Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1835/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil, Cavabdeh Azərbaycan İdman Akademiyasının nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan İdman Akademiyasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan İdman Akademiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan İdman Akademiyası” X8 İddiaçı barəsində verdiyi xx.xx.2024-cü il tarixli, 3-19-14/3-1-148/2024 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, ötən müddət üçün almadığı əmək haqqının, digər ödənclərin (məzuniyyət pulu və s.) verilməsi, 5000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə xərcləri kimi 60 manat mediasiya üçün ödənilmiş rüsumun və 300 manat vəkilin xidmət haqqı kimi ödənilmiş pulun iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi, İddiaçı ilə müsabiqə keçirilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun qızı İddiaçı 2010-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş və Akademiyanı bitirdikdən sonra, həmin ilin oktyabr ayının 19-da X12 Kafedrasına laborant vəzifəsinə qəbul edilmişdir. 14 ildən artıq müddət ərzində qeyd edilən vəzifədə işləmiş, işini vicdanla, layiqincə, bacarıqla görmüş, hər hansı nöqsanı olmamış, kollektivin, eyni zamanda tələbələrin rəğbətini qazanmışdır. 450 manatlıq əmək haqqı ilə çətinliklə də olsa, bir tək oğul övladını təkbaşına böyütməyin öhdəsindən gəlmiş, başqa heç bir yerdən hər hansı gəliri olmamış, halal əmək haqqısı ilə dolanmışdır. xx.xx.2024-cü il tarixdə Güneli kafedraya çağırıb bildirmişlər ki, Akademiyanın yeni strukturunun yaradılması ilə bağlı xəbərdarlıq olunursuz, narahat olmayın, boş şeydi, işlə təmin ediləcəksiz. xx.xx.2024-cü il tarixdə qızına xx.xx.2024-cü il tarixli xəbərdarlıq təqdim edərək məcbur etmişlər ki, öncəki tarixlə, yəni xx.xx.2024-cü il tarixi ilə onu imzalasın (həmin günü noyabr ayının 17-si idi). Qızı da öncəki tarixlə xəbərdarlığı imzalamışdır. Qızı ilə yanaşı əlavə 6 nəfər işçiyə ünvanlanmış və insan resursları şöbəsinin müdiri tərəfindən imzalanmış həmin xəbərdarlığın mətnində göstərilir ki, “xx.xx.2025-ci il tarixdən Akademiyanın yeni strukturuna uyğun kadr potensialının formalaşdırılması məqsədi ilə xx.xx.2024-cü il tarixdən sizinlə bağlanmış əmək müqaviləsi ləğv ediləcək. Əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən həyata keçiriləcək. Əlavə olaraq nəzərinizə çatdırılır ki, xx.xx.2024-xx.xx.2024 tarixədək hər iş həftəsində iş axtarmağa imkan yaradılması məqsədi ilə sizə əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad bir iş günü verilir. Həftə ərzində bu iş günü bilavasitə rəhbərinizin razılığı ilə seçilir”. Düşündürücü məqam ondan ibarətdir ki, xəbərdarlıqda Əmək Məcəlləsinin 77-ci maddəsinə (işçilərin sayı və ya ştatları ixtisarı) istinad edilsə də, xəbərdarlığın mətnində 1 cümlə də olsun hər hansı ixtisardan yazılmır, xəbərdarlıq yeni kadr potensialının formalaşdırılması ilə əlaqələndirilir. Bundan sonra işəgötürmə komissiyası xx.xx.2024-cü il tarixdə qızı ilə müsabiqə keçirir. Müsabiqədə verdikləri sualların hər hansı biri onun işi, əmək fəaliyyəti ilə və ixtisası ilə bağlı olmamışdır. Yaranmış vəziyyətdə sıxıldığı üçün qızı kövrəlib,ağlamışdır. xx.xx.2024-cü il tarixdə mail ilə məlumat daxil olmuşdur ki, müsabiqədən keçməmisiniz. Eyni zamanda mübahisləndirilən xx.xx.2024-cü il tarixli əmrdə göstərilir ki, kadr potensialının formalaşdırılmasına dair işə qəbul komissiyasının qərarı nəzərə alınmışdır. Akademiya kimin adamı var onu işdə saxlamış, kimin adamın yoxdursa işdən çıxarmışlar. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan X1 Günel Fizuli qızının əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi ilə bağlı Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla ciddi qanun pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan İdman Akademiyasının yeni strukturunun təsdiqi haqqında xx.xx.2024-cü il tarixli əmr vermişdir. Bunun əsasında İdman Akademiyasının xx.xx.2024-cü il tarixli əmri verilmişdir. Bu əmrdə hansı ştatların ixtisara düşməsi barədə heç bir göstəriş və qeydlər yoxdur. Buna baxmayaraq, xx.xx.2024-cü ildə qızı İddiaçı xəbərdarlıq verilmişdir ki, Sizin tutduğununuz vəzifə ştatı ixtisara düşmüşdür. Belə bir halda işəgötürən tərəfindən qabaqcadan ixtisar ilə bağlı əsaslandırılmış sənədlər əlavə edilməklə həmin müəssisənin X3 yazılı təqdimat yazmalı və bu ümumi şöbədən qeydiyyatdan keçməli idi. Bundan sonra ən geci 10 gün ərzində HİK-də baxılmalı və əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu proseslər keçirilməmişdir, əgər keçirilsəydi qızı HİK-ə dəvət olunaraq iclasda iştirak edərdi. Keçirməməyin əsas səbəblərindən biri də “Məşğulluq haqqında" 29 iyun 2018-ci il tarixli qərarına əsasən HİK-də həmin təşkilata yazılı məlumat verməli, birgə məsləhətləşmələr aparılmalı, ixtisara düşən işçilərin hüquqları və mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulardı. Onun qızı İddiaçı işlədiyi dövrdə hər ay əmək haqqından 14 % gəlir vergisi, 3% sosial sığorta ödənişi, 2 % tibbi sığorta ödənişi, 0.5 % işsizlikdən sığorta ödənişi və Həmkarlar İttifaqı üzvlüyü üçün 2 % haqq tutulmuşdur. İldə bir dəfə HİK tərəfindən qızına mükafat verilmişdir. Əgər HİK-in ixtisarla bağlı rəyi olsa idi, əmək müqaviləsinə xitam verilməsi ilə barədə əmrdə buna istinad edilmiş olardı. Cavabdeh Azərbaycan İdman Akademiyasınin nümayəndəsi X10 iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2024-cü il tarixli, 253 №-li qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində publiki hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil olunmuşdur. Akademiyanın yeni strukturunun təsdiqi haqqında Azərbaycan Respublikası Gənclər və idman Nazirinin 07 noyabr 2024-cü il tarixli 3-19/3-1-392-2024 №-li əmri və Akademiyanın rektorunun 14 noyabr 2024-cü il tarixli 3-19-14/3- 1-R-152/2024 №-li əmrinə uyğun olaraq 01 yanvar 2025-ci il tarixindən Akademiyanın yeni strukturuna uyğun kadr potensialının formalaşdırılması nəzərdə tutulmuşdur. Buna uyğun olaraq 15 noyabr 2024-cü il tarixində iddiaçıya əmək müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq göndərilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinə istinad edilməsi artıq işçilərin sayının və ya ştatların ixtisarı ilə bağlı prosedurun başladığını göstərir. Xəbərdarlıq mətnində ixtisar ifadəsinin açıq şəkildə qeyd olunmaması məzmunla bağlı bir yanaşmadır, lakin bu, ixtisarın hüquqi əsasını və nəticələrini dəyişmir. Yeni kadr potensialının formalaşdırılması ixtisarı istisna etmir. Belə ki, cavabdeh əvvəlki strukturu dəyişərək yeni tələblərə uyğunlaşdıra bilər və bu çərçivədə işçi sayını azalda bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq xəbərdarlığın mətnində xəbərdarlıq müddəti ərzində hər iş həftəsində iş axtarmağa imkan yaradılması məqsədilə iddiaçıya əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad bir iş günü verildiyi qeyd olunmuşdur. İddiaçı ərizəsində 17 noyabr 2024-cü il tarixində kafedraya çağırıldığını, Akademiyanın yeni strukturunun yaradılması ilə bağlı ona xəbərdarlıq edildiyini və 15 noyabr 2024-cü il tarixli xəbərdarlığın təqdim olunaraq arxa tarixdə imzalamağa məcbur edildiyini iddia etsə də, bu iddialarını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi məlumatların Akademiyanın nüfuzuna xələl gətirmək məqsədi daşıdığı qənaətinə gəlmək olar. Çünki o, iddialarında əsassız məlumatlara yer verməklə, Akademiyanın əmək münasibətləri çərçivəsində qanunvericiliyin tələblərinə uyğun apardığı fəaliyyətini şübhə altına almağa çalışmışdır. Əgər iddiaçının bildirdiyi kimi, ona arxa tarixlə sənəd imzalamağa məcburiyyət yaradılmışdısa, bunu təsdiq edən konkret sübutlar – yazılı və ya elektron sənədlər, audio və ya video materiallar təqdim olunmalı idi. Lakin belə sübutların olmaması onun iddialarının yalnız fərziyyələrə əsaslandığını göstərir. Təqdim olunmuş sübutlar iddiaçının xəbərdarlığı tamamilə könüllü şəkildə və hər hansı zorakılıq və ya məcburiyyət olmadan imzaladığını göstərir. Heç bir fiziki və ya psixoloji təzyiqin mövcudluğu təsdiq olunmadığı üçün iddiaçının bu məsələ ilə bağlı irəli sürdüyü arqumentlər hüquqi baxımdan əsassızdır və sübuta yetirilməmişdir. xx.xx.2024-cü il tarixində Akademiyada video və səs qeydinin aparılması ilə daxili müsabiqə keçirilmişdir. Müsabiqədə hər bir işçiyə eyni cür münasibət göstərilmiş, bütün işçilərə çətinlik səviyyəsinə görə eyni məzmunlu suallar verilmişdir. İddiaçının ərizəsində qeyd edildiyi kimi, o, müsabiqə zamanı suallara uğurla cavab verə bilməmiş, əksinə, emosional reaksiya göstərərək ağlamışdır. Təbii olaraq, işəgötürmə komissiyası tərəfindən suallara cavab vermək əvəzinə belə bir emosional davranışın göstərilməsi müsbət qarşılanmamışdır. İddiaçının müsabiqədə “Özünü harada görürsən?” və “İngilis və rus dillərində sərbəst danışa bilirsənmi?” suallarının onun əmək fəaliyyəti və ixtisası ilə bağlı olmadığı barədə iddiasına gəldikdə, müsabiqə yalnız bu iki sual əsasında aparılmamışdır. İddiaçı müsabiqənin nəticəsindən razı qalmayaraq apelliyasiya kommisiyasına müraciət etmişdir. 5 fevral 2025-ci il tarixində iddiaçının iştirakı ilə keçirilən apelliyasiya iclasında iddiaçıya əmək münasibətində olduğu dövrü əhatə edən, fəaliyyət göstərdiyi sahə üzrə suallar ünvanlanmış, lakin verilən heç bir suala cavab verə bilməmişdir. Verilən sualların əsas məqsədi Akademiyanın yeni strukturunda çalışacaq işçilərin bilik və bacarıqlarını qiymətləndirmək olmuşdur. Akademiyanın bir sıra beynəlxalq təhsil müəssisələri ilə əməkdaşlıq etdiyi və ikili diplom proqramlarında iştirak etdiyi nəzərə alınaraq, işçilərin xarici dil biliklərinin yoxlanılması tamamilə əsaslı və legitim hesab edilir. İddia ərizəsində qeyd edilən “Akademiya kimin adamı varsa, onu işdə saxlayıb, kimin adamı yoxdursa, işdən çıxarıb” ifadəsi həqiqəti əks etdirmir. Akademiyada yüksək peşəkarlıq nümayiş etdirən kifayət qədər işçi heyəti mövcuddur və onların işdə qalmasının yeganə səbəbi şəxsi əlaqələr deyil, məhz bilik və bacarıqları olmuşdur. Bu cür iddialar yalnız Akademiyanın nüfuzuna deyil, uzun illər zəhmət çəkərək peşəkar nailiyyətlər qazanan və Akademiyanın keçmiş və gələcək uğurlarına töhfə verən işçilərin də nüfuzuna xələl gətirmək məqsədi daşıyır. 29 dekabr 2024-cü il tarixli, 3-19-14/3-1-148/2024 nömrəli əmrdə Akademiyanın yeni strukturuna uyğun olaraq, kadr potensialının formalaşdırılmasına dair yaradılmış işə qəbul komissiyasının qərarı nəzərə alınmışdır. İddiaçının əmək müqaviləsinə xəbərdarlığın təqdim edilməsindən yalnız 45 gün sonra xitam verilməsi ilə bağlı iddiasına münasibət bildirərək qeyd edilir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs – Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkili Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2024-cü il tarixli 253 nömrəli qərarı əsasında həyata keçirilmişdir. Bu çərçivədə Akademiyanın yeni strukturu Azərbaycan Respublikası gənclər və idman nazirinin 07 noyabr 2024-cü il tarixli 3-19/3-1-392-2024 nömrəli əmri və Akademiyanın rektorunun 14 noyabr 2024-cü il tarixli 3-19-14/3-1-R-152/2024 nömrəli əmri ilə təsdiqlənmişdir. Bu əmrlərin müvafiq tarixlərdə qüvvəyə minməsi nəticəsində strukturun tam formalaşması və hüquqi prosedurların tamamlanması müəyyən vaxt tələb etmiş, bu da xəbərdarlığın qanunvericilikdə nəzərdə tutulan müddətdən gec göndərilməsinə təsir etmişdir. Buna baxmayaraq, işçinin hüquqlarının qorunması tam təmin edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində onların yeni iş tapması üçün kifayət qədər vaxt ayrılmışdır. İddiaçının ərizəsində qeyd olunan “cavabdeh xəbərdarlıq adlandırdığı sənəddə xitam əmrinin xx.xx.2024-cü il tarixdə veriləcəyini yazsa da, daha irəli gedərək əmri bundan 2 gün əvvəl, xx.xx.2024-cü il tarixdə vermişdir” iddiasına münasibət bildirərək qeyd edilir ki, işçiyə verilən əmr Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Akademiyasının “Xitam haqqında” 29 dekabr 2024-cü il tarixli, 3-19-14/3-1- 148/2024 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Həmin əmrdə X12 kafedrasının laborantı İddiaçı xx.xx.2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi təsdiq edilmişdir. İddiaçının mövqeyinin əksinə olaraq, əmək müqaviləsinə 29 dekabr 2024-cü il tarixində deyil, təqvim ilinin sonuncu iş günü olan 30 dekabr 2024-cü il tarixində xitam verilmişdir. Digər tərəfdən, “Əgər xx.xx.2024-cü il qeyri-iş günü idisə, bunu növbəti iş günü də etmək olardı” iddiasına cavab olaraq bildirilmişdir ki ki, 2025-ci ilin ilk iş günü 06 yanvar tarixinə təsadüf edirdi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Akademiya rəhbərliyinin müvafiq əmrlərinə əsasən, Akademiyanın yeni strukturuna uyğun kadr potensialının formalaşdırılması prosesi 01 yanvar 2025-ci il tarixindən həyata keçirilməli olduğundan, əmək müqaviləsinə 06 yanvar 2025-ci il tarixində xitam verilməsi mümkün deyildi. Bu hal Akademiyanın fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə atılmış zəruri addım olmuşdur. Bütün bunlarla yanaşı, Bakı 2 saylı Mediasiya Təşkilatında keçirilən görüş zamanı iddiaçıya iki aylıq iş təklif edilmiş, həmin müddətdə yenidən dəyərləndirilə biləcəyi qeyd edilmiş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. İddiaçının 5000 manat məbləğində mənəvi zərərin ödənilməsinə dair tələbi hüquqi əsaslardan məhrumdur. Qanunvericilikdə göstərildiyi kimi, mənəvi zərərin məbləği yalnız ağlabatan və ədalətli olmalıdır. İddiaçının ərizəsində ona vurulan mənəvi zərərin əsaslandırılması aparılmamış, keçirdiyi mənəvi sarsıntı və iztirabların xarakteri, onların hansı konkret hadisələr və hallarla bağlı olduğu açıqlanmamışdır. Konkret iş üzrə iddiaçı mənəvi zərər tələbinin əsasını təşkil edən hallar barədə heç bir tutarlı dəlil təqdim etməmişdir. İddiaçı mənəvi iztirab keçirdiyini iddia etsə də, bunun hansı hüquq pozuntusu ilə əlaqəli olduğunu izah etməmiş, mənəvi sarsıntının mövcudluğunu və ağırlıq dərəcəsini təsdiqləyən sübutlar təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə (atası) iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ilə bağlanmış müqaviləyə əsassız olaraq qanunvericiliyin tələblərinə zidd xitam verilmişdir. Qızına köhnə tarixli məktubla yeni kadr strukturunun formalaşdırılması ilə bağlı xəbərdarlıq edilmişdir. Xəbərdarlıq müddəti gözlənilməmişdir. Xəbərdarlıqda Əmək Məcəlləsinin 77-ci maddəsinə istinad edilsə də, işçilərin və ya ştatların ixtisarı ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Onun işdən çıxarılacağı barədə heç bir məlumat verilməmişdir. İddiaçı öz vəzifəsini hər zaman layiqincə yerinə yetirmişdir. Həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq, onun da razılığı alınmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan İdman Akademiyasınin nümayəndəsi X10 bildirmişdir ki, Nazirlər Kabinetinin 13 may 2024-cü il tarixli qərarına əsasən “Azərbaycan İdman Akademiyası” X11 çevrilmişdir. Bu qərardan sonra təsisçi yanvar ayının 1-dən yeni strukturun formalaşdrılması ilə bağlı qərar qəbul etmişdir. Buna müvafiq olaraq isə yeni kadr sistemi formalaşdırılmağa başlanıldı. Müvafiq olaraq da bu barədə işçilərə xəbərdarlıq göndərilmişdir. Akademiyada hazırda yeni struktur formalaşdırılır və beynəlxalq layihələrdə iştirak edir. Bu məqsədlə işçilərin peşəkarlıq səviyyəsi yoxlanılıb, müsabiqə keçirilmiş və işçilərin bilikləri qiymətləndirilmişdir. Bilik səviyyəsi daha yüksək dərəcəyə sahib olanlara üstünlük verilmişdir. İddiaçının 11 illlik iş stajı var və iddiaçı müsabiqə zamanı ona ünvanlanmış sualllara tam şəkildə cavab verə bilməmişdir. İddiaçıya ünvanlanmış suallar onun işlədiyi dövrü əhatə edən məsələlər barəsində olmuşdur. İddiaçı komissiyadan keçməmiş və komissiyanın rəyinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında təqdim edilmiş: - xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən İdmanın oyun növləri kafedrasına laborant vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə işə qəbul edilmişdir; - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-19/3-1-392-2024 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan İdman Akademiyasının yeni strukturu təsdiq edilmiş və yeni strukturun xx.xx.2025-ci il tarixindən qüvvəyə minməsi qərara alınmışdır; - Azərbaycan İdman Akademiyasının xx.xx.2024-cü il tarixli, 3-19-14/3-1-R-152/2024 nömrəli “Akademiyanın yeni strukturunun təsdiqi haqqında” əmrinin surətindən görünür ki, Azərbaycan İdman Akademiyasının yeni strukturu icraya qəbul edilmiş və Akademiyanın yeni strukturuna uyğun kadr potensialının formalaşdırılması haqqında xəbərdarlığın işçilərin nəzərinə çatdırılması tapşırılmışdır. - Azərbaycan İdman Akademiyasının yeni strukturuna uyğun kadr potensialının formalaşdırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Akademiyanın yeni strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Republikası Gənclər və İdman Naziriliyinin xx.xx.2024-cü il tarixli 3-19/3-1-392-2024 nömrəli əmrini və Akademiyanın rektorunun xx.xx.2024-cü il tarixli, 3-19-14/3-1-R-152/2024 nömrəli əmrini əsas tutaraq, xx.xx.2025-ci il tarixindən Akademiyanın yeni strukturuna uyğun kadr potensialının formalaşdırılması məqsədilə xx.xx.2024-cü il tarixindən bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İddiaçı xəbərdarlıq edilmişdir; - Azərbaycan İdman Akademiyasının 3-19-14/3-1-R-163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan İdman Akademiyasının İşçilərinin işə qəbuluna dair Komisiyya yaradılmış və onun tərkibi təsdiq olunmuşdur; - xx.xx.2025-ci il tarixli, 3-19-14/3-1-188/2025 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan İdman Akademiyasının İşçilərin işə qəbuluna dair Apellyasiya Komisiyyası yaradılmış və onun tərkibi təsdiq olunmuşdur; - Azərbaycan İdman Akademiyası İşçilərin işə qəbuluna dair Apellyasiya Komisiyyasının xx.xx.2025-ci il tarixli iclasının 1 nömrəli protokolunun surətindən görünür ki, iclasda Komisiyyanın üzvləri tərəfindən əməkdaşlara müəyyən olunmuş meyarlar əsasında suallar verilmiş, İddiaçı vəzifəyə uyğun olmadığı qeyd edilmişdir; - Azərbaycan İdman Akademiyasının xx.xx.2024-cü il tarixli, 3-19-14/3-1-148/2024 nömrəli əmrinin surətindən görünür ki, işə qəbul komissiyasının qərarını nəzərə alaraq, İdmanın oyun növləri kafedrasının laborantı İddiaçı xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; - Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı tərəfindən 60 manat mediyasiya xərci ödənilmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Nərimanov Rayon Məhkəməsinə ünvanladığı sorğuya cavab məktubundan görünür ki, Azərbaycan İdman Akademiyası tərəfindən 2024-cü il üzrə ştatların və iş yerlərinin, habelə X12 kafedrasının laborant vəzifəsinin ixtisarı ilə bağlı Agentlikdə məlumat aşkarlanmamışdır; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025ci il tarixli məhkəmə sorğusunun cavablandırılması haqqında məktubdan görünür ki, “Azərbaycan İdman Akademiyası” PHŞ tərəfindən 2024-cü il üzrə ştatların və iş yerlərinin, xüsusilə X12 Kafedrasının laborant vəzifəsinin ixtisarı ilə bağlı məlumat aşkar edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda; Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; Maddə 77 (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi; Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir; Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X3 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər. Bu məlumat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron informasiya sistemi vasitəsilə təqdim edilməlidir. Əmək hüququnun əsas məqsədi, işçilərin hüquqlarının qorunması və ədalətli şəraitdə işləmələrini təmin etməkdir. Bu prinsiplərə əsaslanaraq, əmək müqaviləsinin ləğv edilməsi məsələsi, işəgötürənin və işçinin qarşılıqlı hüquq və öhdəliklərinin düzgün tənzimlənməsini tələb edir. Beləliklə, əmək müqaviləsinin ləğvi və ya ixtisar ilə bağlı məsələlər yalnız qanuni prosedurlara riayət edildiyi təqdirdə hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işəgötürən xx.xx.2024-cü il tarixli, 3-19-14/3-1-148/2024 nömrəli əmr ilə əsassız olaraq işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işçinin əmək müqaviləsini ləğv edərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbinlərinə əməl etməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı müvafiq X2 (HİK-in) üzvüdür. Belə ki, həmin faktın mövcudluğunu və həmkarlar ittifaqının razılığının alınmamasını cavabdehin nümayəndəsi məhkəmə iclasında təsdiq etmişdir. Belə olduğu təqdirdə, ƏM-nin 80.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, işçi ilə əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan əsasla ləğv edilməzdən əvvəl işçinin hüquqlarının qorunması və sosial tərəfdaşlıq prinsiplərinə, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi məqsədilə müəssisədə fəaliyyət göstərən HİK-in qabaqcadan razılığı alınmalı idi. HİK-in üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi və ya işdən azad edilməsi hallarında bu məlumatın vaxtında verilməsi işəgötürənin qanunvericiliklə nəzərdə tutulmuş mühüm bir öhdəliyidir. Həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, Azərbaycan İdman Akademiyası tərəfindən nə məşğulluq agentliyinə, nə də digər dövlət orqanlarına (məsələn, Əmək Müfəttişliyi Xidmətinə) heç bir məlumat verilməmişdir. Məhkəmə sorğusu nəticəsində bu orqanlardan verilən cavablarda, cavabdeh təşkilatda 2024-cü il üzrə ştatların ixtisarı barədə heç bir məlumatın olmadığı bildirilmişdir. Halbuki işçilərin sayının azaldılması və ya ştatların ixtisar edilməsi hallarında, işəgötürən müvafiq dövlət orqanına məlumat verməli, həmçinin müvafiq hüquqi prosedurlara əməl etməli idi. Hazırki iş üzrə, işəgötürən tərəfindən məlumat verilmədiyi və müvafiq prosedurlara əməl olunmadığı üçün işçinin hüquqlarının pozulduğu aşkardır. Qeyd olunmalıdır ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. Əgər ixtisar əsaslandırılmırsa, bu o deməkdir ki, işəgötürən ixtisar aparmaq hüququndan işçini işdən azad etmək üçün sui-istifadə etmişdir. “İşçilərin sayının ixtisarı” ilə “ştatların ixtisarı” bir-birindən fərqləndirilməlidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatın ixtisarı isə, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həyata keçirilən ixtisar əməliyyatı, əslində, vəzifə yerinin tam ixtisarını əhatə etməmişdir. Belə ki, ixtisarla əlaqədar olaraq əmək müqaviləsinin ləğvi və vəzifə yerinin boşaldılması müvafiq hüquqi prosedurlara və normativ aktlara uyğun həyata keçirilməlidir. Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən, işçinin əmək müqaviləsinin ləğv edilməsi və ya işdən çıxarılması yalnız müəyyən şərtlər daxilində mümkündür. Ştatların ixtisar edilməsi prosesi, yalnız həmin vəzifənin mövcudluğunun hüquqi baxımdan artıq zəruri olmadığı və ya iqtisadi səbəblərdən işəgötürənin həmin vəzifəyə olan tələbinin aradan qalxması hallarında həyata keçirilməlidir. İxtisar olunmuş vəzifə üzrə ştatlar saxlanılarsa, bu, müvafiq olaraq əmək qanunvericiliyinin tələblərinə ziddir. Çünki ixtisar yalnız həmin vəzifənin və ştatın artıq mövcud olmaması və ya iş yerində həmin vəzifənin funksiyasının yerinə yetirilməməsi halında baş verə bilər. Əgər ştat ixtisar edilmədiyi halda, vəzifə saxlanılırsa, əmək müqaviləsinin ləğv edilməsi hüquqi baxımdan əsaslı olmur. Hazırki iş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında bildirdiyinə görə cavabdeh təşkilatda labarantın funksiyalarını yerinə yetirən digər ştat açılmış və iddiaçıya həmin ştata müddətli əmək müqaviləsi ilə işə qəbul edilməsi təklif edilmişdir. Nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsinin, onların ləğv edilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2015-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Hazırki iş üzrə işəgötürən isə iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən yuxarıda sadalanan qanunvericilik normlarının tələblərinə riayət edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçının tutmuş olduğu vəzifənin ixtisara salınmış olması da müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz; belə ki, Əmək Məcəlləsinin 74cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçinin iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Məhkəmə iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, işçi işə bərpa edilərkən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin müəyyən edilməsində məhkəmə, iddiaçının tələbindən asılı deyildir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 71, 77, 80-cı maddələrin və digər normalarının tələbləri, bunun nəticəsində işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqları pozulmuşdur. Bu hal isə əmrin ləğv edilməsi və Əmək Məcəlləsinin 300-cü maddəsinə görə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə və ya iddiaçının razılığı ilə başqa vəzifəyə bərpa edilməsi üçün hüquqi əsasdır. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən yuxarıda sadalan qanunvericilik normalarının tələbləri pozulduğundan və bu hal əmrin ləğv edilməsi üçün əsas olduğundan, məhkəmə iddiaçının digər dəlillərinə münasibət bildirilməsini zəruri hesab etmir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının işlə təmin edilməyə, qazanc əldə etməyə ümid etməsi və müvafiq əmrlə əmək müqaviləsinin ləğv edilərək, işdən çıxarılma nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həmin müddət ərzində işdən məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 300 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Bu baxımdan mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmədiyindən və bu hal öz növbəsində Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına ictimai nəzarət qaydalarının və işçinin hüquqlarının pozulması ilə nəticələndiyindən cavabdehin xx.xx.2024-cü il tarixli, 3-19-14/3- 1-148/2024 saylı əmri ləğv edilməli və iddiaçı əvvəllər tutduğu “laborant” vəzifəsinə və ya razılığ ilə başqa vəzifəyə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı və işçiyə dəymiş mənəvi zərərin qarşılığı ödənilməlidir. İddiaçının digər ödənclərin, məzuniyyət pulu və s. ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, hər iki tərəfin izahatına əsasən işçiyə son haqq-hesab tam şəkildə ödənilmiş və müəssisənin işçiyə hər hansı borcu qalmamışdır. Bu baxımdan iddiaçı həmin hissədə iddia tələbini əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 60 manat məbləğində pul ödənilmişdir və cavabdeh mediasiya prosesində iştirak etmişdir. Bu baxımdan iddia həmin hissədə qismən təmin edilməli, mediasiya xərcinə görə 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.2-ci maddəsinə görə, hazırkı iddia ərizəsi üzrə 100 manat dövlət rüsumu tutulmalıdır. Bu mənada məhkəmə hesab edir ki, mediasiya xərci çıxıldıqdan sonra iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azərbaycan İdman Akademiyası” X8 (Azərbaycan İdman Akademiyasının) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-19-14/3-1-148/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı “Azərbaycan İdman Akademiyası” X9 əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə bərpa edilməli, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh “Azərbaycan İdman Akademiyası” X8 üzərinə qoyulmalı, cavabdeh “Azərbaycan İdman Akademiyası” X7 mənəvi zərərə görə 300 manat və mediasiya xərcinə görə 30 manat, cəmi 330 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul cavabdeh “Azərbaycan İdman Akademiyası” X7 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azərbaycan İdman Akademiyası” X8 (Azərbaycan İdman Akademiyasının) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-19-14/3-1-148/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı “Azərbaycan İdman Akademiyası” X9 əvvəlki vəzifəsinə və ya iddiaçının razılığı ilə başqa vəzifəyə bərpa edilsin. Cavabdeh “Azərbaycan İdman Akademiyası” X7 işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilsin. Cavabdeh “Azərbaycan İdman Akademiyası” X7 mənəvi zərərə görə 300 manat və mediasiya xərcinə görə 30 manat, cəmi 330 (üç yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul cavabdeh “Azərbaycan İdman Akademiyası” X7 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1835/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1835/2025
12.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver