Məhkəmə qərarları › İş №e-2(005)-1895/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1895/2023

05.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1895/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı Nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 10 fevral 2023-cü il tarixli, K/M-37 nömrəli işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi və onun işə götürənin qanunsuz əmri əsasında məcburi iş buraxdığı müddət üzrə əmək haqqı məbləğinin ödənilməsi və bu müddətin işçinin əmək stajına daxil edilməsi və tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu il tarixdən 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru vəzifəsində çalışmışdır. 2022-ci ilin sonunda Elm və Təhsil Nazirliyi Audit Şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırılma nəticəsində guya müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sənədləşdirmənin aparılması, əməyin təşkili və ödənilməsi, tədris prosesinin təşkili ilə bağlı normativ hüquqi aktların tələbləri pozulmuşdur. Araşdırmanın nəticəsində toplanmış materialları və liseyin Həmkarlar Komitəsinin razılığı nəzərə alınaraq, Peşə Təhsili üzrə Dövlət Agentliyinin 10 fevral 2023cü il tarixli, K/M-37 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviəsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərək, direktor vəzifəsindən azad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, ləğv edilə bilər. Digər məktəb və liseylərdə olduğu kimi onun direktor olduğu 18 nömrəli Bakı Peşə Məktəbi də Təhsil Nazirliyinin müvafiq şöbələrinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birbaşa göstərişləri və nəzarəti altında fəaliyyət göstərir. Audit rəyində qeyd edilən pozuntuların heç birini qəbul etmir. Belə ki, 18 nömrəli Bakı Peşə Məktəbi peşə təhsilini cəzaçəkmə müəssisələrində həyata keçirir. Məktəbin balansında hər hansı bir əmlak yoxdur. Təhsil nazirliyi tərəfindən yalnız müəllimlərin əmək haqları maliyələşdirilir. Sənədləşdirmənin, o cümlədən maliyyə sənədlərinin tərtib olunması Təhsil Nazirliyinin Maliyyə İdarəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin məcburi göstərişləri əsasında həyata keçirilir. Yəni həmin idarələrin göstərişlərinə əməl olunmadığı halda, məktəbin müəllimlərinə əmək haqqının köçürülməsi icra edilmir. Bu səbəbdən iddiaçı tərəfindən hər hansı bir pozuntuya yol verilməsi mümkün deyil. Təhsil müəssisələrinin birbaşa Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil Nazirliyinin göstərişi ilə fəaliyyət göstərməsini sübutu kimi bildirmək istəyir ki, Məktəbin Həmkarlar Komitəsinin xx.xx.2023cü il tarixli iclasında iddiaçının direktor kimi fəaliyyətində nöqsan olmadığı və eyni zamanda işdən getməyinə etiraz edildiyi halda, növbəti gün Məktəbin HİK-nin sədri X14 Təhsili üzrə Dövlət Agentliyinə dəvət edilmiş və ondan məcburi qaydada Agentliklə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xiram verilməsinə etiraz edilməməsi barədə məktub alınmışdır. Məhkəmə iclasında iddiaçı Nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin də cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yazılı etiraz təqdim etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, Nümayəndə 02 fevral 2009-cu il tarixindən 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru vəzifəsinə təyin edilmiş, 18 fevral 2021-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. 19 fevral 2021-ci il tarixindən Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 1 (bir) il müddətinə təkrar hemin vəzifəyə təyin edilmişdir. 21 fevral 2022-ci il tarixindən əmək müqaviləsində dəyişiklik edilmiş, 6 (altı) ay müddətinə, 22 avqust 2022-ci il tarixindən isə 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasınin Elm və Təhsil Nazirliyin 12 dekabr 2022-ci il tarixli E-1466 nömrəli və araşdırma müddətinin uzadılması barədə 27 dekabr 2022-ci il tarixli E-1524/1 nömrəli əmrlərinə əsasən Audit şöbəsi tərəfindən araşdırma aparılmışdır. Alınmış izahatlardan, o cümlədən iş üzrə digər sübutlara baxılaraq 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru Nümayəndə sənədləşmənin aparılması, əməyin təşkili və ödənilməsi, tədris prosesinin təşkili ilə bağlı normativ hüquqi aktların tələblərini pozaraq dövlət büdcəsinə və əmlakına zərər vurduğu, bununla da əmək vəzifələrini kobud şəkildə pozduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 09 fevral 2023-cü il tarixli, 1 nömrəli protokoldan görünür ki, Peşə məktəbinin həmkarlar komitəsinin iclasında iştirak edən şəxslər Nümayəndə işdən çıxarılmasına etiraz etdiklərini bildirirlər. İş materiallarında olan 18 nömrəli Bakı Peşə Məktəbinin HİK-nin sədri X4 AR Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmova ünvanladığı 09 fevral 2023-cü il tarixli məktubdan görünür ki, 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru Nümayəndə əmək vəzifələrini kobud şəkildə pozduğu müəyyən edilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru Nümayəndə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan AR Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 10 fevral 2023-cü il tarixli əmrindən görünür ki, 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru Nümayəndə ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməklə vəzifəsindən azad edilməsi, 20 nömrəli Bakı Peşə Məktəbinin tədris-istehsalat işləri üzrə direktor müavini X7 xx.xx.2023-cü il tarixindən 3 (üç) ay müddətinə öz vəzifə funksiyasını yerinə yetirməklə yanaşı vakant olan 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru vəzifəsini icra etməsi, X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasına görə əlavə olaraq əmək haqqının 50%-i miqdarında əmək haqqının ödənilməsi, 18 nömrəli Bakı Peşə Məktəbinin direktor əvəzi X15 Zeynalovla təhvil-təslim işlərinin və son haqq-hesabın aparılmasını təmin etməsi və 10 (on) gün ərzində nəticələr barədə hesabatın Agentliyə təqdim edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Nümayəndə mediasiya sessiyasında iştirak etmiş, cavabdeh Bazərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi isə iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Mediasiya Prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, Nümayəndə mediasiya prosesindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hesablama Palatasının 12 may 2023-cü il tarixli məktubuna əlavə edilmiş audit rəyindən görünür ki, toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün məhdud əminliyi formalaşdırmışdır. Peşə Təhsil üzrə Dövlət Agentliyinin, vəsaitlərin təyinatı üzrə istifadəsi və dövlət qulluğunun təşkili, eləcə də peşə təhsili müəssisələrinin fəaliyyətinə nəzarət istisna olmaqla fəaliyyətinin əhəmiyyətli aspektlər baxımından qüvvədə olan hüquqi aktlara uyğun, seçmə qaydada baxılmış təhsil müəssisələri tərəfindən isə əsasən uyğunsuz olmuş və bu uyğunsuzluqlar yayılandır. Audit sübutlarının qiymətləndirilməsi, həmçinin audit qrupunun hesabatında əks etdirilmiş nöqsanlara dair münasibətinin diqqətə alınması Agentlik tərəfindən göstərilmiş istiqamətlər, xüsusilə peşə təhsili ilə bağlı fəaliyyətin təşkili, təhsil müəssisələrinin fəaliyyətinə nəzarət mexanizmlərinin yaradılması və tətbiq olunması üzrə kompleks fəaliyyətin gücləndirilməsi zərurətini qeyd etmək imkanı verir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Nümayəndə Bakı şəhər xx.xx.2009-cu il tarixində bir il müddətinə 18 nömrəli Peşə Məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2009-cu il tarixli əmrindən görünür ki, Nümayəndə Bakı 18 nömrəli Peşə Məktəbinin istehsalat təlimi ustası 02 fevral 2009-cu il tarixdən 1(bir) il müddətinə həmin peşə məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə ilə xx.xx.2007-ci il tarixdə bağlanılan əmək müqaviləsi xx.xx.2021-ci il tarixə verilmişdir. İş materiallarında olan AR Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Nümayəndə ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan AR Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Nümayəndə xx.xx.2021-ci il tarixindən 1 (bir) il müddətinə 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə ilə xx.xx.2021-ci il tarixdə bağlanılan əmək müqaviləsi xx.xx.2022-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə ilə xx.xx.2022-ci il tarixdə bağlanılan əmək müqaviləsi xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Aylıq əmək haqqının məbləği 792 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli razılaşmadan görünür ki, müqavilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 6 ay müddətinə bağlanmışdır. İş materiallarında olan AR Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru Nümayəndə ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində bitdiyindən, həmin tarixdən 6 (altı) ay müddətinə uzadılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə ilə xx.xx.2022-ci il tarixdə bağlanılan əmək müqaviləsi xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Aylıq əmək haqqının məbləği 792 manatdır. İş materiallarında olan AR Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru Nümayəndə ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində bitdiyindən, həmin tarixdən 3 (üç) ay müddətinə uzadılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə ilə xx.xx.2021-ci il tarixdə bağlanılan əmək müqaviləsi xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Aylıq əmək haqqının məbləği 792 manatdır. İş materiallarında olan 18 nömrəli Bakı Peşə Məktəbinin HİK-nin sədri X4 AR Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmova ünvanladığı 09 fevral 2023-cü il tarixli məktubdan görünür ki, 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru Nümayəndə əmək vəzifələrini kobud şəkildə pozduğu müəyyən edilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru Nümayəndə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Nümayəndə - direktor, ixtisası ali təhsilli inşaat mühəndisi olmasına baxmayaraq 2021/2022-ci tədris ilində 414 saat dərs yükü olmuşdur ki, onun 218 saatı qeyri ixtisas fənindən ibarət olmuşdur. O, cümlədən, 385-ci qrupda Ana dilində ünsiyyət - 15 saat, Şəxsi inkişaf və karyera planmaşdırılması 15 saat, Peşə estetikası 15 saat, sahibkarlıq 19 saat, 386-cı qrupda Ana dilində ünsiyyət - 15 saat. Şəxsi inkişaf və karyera planmaşdırılması 15 saat, Peşə estetikası 15 saat, sahibkarlıq 15 saat, 387-ci qrupda Ana dilində ünsiyyət - 15 saat, Şəxsi inkişaf və karyera planlaşdırılması 15 saat, Peşə estetikası 15 saat, sahibkarlıq 19 saat. Elektronika və elektrik təchizatı ixtisası üzrə 30 saat qeyri ixtisas dərslərin tədris etməsi rəsmiləşdirilmişdir. Eyni qayda olaraq 2022/2023-cü tədris ilində 5 qrupda 481 saat dərs yükü olmuşdur ki, bunun da 271 saatı qeyri ixtisas fənlərdən ibarət olmuşdur. X9 - ixtisası ali təhsilli mühəndis iqtisadçı olmasına baxmayaraq (Azərbaycan Neft və kimya institutu) 392-ci “Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi xəzinədar" qrupunun qrup istehsalat təlim ustası ilə yanaşı hər ay 396,80 manat əmək haqqı ödənilməklə 240 saat qeyri-ixtisas dərs yükü verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, iddiaçı Nümayəndə, 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru olmuşdur. 10 fevral 2023cü il tarixli K/M-37 nömrəli əmrindən görünür ki, sənədləşmənin aparılması, eməyin təşkili və ödənilməsi, tədris prosesinin təşkili ilə bağlı normativ hüquqi aktların tələbləri pozaraq dövlət büdcəsinə və əmlakına zərər vurduğuna, bununla da əmək vəzifələrini kobud şəkildə pozduğuna görə məktəbin direktoru Nümayəndə ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirir. Əmrin qanunsuzluğunu iddia ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir.a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə Nümayəndə işdən çıxarılmasına əsas olan 18 nömrəli Bakı Peşə Məktəbinin 10 fevral 2023-cü il tarixli K/M- 37 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə (özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilərkən, Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Həmin əmrdən görünür ki, işəgötürən tərəfindən “sənədləşmənin aparılması, əməyin təşkili və ödənilməsi, tədris prosesinin təşkili ilə bağlı normativ hüquqi aktların tələbləri pozaraq dövlət büdcəsinə və əmlakına zərər vurduğuna, bununla da əmək vəzifələrini kobud şəkildə pozduğuna görə” əsası ilə verilmişdir. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, Nümayəndə 18 nömrəli Bakı Peşə Məktəbinin direktoru olmuşdur. Nümayəndə sənədləşmənin aparılması, əməyin təşkili və ödənilməsi, tədris prosesinin təşkili ilə bağlı normativ hüquqi aktların tələblərini pozaraq dövlət büdcəsinə və əmlakına zərər vurduğu, bununla da əmək vəzifələrini kobud şəkildə pozduğu müəyyən edildiyinə görə 10 fevral 2023-cü il tarixli K/M-37 nömrəli əmri ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci, 83-cü və 84-cü maddələrinin tələbləri pozulmamışdır. Əmək Məcəlləsinin 80-ci maddəsində özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən aşağıdakı şərtlər nəzərdə tutulmuşdur. Belə ki, AR ƏM-nin 80.1-ci maddəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci maddəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” əsas şərtdir. Məhz sadalanan halların mövcudluğu iş materiallarından aydın görünür, bu səbəbdən də işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsi ilə nəticələnmiş və tərəflər arasındakı əmək müqaviləsinə həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə yuxarıda qeyd olunan pozuntuların onun əməllərində mövcud olması arqumenti ilə xitam verilməsi əsaslı hesab edilməlidir, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması işin faktiki halları ilə sübut olunur. İşçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi formal və ümumi mülahizələrdən ibarət olmamış, cavabdeh tərəfindən təqdim olunan dəlillərlə iddiaçının hərəkətlərindəki pozuntunun varlığı təsdiqlənmişdir. Məhkəmə qeyd olunanlarla yanaşı iddiaçının “Məktəbin Həmkarlar Komitəsinin iclasında iddiaçının direktor kimi fəaliyyətində nöqsan olmadığı və eyni zamanda işdən getməyinə etiraz edilmişdir” dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2022-ci il tarixli aktda peşə məktəbində aşkar olunmuş bir sıra nöqsanlar öz əksini tapmışdır. Hansı ki, həmin nöqsanların nəticəsində peşə məktəbində yol verilmiş qanun pozuntularının vurduğu ziyan və s. əsasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Yol verilmiş pozuntu halları bir-bir sadalanmış, həmin pozuntulardan biri də məhz 18 nömrəli Bakı Peşə Məktəbinin HİK-nin sədri vəzifəsini icra edən, o cümlədən həmin məktəbdə müəllim kimi fəaliyyət göstərən X6 240 saat qeyriixtisas fənni verilmişdir. Belə müəyyən olunur ki, iddiaçının yol verdiyi pozuntulardan biri də məhz onunla bağlı olmuşdur. Lakin X1 iclasda etiraz etsə də daha sonra əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, müvafiq razılığı bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı Nümayəndə əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçının digər tələbləri isə həmin iddia tələbindən törəmə olduğundan digər hissələrdə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələblərini həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Nümayəndə cavabdeh 18 nömrəli Bakı Peşə Məktəbinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiasını əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nümayəndə cavabdeh 18 nömrəli Bakı Peşə Məktəbinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar