Məhkəmə qərarları › İş №e-2(005)-1861/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1861/2023

14.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1861/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh”-nə qarşı (Şəmkir rayonu İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh”nə qarşı “əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilməsi barədə Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 170 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki, yəni Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının və əmək haqqının hər gecikdirilmiş günü üzrə 1 faiz ödəncin ödənilməsi, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat, mediasiya xərci olaraq ödənilmiş 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 50 manat olmaqla, cəmi 300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Şəmkir Rayon İcra Başçısının xx.xx.2018-ci il tarixli 107 nömrəli əmri ilə Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işləyərkən hər hansı intizam məsuliyyətinə cəlb edilməmiş, cəza almamışdır. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixdə ŞRİH-in sabiq başçısı X3 iddiaçının iradəsinin əleyhinə olaraq əmək müqaviləsinə xitam verilməsinə dair işdən çıxması ilə bağlı ərizə yazıb imzalamağa onu məcbur etmişdir. Həmin məcburiyyət xx.xx.2014-cü il tarixdən hazırda da ŞRİH Başçısının köməkçisi vəzifəsində çalışan X2 xx.xx.2023-cü il tarixli ərizəsi ilə təsdiq edilir. Belə ki, xx.xx.2020-ci il tarixdə Alimpaşa Məmmədov köməkçisi X4 demişdir ki, İddiaçı zəng etsin və onun işdən öz istəyi ilə işdən çıxması barədə ərizə yazması ilə bağlı tapşırığını çatdırsın. Mahir Əliyev də sabiq başçının bu tapşırığını iddiaçıya bildirmişdir. Həmin ərizə əsas tutularaq ŞRİH sabiq başçısı Alimpaşa Məmmədovun xx.xx.2020-ci il tarix 170 nömrəli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndi ilə Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilmişdir. Aşağıdakı səbəblərə görə hesab edir ki, əmr əsassız və qanunsuzdur, bu səbəbdən ləğv edilməlidir. İddiaçı iradəsi əleyhinə işdən azad edilmişdir. İlk növbədə qeyd edir ki, iddiaçının əmək müqaviləsinin ləğv edildiyi xx.xx.2020-ci il tarixdə onun işəgötürəni ŞRİH sabiq başçısı Alimpaşa Məmmədov olmuşdur. Belə ki, “Məktəbəqədər təhsil haqqında” Qanunun 11.4.2-ci maddəsinə əsasən körpələr evi-uşaq bağçası məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisə növü hesab edilir. 15.3-cü maddəyə əsasən isə dövlət məktəbəqədər təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir. İddiaçının Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilməsi və azad edilməsi əmrlər verildiyi zaman qüvvədə olmuş “Qanunun tətbiqi barədə xx.xx.2017-ci il tarixli 1471 nömrəli Prezidentin Fərmanının 2.4-cü bəndinə əsasən Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən Qanunun 4.0.5-ci maddəsində nəzərdə tutulmuş dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi vəzifələrini yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirdi. Həmin Fərmanda dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 1501 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən, Qanunun 4.0.5 və 15.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hazırda Təhsil Nazirliyi həyata keçirir. Həmçinin, Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanının xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 3.12.4-cü bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edirdi. Qeyd edilən Əsasnamədə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən körpələr evi-uşaq bağçaları rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri dairəsindən çıxarılmışdır. Habelə, “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” xx.xx.2021-ci il tarixli 3058 nömrəli Prezidentin Sərəncamının 1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Göründüyü kimi, Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçası dövlət məktəbəqədər təhsil müəssisəsidir və xx.xx.2021-ci il tarixədək yerli icra hakimiyyəti orqanlarının tabeliyində olmuşdur, xx.xx.2021-ci il tarixdən etibarən isə Təhsil Nazirliyinin tabeliyindədir. Bu isə ondan xəbər verir ki, İddiaçının əmək müqaviləsinin ləğv edildiyi xx.xx.2020-ci il tarixdə onun işəgötürəni ŞRİH sabiq başçısı Alimpaşa Məmmədov olmuşdur. İşçi əmək müqaviləsini ləğvetməyə məcbur edilə bilməz. Qeyd edilməlidir ki, iddiaçı onun işəgötürəni - ŞRİH sabiq başçısı Alimpaşa Məmmədovun tapşırığına əsasən əmək müqaviləsini ləğv etməyə məcbur olmuşdur. Halbuki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bu baxımdan iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli, 170 nömrəli əmri Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin aşkar şəkildə pozuntusu ilə qəbul edilmişdir və həmin əmr ləğv edilməlidir. İşçiyə məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Bu baxımdan işçi əvvəlki Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməli və qanunsuz və əsassız olan xx.xx.2020-ci il tarixli, 170 nömrəli əmrin ləğv edilməsi barədə çıxarılacaq qətnamənin icra ediləcəyi anadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi təmin edilməlidir. İşçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının hər gecikdirilmiş günü üzrə 1 faiz ödənc verilməlidir. Eyni zamanda, məcburi iş buraxma müddəti işəgötürənin təqsiri üzündən baş verdiyindən və bununla da əmək haqqı verilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının 1 faizi məbləğində ödəncin verilməsi də təmin edilməlidir. İddia müddəti xx.xx.2023-cü il tarixdən hesablanır. Qeyd edilməlidir ki, iddiaçıya əmrin surəti və haqq-hesab sənədləri verilməmişdir, əmək kitabçasını isə iddiaçı dəfələrlə istəməsinə baxmayaraq müxtəlif bəhanələrlə verilməsindən imtina edilmişdir. Məsələn, bəhanələrdən biri, guya tez bir zaman müddətində yeni vəzifə ilə təmin olunması barədə vədlər verilmişdir. Əmək müqaviləsinin şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu hal da baş verməmişdir, əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən məhz sənədləşdirilmə aparılmaqla biləbilə qəsdən pozulmuşdur. İddiaçı bir neçə dəfə əmək kitabçasını israrla istəməsindən sonra, xx.xx.2023-cü il tarixdə ona qaytarılmış və bu barədə ŞRİH-də qeydiyyatı aparılan kitabda müvafiq qeyd aparılmışdır. Yalnız əmək kitabçasını aldıqdan sonra əmək müqaviləsinin ləğv edilməsi, hansı əsasla və qaydada (Məcəllənin hansı maddəsi, hissəsi və bəndinə əsasən) ləğv edilməsi, ləğv edilmə günü, ayı və ili barədə İddiaçı məlumatlı (bilikli) olmuş, bundan sonra əmrin qanunsuz, əsassız və ədalətsiz olmasını bilmişdir. Beləliklə, iddiaçının hüququnun pozulmasının aşkar edildiyi gün əmək kitabçasının aldığı gün, yəni xx.xx.2023-cü il tarixdir. Bu tarixdən isə 1 təqvim ayı bitməmiş iddiaçı iddia irəli sürmüşdür. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya ilkin mediasiya sessiyasının keçirilmə ilə bağlı mediatora müraciət etmiş, cavabdeh isə ilkin mediasiya sessiyasına dəvət edilsə də, iştirak etməmiş və bu səbəbdən mediator tərəfindən cavabdehin tərəfin “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı iddiaçıya təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı əmək kitabçasını xx.xx.2023-cü il tarixdə almışdır və Əmək Məcəlləsinin 296-cı maddəsinin üçüncü hissəsinə görə əmək kitabçasının verildiyi gün – iddiaçının hüququnun pozulduğu gün, onun bildiyi gün sayılır. Bu səbəbdən iddia müddəti ötürülmüş hesab edilə bilməz, çünki tərəf əmək kitabçasını almadan hansı maddə ilə işdən azad olunduğunu bilə bilməzdi. Qeyd olunanlara əsasən İddiaçı nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o, Şəmkir şəhər 3 saylı körpələr eviuşaq baxçasının direktoru vəzifəsində işləmişdir. Şəmkir rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 170 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci ildə xitam verilməsinə baxmayaraq, o 2023-cü ilin aprel ayında məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. İddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq 2 il 7 aydan sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Qanunda birbaşa göstərilir ki, işçinin hüququnun pozulduğu andan müddət başlayır, hazırki iş üzrə iddiaçını çağırmış və ərizə yazdırmışdır, həmin vaxt onun məlumatı var idi ki, onu işdən çıxarırlar. Ona görə də hesab edir ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə iddia müddəti tətbiq edilməklə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi işin baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.1990-cı il təvəllüdlü İddiaçı ******* saylı Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 107 №-li əmr ilə 27 iyun 2018-ci il tarixdən Şəmkir şəhər 3 saylı körpələr evi – uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmiş, 170 №-li əmr ilə xx.xx.2020-ci il tarixdən Şəmkir şəhər 3 saylı körpələr evi – uşaq bağçasının müdiri vəzifəsindən öz ərizəsi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən azad edilmişdir. - 19 sentyabr 1978-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan X5 21 fevral 2023cü il tarixli ərizəsində qeyd etmişdir ki, 18 oktyabr 2014-cü il tarixdən hal-hazıradək Şəmkir rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışmışdır. İddiaçı 27 iyun 2018ci il tarixdən Şəmkir şəhər 3 saylı uşaq bağçasının müdiri vəzifəsində çalışmışdır. Lakin 18 sentyabr 2020-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı X3 mənə demişdir ki, İddiaçı zəng edim və onun işdən öz ərizəsi ilə çıxması barədə ərizə yazması tapşırığını çatdırım. Mən də həmin vaxt İddiaçı zəng edib Alimpaşa Məmmədovun tapşırığını ona çatdırdım və bundan sonra həmin gün İddiaçı işdən çıxması ilə bağlı ərizə yazmışdır. - Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 18 oktyabr 2014-cü il tarixli 157 №-li Əmrindən görünür ki, X5 18 oktyabr 2014-cü il tarixdən keçirmə yolu ilə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının köməkçisi vəzifəsinə təyin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 107 №-li əmrinə əsasən 27 iyun 2018-ci il tarixdən Şəmkir şəhər 3 saylı körpələr evi – uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 170 №-li əmri ilə xx.xx.2020-ci il tarixdən öz ərizəsi ilə Şəmkir şəhər 3 saylı körpələr evi – uşaq bağçasının müdiri vəzifəsindən azad edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ŞRİH-in sabiq başçısı X1 onun iradəsinin əleyhinə olaraq əmək müqaviləsinə xitam verilməsinə dair işdən çıxması ilə bağlı ərizə yazıb imzalamağa məcbur etdiyini bildirərək, qeyd olunan əmrin ləğv edilməsini, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsini və məcburi buraxılmış iş günləri üzrə əmək haqqının ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -9-cu maddəsinin b bəndinə əsasən, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. -68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Göstərilən qanunvericilik normalarından göründüyü kimi əmək müqaviləsini ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biridir və tərəflərdən birinin - işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi qanunvericiliklə nəzərdə tutulmuşdur. İş materillarına əlavə edilmiş xx.xx.1990-cı il təvəllüdlü İddiaçı ******* saylı Əmək kitabçasından da görünür ki, hazırki iş üzrə iddaçı İddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüququndan istifadə edərək əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürənə müraciət etmiş və onun öz xahişi ilə işdən azad edilməsi barədə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 170 №-li, xx.xx.2020-ci il tarixli əmr verilmiş və əmək kitabçasına da bu barədə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı iddia tərəfi isə mübahisələndirilən əmri verən icra hakimiyyəti başçısı X1 xx.xx.2020-ci il tarixdə iddiaçını işdən çıxması ilə bağlı ərizə yazıb imzalamağa məcbur etdiyini bildirmişdir. Bununla bağlı isə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının köməkçisi X2 21 fevral 2023-cü il tarixli ərizəsini iş materiallarina əlavə etmişdir. Ərizədə 18 sentyabr 2020-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı X1 X4 İddiaçı zəng etməsi və onun işdən öz ərizəsi ilə çıxması barədə ərizə yazması tapşırığı verdiyi qeyd edilmişdir. Məhkəmə qeyd edilən ərizəyə hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən X4 yuxarıda qeyd olunan məzmunda hər hansı bir yazılı tapşırıq verilməsi müəyyən olunmur.Şifahi formada belə bir tapşırığın olması isə X2 hər hansı sübutla təsdiq edilməyən fikir bəyanıdır. Bundan əlavə X1 tapşırığı əsasında xx.xx.2020-ci il tarixdə işdən azad edilməsi barədə ərizə ilə müraciət etdiyini iddia edən İddiaçı qeyd edilən həmin tarixdən pozulduğunu iddia etdiyi hüquqlarının bərpası ilə bağlı müraciət və hərəkətlərini təsdiq edəcək sübutlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla əsassızdır və hər hansı mötəbər sübutla təsdiq olunmur. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 294-cü maddəsinin 1-ci hissəsinə əsasən,bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 294-cü maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 379.1 və 379.1.6-ci maddələrinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır; 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4 və 32.4.2-ci maddələrinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli qərarında formalaşdırdığı presedentə görə iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində Alimpaşa Məmmədovun tapşırığına əsasən xx.xx.2020-ci il tarixdə əmək müqaviləsini ləğv etməyə məcbur olduğunu, işəgötürənin onu iradəsi əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etdiyini, bu əsasla da əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli 170 nömrəli əmrin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin aşkar şəkildə pozuntusu ilə qəbul edildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdən hüququnun pozulduğunu - əmək müqaviləsinə Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən pozulmaqla xitam verildiyindən məlumatlı olduğunu təsdiq etmişdir. Belə olan halda iddiaçı xx.xx.2020-ci il tarixdən etibarən 1 təqvim ayı ərzində hazırki tələblə məhkəməyə müraciət etməli olduğu halda, həmin tarixdən uzun müddət keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüş (mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması da nəzərə alınmaqla), müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübutları isə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının vəkilinin “tərəfin əmək kitabçasını xx.xx.2023-cü il tarixdə alması, əmək kitabçasını almadan hansı maddə ilə işdən azad olunduğunu bilməməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu barədə dəlillər, hazırki tələb üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işdən çıxması ilə bağlı ərizə yazaraq imzalamış bununla da həmin tarixdən əmək müqaviləsinə hansı əsasla xitam veriləcəyindən məlumatlı olmuşdur. Əmək kitabçasının və ya əmrin ona təqdim edilməməsi isə iddiaçının məhkəməyə müraciət etməsinin mümkünsüz olduğunu şərtləndirmirdi. Belə ki, iddiaçı işəgötürənin onunla faktiki olaraq əmək münasibətlərinə xitam verməsini göstərməklə, həmin sənədlərin (əmək kitabçası, əmr və s.) məhkəmə vasitəsi ilə istənilməsini tələb edə bilərdi, buna baxmayaraq o, 2 ildən çox müddət keçdikdən sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin normaları baxımından hazırki tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat, mediasiya xərci olaraq ödənilmiş 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 50 manat olmaqla, cəmi 300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qismi ilə bağlı qeyd edir ki, iddia tələbi əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində rədd edildiyindən qeyd edilən hissədə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh”-nə qarşı (Şəmkir rayonu İcra Hakimiyyəti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası həm əsassız olduğuna görə həm də iddia müddəti buraxılmaqla verildiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh”-nə qarşı (Şəmkir rayonu İcra Hakimiyyəti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar