Məhkəmə qərarları › İş №e-2(005)-1799/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1799/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1799/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “siyahıdan çıxarılma barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “siyahıdan çıxarılma barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2020-ci il tarixli F-222 nömrəli əmrinə dəyişikliyin edilməsi barədə xx.xx.2024- cü il tarixli 3-29/3-2- 589F/2024 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Azərbaycan Respublikası Elm vəTəhsil nazirinin xx.xx.2020-ci il tarixli F-222 nömrəli əmrində edilmiş dəyişikliyə əsasən, iddiaçının adı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” məzunları siyahısından çıxarılmışdır. Hesab edirəm ki, cavabdehin adı çəkilən əmri tamamilə qanunsuzdur və ləğv edilməlidir. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil naziri X2, o cümlədən Bakı Mühəndislik Universiteti X4 arasında 15 nömrəli, 22 may 2020-ci il tarixli üçtərəfli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində “İstanbul Universiteti” ali təhsil müəssisəsinin doktoranturasında təhsil almaq hüququ əldə etmiş, Bakı Mühəndislik Universiteti isə təhsilini başa çatdıqdan sonra Proqram iştirakçısı ilə – iddiaçı ilə əmək müqaviləsi bağlamağa razılıq vermişdir. Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli F-222 nömrəli əmri ilə Proqram çərçivəsində iddiaçının Türkiyə Respublikasının “İstanbul Universitesi” ali təhsil müəssisəsində doktorantura təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdu. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” üzvü olaraq doktorantura məzunu oldu. Bakı şəhərinə qayıtdıqdan sonra müvafiq iddiaçı ilə “Bakı Mühəndislik Universiteti” X11i arasında xx.xx.2023-cü il tarixli 2797 nömrəli əmək müqaviləsi bağlanılmışdır. Lakin dövlət proqramı müqaviləsinin 3.5.20ci maddəsində qeyd edildiyi: “Tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 (on) təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 (beş) il (öhdəlik müddəti) fasiləsiz pedaqoji fəaliyyət göstərmək” tələbi də Bakı Mühəndislik Universiteti tərəfindən pozulmuşdur. Belə ki, iddiaçı ilə 5 illik fasiləsiz əmək müqaviləsi bağlanması gərəktiyi halda BMU rəhbərliyi mənimlə sadəcə 9 ay 15 günlük (xx.xx.2023-xx.xx.2024-ə qədər) və Üçtərəfli müqaviləyə (o cümlədən spesifik olaraq Üçtərəfli müqavilənin hər hansı bir maddəsinə) heç bir istinadın olmadığı standart formada əmək müqaviləsi bağlamışdır. Qeyd edir ki, həmin müqavilənin 7.1-ci maddəsində qeyd edilir ki, “Tərəflərdən hər hansı biri Müqavilənin şərtlərini pozduqda, həmçinin bu Müqavilənin 8.2-ci bəndində göstərilən hallarda Müqaviləni vaxtından əvvəl ləğv edə bilərlər. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəflərə yazılı bildiriş göndərir. Müqavilənin ləğvi haqqında bildirişi alan tərəflər həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində digər tərəfə cavab ünvanlamalıdır” tələbi də həm Elm və təhsil nazirliyi həm də Bakı Mühəndislik Universiteti tərəfindən dəfələrlə pozulmuşdur. Bununla bağlı olaraq, həmin müqavilədə nəzərdə tutulan müvafiq maddənin tələbinə tam riayət etmişdir. Bakı Mühəndislik Universiteti müqavilə öhdəliklərini pozmağa davam etdiyi halda əmək müqaviləmə xitam verməsini xahiş etmişdir. Ərizələrinə Bakı Mühəndislik Universiteti tərəfindən heç bir reaksiya verilmədiyindən, Əmək Məcəlləsinin 69.2-ci maddəsinə uyğun olaraq qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə 1 (bir) təqvim ayı boyunca əmək fəaliyyətinə davam edib sonra işə çıxmadı. Bakı Mühəndislik Universiteti rektoru iddiaçının əmək müqaviləsinə tələbi əsasında deyil, qanunun tələblərinə zidd olaraq xx.xx.2024-cü il tarixli 0360 nömrəli əmr imzalayaraq, Əmək Məcəlləsinin 70-cimaddəsinin ‘ç’ bəndi ilə əsassız xitam vermişdir. Bundan sonra, Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2020-ci il tarixli F-222 nömrəli əmrində edilmiş dəyişikliyə əsasən, iddiaçının adı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” məzunları siyahısından çıxarılıb. Eyni zamanda həmin əmrdə iddiaçının təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görülməsi göstərilmişdir. Əmr xx.xx.2024-cü il tarixli, 3-xx-xx-2682 nömrəli təqdimat, Bakı Mühəndislik Universitetinin xx.xx.2024-cü il tarixli, 01/0447 nömrəli məktubu əsasında qəbul edilmişdir. Qeyd edir ki, iddiaçı Bakı Mühəndislik Universiteti X8 rektorunun qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə də müraciət etmişdi. Araşdırma zamanı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə xitam verildiyi qənaətinə gəlinərək, rektor barəsində inzibati protokol tərtib edilmişdir. Eyni zamanda “Bakı Mühəndislik Universiteti” X8 rektorunun imzaladığı xx.xx.2024-cü il tarixli 0360 nömrəli əmrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdi. e-2(012)-4896/2024 saylı iş üzrə məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi qanunsuz əmri ləğv edəcəklərini bildirərək, məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Sonradan cavabdehin nümayəndəsi, xx.xx.2024-cü il tarixli 0360 nömrəli əmrin ləğv edilməsi, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən ləğv edilməsinin təmin edilməsi, əmək kitabçasında edilmiş xx.xx.2024-cü il tarixli 04 nömrəli qeydin etibarsız hesab edilməsi barədə “Bakı Mühəndislik Universiteti” X8 rektorunun imzaladığı 03 dekabr 2024-cü il tarixli 0854 nömrəli əmri məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş qanunsuzluq aradan qaldırıldığından verildiyi iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatətinə əsasən Abşeron Rayon Məhkəməsinin e-2(012)-4896/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmış və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmışdır. Yəni, Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli F-222 nömrəli əmrə dəyişikliyin edilməsi barədə xx.xx.2024cü il tarixli 3-29/3-2-589F/2024 nömrəli əmrinin verilməsinə əsas olmuş “Bakı Mühəndislik Universiteti” X8 rektorunun imzaladığı xx.xx.2024-cü il tarixli 0360 nömrəliəmr ləğv edilmişdir. Azərbaycan Respublikası elm və təhsil naziri Bakı Mühəndislik Universiteti X11 ilə aralarında olan mübahisə üzrə məhkəmənin nəticəsini gözləmədən, hüquqlarını pozan qanunsuz əmr vermişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X3 yazılı vəsatət təqdim edərək, bildirmişdir ki, iddia tələbindən və iş materiallarından aydın olur ki, iddiaçı məhkəmə aidiyyətinı pozmaqla inzibati məhkəməyə müraciət etmişdir. Mübahisənin predmetindən göründüyü kimi, iddiaçının tələbi inzibati orqan tərəfindən verilən əmrin (inzibati aktın) ləğv edilməsi ilə bağlıdır. İddiaçı iddia ərizəsində tələbin əsası kimi əmək müqaviləsi üzrə yaranmış mübahisə ilə əlaqələndirmişdir. Lakin, nəzərə almaq lazımdır ki, əmək müqaviləsi ilə bağlı mübahisəyə Abşeron Rayon Məhkəməsində araşdırılmış və mübahisə öz həllini tapmışdır. Bildirirlər ki, hazırkı tələb iddiaçının Dövlət Proqramından xaric edilməsi ilə bağlı verilmiş əmrdir, yəni inzibati aktdır. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı Elyar oğlunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “ETN-nin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-589F/2024 nömrəli əmrinin ləğv edilməsi baradə” iddia ərizəsini məhkəmə aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq cavabdehin vəsatətinə etiraz edərək, Azərbaycan Respublikası elm və təhsil nazirinin mübahisələndirilən xx.xx.2024-cü il tarixli 3-29/3-2-589F/2024 nömrəli əmrinin verilməsinə əsas olmuş təqdimatda göstərilmiş “Bakı Mühəndislik Universiteti” X8 rektorunun imzaladığı xx.xx.2024-cü il tarixli 0360 nömrəli əmr ləğv edilmişdir. İşin faktiki hallarını qısaca ardıcıllıqla sadaladıqda aydın olur ki, tərəflər arasında müqavilə bağlanıb, həmin müqavilə əsasında iddiaçı öhdəliyini yerinə yetirərək, xaricdə təhsil alıb gəlib, sənədlərini təqdim edib, işə düzəlib, sonra da fəaliyyəti ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq müqavilədə nəzərdə tutulmuş öhdəliklərin (həmin işdə) cavabdeh tərəfindən pozulmasına, həmçinin qanunsuz əmr verilməsinə görə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı hazırki iş üzrə qanunsuz əmrin verilməsinə əsas olmuş, digər iş üzrə qanunsuz əmr həmin cavabdeh tərəfindən ləğv etmişdir. Mübahisləndirilən əmr inzibati akt sayıla bilməz. Çünki məzun siyahısına adının daxil olması İddiaçı, Azərbaycan Respublikasının Elm və Təhsil naziri X2, Bakı Mühəndislik Universiteti X4 arasında bağlanmış, bərabər hüquqlu üçtərəfli müqavilə öhdəliyindən irəli gəlir. Həmin əmr müstəqil qərar deyil, müqavilə öhdəliklərinin yerinə yetirilməsinin ayrılmaz hissəsidir. İddiaçı müqavilə şərtlərinə əməl edərək xaricdə təhsil almış, təhsilini müvəffəqiyyətlə başa vurmuş, qayıtdıqdan sonra sənədlərini təqdim edərək diplomunu tanıtdırmış, əmək müqaviləsi bağlayaraq öhdəliyini yerinə yetirmişdir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-58-ci maddələrində inzibati akta dair tələblər göstərilmişdir. Mübahisləndirilən əmrdə həmin tələlərin heç biri mövcud deyil. Göründüyü kimi cavabdehin əmrinin ləğv edilməsinə dair iddia tələbi inzibati və ictimai (publik) hüquq münasibətləri ilə əlaqəli deyil, məhz xüsusi hüquq müqaviləsindən irəli gələn münasibətlərlə əlaqəlidir. Beləliklə Elm və Təhsil nazirinin xx.xx.2024-cü il tarixli 3-29/3-2-589F/2024 nömrəli əmrinin qəbul olunmasına əsas üçtərəfli müqavilə münasibətləri olduğundan, həmin əmrin ləğv edilməsinə dair mübahisə də mülki icraat qaydasında aparılmalıdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X3 yazılı etirazın dəlilləri ilə eyniməzmunlu izahat verib, vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, xitam verir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, eyni zamanda “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” həmin iddia tələbinə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən aidiyyəti üzrə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin dəlillərinə əsasən iddiaçı tərəfindən hazırda mübahisələndirilən hal ondan ibarətdir ki, o, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş əmrin (siyahıdan çıxarılma ilə bağlı) ləğv edilməsini xahiş edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarının 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 4-cü bəndinə əsasən, İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh özünün ümumi (publik) hüquqlarından çıxış edərək, iddiaçının adının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə proqramı məzunları siyahısından çıxarmış, iddiaçı isə dövlət orqanının bu hərəkətlərinin qanunsuz olduğunu bildirərək, həmin inzibati aktın, yəni əmrin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı müvafiq ərizə ilə cavabdehin özünə müraciət edə bilər və onun müraciəti müsbət həll olunmadığı təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “siyahıdan çıxarılma barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “siyahıdan çıxarılma barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırki tələb üzrə inzibati məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar