Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1780/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Qurbanova Səkinə Nadir qızının katibliyi Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "işə bərpa" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı oglu xx.xx.1987 ci ildə Gəncə şəhərində anadan olmuşdur və faktiki yaşayış ünvanı ünvan 2ir ki, xx.xx.2018-ci il tarixindən Gəncə şəhər Ticarət və xidmət üzrə 2 saylı Peşə Məktəbində gözətçi vəzifəsində çalışırdı və fəaliyyəti dövründə heç bir nöqsan, heç bir problem yaşanmamışdır. İddiaçı məsuliyyətli və nizamla vəzifəsini yerinə yetirirdiyini, kollektiv heyəti ilə çox mehriban olduqlarını, direktorla çox gözəl anlaşdıqlarını bildirmişdir. O bildirir ki, nümünəvi işci olduğuna görə atası da muüraciət etmiş, rəhbərlik tərəfindən o da həmin 2 saylı Peşə məktəbinə gözətçi vəzifəsinə qəbul edilmişdir. İddiaçı bildirir ki, xx.xx.2022 ci il tarixində Cavabdeh ASC şirkəti onları öz şirkətinə mühafizəçi vəzifəsinə məcburi keçirdi. Belə ki, Gesco ASC şirkətini sifariş edən Peşə Təhsili üzrə Dövlət Agentliyi idi. İddiaçı qeyd edir ki, ümümi Peşə gözətçilərinə seçim qoydular: ya işsiz qalacaqsınız, ya da Gesco ASC şirkətinə mühafizəçi vəzifəsinə keçməlisiz. İddiaçı bildirir ki, 3 övladı var, işsiz qalmamaq üçün məcburi xx.xx.2022 ci il tarixdə onunla bərabər, ümumilikdə on səkkiz nəfər Bakı şəhəri Nərimanov rayonu, Ziya Bunyadov prospekti, 1965-ci məhəllə Çinar park Biznes mərkəzində yerləşən Gesco ASC mühafizə şirkətinə getmişlər. Gəncədən apardıqları sənədləri onlara təqdim etmiş və qol çəkmişlər. O bildirir ki, onları işlə tanış etmədən işə qəbul olduqlarını bildirmişlər və əmək müqaviləsi ilə tanış edilməmişlər. Gesco ASC şirkətinin Gəncə şəhər üzrə layihə rəhbəri İsgəndərov Elşənin göstərişi ilə onlar işlə tanış edilmişlər. İş qrafiki belə müəyyən olunmuşdur ki, 1-ci mühafizəçi iki gün səhər dalbadal saat 08:00-dan 20:00-dək postda duracaq, 2-ci mühafizəçi iki gün axşam dalbadal saat 20:00-dan 08:00-dək postda duracaq, həmin iki gün ərzində 3-cü mühafizəçi evdə istirahət edəcək, növbəti 3-cü gün 3-cü mühafizəçi iki gün səhər dalbadal saat 08:00-dan 20:00dək postda duracaq, 1-ci mühafizəçi iki gün axşam dalbadal saat 20:00-dan 08:00-dək postda duracaq. Onlara bu ardıcılıqla işliyəcəkləri, yənı bir ay ərzində ay 30-dan olanda 20 dəfə növbədə olacaqları, hər birinin 240 saat işləyəcəyi, əmək haqqı 294 azn alacağı, ay 31-dən olanda birinin 20 dəfə növbədə olacağı, 240 saat işləyərək 294 azn əmək haqqı alacağı, digər 2 nəfər 21 dəfə növbədə olub 252 saat işləyərək 308 azn əmək haqqı alacağı bildirilmişdir və onlara 31 ədəd A4 vərəqi post bölgüsü forması çap olunmuş qaydada, 2 ədəd A4 vərəqində Mühafizə işcilərinin iş cədvəli çap olunmuş qaydada, 2 ədəd jurnal - birincisi GESCO-İMS-F-049 Təhvil-Təslim jurnalı, ikincisi Gesco İMS-F-047 Lahiyənin ərazidə yerləşən obyekt jurnalı verilmişdir. Bu qaydada xx.xx.2022-ci ildən etibarən Gəncə şəhər 2 saylı Peşə məktəbində fəaliyyətə başlamışlar. O qeyd edir ki, A4 vərəqlərinin pulunu öz ciblərindən ödəyirdilər və Gəncə Şəhər üzrə lahiyə rəhbəri İsgəndərov Elşən 31 ədəd A4 vərəqi post bölgüsü formasını vermirdi və tapşırıq vermişdi ki, özləri həll etsin. İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixdə gecə növbəsində postda olarkən 02:50 radələrində Gəncə Şəhər üzrə lahiyə rəhbəri İsgəndərov Elşən onun oturduğu postun pəncərəsini əli ilə açmaq istəyəndə reaksiya vermiş, dərhal çıxış qapsına yaxınlaşmış və özünü təqdim etmiş, qarşı tərəfin kim olmasını soruşmuşdur. İddiaçı bildirir ki, bir neşə dəfə soruşduqdan sonra o, Gesco ASC mühafizə şirkətinin Gəncə şəhər üzrə lahiyə rəhbəri İsgəndərov Elşən olduğunu bildirmişdir. İddiaçı ilk dəfədir lahiyə rəhbəri İsgəndərov Elşəni gördüyünü və mülki geyimdə olduğu, yaxasında heç bir vəsiqə olmadıgı üçün tanımadığını bildirir. Tanıyanan sonra üzrxahlıq etmiş, lakin İsgəndərov Elşən ona “mən lahiyə rəhbəriyəm, sən necə məni tanımırsan, indi mən sənə özümü tanıdaram, kiməm” deyərək qışqırmış, Gesco İMS-F-047 Lahiyənin ərazidə yerləşən obyekt jurnalına qeyd etmişdir ki, mühafizəçi İddiaçı onun gəlişini görmədi və xidmətdə yatırdı. İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixdə, yəni həmin günün sabahı xidmət rəisi ona bu barədə izahat yazdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 20:00-da gecə növbəsini təhvil almış, xx.xx.2023-cü il tarixdə saat 07:55-də xidməti bitirib növbəni növbə yoldaşına təhvil vermişdir. Ona Gesco şirkətinin işçisi tərəfindən zəng olunaraq əmək müqaviləsini yeniləmədiklərindən işdən azad olduğu bildirilmişdir. İddiaçı daha sonra işinə xitam verilmə səbəbini öyrənmək məqsədilə şirkətin türk liseyi filialına gəlmişdir. İsgəndərov Elşən ona “bizlik deyil, sənin işinə Bakıdan xitam verilib və səni ancaq 6 aydan sonra işə bərpa etmək mümkündür” demişdir. Gesco şirkətin kadrların nömrəsi ona bildirmişdir ki, “sənin haqqında Gəncə şəhər üzrə lahiyə rəhbəri isgəndərov Elşən mənfi rəy yazıb göndərib, ona görə də sənin əmək müqaviləni artırmamışıq və buna ayrı heç bir səbəb lazım deyil, əgər aranızda anlaşılmazlıq varsa, İsgəndərov Elşən sənin haqqında yenidən bizə rəy yazsın göndərsin, biz səni işə qəbul edək” . İddiaçı məsələni İsgəndərov Elşənə bildirərək xahiş etmişdir ki, “mənim 3 azyaşlı balam var, məni işsiz qoymayın, səhvim olubsa, bagışlayın məni və mənim haqqımda yenidən rəy yazın, göndərin, əmək müqaviləmi artırsınlar”. İsgəndərov Elşən cavab olaraq ona “ kadrlar kimdi ki, mənə göstəriş verir, mənə ancaq rəhbərim desə, mən həmin rəyi deyişə bilərəm “ demişdir. İddiaçı bildirir ki, artıq 5-ci ildir nöqsansız və problemsiz gözətçi işləyirdi. O eyni zamanda bildirir ki, Gəncə şəhər üzrə lahiyə rəhbəri İgəndərov Elşən işçilərlə pis davranır və öz vəzifəsindən istifadə edərək ona şər böhtan atıb, onun haqqında yalan, əsassız rəy yazaraq Gesco ASC mühafizə şirkətinə göndərib. İddiaçı qeyd edir ki, həmin məsələ ilə baglı 8 dəfə Gesco ASC Mühafizə şirkətinə online müraciət etmiş, lakin cavab verməmişlər. Daha sonra məsələ ilə baglı Gesco ASC şirkətini sifariş verən Peşə Təhsil Aqentliyinə müraciət etmiş, ona cavab olaraq bildirmişlər ki, “müraciətinizlə bağlı müvafiq şirkətlə danışıqlar aparılmış və məlum olmuşdur ki, xidmətdə səhlənkarlıq etdiyiniz, həmçinin xidməti vəzifənizə məsuliyyətlə yanaşmadığınız üçün dəfələlərlə sizə xəbərdarlıq olunub. Lakin siz tərəfdən xidməti vəzifənizə münasibətdə dəyişiklik olmağı üçün əmək müqaviləniz uzadılmamışdır. İddiaçı məsələ ilə bağlı Mediyasa təşkilatına müraciyət etmişdir. İddiaçı bildirir ki, xx.xx.2023-cü il tarixində Gəncə Şəhər 1 saylı mediasiya keçirilməli idi, lakin Gəncə şəhər üzrə lahiyə rəhbəri iştirak etmədi və bildirib ki,Gəncədə Gesco ASC-nin filial ofisi olmadığı üçün o, səlahiyyətsizdir. Nəticədə Gəncə 1 saylı mediasiya təşkilatı məsələni Bakı Şəhər 8 saylı mediasiya təşkilatına yönəltmişdir. İddiaçı xahiş etsə də, Gəncə Şəhər lahiyə rəhbəri X2 iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə 8 saylı Mediasiya prosesi keçirilmiş, Gesco ASC şirkətinin 2 nümayəndəsi bildirmişlər ki, Əhmədov X1 Elşənə qarşı kobudluq etdiyi üçün onun əmək müqaviləsinin müddəti artırılmamışdır. Məhkəmə iclası barədə İddiaçı məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia tələbini müdafiə etmiş, maddi çətinliklərə görə növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - 014139 №-li əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC ilə (X3 şəxsində) İddiaçı arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, İddiaçı Cavabdeh ASC-də mühafizə departamentində müddətli əmək müqaviləsi əsasında, 300 AZN əmək haqqı almaqla mühafizəçi vəzifəsində çalışmışdır. - xx.xx.2023-cü il tarixli, 17/K №-li əmrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə, müddətin bitməsi ilə əlaqədar olaraq, AR ƏM - nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir və 11 gün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi barədə göstəriş verilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığınan görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı bank hesabına 3698.72 AZN ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı xidmətdə səhlənkarlıq etdiyi, həmçinin xidməti vəzifəsinə məsuliyyətlə yanaşmadığı üçün dəfələrlə xəbərdarlıq edilmiş, lakin onun tərəfindən xidməti vəzifəsinə münasibətdə dəyişiklik olmadığı üçün əmək müqaviləsi uzadılmamışdır. - “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən” görünür ki, İddiaçı Cavabdeh ASC ilə bağlanmış əmək müqaviləsinə 05 yanvar 2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş, bu barədə bildiriş həmin tarixdə sistemə daxil edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ASC-də mühafizəçi vəzifəsində işə qəbul edilmiş, bu barədə tərəflər arasında xx.xx.2022-ci il tarixdə 1 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.2023-cü il tarixli, 17/K №-li əmrlə qeyd edilən əmək müqaviləsinə, AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilmişdir. Hazırda İddiaçı işə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən «Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, mülki işin araşdırılmış hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş və 1 ay müddətinə bağlanmışdır. Müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən müqaviləyə xitam verilmişdir. Bu səbəbdən məhkəm hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İddia ərizəsinin dəlillərinə münasibət bildirən məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinə əsas iddiaçının göstərdiyi hallar deyil, müqavilənin müddətinin bitməsi olmuşdur. Beləliklə, işəgötürən qanunvericiliyin tələbinə və əmək müqaviləsinin şərtlərinə uyğun olaraq onunla əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1780/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1780/2023
07.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver