Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1890/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) “müqavilənin bağlanması və mənzilin ayrılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin bağlanmas və mənzilin ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil hüququ yəni, Bakı Komvol Kombinatının balansında olmuş Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 128 ünvanda yerləşmiş və sökülmüş yataqxanada Bakı Komvol Kombinatının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli, 6 nömrəli iclas protokoluna əsasən ayrılmış 92 nömrəli otağın əvəzinə 1 otaqlı mənzilə hüququnun olması tanınaraq, ona 1 otaqlı mənzilin verilməsi üçün onun ilə müqavilə bağlanılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona Bakı Komvol Kombinatının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli 6 nömrəli iclas protokoluna əsasən müəssisənin balansında olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 128 ünvanda yerləşən yataqxananın 92 saylı otağı ayrılmışdır. Bu günə qədər də o, qeyd edilən ünvanda qeydiyyatdadır. Otaq məcburi köçkünlər tərəfindən zəbt edildiyi üçün ona ayrılmış otağa köçə bilməmiş, digər yerlərdə mənzil kirayyəliyib yaşamağa məcbur qalmışdır. 2020-ci ildə gedən 44 günlük vətən müharbəsi nəticəsində Qarabağı ermənilər tərəfindən işğal olunmuş ərazilər azad ediləndən sonra məcburi köçkünlərin öz doğma yerlərinə qayıdışı başlanmışdır. Lakin yataqxanan məcburi köçkünlər tərəfində boşaldılandan sonra cavadeh Cavabdeh MMC dərhal dərhal yataqxananı söküb, hündürmərtəbəli yaşayış binasının inşaasına başlamışdır. Binada Orderlərlə ayrılmış digər sakinlərlə cavabdeh müqavilələr bağlayaraq, onlara mənzillər ayırmışdır. Lakin onun da yataqxananın 95 nömrəli mənzilin ayrılmasına dair Orderin olmasına baxmayaraq, onunla müqavilə bağlanmamış və ona mənzil verilməmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvana ona mənzilin ayrılması ilə bağlı müqavilənin bağlanılması məktub göndərilmiş olsa da, cavab verilməmişdir. İİ.Tərəflərin mövqeləri: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmədə iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan): Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 51. Yaşayış sahəsinin icarə müqaviləsi Dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. M a d d ə 6 0 . Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Maddə 106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə 108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı F.Xoyski küçəsi ev 128, mənzil 92 üzrə 40 manat kommunal xidmət haqqı ödəmişdir. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı F.X.Xoyski küçəsi 128 saylı evin 92 nömrəli mənzilində yaşayır və qeydiyyatdadır, mənzil kirayəsi və tullantı pulu borcu yoxdur. Arayış Cavabdeh MMC-yə təqdim olunması üçün verilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı-Komvol Kombinatının 42 nömrəli, xx.xx.1994-cü il tarixli orderinin surətindən görünür ki, F.X.Xoyski küçəsi, ev 128 ünvanında yerləşən yataqxananın 92 nömrəli mənzili müəssisədə işlədiyi dövrdə yaşamaq üçün Əyrici sexində işləyən fəhlə İddiaçı verilmişdir. Orderin verilməsi üçün əsas HİK-in xx.xx.1994-cü il tarixli protokolundan çıxarış. Bakı-Komvol Kombinatının və Həmkarlar İttifaqının Komitəsinin xx.xx.1994-cü il tarixli iclasının 6 nömrəli protokolunun çıxarışından görünür ki, iclasda X3 küçəsi 128-də yerləşən yataqxananın 92 nömrəli mənzilin kombinatın işçisi İddiaçı verilməsi qərara alınmışdır. İlk növbədə qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçıya yataqxana otağının verilməsi zamanı köhnə Mənzil Məcəlləsinin normaları qüvvədə olmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Bu müddəa hazırda qüvvədə olan Mənzil Məcəllənin 93-cü maddəsində də öz əksini tapmışdır. Qeyd olunan qanunvercilik normalarının məzmunundan göründüyü kimi, müəssisənin balansında olan yataqxanalar fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə verilən yaşayış sahələridir. Müəssisələrin yataqxanalarında yer almış işçilər öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən yataqxanadan çıxarıla bilərlər (köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsi). Hazırki iş üzrə iddiaçı tərəfindən Bakı-Komvol Kombinatının və Həmkarlar İttifaqının Komitəsinin xx.xx.1994-cü il tarixli iclasının 6 nömrəli protokolunun çıxarışının surəti təqdim edilmiş, həmin çıxarışa əsasən kombinatın işçisi kimi İddiaçı F.X.Xoyski küçəsi 128-də yerləşən yataqxananın 92 №-li mənzili verilmişdir. xx.xx.1994-cü ildə Bakı Komvol Kombinatının yataqxanasında yerləşən 92 saylı mənzilə dair order verilmişdir. Orderin məzmununda da qeyd edilmişdir ki, müəssisədə işlədiyi dövrdə istifadə etmək üçün verilir. İşin hallarından da göründüyü kimi, iddiaçı orada yaşamamış, orada məcburi köçkünlər yaşamışdır. Həmin mənzil 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş, hazırda isə sökülmüşdür. Məhkəmə qeyd edir ki, eyni mənzildə uzun müddət ərzində məcburi köçkünlər yaşamışdır. Lakin, keçən bu uzun müddət ərzində iddiaçı bu şəxslərin oradan çıxarılması barədə heç bir iddia irəli sürməmişdir. İddiaçı bu müddət ərzində mənzilin zəbt edilməsinə və orada başqa şəxslərin yaşamasına qarşı heç bir hüquqi tədbir görməmişdir. Yalnız binanın sökülməsi məsələsi ortaya çıxandan sonra mənzilə qeydiyyata düşmüş, kommunal xərcləri ödəmişdir. Beləliklə, mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. İddiaçının mənzilə dair hüquqları itirildikdən uzun müddət sonra (son dövrlərdə) qeydiyyata düşməsi və kommunal xərci ödəməsi mövcud vəziyyəti dəyişdirmir. V. Nəticə: Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) “müqavilənin bağlanması və mənzilin ayrılması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) “müqavilənin bağlanması və mənzilin ayrılması” tələbinə dair iddiası təmin edilməsin İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1890/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1890/2025
06.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver