Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1750/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMMC-nin Cavabdeh qarşı kommunal xidmətlərə görə haqqın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş (açar sözlər: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, kommunal xidmətlərə görə haqq, mənzildən istifadə edilməməsi, müqavilənin olmaması) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndələri X6 və X2, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı kommunal xidmətlərə görə haqqın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı MMMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMMC-nin xeyrinə 1560 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 37 manat dövlət rüsumunun, cəmi 1597 pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Binəqədi-31” MMMC qeyri-kommersiya təşkilatı olmaqla, Mənzil Məcəlləsinin tələblərinə əsasən ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi fəaliyyətini həyata keçirir. "Binəqədi-31” MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə çoxmənzilli binanın idarə edilməsi ilə əlaqədar kommunal xidmətlərin məbləğləri müəyyənləşdirilmişdir. "Binəqədi- 31” MMMC-yə 800 manat məbləğində borcu yaranmış Cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərilərək kommunal xərclərə görə borcun qısa zamanda ödənilməsinin təmin olunması xahiş edilsə də, hazırki vaxtadək Cavabdeh tərəfindən ödənilməli olan kommunal xərclər ödənilməmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi X8 bildirmişdir ki, onlar İddiaçı MMMC-nin yarandığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən etibarən yaranmış borcun ödənilməsini tələb edirlər. Qeyd edilən borc iki mənzilə görə və hər kv.m üçün 0.30 manat məbləğində olmaqla hesablanmışdır. Onlar binada bütün lazımi kommunal xidmətləri göstərirlər. Cavabdehin mənzillərində yaşaması kommunal borcun ödənilməməsinə əsas vermir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi X4 bildirmişdir ki, cavabdeh mənzilinə ildə bir neçə dəfə gəlib baxır. Liftin açarları ona təklif edilsə də, gəlib götürməmişdir. MMMC yaradıldıqdan sonra olan borclar tələb edilir. Lakin həmin dövr üçün cavabdeh tərəfindən heç bir ödəniş edilməyib. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, ona məxsus mənzillər təmirli deyil və mənzildə yaşayış yoxdur. Liftdən istifadə üçün ona kart da verilməmişdir. Ora gedəndə mənzilinə ayaqla qalxır. Kommunal xidmətlərdən istifadə etmir. MMMC ilə müqavilə də bağlamamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: -135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; -135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: -136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; -136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir; Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarı: Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır; Konstitusiya Məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə 22 sentyabr 2020-ci il tarixli Qərarı: Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının Dövlət Resyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMMC ümumi yığıncağın qərarı və digər sənədlər əsasında xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir; Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2022-ci ilin dekabr ayından xx.xx.2025-ci il tarixinə borcu 1560 manat təşkil edir; xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; İddiaçı MMMC-nin ümumi yığıncağının 26 fevral 2022-ci il tarixli, 1 nömrəli protokolundan görünür ki,.iclasda "Binəqədi-31” MMMC-nin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, sədrin seçilməsi, hüquqi ünvanının müəyyən edilməsi, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, servis xidmətinin haqqının müəyyən edilməsi məsələləri səsə qoyulmuşdur. Servis xidməti hər kv.m üçün 0.30 manat müəyyən edilmişdir; İddiaçı MMMC-nin 2023-2025-ci illər üzrə hesabatlarından görünür ki, kommunal xidmətlərə görə müxtəlif xərclər həyata keçirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMMC ümumi yığıncağın qərarı və digər sənədlər əsasında xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. Ümumi yığıncağın qərarı ilə binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv. metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Həmin binada cavabdehə məxsus ümumi sahəsi 114,01 və 97,48 kv.m olan iki mənzil vardır. İddiaçı tərəfindən illik gəlir və xərclərin hesabatı məhkəməyə təqdim edilmişdir. Hazırda iddiaçı cavabdehin keçən dövr ərzində kommunal borcu ödəmədiyinə əsaslanaraq, 2022-ci ilin dekabr ayından xx.xx.2025-ci il tarixinədək olan borca görə 1560 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə mənzillərdə yaşayış olmadığına və kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlamadığına istinad edərək iddiaya etiraz edir. Qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsullarından biri də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətidir. İddia tələbi üzrə tələb olunan vəsaitlər (binanın saxlanması xərcləri, 24 saat evlərə suyun verilməsi, su çənlərinin təmizlənməsi, liftlərin servisi və sairə görə) cəmiyyətin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı (protokolu) ilə müəyyən edilmişdir. Həmin məbləğlər cəmiyyətin sahə mülkiyyətçilərinin ümumi iradə ifadəsini təşkil edir, ümumi yığıncağın qərarı və protokolu hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir. Belə olan halda ümumi yığıncağın qərarının hüquqi nəticəsi də tətbiq olunmalıdır. Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olmaqla MMMC-nin xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqq ödəməlidir. Bu baxımdan iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh mənzildə yaşayış olmadığını və mənzilini təmir etmədiyini əsas gətirsə də, bu hal borcun yaranmasının qarşısını alan və ya borcun ləğvini əsaslandıran hüquqi əsas hesab edilmir. Belə ki, Mənzil Məcəlləsinin 137.10-cu maddəsinin tələblərinə müvafiq olaraq, cavabdeh mənzilində yaşayış olub-olmamasından asılı olmayaraq, kommunal xidmətlər və binanın ümumi əmlakının saxlanması üçün ödəniş etmək məcburiyyətindədir. Mənzilin təmir olunmaması və ya yaşayışın olmaması bu ödənişdən azad edilmək üçün əsas sayılmır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə hesabatları da ümumi xərclərin çəkildiyini təsdiqləyir və bu xərclərin qarşılanması üçün müvafiq qaydada və mütənasib olaraq bütün sahə mülkiyyətçilərinin iştirak etməsi zəruridir. Cavabdeh ilə iddiaçı arasında ayrıca yazılı müqavilənin olmaması onların arasında münasibətlərin mövcudluğunu və cavabdehin borcunu aradan qaldırmır. Qanunvericilikdə nəzərdə tutulmuş ictimai-hüquqi xarakterli öhdəliklər mülkiyyətçinin müvafiq əmlaka görə xərclərdə iştirak etməsini tələb edir və bu öhdəlik müqavilədən asılı olmayaraq yaranır. Nəticə etibarilə, müqavilənin bağlanmaması cavabdehin mülkiyyətçi kimi üzərinə düşən borcun mövcudluğunu və onun ödənilməsini tələb edən hüququn olmamasını əsaslandırmır. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırki halda, iddiaçı ilə cavabdeh arasında yazılı müqavilə olmasa da, ali orqan olan ümumi yığıncağın qərarı mövcuddur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən 2022-ci ilin dekabr ayından xx.xx.2025-ci il tarixinədək olan dövr üçün 114,01 və 97,48 kv.m ümumi sahəsi olan iki mənzil üçün hər kv. metrə görə 0,30 qəpik hesablanmaqla 1560 manat pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 36,60 manat dövlət rüsumu ödənilmişdir. V. Nəticə: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kommunal xidmətlərə görə 1560 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 36,60 manat pul tutularaq İddiaçı MMMCyə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kommunal xidmətlərə görə 1560 (min beş yüz altmış) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 36,60 (otuz altı manat, altmış qəpik) manat pul tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1750/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1750/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver