Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1646/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Qurbanəli oğlunun iştirakları ilə, İddiaçının Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventariaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 28 iyun 2005-ci il tarixli 231823 seriya №-li, 30/23366 qeydiyyat nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 33, 92 saylı mənzil iddiaçının tam mülkiyyətimdədir. Hesab edir ki, Cavabdeh istifadə hüququna xitam verilməli və mənzildən çıxarılması təmin olunmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirmə barədə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 28 iyun 2005-ci il tarixli 231823 seriya №-li. 30/23366 qeydiyyat nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 33. 92 saylı mənzil iddiaçının tam mülkiyyətindədir. Həmin mənzildə iddiaçı ilə yanaşı Cavabdeh qeydiyyatdadır və hazırda mənzildən istifadə edir. Bildirir ki, həmin evi iddiaçının atası Cavabdeh Savalan oğluna xx.xx.1975-ci il tarixli 135782 nömrəli Order əsasında verilmişdir. Həmin orderə əsasən mülkiyyət sahibi (X4) ilə yanaşı həmin evə iddiaçı, anası X5 və əmisi X6 da yaşayış hüququ əldə etmişlər. Nərimanov Rayon Şurasının İcraiyyə Komitesinin 30 mart 1982-ci il tarixli Qərarına əsasən “İnternasional'’ Yaşayış Tikinti Kooperativinin vəfat ölmüş üzvü Cavabdeh Savalan oğlunun pay hissəsi oğlu İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh isə tələbə olarkən, yaşamaq üçün yeri olmadığı üçün iddiaçının icazəsi ilə müvəqqəti olaraq qeyd olunan evdə yaşamağa başlamışdır. Bir müddət sonra işi ilə əlaqədar Bakı şəhəri qeydiyyatına rəsmiləşdirilməsinə zərurət olduğu üçün onu qeydiyyata salınmasını iddiaçıdan xahiş elmişdir. Həmin müddət münasibətləri yaxşı olduğundan və yaxşılıq naminə cavabdehi qeydiyyata salınmasına razılıq vermişdi. Hazırda cavabdehin mənzilə istifadə hüququnun olması iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Qurbanəli oğlu iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.Eyni zamanda iddiaya yazılı etiraz təqdim etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 33 ünvanda yerləşən 92 saylı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsində göstərilənlərə aşağıdakı əsaslara görə etiraz edir. Bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 33 ünvanda yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 92 say ı mənzil Bakı Şəhər Soveti icraiyyə Komitəsinin Yaşayış Sahələrinin Uçotu və Bölüşdürülməsi İdarəsinin 29 may 1975-ci il tarixli 135782 saylı orderi əsasında babası Cavabdeh Savalan oğlunun adına rəsmiləşdirilmişdir. Lakin mənzil faktiki olaraq atası X9 tərəfindən alınmışdır. Kooperativ ev olan həmin mənzillə bağlı bütün ödəmələr atası X8 tərəfindən ödənilmişdir. Qeyd olunan orderdə babası Cavabdeh Savalan oğlu, nənəsi X7, əmiləri İddiaçı və X1 adları qeyd olunsa da faktiki olaraq onlar Bərdə rayonunda yerləşən evlərində yaşamışlar. Həmin yaşayış sahəsinə babası Cavabdeh adına order verildikdən sonra Bakı şəhərində işləyən atası E.Hacıyev öz vəsaiti hesabına göstərilən mənzili təmir edib orada yaşamağa başlamışdır. 1976-cı ildə atası anasıilə ailə həyatı qurmuş və anası həmin mənzilə gəlin köçərək birlikdə orada yaşamışlar. X18 22 aprel 1977-ci ildə, iddiaçı 05 avqust 1981-ci ildə və bacısı 02 iyun 1983-cü ildə həmin mənzildə anadan olmuşlar. Bərdə rayonunda yaşamış əmisi- İddiaçı isə 1979-cu ildə Bakı şəhərində ali məktəbə daxil olmuş, valideynlərinin razılığı ilə həmin mənzildə onlarla birgə yaşamağa başlamışdır. Babası Cavabdeh 27 fevral 1981-ci ildə vəfat etdikdən sonra məhz X20nin şifahi razılığı əsasında həmin mənzil Nərimanov Rayon İcraiyyə Komitəsinin 30 mart 1982-ci il tarixli 62 saylı qərarı ilə əmisi-İddiaçı adına qeydə alınmışdır. X20 xidməti zərurətlə əlaqədar işləmək üçün 1982-ci ildə Respublikanın kənd rayonlarına göndərildikdə mübahisəli yaşayış sahəsinin boş qalmaması üçün əmisi-İddiaçı valideynlərinin razılığı ilə orada yaşamaqda davam etmiş, daha sonra ailə həyatı qurmuş, həyat yoldaşı və uşaqları ilə orada yaşamışlar. Həmçinin bildirir ki, iddiaçı 1993-ci ildə Bakı şəhərində ali məktəbə qəbul olunduqdan sonra öz evlərində, yəni hazırda iddiaçının tələb etdiyi evdə əmisi İddiaçı və onun ailə üzvləri ilə birlikdə yaşamağa başladı. 2000-ci ilin yanvar ayından İddiaçı ailə üzvləri ilə birlikdə oradan köçüb hazırki vaxta kimi başqa ünvanda yaşayırlar. 2000-ci ilin yanvar ayından iddiaçı orada tək yaşamışdır, daha sonralar X20 və anası Şahid Səfiyar qızı cavabdehlə birgə həmin ünvanda yaşamışlar. Həmin vaxtdan da mübahisəli yaşayış sahəsi ilə bağlı bütün kommunal xərclər tərəfindən ödənilmişdir. X20 2021-ci ilin may ayının 2-də vəfat etmişdir. 2022-ci ildə ailə həyatı qurmuşdur. Hazırda həyat yoldaşı və anası ilə həmin mənzildə birlikdə yaşayırlar. Bundan əlavə, faktiki yaşadığı həmin mənzilə pasport qeydiyyatına alınmağı və gələcəkdə mənzilin iddiaçının adına sənədləşdirilməsi məqsədilə valideynlərinin məsləhəti ilə Bakı Şəhər icra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeyciyyatdan keçirilmiş və xx.xx.2005-ci il tarixli seriya ÖM № 231823 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Lakin, xx.xx.1981-ci ildə babası Cavabdeh vəfatından sonra istər həmin mənzilə dair orderin, istərsə də xüsusi mülkiyyət kimi Qeydiyyat Vəsiqəsinin İddiaçı adına rəsmiləşdirilməsi məhz mənzilin sahibi kimi valideynlərinin şifahi razılaşmaları və İddiaçı buna etiraz etməməsi əsasında olmuşdur. Qeyd olunan mənzil hər iki halda İddiaçı adına rəsmiləşdirildikdə bunun formal xarakter daşıması sonuncunun özünə də məlum olmuşdur. İddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüququma xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəllənin və Mənzil Məcəlləsinin tələblərinə tam ziddir. İddiaçı mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması barədə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və mülkiyot hüququnun mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasını bildirən 29-cu maddələrinə əsaslanmaqla qeyd olunan məzmunda iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Mübahisəli yaşayış sahəsinin babası Cavabdeh vəfatından sonra İddiaçı adına həm qeydə alınması və həm də özəlləşdirilərək 2005-ci ildə xüsusi mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat Vəsiqəsinin onun adına qeydə alınması tam formal xarakter daşıdığına və bu formallığın onun özü tərəfindən dərk edildiyinə görə həmin mənzildə yaşamağı üçün aralarında onun tərəfindən cavabdehə qarşı heç bir qeyd şərt irəli sürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iddiaçı əmisioğlu, cavabdeh isə oğludur. Mübahisəli mənzili aldıqları dövrdə heç kim öz adına ev almırdı. Həmin mənzilə dair vəsaiti də şahidin yoldaşı ödəmişdir. 1981-ci ildə qaynatası rəhmətə getdikdən sonra mənzil Qabilin adına keçmişdir. Şahid suallara cavab olaraq bildirmişdir ki, həyat yoldaşının xidməti vəzifəsi ilə əlaqədar mənzil onun adına qeydiyyata alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, iddiaçı atasının əmisi oğlu, cavabdeh isə əmisinin nəvəsidir. Bahadurun atası ölənə qədər tərəflər arasında heç bir zaman əmlak mübahisəsi olmamışdır. Mübahisəli mənzili cavabdehin babası almışdır. 1981-ci ildən sonra Qabil ailə həyatı quraraq həmin evdə yaşamışdır. Qabil 24 ildir ki, həmin mənzildə yaşamır, mənzildən köçmüşdür. Uzun illər həmin mənzildə Bahadur yaşamışdır. Şahid suallara cavab olaraq bildirmişdir ki, mübahisəli mənzilin alınması üçün məbləğin bir hissəsini eləcə də, korporativ rüsumlarını da 1981-ci ilə qədər Elhami ödəmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 33 ünvanında yerləşən 92 saylı mənzil İddiaçının xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanına dair sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospketi, ev 33, 92 saylı mənzilə dair müvafiq sənədlərin surətlərini sizə təqdim edirik. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospketi, ev 33, 92 saylı mənzildə qeydiyyatdadır; Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin 10/3871- 9/3985 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən, 33 saylı evin, 92 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 167000.0 manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən, 33 saylı evin, 92 saylı mənzilinin və ona oxşar şəraitli sahələrin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 400,00 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospketi, 33 saylı evin 92 saylı mənzili iddiaçının mülkiyyətindədir, cavabdeh isə onun qardaşı oğlu olmaqla ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Cavabdeh sözügedən mənzildə xx.xx.2004-cü il tarixindən pasport qeydiyyatındadır. Göründüyü kimi, Cavabdeh mənzildən istifadə hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edilərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə, iddiaçının digər ailə üzvü olmuş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospketi, 33 saylı evin 92 saylı mənzildə qeydiyyatda olsa da, həmin mənzildən istifadə hüququ qazanmamışdır. Belə ki, adı çəkilən cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onun (cavabdehin) istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olanda məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ olmadığından, həmin hüquqlara xitam verilməsi mümkün deyil. Göründüyü kimi, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdeh pasport qeydiyyatına alınması, habelə mübahisəli mənzildə yaşaması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. Lakin məhkəmə qeyd edir ki, hazırda iddiaçı cavabdehə 7000 (yeddi min) manat verilməklə, istifadə hüquna xitam verilməsini və mənzildən çıxarılmasını xahiş edir. Belə olanda qeyd olunmalıdır ki, nə qədər ki, iddiaçı öz iddiasında kompensasiya verilməsini təklif edir, məhkəmə, həmin təklifi nəzərə alır. Beləliklə, iddiaçı məhz mülkiyyətində olan mənzildən istifadə hüququnun Cavabdeh 7000 manat kompensasiya ödəmək şərtilə onun həmin hüququna xitam verilməsini, o cümlədən mənzilindən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına görə, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edir ki, “cavabdeh X2 mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi” tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsi zərurəti də mövcud deyil. Nəzərə alınmalıdır ki, kompensasiya ödənilməklə, mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia tələbi üzrə cavabdehin həmin hüququnun mövcudluğu müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir”. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Məhkəmə, şahid ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, hazırki mübahisəli halın həll edilməsi ilə bağlı məsələnin şahid ifadələri ilə müəyyən edilməsinin qeyrimümkünlüyünü nəzərə alaraq, həmin ifadələri cavabdehin etirazlarının əsaslılığını göstərən sübut kimi qəbul etmir. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə hesab edir ki, hazırda kompensasiya verilməsi təklifini məhz iddiaçı irəli sürdüyündən, iddiaçıdan kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən mənzildən çıxarılması eyni vaxtda icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 100 manat pul cavabdehdən tutularaq ekspertiza mərkəzinin müvafiq hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildən istifadə etməsi sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh ünvan 4 ünvanında yerləşən 72 saylı mənzildən 7000 manat kompensasiya ödənilməklə çıxarılmalıdır. İddiaçıdan kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən çıxarılması eyni vaxtda icra olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 100 manat pul cavabdehdən tutularaq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən 72 saylı mənzildən 7000 (yeddi min) manat kompensasiya ödənilməklə, mənzilindən çıxarılsın. İddiaçı müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun ünvan 4 ünvanında yerləşən 72 saylı mənzildən çıxarılması eyni vaxtda icra olunsun. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdeh İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X3, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1646/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1646/2023
15.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver