Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1751/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı maaşından tutulmuş 21222 (iyirmi bir min iki yüz iyirmi iki) manat məbləğində pulun, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 700 (yeddi yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 155 (bir yüz əlli beş) manatın Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı maaşından tutulmuş 23985 (iyirmi üç min doqquz yüz səksən beş) manat məbləğində pulun, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 700 (yeddi yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 155 (bir yüz əlli beş) manatın Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh üçün "xxxx" ASC qarşısında zamin durmuşdur. Tərəflər bundan əvvəl bir yerdə işləmiş və uzun illər iş yoldaşları olduqları səbəbindən iddiaçı cavabdehin götürdüyü kreditin təminatı olaraq bank qarşısında zamin durmağa razılıq vermişdir. Cavabdeh krediti götürdükdən bir müddət onu vaxtı-vaxtında ödəmişdir. Sonradan o, həmin işdən çıxdığı və kreditin ödənişini davam etdirmədiyi səbəbindən borclar iddiaçının maaşından tutulmağa başlamışdır. İndiyədək həmin kredit üzrə iddiaçının maaşından 23985 (iyirmi üç min doqquz yüz səksən beş) manat məbləğində pul tutulmuşdur. Cavabdehin borclu olduğu pulun iddiaçıdan tutulan hissəsini geri qaytarması barədə cavabdehlə danışıqlar aparmaq cəhdləri nəticə verməmiş, onu tapmaq mümkün olmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh, üçüncü şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: 27 fevral 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh 60 ay müddətinə illik 23 faizlə hesablanmaqla 20.000 (iyirmi min) manat məbləğində kredit vermişdir; 27 fevral 2018-ci il tarixli kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş 08 iyun 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı tərəfindən ümumilikdə 23985 (iyirmi üç min doqquz yüz səksən beş) manat ödənilmiş və xx.xx.2022-ci il tarixdə kredit borcu tam bağlanılaraq müqaviləyə xitam verilmişdir; xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən 700 (yeddi yüz) manat məbləğində ödəniş olunmuşdur; xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 155 (bir yüz əlli beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 27 fevral 2018-ci il tarixində "xxxx" ASC Cavabdeh 60 ay müddətinə illik 23 faizlə hesablanmaqla 20.000 (iyirmi min) manat məbləğində kredit vermişdir. 27 fevral 2018-ci il tarixli kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh 27 fevral 2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etməmiş və nəticədə 27 fevral 2018-ci il tarixli müqavilə üzrə zamin İddiaçı maaşından 23985 (iyirmi üç min doqquz yüz səksən beş) manat məbləğində pul tutulmuşdur. İddiaçı reqres qaydada həmin 23985 (iyirmi üç min doqquz yüz səksən beş) manat məbləğində pulu cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 472.1.Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 475.1 .Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 475.3.Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 .Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, İddiaçı 27 fevral 2018-ci il tarixli zaminlik müqaviləsinin 4.1.5-ci maddəsinə görə Öhdəliyi icra etmiş kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqların zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, 27 fevral 2018-ci il tarixli müqavilə üzrə ödəniş cədvəlindən çıxarışa əsasən zamin İddiaçı tərəfindən 23985 (iyirmi üç min doqquz yüz səksən beş) manat məbləğində ödəniş olunmuşdur. Buna görə də iddia tələbi bu hissədə təmin edilməli, 23985 (iyirmi üç min doqquz yüz səksən beş) manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda, iddianın “hüquqi xidmətə görə 700 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 155 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də qismən əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün 700 manat ödənilməsi barədə iddiaçı sübut təqdim etsə də, iddia tələbi bu hissədə qismən təmin edilməli və hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 70 manat məbləğində iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ödənilmiş 155 (bir yüz əlli beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməlidir.. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh 23985 (iyirmi üç min doqquz yüz səksən beş) manat məbləğində pul, hüquqi xidmətə görə ödənilmiş 70 (yetmiş) manat və dövlət rüsumu olaraq ödənilmiş 155 (bir yüz əlli beş) manat İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23985 (iyirmi üç min doqquz yüz səksən beş) manat məbləğində pul, hüquqi xidmətə görə ödənilmiş 70 (yetmiş) manat və dövlət rüsumu olaraq ödənilmiş 155 (bir yüz əlli beş) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1751/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1751/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver