Məhkəmə qərarları › İş №e-2(005)-164/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-164/2023

27.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-164/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunan, ünvan 1 ünvanda yerləşən mənzilə İddiaçı köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 12 iyun 2010-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh ilə birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü oğlu X5 və xx.xx.2017-ci il tarixdə digər oğlu X4 anadan olmuşdur. Belə ki ilk əvəllər münasibətləri yaxşı olsa da, sonralar ailə münasibətləri pozulmuş, aralarındakı narazılıqlar heç bir formada öz həllini tapmamaqda davam etmişdir. Birgə nikah dövründə tərəflər “LEXUS LX 570”, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili, eyni zamanda, ünvan 1 ünvanda yerləşən mənzili əldə etmişlər. Birgə nikah dövründə əldə edilən ünvan 1 ünvanda yerləşən mənzilə İddiaçı girişi Cavabdeh tərəfindən qadağan olunmuşdur. O, İddiaçı mənzilə daxil olmasına icazə vermir və maneəçilik törədir. Beləliklə İddiaçı Mənzilə köçürmə tələbinə dair qarşı tərəf Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən 21 iyun 2022-ci il 12:00-13.00 tarixinə ilkin mediasiya prosesi həyata keçirilmişdir. Mediasiya prosesinə mediatorun təşəbbüsü ilə xitam verilmişdir. Cavabdeh mediasiya prosesinin tarixi, yeri və saatı barədə xəbər verildiyi təqdirdə də, mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları "xxxx" MTK və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 99 nömrəli müqavilədən görünür ki, MTK ünvan 2 ünvanında inşa ediləcək binanın 2-ci giriş, 10-cu mərtəbə, 99 saylı mənzilini payçı Cavabdeh verməyi, payçı isə mənzili qəbul etməyi və mənzilinmüəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK-nın möhürü ilə təsdiq edilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa ediləcək binanın 2-ci giriş, 10-cu mərtəbə, 99 saylı mənzilin dəyəri Cavabdeh tərəfindən tam ödənilmiş, onun MTK-ya borcu yoxdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində 418 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçı Cavabdeh yanında saxlanılmaları, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtının xx.xx.2021-ci il tarixdən hesablanması qət olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 noyabr 2022-ci il tarixli, 2(005)-2960/2022 saylı saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunan ünvan 3 ünvanda yerləşən mənzilə İddiaçı ½ hissədə pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1802/2023 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(005)- 2960/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4361/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1802/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Niftəliyev X3 Aliyə Elşad qızı ilə 12 iyun 2010-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin sonradan ailə münasibətlərinin pozulması səbəbindən Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-463/2022 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulması qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi qətnaməni nikahın pozulması hissəsində dəyişdirmədən saxlamışdır. Bununla yanaşı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə olunan ünvan 3 ünvanda yerləşən mənzilə İddiaçı ½ hissədə pay hüququ tanınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı ünvan 3 ünvanda yerləşən mənzilə ½ hissədə pay hüququ tanınmışdır. Onun bu hüququn olması hazırki məhkəmə baxışında araşdırılmır və cavabdeh tərəfindən də mübahisələndirilə bilməz. Yəni ilk növbədə iddiaçının köçürülməsini xahiş etdiyi mənzilə ½ hissədə pay hüququnun olması faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.1.2, 158.2, 158.4). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Mülki Məcəllənin 27-ci maddəsinə görə isə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş arvadı onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4).İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mübahisəli evdə yaşamasına maneə törətməsi bərabərlik prinsipinə uyğun olmamaqla yanaşı iddiaçının əvvəlki şərtlər daxilində bu evdə yaşamaq hüququnu pozur. Eyni zamanda mənzilə dair cavabdehlə eyni hissədə pay hüquqları olan iddiaçının mənzildən istifadəsinə maneələr yaradılması və iddiaçının hazırki iddiasının təmin edilməməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb olacaq. Belə olan təqdirdə, iddiaçının cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onun bu evə köçürülməsi zəruridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumun əvəzinin cavabdehdən tutulmasını tələb etmədiyindən ödənilmiş rüsum iddiaçıya aid edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunan ünvan 4 ünvanında yerləşən mənzilinə İddiaçı köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar