Məhkəmə qərarları › İş №e-2(005)-1842/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1842/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1842/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X10” MMC-yə qarşı “müqavilələr üzrə öhdəliklərin icrası”tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: müqavilələr üzrə öhdəliklərin icrası) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "X8" nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “X10” MMC-yə qarşı “müqavilələr üzrə öhdəliklərin icrası” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları: İddiaçı ilə cavabdeh arasında podrat müqavilə münasibətləri əsasında bağlanmış 11 yanvar 2022-ci il tarixli Razılaşma müqaviləsinə əsasən İddiaçı cavabdeh "X8" MMC-i qarşısında İddiaçı ona məxsus, sənəd üzrə ümumi sahəsi 73.20 kv.m. , faktiki ümumi 73.20 kv.m və 103.76 kv.m. həyət sahəsi olan ünvan 1 ünvanda yerləşən mənzilinin sökülərək həmin ərazidə "X8" MMC tərəfindən inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi üçün cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürmüş, sonuncu isə ona yeni mənzil təhvil verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı ona məxsus, sənəd üzrə ümumi sahəsi 73.20 kv.m. , faktiki ümumi 73.20 kv.m və 103.76 kv.m. həyət sahəsi olan ünvan 1 ünvanda yerləşən mənzili iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş və sonuncu isə təhvil götürmüşdür. Qeyd edilən bina cavabdeh MMC tərəfindən inşa edilsə də, iddiaçı tərəf müqavilə üzrə öhdəlikləri icra etməməsini bildirərək mənzillərin MMC tərəfindən ona təhvil verilməməsini, təhvil verilməməklə bağlı cavabdehin müqavilə şərtlərini pozmasını bildirir və müqavilənin 8-ci bəndinə əsasən 50.000 (əlli min) manat təzminat ödənilməsini tələb edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdeh “X10” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 12 saylı (Dövlət) notariat ofisində aralarında bağlanmış müqavilənin tələblərinin cavabdeh tərəfindən pozulduğuna görə 50.000 (əlli min) manatın, dövlət rüsumuna görə tərəfindən dövlət büdcəsinə ödənilmiş 242 (iki yüz qırx iki) manatın və hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən Vəkil1 bank hesabına ödədiyi 300 (üç yüz) manat, cəmi 50.542 (əli min beş yüz qırx iki) manatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 12 saylı (Dövlət) notariat ofisində Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 aralarında “Razılaşma Müqaviləsi” bağlamışdır. Həmin müqavilənin 1-ci bəndinin tələbinə görə, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən sənəd üzrə ümumi sahəsi 73.20 kv.m., həyətyanı sahəsi 103.76 kv.m. olan fərdi yaşayış evini Cavabdehnə həmin evin və torpaq sahəsinin yerində yüksəkmərtəbəli, çoxmənzilli bina tikilməsi üçün təhvil verilməsi ilə bağlı müqavilə bağlamışdırlar. Həmin müqavilənin 4-ci bəndinin tələbinə görə, Cavabdeh MMC Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 87,10 kv.m. ibarət olan 1 (bir) ədəd 2(iki) otaqlı və ümumi sahəsi 94,7 kv.m olan bir ədəd 2 (iki) otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirli vəziyyətdə İddiaçı adına rəsmiləşdirilib təhvil verməyi öhdəsinə götürür“. Həmin müqavilənin 7-ci bəndinin tələbinə görə, “Müqavilənin müddəti birinci tərəfin ona məxsus mənzili təhvil verdiyi gündən 2 (iki) il nəzərdə tutulur. Bu müddət forsmajor hallarda tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər “. Həmin müqavilənin 8-ci bəndinin tələbinə görə, “Müqavilə imzalandıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəlarını pozarsa qarşı tərəfə 50.000 (əlli min) manat təzminat ödəməyi öhdəsinə götürür“. Eyni zamanda Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 və tərəfindən təsdiq edilmiş aktdan göründüyü kimi, mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən mənzili xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 təhvil vermişdir. Həmin akta işıq sayğacının, qaz sayğacının, su sayğacının qəbzləri əlavə olunmuş və həmin sayğacların son göstəriciləri əks olunmuşdur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən mənzili xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə təhvil vermişdir və həmin gündən halhazıradək öz hesabına kirayə haqqı ödəməklə kirayə tutduğu mənzildə ailə üzvlərim ilə birlikdə yaşayır. Cavabdehlə aralarında bağlanmış müqavilənin bağlandığı gündən 2 (iki) ildən artıq vaxt keçmişdir. Aralarında bağlanmış sözügedən müqavilənin 8-ci bəndinin tələbinə görə, bu müqavilənin müddəlarının tələbini pozan tərəf qarşı tərəfə 50.000 (əlli min) manat təzminat ödəməyi öhdəsinə götürmüşdür. 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 12 saylı (Dövlət) notariat ofisində aramızda bağlanmış “Razılaşma Müqaviləsi”nin tələbləri Cavabdeh MMC tərəfindən pozulmuşdur. Aralarında bağlanmış müqavilə tələblərinə riayət olunması ilə bağlı cavabdehə Xəbərdarlıq (pretenziya) göndərsə də bu günə kimi cavabdeh öhdəliklərini icra etməmişdir Bu səbəbdən cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmə qaydasında həll etmək məcburiyyətindədir. Azərbaycan Respublikası MPM-nin Vİİİ fəslinin tələblərinə müvafiq olaraq bu işə baxılması üçün dövlət rüsumuna görə tərəfindən dövlət büdcəsinə ödənilmiş 242 manat və bu işə görə hüquqi yardım göstərilməsi ilə bağlı fərdi qaydada fəaliyyət göstərən Vəkil1 bank hesabına ödənilmş 300 manat cavabdehdən tutularaq ona ödənilməlidir. b) Etiraz ərizəsinin dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə təqim edilməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Öz izahatında o bildirdi ki, müqavilə şərtlərinə əsasən cavabdeh mənzil ona təhvil verildikdən 2 il sonra yeni inşa edilmiş binada mənzil verməli idi. Lakin cavabdeh bu şərtə əməl etməmişdir. Tərəflər müqavilə bağlayarkən razılaşdırmışlar ki, hər hansı tərəf bu müqavilənin müddəlarını pozarsa qarşı tərəfə 50.000 (əlli min) manat təzminat ödəməyi öhdəsinə götürür. Yenə müqavilənin şərtlərinə əsasən, müqavilənin müddəti fors-məjor hallarda tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilərdi. Lakin cavabdeh cəmiyyətin iddiaçıya bu məzmunda müraciəti olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "X8" nümayəndəsi və vəkili Vəkil2 izahatında tikinti üçün icazənin gec verildiyini, eyni zamanda digər sakinlər ilə razılaşma müqavilərinin gec bağlandığını, bununla bağlı müqavilənin məhkəməyə təqdim edildiyini, mənzilin tikintisinin onlardan asılı olmayan səbəblərdən gecikdiyini bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materialları - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqıqnda Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi,ev 16, 7 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. - İddiaçı ilə "X8" MMC-nin nümayəndəsi X2 bağlanmış və 12 saylı Notariat Ofisi tərəfindən notarial qaydada təsdiq edilmiş 11 yanvar 2022-ci il tarixli Razılaşma müqaviləsinə aşağıdakı bəndlərinə əsasən

1. İddiaçı ona məxsus sənəd üzrə ünvan 6 ünvanda qeydiyyatda olan İddiaçı ona məxsus, sənəd üzrə ümumi sahəsi 73.20 kv.m, faktiki ümumi 73.20 kv.m. və 103.76 kv.m. həyət sahəsi olan ünvan 7 ünvanda yerləşən mənzilinin sökülərək həmin ərazidə "X8" MMC tərəfindən inşa ediləcək yüksək mərtəbəli, çoxmənzllli yaşayış binasının tikintisi üçün "X8" MMC-yə təhvil verir. 2.Tərəflər arasında hesablaşma aşağıdakı üsulla aparılır: (73.20+103.76/2)+20%=125.08+20%=150.10 kv.m.

3. Müqavilənin dəyəri 210,140 manat nəzərdə tutulur.

4. Təhvil verilən yuxarıda qeyd olunmuş mənzilin dəyərinin tam 210.140 (İki yüz on min bir yüz qırx) manat hissəsinin əvəzinə "X8” MMC Bakı şəhəri İ.Hidayətzadə 130 ünvanda inşa ediləcək yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 87.10 kv.m. ibarət olan 1 (bir) ədəd 2 (iki) otaqlı ve ümumi sahəsi 94.77 kv.m olan bir ədəd 2 (iki) otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirli vəziyyətdə İddiaçı adına rəsmiləşdirib təhvil verməyi öz öhdəsinə götürür.

5. Təmirin qiyməti "X9'MMC tərəfindən İddiaçı veriləcək mənzilin dəyərinə daxildir və hər kv.m. üçün 150 (yüz əlli) manat nəzərdə tutulub.

6. Gələcəkdə qeyd olunan mənzillə əlaqədar mülkiyyətçi İddiaçı ailə üzvləri və digər aidiyyatı şəxslər tərəfindən irəli sürüləcək hər hansı bir iddiaya mülkiyyətçi İddiaçı cavabdehdir.

7. Müqavilənin müddəti birinci tərəfin ona məxsus mənzili təhvil verdiyi gündən başlayaraq 2 (iki) il nəzərdə tutulur.Bu müddət fors-major hallarda tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər.

8. Müqavilə imzalandıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50.000 (əlli min) manat təzminat ödəməyi öhdəsinə götürür.

9. Bu müqavilə üzrə və bu müqavilədə nəzərdə tutulmamış hər hansı müddəa üzrə yarana biləcək mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həll edilir.

10. Bu müqavilə 3(üç) nüsxədən ibarət olmaqla. Azerbaycan dilində tərtib edilmişdir. Müqavilə notarial qaydada təsdiq edildikdən sonra 1 (bir) nüsxə notariat kontorunda qalır, digər 2(iki) nüsxə isə müqavilə tərəflərinə təqdim edilir. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı ona məxsus ünvan 3 ünvanda yerləşən mənzilini "X8” MMC-yə təhvil vermiş və "X8” MMC isə təhvil götürmüşdür. - AR Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli obyektin tikintisinə icazədən görünür ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 9 ünvanında tikintiyə icazə verilmişdir. - X3 ilə "X8" MMC-nin nümayəndəsi X4 arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli razılşama müqaviləsindən görünür ki, X3 ünvan 10 ünvanda yerləşən mənzili "X8” MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

Mülki işə tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Beləliklə, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

İşə baxan məhkəmənin mövqeyi:

İddiaçı 11 yanvar 2022-ci il tarixli Razılaşma müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin icra edilmədiyini bildirir. Müəyyən edilmişdir ki, iddiaçının 8-ci bənd üzrə üzərinə götürdüyü müqavilə şərtlərini yerinə yetirməməsi qəsdən deyil, obyektiv səbəblərdən baş verdiyindən bu onun tərəfindən müqavilənin qeyd edilən şərtinin kobud pozuntusu kimi qiymətləndirilmir. Belə ki, iş materiallarından olan olan X3 ilə "X8" MMC-nin nümayəndəsi X4 arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, X3 ünvan 10 ünvanda yerləşən mənzili "X8” MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda AR Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli obyektin tikintisinə icazədən görünür ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitsəi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 9 ünvanında tikintiyə icazə verilmişdir. Buradan görünür ki, iddiaçı ilə cavabdeh arasında müqavilə 11 yanvar 2022-ci il tarixində bağlanmış, iddiaçı tərəfindən mənzil həmin ayın 31-i təhvil verilmiş, lakin həmin ərazi üzrə tikintiyə icazə 14 oktyabr 2022-ci il tarixində verilmişdir, yəni tərəflər arasında müqavilə bağlandıqdan 9 ay sonra cavabdeh həmin ərazidə tikinti aparılması üçün icazə əldə etmişdir. Bundan başqa digər sakin ilə razılaşma müqaviləsi 12 sentyabr tarixində bağlanmışdır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, müqavilənin 8-ci bəndinə əks edilmiş “ müqavilə imzalandıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50000 manat təzmina ödəməyi öhdəsinə götürür” müddəası hər hansı pozuntunu deyil, tərəfin qərəzli şəkildə, təqsirli olaraq törətdiyi pozuntunu nəzərdə tutur. Məhkəmə tərəfindən araşdırılan dəlillərlə müəyyən edilmişdir ki, mənzil təhvil verildiyi müddətdən 2 il ərzində cavabdeh tərəfindən mənzilin təhvil verilməməsi cavabdehin iradəsindən kənar, onun təqsirinin olmadığı hallara – digər sakinlərlə razılıqların əldə edilməsi üçün əlavə vaxt tələb edildiyinə, binanın tikintisini başlamaq üçün müvafiq struktulardan razılıqlarının alınması və s. ilə əlaqədar olmuşdur. Məhkəmə hesab edir ki, bu halların mövcudluğuna baxmayaraq, cavabdehdən 50 min manat təzminatın tutulması, cavabdehin mənafeyinə uyğun gəlməməklə yanaşı, mülki hüququn ədalətlilik prinsipinə də zidd olmuş olar. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqı verilməsi nəzərdə tutulmamışdır, həmçinin də iddiaçı tələbinin bu hissəsinin əsaslandırılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh “X10” MMC-yə qarşı “müqavilələr üzrə öhdəliklərin icrası” tələbinə dair idida ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar