Məhkəmə qərarları › İş №e-2(005)-1611/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1611/2024

29.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1611/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: a. Tələb: İddiaçı Cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Muğanbank ASC-nin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsinə və iddiaçının vəzifəsinə bərpa edilməyinə, cavabdeh LPO Muğanbank ASC-dən əmək müqaviləsi üzrə yaranmış 35000 (otuz beş min) manat məbləğində məcburi işburaxmaya görə əmək haqqının və onun üzərinə iddia verilən günə hesablanmış 1% ödənc məbləği olan 31900 (otuz bir min doqquz yüz) manat və vəkilin xidmət haqqı kimi ödənilmiş 320 (üç yüz iyirmi) manat,cəmi 67220 (altmış yeddi min iki yüz iyirmi) manat məbləğində vəsaitin, vəzifəsinə faktiki bərpa olunduğu günədək işburaxmaya görə hər ay üçün əlavə 7000 (yeddi min) manat məbləğində əmək haqqının və həmin günədək gecikdirilmiş məbləğin üzərinə gündəlik 1% olmaqla hesablanmış ödənc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı xx.xx.2015-ci il tarixdən Muğanbank ASC-də baş direktor vəzifəsində çalışmışdır. Görmə sinirinin nevriti diaqnozu ilə 20 oktyabr 2023-cü il tarixdə əmək qabiliyyətini tam olaraq itirdiyindən müalicədə olmuşdur. İddiaçının əmək qabiliyyətinin bərpa olunması və işə çıxma tarixi kimi 14 noyabr 2023-cü il tarixi göstərilmişdir. Xəstəlik səbəbindən işə çıxmadığı gün, yəni 2023-cü ilin 23 oktyabr tarixində əmək müqaviləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bildirir ki, o, öz xahişi ilə işdən çıxmağına dair ərizə ilə təşkilata müraciət etməmişdir. Cavabdeh bu günədək rəsmi qaydada işdən olunmağı ilə bağlı əmrlə iddiaçını tanış etməmiş, işlədiyi müddət üçün yekun haqq-hesabı ona ödəməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu ifadəsinin LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kimi qeyd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X5 izahatında iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materialları: Bakı 6 saylı Mediasiya Təşkilatının mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MŞB/6-00296 nömrəli protokolun surətindən görünür ki, tərəflər İMS-də iştirak etmiş, İddiaçı 50 manat İMS xərcini ödəmişdir. Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xxxxxxx000109 №-li əmək müqaviləsinə əsasən Cavabdeh1 ASC-də 7000 AZN əmək haqqı almaqla, baş direktor vəzifəsində fəaliyyət göstərmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. Respublika Diaqnostika Mərkəzi tərəfindən 20 oktyabr 2023-cü il tarixdə verilən SN 00007 № ******* seriya nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən olunur ki, İddiaçı görmə sinirinin nevriti diaqnozu qoyulmuşdur. Xəstənin işdən azad edilmə tarixi xx.xx.2023-dən xx.xx.2023-dək, xx.xx.2023-dən xx.xx.2023-dək, xx.xx.2023dən xx.xx.2023-dək qeyd olunmuşdur. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 20 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2023-cü il tarixdə verilən SN 00008 № ******* seriya nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən olunur ki, İddiaçı OD-görmə siniri nevriti diaqnozu qoyulmuşdur. Xəstənin işdən azad edilmə tarixi xx.xx.2023-dən xx.xx.2023-dək, xx.xx.2023-dən xx.xx.2023-dək, işə bağlamalı olduğu tarix isə 15 noyabr 2023 olaraq qeyd olunmuşdur. Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədrinin 29 aprel 2022-ci il tarixli, 142/HR №-li əmrindən görünür ki, baş direktor vəzifəsində fəaliyyət göstərən İddiaçı əmək haqqısı xx.xx.2022-ci il tarixdən etibarən 7000 manat təyin edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh1 ASC ilə İşçi İddiaçı arasında bağlanmış xxxxxxx000109 №-li əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) əsası ilə 4/M-1 №li, xx.xx.2023-cü il tarixli əmrə əsasən xitam verilmişdir. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-nin İcraçı direktoru X1 4-1M №-li, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, LPO Cavabdeh1 ASC-nin İdarə Heyətinin baş direktoru İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işəgötürənin təşəbbüsü ilə tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanan 24 noyabr 2021-ci iil tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankında Cavabdeh1 ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə namizəd İddiaçı attestasiyada iştirak etmiş və müsbət rəy almışdır. Bununla əlaqədar bildirilmişdir ki, İddiaçı Cavabdeh1 ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi Mərkəzi Bank tərəfindən nəzərə alınmışdır. Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədrinin müavini X6 tərəfindən Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənova ünvanlanan xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, X4 departamentinin direktoru İddiaçı Baş direktor vəzifəsinə təyin etməklə, bankın Baş Risk İnzibatçısı (CRO) səlahiyyətlərinin ona həvalə edilməsi məqsədə müvafiq hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilməsi, Cavabdeh1 ASC-nin öhdəliklərinin icrasına tətbiq olunan moratorium müddətində bankın işçilərinin əməkhaqqı üzrə ödənişlərinin (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə ödənişlər istisna olmaqla), habelə bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərinin aparılmasına moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır. 0189417 №-li əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xxxxxxx000109 nömrəli əmək müqaviləsinə əsasən Cavabdeh1 ASC-də Baş direktor vəzifəsinə işə qəbul olunmuşdur. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-nin İcraçı direktoru X1 4-1M №-li, xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndini rəhbər tutaraq Cavabdeh1 ASC-nin İdarə Heyətinin baş direktoru İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir. Xitam verilmə əsası : Bakı Apelyasiya Məhkəməsinin İKnın xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəıli qərarı, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsi. ******* №-li əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı xx.xx.2023-dən xx.xx.2023-dək, xx.xx.2023-dən xx.xx.2023-dək OD-görmə siniri nevriti diaqnozuna əsasən müvəqqəti olaraq əmək qabiliyyətinin olmaması səbəbindən işdən azad edilmişdir. Hazırda iddiaçı işdən çıxma barədə əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Maddə 71. İ və İİ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin: 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Maddə 68.2.a). Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 79.1. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 79.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10.5. X8 və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci və 9.3.10-cu maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Maddə 23. Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur. Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz. Maddə 26.1. X11 bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır. Maddə 26.2. İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir. Maddə 26.3. Bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən fiziki şəxslər X11nin üzvü ola bilməz və səhmdarların ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər. Maddə 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. Maddə 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 107.4. Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-nin İcraçı direktoru X1 4-1M №-li, xx.xx.2023-cü il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1, 70, 71.3, 76.2, 76.1 və 83.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdehin nümayəndəsi iddia tələbinə dair etirazında cavabdeh bankın müflis elan edilməsindən və ləğvedicinin təyin edilməsindən sonra əmək müqaviləsinə hər bir halda xitam verilməli olduğunu, xitam verilərkən cavabdehin “Banklar haqqında” Qanunun 71.3cü maddəsinin tələblərinin məcburi qaydada icra edilməli olmasını, həmçinin də əmək müqaviləsinə xitam verilməsi zamanı elektron sistemdə bu əsası seçmək mümkün olmadığından Əmək Məcəlləsinin 68.2.a maddəsi qeyd olunmaqla, əmək müqaviləsinin ləğv edildiyini bildirmişdir. Məhkəmə ilk öncə bildirir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad edərək xitam verilməsi təşəbbüskarının, habelə onun səbəbinin göstərilməsi şərtdir. Məhz sadalanan halın mövcudluğu əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Belə ki, işin araşdırılan faktiki hallarına əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verildiyi müəyyən olunsa da, işçiyə məxsus əmək kitabçasında tərəflər arasında olan əmək müqaviləsinə “işçinin öz xahişi ilə” xitam verildiyi qeyd olunmuşdur. Bununla da cavabdeh (işəgötürən) ƏM-nin 76.2-ci maddəsinin tələblərini pozmaqla əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində ƏM-nin 68.2.a bəndinə istinad olunmuşdur ki, bu faktın özü də yol verilmiş pozuntulardan biridir. Belə ki, xx.xx.2023-cü il tarixli əmr verilərkən ƏM 83.1-ci maddəsinin tələbi nəzərə alınmamışdır. Qeyd olunan qanunvericilik normasının müddəalarına görə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 68.2.a maddəsinin ("işəgötürənin təşəbbüsü") bəndinə istinad olunmuş, lakin Məcəllənin 70-ci maddəsinin konkret əsaslarına istinad edilməmişdir. Belə ki, həmin əmrdə işçinin ƏM-də nəzərdə tutulan konkret hansı əsaslara və qaydalara istinad edilərək işdən azad edilməsi qeyd olunmamışdır. Əmrdə “Banklar haqqında” Qanunun 71.3-cü maddəsi qeyd olunsa da, Əmək Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbləri pozulmuş, o cümlədən də əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Beləliklə də cavabdeh (işəgötürən) tərəfindən iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qaydaları pozulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan halın mövcud olması (“Banklar haqqında” Qanunun 71.3-cü maddəsi) arqumenti əsaslı hesab edilə bilməz. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq əmək münasibətlərinə xitam verdiyindən cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilməli, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilmədir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Yuxarıda qeyd olunanlara məcmu şəkildə qiymət verərək, məhkəmə bildirir ki, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-nin İcraçı direktoru X1 4-1M №-li, xx.xx.2023-cü il tarixli əmrində işçinin işdən çıxarılma əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, ******* №-li əmək kitabçasında isə işçinin öz xahişi ilə ilə işdən azad edildiyi qeyd olunmuşdur. Deyilənlərlə yanaşı müəyyən olunmuşdur ki, İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam veridliyi dövrdə yəni, 20-31 oktyabr 2023-cü il tarixləri arasında görmə sinirinin nevriti diaqnozu ilə işçi müvəqqəti olaraq işdən azad edilmişdir. Həmin müddətdə isə cavabdeh LPO bank işçi ilə əmək müqaviləsinə ƏM-nin 68.2.a maddəsinə (işəgötürənin təşəbbüsü) əsasən, konkret müddəalara istinad etmədən xitam vermişdir. Hansı ki, qüvvədə olan əmək qanunvericiliyi işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsini qadağan etmişdir. Qeyd olunanlarla yanaşı, cavabdehin nümayəndəsinin xx.xx.2023-cü il tarixdə bankın lisenziyasının ləğv edilməsi, iddiaçının isə məhz növbəti gün üçün xəstəliklə bağlı arayış təqdim etməsi ilə bağlı etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi göz müayinəsi ilə bağlı sənədlərdən müəyyən olunur ki, xəstəlik vərəqəsində qeyd olunan diaqnozla bağlı iddiaçı xx.xx.2023cü il tarixindən müvafiq müayinə və müalicələrdən keçmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğundan, bu hal isə işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən işəgötürənin əmri qanunsuz hesab olunmalı və iddiaçı əvvəllər tutduğu vəzifəyə bərpa edilməli, eləcə də məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi “əmək haqqının və həmin günədək gecikdirilmiş məbləğin üzərinə gündəlik 1 % olmaqla hesablanmış ödənc məbləğinin tutulması” hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir; - Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Bu barədə gələcəkdə mübahisə yaranarsa (hazırki halda qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə tutulmuş əmək haqqının gecikdirildiyi təqdirdə) iddia tələbi yolverilən hesab edilə bilər və ya MPM-in 232-ci maddəsinin tələblərinə əsasən ödənilməli olan məbləğin indeksasiyası aparıla bilər. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-nin İcraçı direktoru X1 4-1M №-li, xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və ona iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 320 manat xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir, belə olan halda, hüquqi yardıma görə 320 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi işə bərpa hissəsində (qiymətləndirilməyən iddia) təmin edildiyindən, cavabdeh cəmiyyətdən 100 manat dövlət rüsumu tutularaq, Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 4-1M №-li, xx.xx.2023-cü il tarixli əmr ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 320 (üç yüz iyirmi) manat vəkilə çəkilmiş xidmət haqqı İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 100 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar