir Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Bu baxımdan Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iddia tələbinə etirazın əsası kimi bildirmişlər ki, iddiaçı ilə bağlanılan müqavilədə həmin mənzili fərdiləşdirməyə imkan verən dəqiq rekvizitlər (mənzilin nömrəsi, yerləşmə planı və sair) göstərilməmiş, müqavilə iki ayrı-ayrı möhürlə möhürlənmiş, müxtəlif imzalarla imzalanmış, iddiaçının istinad etdiyi müqavilənin saxtalaşdırıldığı açıq-aşkardır, həmin müqavilə üzrə mərhum atası Şakir Hüseynova hər hansı vəsaitin ödənilməsi qeyrimümkündür, belə ki, iddiaçı ilə bağlanmış müqavilədəki imza və möhür Cavabdeh1 olan mərhum Ş.Hüseynova məxsus müqavilə blanklarındakı imza və möhürə oxşadılmışdır. Belə ki, ekspertizaya təqdim edilmiş mülki işin 202-ci vərəqəsində İddiaçı adına olan 27 iyul 2007-cii il tarixli Müqavilənin arxa tərəfində “İcraçı” hissəsində “Hüseynov Ş.H.” yazılarından aşağıda və cədvəl hissəsində 1-2-ci sətirlərin sonunda “ödəməni qəbul edənin imzaları” qrafasındakı imzalar – eyni şəxs Hüseynov Şakir Hüseyn oğlu tərəfindən icra olunmuşdur. Məhkəmə, Cavabdeh2 etirazının dəlilləri ilə bağlı əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə iddiaçının hazırki tələbi cavabdehin atası ilə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası (mənzil verilməsi) tələbi deyil, ödənilmiş pul məbləğinin geri istənilməsindən ibarətdir. Qeyd olunduğu kimi həmin məbləğin atasına verilməsini cavabdeh inkar edərkən, müqavilədə mənzili fərdiləşdirməyə imkan verən dəqiq rekvizitlərin olmadığını, bu səbəbdən də həmin müqavilənin saxta olduğunu, müqavilə üzrə hər hansı vəsaitin mərhum atasına ödənilmədiyini, müqavilədəki atasının adı, soyadı yazılan qraflardakı imzaların mərhum atası tərəfindən icra edilmədiyini və s. dəlilləri bildirsə də, işin məhkəmə tərəfindən araşdırılan halları və ekspertiza tədqiqatının nəticəsinə əsaslanmaqla müəyyən edilmişdir ki, İddiaçı aid olan müqavilələr üzrə cədvəldəki 1-2-ci sətirlərin sonunda “ödəməni qəbul edənin imzası” qrafasındakı imzalar – eyni şəxs tərəfindən, “Hüseynov Ş.H.” yazılarından aşağıdakı imzalar – eyni şəxs yəni Hüseynov Şakir Hüseyn oğlu tərəfindən icra olunmuşdur. Belə olan halda hesab edilməlidir ki, hazırki iş üzrə cavabdeh mərhum atası Ş.Hüseynovun vərəsəsi olaraq sonuncunun iddiaçıdan aldığı pul məbləğini iddiaçıya ödəməlidir. MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Qeyd olunan xüsusatların kontekstində bildirilir ki, məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Göründüyü kimi, iş üzrə mübahisəli xətt və imzaların tədqiqi məqsədilə Cavabdeh2 mərhum atasına məxsus sərbəst imza nümunələri olan sənədlər tələb edilsə də, onun tərəfindən hərəkətsizlik edilmiş, bu səbəbdən də məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizası kserosurətlər əsasında keçirilmişdir. Beləliklə, tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd olunanlarla yanaşı məhkəmə bildirir ki, Cavabdeh2 tərəfindən məhkəmə iclaslarında bildirilmiş izahatlar sadəcə mülahizələrdən ibarət olmuş, bununla bağlı hər hansı mötəbər dəlil, sübut və iddia ərizəsinə etirazın əsası kimi hər hansı bir mötəbər sənəd təqdim edilməmişdir. İddiaçı yuxarıda qeyd olunmuşxx.xx.2018-ci il tarixli hökmdə zərərçəkmiş şəxs qismində olmaması hal-hazırki iddianın əsassızlığına dəalət etmir. Belə ki, həmin hökmlə zərərçəkmiş şəxslərin dairəsinin dəqiq müəyyən edilə bilməməsi və sairə bu kimi hallar onun zərərçəkmiş şəxs qismində tanınmamasına səbəb ola bilər. Qeyd edilənlərlə yanaşı məhkəmə pul vəsaitinin müştərək qaydada tutulmalı olması ilə bağlı iddia tələbinə münasibətdə hesab edir ki, birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. ( AR MPM-nin 493.2, 500.2 maddələri) Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində iddia tələbi əsaslı olmadığından, həmin hissədə iddia təmin edilə bilməz. Bu baxımdan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, .....xx.xx.2007-ci il tarixli müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2007-ci il tarixdə 5000 manat, xx.xx.2007-ci il tarixdə 7215 manat məbləğində, cəmi 12215 manat məbləğində ödənişlərin qəbul edilməsinə dair ödəniş cədvəlindəki imzaların məhz mərhum Ş.Hüseynova məxsus olmasına dair iddiaçının dəlillərinə əsasən iddiaçı 12215 manat məbləğin Ş.Hüseynovun hüquq varislərindən müvafiq iddia ərizəsi ilə geri qaytarılmasını tələb edə bilər. Həmçinin iddiaçının həmin ödəniş cədvəlinə əsasən xx.xx.2007-ci il tarixdə 25600 manat və xx.xx.2008-ci il tarixdə 34850 manat, cəmi 60450 manat məbləğində pulun Cavabdeh1 tərəfindən qəbul edilməsi dəlilinə əsasən göstərilən pul məbləğinin geri qaytarılmasına dair müvafiq iddia tələbi ilə həmin şəxsə qarşı birinci instansiya məhkəməsinə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, digər Cavabdeh1 məhkəmədə verdiyi izahatlarında müqavilədəki pul vəsaitlərinin qəbul edilməsi ilə bağlı imzaların onun tərəfindən icra edilməsini etiraf etsə də, həmin pul vəsaitlərinin ona verilmədiyini bildirmişdir. Lakin məhkəmə, cavabdehin etirazının bu dəlilini formal mülahizələrdən ibarət izahat kimi qiymətləndirərək, heç bir hüquqi əsasa söykənmədiyi, habelə mötəbər dəlillərlə təsdiqini tapmadığı qənaətinə gəlir. Qeyd olunanların kontekstində məhkəmə hesab edir ki, məhkəmə araşdırması ilə işin yuxarıda mübahisələndirilən halları öz təsdiqini tapdığından (xx.xx.2007-ci il tarixdə 5000 manat, xx.xx.2007-ci il tarixdə 7215 manat məbləğində, cəmi 12215 manat məbləğində ödənişlərin məhz mərhum Ş.Hüseynov tərəfindən imza edilərək qəbul edilməsi, o cümlədən xx.xx.2007-ci il tarixdə və xx.xx.2008-ci il tarixdə “ödəməni qəbul edənin imzaları” qrafasındakı 25600 manat və 34850 manat məbləğlərinin qarşısındakı imzaların Cavabdeh1 tərəfindən icra edilməsi barədə sonuncunun etirafedici izahatı) iddiaçı tərəfindən tələb edilən pul vəsaiti cavabdehlərdən müştərək qaydada deyil, hər cavabdehə münasibətdə onların konkret qəbul etdikləri həcmdə pul vəsaitinə görə iddiaçı qarşısında öhdəlikləri müəyyən edilməlidir. Bundan başqa məhkəmə iddia tələbini Cavabdeh3 MTK-ya münasibətdə əsassız hesab edir, belə ki, iddiaçının Cavabdeh3 MTK-ya qarşı belə bir iddia irəli sürməsi üçün subyektiv hüququ olmamışdır. Müqavilədən göründüyü kimi, qəbul edilən pul vəsaitlərinin məhz cavabdeh MTK-nın xeyrinə ödənilmədiyi, habelə cədvəldəki möhürün üzərindəki yazının MTK-ya məxsus olmaması açıq-aşkar görünür. Bir digər tərəfdən isə müqaviləni bağlayarkən Cavabdeh2 mərhum atası Ş.Hüseynov Cavabdeh3 MTK-nın qanuni təmsilçisi kimi deyil, məhz fiziki şəxs qismində çıxış etmişdir. Belə olanda hazırda mülki mübahisə üzrə Cavabdeh3 MTK-nın hər hansı öhdəlik daşıması müəyyən olunmur. Məhkəmə illik 5% məbləğində dəbbə pulunun hesablanmasına münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə qeyd edir ki, illik beş faiz məbləğdə hesablanan faiz ödənişləri müqavilə üzrə kreditor tərəfindən hesablanan məbləğdir. Ona görə də iddiaçının ödənilmiş pula münasibətdə illik 5% məbləğdə tələb olunmasını tələb etməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Eyni zamanda Məhkəmə bildirir ki, iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gələrkən aşağıdakıları nəzərə almışdır. xx.xx.2007-ci tarixli müqavilədən görünür ki, xx.xx.2007-ci il tarixdə 5000 manat, xx.xx.2007-ci il tarixdə 7215 manat; xx.xx.2007-ci il tarixdə 25600 manat və xx.xx.2008-ci il tarixdə 34850 manat, məbləğlərində ödəniş edilmiş, ödəyənin imzası və ödəməni qəbul edənin imzası qrafalarında müvafiq imzalar çəkilmişdir. Ona görə də bu hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin edildiyindən, 100.000 manatdan 1.000.000 manata kimi 390 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0.1 faizi məbləğində dövlət rüsumu tələb edilmədiyindən, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 238 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci 126 manat təşkil etdiyindən, iddia tələbi 72665 manat hissədə təmin edilərək, (72665 x 126/131.035 = 69,87) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ekspertiza xərci olaraq 69,87 manat, İddiaçı isə 56,13 manat Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, ünvan 1ərətbəli yaşayış evinin İ blok 7 mərtəbə, ümumi sahəsi 72 kv/m olan mənzilə görə ödənilmiş 12215 manat, Cavabdeh1 60450 manat məbləğində pul alınıb İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 12215 (on iki min iki yüz on beş) manat məbləğində pul, Cavabdeh1 60450 ( altmış min dörd yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri qismində 69,87 manat pul və İddiaçı 56,13 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1591/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1591/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver