Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1834/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DİN DQ tərəfindən verilmiş xx.xx.1998-ci il və xx.xx.1999-cu il tarixli bildirişlərin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə sənədlərin ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4483/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, icraata qəbul edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-611/2024 saylı mülki iş üzrə yenidən kassasiya şikayəti verilmiş və Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-812/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata götürülmüşdür. Ərizəçinin əlavə qətnamənin qəbul olunmasından imtina olunması və bu səbəbdən məhkəməyə yenidən müraciət etmək hüququnun olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından görünür ki, Ərizəçi 2(103)-3974/2024 saylı iş üzrə əlavə qətnamənin qəbul edilməsi barədə ərizəsi təmin olunmamışdır. Qərardadda qeyd edilmişdir ki, Ərizəçi izah olunsun ki, o, həmin ərizədə göstərildiyi halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən verilə biləcək kassasiya şikayətində göstərə bilər. Göründüyü kimi hazırda ərizəçinin mübahisələndirdiyi “sənədlərin şəxsə məxsusluğuna” dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsində göstərilən (DİN DQ-nin xx.xx.1998-ci il tarixli, 30/21 №-li və xx.xx.1999-cu il tarixli, 19/299 №-li bildirişlərinin, MN MHH-nın xx.xx.1993cü il tarixli, 296 №-li arayışının ərizəçiyə məxsus olması barədə) məsələyə artıq baxılmış və tərəfə kassasiya şikayəti vermək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 153.2.2 və 153.2.4-cü maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5 və 153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, eyni məsələ üzrə məhkəmə qətnaməsi mövcud olduğu halda, tərəf yenidən eyni ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, tərəf yalnız həmin qətnamədən şikayət vermək hüququna malikdir. Ərizəçi tərəfindən qeyd edilən mülki iş üzrə yenidən kassasiya şikayəti verilmişdir və iş hazırda kassasiya icraatındadır. Göründüyü kimi ərizəçi eyni tərəf, eyni predmet, eyni əsaslarla mübahisəyə dair müvafiq məhkəmə qətnamələri olmasına və iş üzrə icraatın hələ yekunlaşmamasına baxmayaraq, yenidən məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın tanınmasını xahiş edir. Müvafiq ərizənin icraata qəbul edilməsi isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilir. Məhkəmə ərizəçinin mülki işin eyni hakimin icraatına yazılması etirazı ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın 180-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu iki və daha çox hakim olan məhkəmlərdə hakimlər arasında işlərin bölüşdürülməsi bu sistem vasitəsilə təsadüfi və avtomatik şəkildə elektron qaydada həyata keçirilir. Bu zaman sistemdə icraat növlərinin fərqləndirilməsi və cari ildə hakimlərin icraatına verilən işlərin sayı nəzərə alınmaqla işlərin bərabər bölüşdürülməsi təmin edilir. Hakimin xəstəliyi, ezamiyyətdə və ya məzuniyyətdə olması onun işlərin bölüşdürülməsində iştirakını istisna edir. Həmin Təlimatın 180-2-ci maddəsinə əsasən geri qaytarılmış və ya baxılmamış saxlanılmış işlərlə bağlı təkrar məhkəməyə müraciət edildikdə, sistem vasitəsilə həmin işlərin cari ildə icraatına verilən işlərin sayı nəzərə alınmadan işi geri qaytarmış və ya baxılmamış saxlamış hakimə (işə kollegial formada baxıldıqda sədrlik edən hakimə) verilməsi təmin edilir. Məhkəmə ərizəçinin dəfələrlə eyni tələblə məhkəməyə müraciət etməsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 174.5-ci maddəsinə görə məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Qeyd edilməlidir ki, mahiyyəti üzrə baxılmış iddia tələbi ilə bağlı məhkəməyə dəfələrlə müraciət edilməsi Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinin işdə iştirak edən şəxslərin, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olması barədə tələbi ilə bir araya sığmır. Lakin məhkəmə mövcud vəziyyətdə təkrarən eyni iddia ərizəsinin verilməsinin hüquqlardan suiistifadə olduğunun ərizəçinin nəzərinə çatdırılmasını məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 153.3 və 153.4-cü maddələrinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah edilsin ki, yenidən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etdiyi halda barəsində cərimə tətbiq edilməsi məsələsinə baxılacaqdır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1834/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1834/2025
17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver