Məhkəmə qərarları › İş №e-2(005)-16/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-16/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-16/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı, Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iştirakları ilə, Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair ddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3-də yerləşən 23 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh M.Zamanova iddiaçının anasıdır. O atası Ə.Zamanov ilə xx.xx.1993-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmuş, birgə nikahdan 3 övladları anadan olmuşdur. İddiaçı və digər uşaqlar Rusiya Federasiyasında anadan olmuş və sonradan Azərbaycana gəlmiş və valideynlərinin birgə nikah dövründə, cavabdeh olan anası M.Zamanovanın adına alınmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3-də yerləşən 23 saylı mübahisəli mənzilə pasport qeydiyyatına düşmüşdülər və hal-hazırda da bu ünvan onların daimi yaşayış yerləri olmaqla, bu ünvanda qeydiyyatdadırlar. Bu mənzil xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23-də yerləşən, sahəsi 30,6 kv.metr olan 1 otaqlı mənzil cavabdehin adınadır. Lakin o onu və əlil olan qardaşı V.Zamanovu bu mənzilə buraxmır, bundan başqa həmin mənzili başqa şəxslərə kirayəyə verməklə onların bu mənzildən istifadə etməsinə süni əngəllər yaradır, bu səbəbdən də daimi yaşayış yerindən məhrum olmuşdurlar. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X14 və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 19/3, mənzil 23-dən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində səhər saatlarında şəxsi işləri ilə əlaqədar yaşadığı və ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evindən çıxmışdır. Həmin gün axşam saat 19:00 radələrində evə qayıdarkən qapını öz açarı ilə açmaq istəmiş, lakin qapı içəridən bağlandığından aça bilməmişdir. Qapını döymüş və evə onun icazəsi olmadan daxil olan qızı İddiaçı ona qışqırdı ki, “gəlmə, bura sənin evin deyil”. 1 saat ərzində içəri daxil olmaq cəhdləri baş tutmadıqda məcbur olub 102-yə zəng edib şikayət etmiş, 102-dən sonra polis əməkdaşları gəlib və nə qədər çalışsalar da qızı onu içəri buraxmamışdır. Polis sahə müvəkkili onu gecəni polis bölməsində gözləməyi dəvət etdi ki, səhər saat 9-da evə onun daxil olmağını təmin edəcək. Növbəti gün səhər saat 9-da onu evə aparmağı söz versələr də, həmin sahə müvəkkili heç bir hərəkət etmədi. Məcbur olub günorta saat 14:00-da onun kabinetinə yaxınlaşmışdır ki, onu evə yerləşdirsin, lakin o laqeyid şəkildə ona bildirmişdir ki, qızı problem yaratdığından bunu bacarmayacaq. İddiaçı da məcbur olub Sabunçu RPİ-nin rəisi Fazil müəllimin qəbuluna gətmişdir. Fazil müəllim 19-cu PB-nin rəisi Tural müəllimlə onun yanında telefon əlaqəsi yaradıb tapşırıq verdi ki, ona evə daxil olmağa köməklik göstərsinlər. İddiaçı da 19-cu PB-nə qayıdanda orda ona bildirdilər ki, əməkdaşlar yoxdur, köməklik göstərə bilməyəcəklər. Məcbur qalaraq qonşunun həyətindən öz həyətinə daxil olmuşdur. Bu zaman qızı əlində belin sapı tərəfi ilə üzərinə hücüm edərək başına, qollarına zərbələr endirdi. Artıq həmin anı dəqiq xatırlamır necəsə beli əlindən ala bilmiş və o, başından hicabını qopardaraq saçlarını yolmağa başlamış və eyni anda ona zərbələr endirirdi, üzərindəki paltarları da cırmışdır. Hadisə zamanı qonşuya qışqırdı ki, Afət 102-ni çağır. O an qapı yenidən döyüldü və qız polislərin gəldiyini görüb evin qabağına qaçıb əlindəki bıçağı pilləkəna qoydu. Bunu hətta sahə müvəkkili Rəfael və qonşular da görmüşdür. Rəfael ozü şəxsən bıçağı göturub qonşunun həyətinə tərəf atdı və heç nə demədən çıxıb getmişdir. Daha sonra 103 gəldi onu müayinə etdi. İddiaçı 4 dəfə 102-yə zəng etdikdən sonra gecə saat 23:00 radələrində sahə müvəkkili ilə təhqiqatçı gəlib ondan izahat aldılar. Sonra qızın yanına evə daxil olub ondan izahat aldılar. İddiaçı hələ də bayırda qalmışdır, içəri daxil ola bilmirdi. Polislər bayıra çıxanda o, onlardan xahiş etdi ki, onunla birlikdə içəri girib paltar götürməyə icazə versinlər. Lakin Ramil və Rəfael adlı hər iki polis onu itələyərək bayıra atdılar və qıza dedilər ki, qapını bağlasın. Hazırda ekspertizadan keçmişdir. Bu halların davam etməsi böyük bir faciə ilə nəticələnə bilər. Çünki bu artıq birinci dəfə deyil. Oğlu Röyal və keçmiş əri də onu oxşar vəziyyətə salmışdılar. Hazırda oğlunun barəsində ona xəsarət yetirdiyinə görə məhkəmədə ona məcəlləsinin 128-ci maddəsi ilə cinayət işı gedir. Keçmiş əri X19 mənə xəsarət yetirdiyinə görə onun da barəsində cinayət Məcəlləsinin 157-ci maddəsi ilə cinayət işi açılmışdır. X7 Federasiyasının vətəndaşıdır. Lakin İddiaçı onu buraya gətirərək özü ilə birgə həmin evdə yaşayır. Balaca oğlu Vəli də bacısının təsiri altındadır və ondan da real təhlükə gözləyir. Çünki o da iddiaçını kuçə sözləri ilə təhqir edərək hədə qorxular gəlir. xx.xx.2022-ci il tarixdə Sabunçu rayon icra hakimiyyəti ona İddiaçı barəsində qısa müddətli mühafizə orderi verilib. xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsi ona Zamanov Ləman barəsində uzun müddətli (180 gün) mühafizə orderi verib. xx.xx.2022-ci il tarixdə Sabunçu rayon icra hakimiyyəti ona Zamanov Əli və Zamanov Royal barəsində qısa müddətli mühafizə orderi verib. Hazırda cavabdehlər ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Bu azmış kimi onu evə buraxmırlar, cavabdehlər Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 19/3, mənzil 23-də heç vaxt yaşamayıblar. Həmin mənzil hal hazırda kirayə verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli seriya RX №********** saylı dövlət reysterindən çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev 19/3 23 saylı mənzili iddiaçının tam mülkiyyətindədir. Bakı şəhəri 134 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2022-ci il tarixli 124 saylı arayışdan gorunür ki, cavabdehlər həmin ünvanda yaşamırlar. Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı məhkəmə iclasında birinci iddianı müdafiə edərək, birləşdirilmiş iş üzrə iddiaya etiraz etdi və izahatında göstərdi ki, o və qardaşları cavabdehə məxsus mübahisəli mənzildə qeydiyyatdadırlar. Onlar bu mənzildə də müxtəlif vaxtlarda daimi yaşamışdırlar. Onların mənzilə köçürülmə hüquqları vardır. Çünki mənzil valideynlərinin birgə nikahı dövründə əldə edilmişdir. Məhkəmədən birinci iddianın təmin, birləşdirilmiş iş üzrə iddianın isə təmin edilməməsini xahiş etmişdir. Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında birinci iddiaya etiraz edərək, öz iddiasını müdafiə etdi və izahatında göstərdi ki, cavabdehlər onu Sabunçu rayonunda yerləşən mənzilindən məhrum etmişdirlər. İndi isə mühafizə orderi olmasına baxmayaraq, ona məxsus mənzilə köçürülmək istəyirlər. Məhkəmədən birinci iddianın rədd, onun iddiasının isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını tədqiq edərək hesab edir ki, hər iki iddia ərizələri üzrə tələblər təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, 23 saylı mənzil X6 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, 23 saylı mənzildə qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2018-ci il tarixli arayışının surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, 23 saylı mənzildə qeydiyyatdadır. - 04 nömrəli xx.xx.2022-ci il tarixli qısa müddətli mühafizə orderindən görünür ki, X1 Ləman Əli qızı tərəfindən məişət zorakılığına məruz qalmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsi Sabunçu rayon şöbəsinin 2049 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vət. Cavabdeh üst dodaq nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, hər iki bazunun sol saidin və hər iki əlin qançır və sıyrıqlaı müəyyən edildi.Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsi Sabunçu rayon şöbəsinin 1937 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vət. Cavabdeh sağ almacıq nahiyəsinin dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma; burun, boyun, sağ gözün bayır bucağının, sol bazu və hər iki said nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - AZ-İ № 422436 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X9 arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6823/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, 1959-1989cu məhəllə, Ə.Əliyev küçəsi, K-Tikilisi, Giriş-2, ev 26, mənzil 705 ünvanında qeydiyyatda olan X2 180 gün müddətinə uzunmüddətli mühafizə orderinin verilməsi, ərizəçiyə qarşı məişət zorakılığının təkrar törədilməsi, yəni ərizəçiyə qarşı fiziki zor və şiddətin törədilməsi, ərizəçini təhqir etməsi, icazəsiz olaraq ərizəçinin video və şəkillərinin çəkilməsi, ərizəçiyə narahatlıq gətirən digər hərəkətlərin edilməsi, eyni zamanda ərizəçiyə yaxınlaşması, ərizəçi ilə hər hansı ünsiyyət qurması, telefon əlaqəsi yaratması, ərizəçini izləməsi, evinə yaxınlaşması İddiaçı qadağan edilməsi, İddiaçı uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətinin izah edilməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6823/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6823/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin nəticə hissəsində qeyd olunmuş “Nərimanov rayonu, 1959-1989-cu məhəllə, Ə.Əliyev küçəsi, K-Tikilisi, Giriş-2, ev 26, mənzil 705” sözləri “Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23” sözləri kimi oxunması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(008)-7260/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, məişət zorakılığı törətmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-6823/2022 saylı qətnaməsinin ərizənin İddiaçı evə yaxınlaşmasının qadağan edilməsinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ərizənin qismən təmin edilməsi, ərizənin məişət zorakılığı törətmiş şəxs İddiaçı evə yaxınlaşmasının qadağan edilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3-də yerləşən 23 saylı mənzil ilkin olaraq X11 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 2V-1-452 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-266 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1686/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçı X19 və cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5464/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə edilmiş cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23 və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinə dair X15 ½ və X5 ½ hissədə paylarının müəyyən edilməsi, cavabdehdən birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun 34.772.50 manat hissəsinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qərardan həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun X3 tutulan məbləği ilə bağlı hissədə dəyişdirilmiş, iddiaçıdan tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun 37.150 manat hissəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X15 xeyrinə tutulmuş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərələr – X1 Ləman Əli qızının anasıdır. Mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23 X5 2015-ci ildən xüsusi mülkiyyətindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında mübahisəli mənzil X12 ilə X15 birgə nikahı dövründə əldə etdikləri əmlak hesab edilmiş və hər birinin mənzil üzərində ½ hissədə payları müəyyən edilmişdir. Hazırda birinci iş üzrə iddiaçı mənzildə qeydiyyatda olduğu üçün onun həmin mənzildə yaşamaq hüququnu olduğuna əsaslanaraq mübahisəli mənzilə köçürülməsini, birləşdirilmiş iş üzrə iddiaçı isə cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsini xahiş edir. Məhkəmə hər iki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisənin məğzini birləşdirilmiş iş üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması ilə bağlı mübahisə təşkil edir. Məhkəmədə iki hal mübahisələndirilir: İddiaçı və X14 mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması; İddiaçı mübahisəli mənzilə köçürülməsi üçün əsasların mövcud olub-olmaması. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına əsasən, mübahisəli mənzil 2015-ci ildə əldə olunmuş və birləşdirilmiş iş üzrə cavabdehlər İddiaçı və X20 həmin tarixdən qeyd olunan mənzilə pasport qeydiyyatına alınmışlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Ona görə də həmin halların mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) məruz qalan şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olmasın. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanuni sayılır. Hazırkı işdə qeyd olunan hallar mövcud deyil, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət və ya istifadə hüququ müəyyən edilmir, onun mübahisəli mənzilə buraxılmaması, yəni məhrum edilməsi qanuni olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh qeyd olunan qadağanedici normanı pozmamışdır. Qanun pozuntusu olmadığından onun nəticələrindən də söhbət gedə bilməz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı mübahisəli mənzildə pasport qeydiyyatındadır. İddiaçı həmçinin məhkəmədə bildirmişdir ki, o və digər ailə üzvləri birlikdə əvvəllər hazırda anasının və atasının payları müəyyən edilmiş mübahisəli mənzildə yaşamışdırlar. Məhkəmə qeyd olunanlarla bağlı qeyd edir ki, şəxsin mənzildə pasport qeydiyyatının olması faktı öz-özlüyündə onun həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil. İddiaçı mübahisəli mənzildə əvvəllər daima yaşaması barədə dedikləri isə işin hər hansı həqiqi halları və mötəbər dəlili ilə öz təsdiqini tapmır. Beləliklə, işin faktiki hallarına əsasən, birinci iş üzrə İddiaçı mübahisəli mənzildə yaşaması və onun həmin mənzildən daima əsaslarla istifadə hüququnun yaranması öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bildirir ki, iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını o cümlədən, istifadə hüququnun mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, birinci iş üzrə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23-dən istifadə hüququnun olması müəyyən edilmədiyindən, onun mənzilə köçürülmə barədə iddiası əsassızdır və təmin edilməməlidir. Bununla yanaşı məhkəmə araşdırması zamanı birləşdirilmiş iddia üzrə cavabdeh X14 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23-dən istifadə hüququnun olması müəyyən edilməmişdir. Belə ki, işin faktiki hallarına əsasən, cavabdeh V.Zamanovun mübahisəli mənzildə yaşaması və onun həmin mənzildən daima əsaslarla istifadə hüququnun yaranması öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlara yekun olaraq məhkəmə bildirir ki, birləşdirilmiş iş üzrə cavabdehlər İddiaçı və V.Zamanovun mənzildən istifadə hüququ müəyyən edilməmişdir. Belə olan təqdirdə isə olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar