Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1863/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-ci il tarixinə hesablanmış 4030 manat məbləğində əsas borcun, 1200 manat məbləğində cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 130 manat məbləğində saxlama haqqının və ödənilmiş 70 manat məbləğində mediasiya haqqının və 3 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, yönəltmə borc məbləğini tam ödəməzsə qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsum ödənilir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında anbarda saxlama müqaviləsindən yaranan mübahisəyə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbində qalıq borc və faiz borcun cavabdehdən alınıb iddiaçıya verilməsindən başqa borc məbləğinin anbarda saxlanan mallara yönəlməsi və borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbi də qeyd edilmişdir. Qeyd edilən iddia tələbi qiymətləndirilməyən iddialara aiddir. İddiaçı isə qanunvericiliyə əsasən ödənilməli olan 100 manat məbləğində dövlət rüsumundan cəmi 3 manatının ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə etmişdir. İddia ərizəsində iddiaçı iddiasının qiymətləndirilən iddia kimi nəzərdə tutmuş, iddia tələbinə uyğun 73 manat dövlət rüsumu ödənilməli olduğunu qeyd etmiş və “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə istinad edərək, 73 manat məbləğin 70 manatın mediasiya xəcri kimi ödədiyindən həmin məbləği çıxaraq, cəmi 3 manatı dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.1-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 36.2-ci maddəsinə əsasən bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarından aydın olur ki, kommersiya münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin hazırki iddia kommersiya mübahisəsi hesab edilmədiyindən, iddiaçı yanlış olaraq qanunvericilikdə tələb edilmədiyi halda mediasiyaya müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak etmiş və 70 manat mediasiya xərci ödəmişdir. Bu səbəbdən hesab edirəm ki, iddiaçı tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə istinadı əsassızdır və məhkəmədə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəməlidir. Əlavə olaraq qeyd edirəm ki, iddiaçı cavabdehə “məhkəməyə qədər nizamlama qaydasında” pretenziya məktubu göndərmiş və hazırki iddia tələbində qeyd edilənləri məktubda tələb etmişdir. Bu isə hazırki iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməsinə kifayət edirdi. Göründüyü kimi, hazırki iddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1436-VDQ nömrəli Qanununa müvafiq olaraq məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumları yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməldir. Məhkəmələr tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz X1 və “Exprespay” Ödəniş Sisteminin mədaxil qəbzinin nümunəsinə müvafiq olmalı, digər hər hansı formalı ödəniş qəbzləri qəbul edilməməlidir. Bu səbəbdən hesab edirəm ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Eləcə də dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 3 manat məbləğində pul rüsum ödəyicisi olan İddiaçı MMC-yə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı əmlaka dair ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Dövlət rüsumu kimi ödənilmiş 3 manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1863/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1863/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver