Məhkəmə qərarları › İş №e-2(005)-178/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-178/2025

05.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-178/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş (açar sözlər: özbaşına tikiliyə köçürülmə, istifadə qaydaları) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o və uşaqları, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən 0379 saylı özbaşına tikili sayılan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən 0379 saylı özbaşına tikili sayılan fərdi yaşayış evinə köçürülməsi və köçürülmədən sonra evin otaqlarından sərbəst, dəhliz, mətbəx, hamam, sanitar qovşağından və həyətdən cavabdehlə birgə istifadə qaydasının müəyyən edilməsi, dövlət rüsumu və mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikaha daxil olduqdan sonra adətənənəyə uyğun cehiz əşyalarıyla birlikdə birgə nikah dövründə tikib başa çatdırdıqları ünvan 1 ünvanında yerləşən 0379 saylı özbaşına tikili sayılan fərdi yaşayış evinə gəlin köçmüşdür. Hazırda cehizləri həmin evdədir və cavabdeh əşyalarından istifadə edərək yararsız vəziyyətə salır. Nikahları pozulanadək o, uşaqlarıyla birlikdə həmin evdə yaşamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)-2697/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 658 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X4 yanında qalması və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdehdən 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Onun isə azyaşlı uşaqlarıyla yaşamağa başqa yeri yoxdur, hazırkı maddi vəziyyəti kirayədə yaşamağa icazə vermir və güclə aldığı cüzi alimentlə uşaqların ehtiyaclarını çətinliklə ödəyir. Cavabdeh isə geniş, hər cür imkanı olan fərdi yaşayış evində rahat yaşayır və onların ora köçməyinə mane olur. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdehlə ailə qurduqdan sonra qaynatasının evinə köçmüşlər. Daha sonra ev plana düşmüşdür. Oradan əldə edilən pulu qaynatası 4 övladı arasında bölmüşdür. Cavabdeh payına düşən puldan 13900 manata torpaq almışdır. Lakin torpaq sahəsinin sənədi olmamışdır. Cavabdeh həmin il atasının verdiyi puldan özünə avtomobil də almış, 15000 manata yaxın ilkin ödəniş etmişdir. Sonra həmin torpaq sahəsində ev tikmişlər. Hər ikisi işləyib evin tikintisini başa çatdırmışlar. 2013-cü ildə nikahları bağlanmış, 2018-ci il tarixdə həmin evə köçmüşdür. Bir müddət o evdə yaşamışdır. Cehizləri hazırda da həmin evdədir. Ev tikilən dövrdə onun atasıgildə qalmışlar. Tikilən evdə 2 ilə yaxın yaşamışdır. 3 ildir ki, o həmin evdən çıxmışdır. Evin təmirində onun da maddi köməkliyi olmuşdur. Hətta uşağa görə aldığı dekret pulunu da ustalara zəhmət haqqı kimi vermişdir. Evin tikintisinə 40000 manatdan çox pul xərcləmişlər. O, övladları ilə birlikdə kirayədə yaşayır və bu, onun üçün çox çətinlik yaradır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (anası) X6 bildirmişdir ki, evin pulunu onlar veriblər, oğlu da ev tikmişdir. Onların 5 otaqlı evi olub. Həmin evin əvəzinə 2012-ci ildə həyat yoldaşına pul vermişlər. O puldan da 45000 manat oğluna vermişlər. Evin tikilməsinə təqribi 35000 manat xərc çəkilmişdir. Oğlu həmin puldan maşın da almışdır. Pulu əri oğlu və gəlini onlarda olarkən çıxarıb onların qabaqlarına stolun üstünə qoymuşdur. Həmin vaxt gəlin hamilə idi. Onun oğlu iddiaçı ilə bir evdə yaşaya bilməz, yenidən ailə qurmaq niyyətindədir. Birlikdə yaşamaları mümkün deyildir. İddianın təmin edilməməsini xahiş etmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarı: Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Konstitusiya Məhkəməsi Plenumunun E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarı: Pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarı: Bənd 3.13. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. Bənd 3.6. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bənd 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Bənd 4.12. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Bənd 5.3. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özüözlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezumpsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2697/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiiyyat şöbəsində nikaın bağlanması haqqında akt qeydləri kitabında 658 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 anası X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq, X3 ödənilməsi qət edilmişdir. - AN-İ saylı, ******* nömrəli Daşınmaz əmlakın alğ-satqı müqaviləsindən görünür ki, satıcı X7i öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,3 kv.m, yaşayış sahəsi 48 kv.m, yardımçı sahəsi 24.3 kv.m təşkil edən 3 otaqdan ibarət 11 saylı mənzili 184000 manat qarşılığında alıcı X8 mülkiyyətinə vermişdir; - xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerli baxış iclasının protokolundan görünür ki, ünvan 1 ünvanında yerləşən 0379 saylı özbaşına tikili sayılan fərdi yaşayış evinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, fərdi yaşayış evi cəmi 2 yataq otağı, 1 qonağ otağı, 1 mətbəx və 1 sanuzeldən ibarətdir. Otaqların qapıları qoyulmamışdır. Evin daxili ümumi olaraq təmirlidir. İddiaçıya məxsus cehiz əşyaları da fərdi yaşayış evindədir. Ev təxmini 2-3 sotda yerləşir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladları olmuşdur. Birgə nikah dövründə cavabdehin atası özünə məxsus yaşayış evini sataraq əldə etdiyi pul vəsaitini övladları arasında bölüşdürmüş, cavabdehə 45000 manata yaxın pul vermişdir. Həmin vəsaitdən cavabdeh maşın almış, daha sonra tərəflər Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana ərazisində torpaq sahəsi almiş və təxminən 5 il ərzində ev inşa etmişlər. İddiaçı nikah dövründə, 2018-ci ildə mübahisəli evə köçmüş və həmin evdə ailə kimi yaşamış, tərəflərin münasibətləri pisləşdikdən sonra iddiaçı azyaşlı övladları ilə birlikdə evdən çıxmış, daha sonra nikahları pozulmuşdur. Hazırda iddiaçı evin birgə nikah dövründə tikilib başa çatdırıldığına, tərəflərin birgə vəsaiti hesabına inşa edildiyinə, cavabdehin atası tərəfindən verilmiş puldan az qaldığına, həmin vəsaitin evin tikintisinə çatmadığına, onun da işləyərək evin inşasına, təmirinə köməklik göstərdiyinə istinad edərək, birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə köçürülmə və evdən ümumi istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmədiklərini, həmin evin cavabdehin vəsaiti hesabına inşa edildiyinə istinad edərək iddiaya etiraz etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə həmin halı irəli sürən tərəfin üzərinə düşməkdədir. Mübahisələndirilən ev fiziki obyekt olaraq özündə əməyin və xərcin nəticəsini ifadə edən maddi dəyərə malikdir. Bu baxımdan, mübahisəsi gedən həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, əgər evin tərəflərin nikahları dövründə inşa edildiyi müəyyən olunursa, bu hal evin ümumi əmlak hesabına inşa edildiyi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakların əvəzli əldə olunduğu, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında ər-arvadın hər ikisinin iştirak etdiyi qənaətinə gəlməyə əsas yaradır. Hazırki iş üzrə cavabdeh tərəf fərdi yaşayış evinin atasının verdiyi vəsait hesabına və özünün qazandığı pul hesabına inşa edildiyini bildirərək iddiya etiraz edir. İş üzrə müəyyən edilmiş mübahisəsiz hallardan görünür ki, tərəflər arasında ailə münasibətləri mövcud olduğu dövrdə, cavabdehin atası ona məxsus yaşayış evini satmış, əldə edilmiş pul vəsaitini öz övladları arasında bölmüşdür. Cavabdehə təxminən 45.000 manat pul vəsaiti verilmiş, həmin puldan cavabdeh təxminən 15000 manat ilkin ödəniş etməklə kreditə maşın almış, 13900 manat torpaq sahəsinə vermişdir. Qeyd olunan hal əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin özü tərəfindən məhkəmə iclasında verdiyi izahatlarla da təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, göstərilən pul vəsaiti ailə münasibətləri normal olan dövrdə ailənin ümumi rifahının təmin edilməsi, ailənin birgə yaşaması üçün ev inşası məqsədi ilə ailəyə verilmiş, bundan sonra tərəflər torpaq sahəsi almış, nəqliyyat vasitəsi əldə etmiş və fərdi yaşayış evinin tikintisinə başlamışlar. Hər bir halda həmin pulun ailəyə deyil, yalnız cavabdehə verildiyi qəbul edilsə belə, işin faktiki hallarından və tərəflərin izahatlarından göründüyü kimi, digər xərclər nəzərə alınarsa, qeyd olunan təxminən 45000 manat məbləğ mübahisəli fərdi yaşayış evinin tikilib başa çatdırılması üçün kifayət etməmişdir. Əks halda evin inşası və təmiri 5 il çəkməzdi. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli evin inşası prosesində yalnız cavabdehin atası tərəfindən verilmiş vəsait deyil, eyni zamanda tərəflərin nikah dövründə əldə etdikləri ümumi gəlirlər sərf olunmuşdur. İddiaçının evin tikintisi və təmiri prosesində iştirak etməsi, həmin evdə ailə üzvü kimi yaşaması və cehiz əşyaları ilə evə köçməsi onun bu yaşayış sahəsi ilə real və hüquqi bağlılığını təsdiq edir. Beləliklə, iş üzrə müəyyən edilmiş mübahisəsiz hallar, tərəflərin izahatları və toplanmış sübutların məcmusu məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı mübahisəli fərdi yaşayış evində yaşamaq və ondan istifadə etmək hüququ mövcuddur. Bu səbəbdən iddiaçının uşaqları ilə birlikdə evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi barədə tələbləri hüquqi və faktiki əsaslara söykəndiyindən təmin edilməlidir. Evdə 1 mətbəx, dəhliz və 1 sanitar qovşağının, ümumi həyətin olduğu nəzərə alınarsa iddiaçının da həmin sahələrdən istifadə etmək hüququ təmin olunmalıdır. V. Nəticə: Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, köçürülmədən sonra yaşayış evində olan otaqlar, dəhliz, mətbəx, hamam, sanitar qovşaq və həyətdən iddiaçı və cavabeh tərəfindən ümumi istifadədə olmaqla birgə istifadə qaydası müəyyən edilməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 0379 saylı fərdi yaşayış evinə köçürülsün və köçürülmədən sonra yaşayış evində olan otaqlar, dəhliz, mətbəx, hamam, sanitar qovşaq və həyətdən birgə istifadə qaydaları müəyyən edilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar