Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1909/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 59,62 ABŞ dolları məbləğində bоrcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli Bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ03AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Cari hesabda mənfi qalıq (overdraft) yarandığı halda müştəri dərhal overdraft bağlamalıdır. Ödənilməyən overdraft məbləği bank tərəfindən akseptsiz qaydada müştərinin cari hesablarında olan qalıqlar hesabına silinə bilər. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.4-cü bəndini pоzmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixdə cari hesabında 0,66 ABŞ dolları pul vəsaiti mövcud idi. xx.xx.2024-cü il tarixdə hesabından offline qaydada (şəbəkədən xaric) GlobalBlueTaxFree xarici şirkət vasitəsi ilə cəmi 76,29 ABŞ dolları məbləğində pul vəsaiti silinmişdir. Silinmə aparılan zaman onun kart hesabında kifayət qədər pul vəsaiti mövcud olmamışdır. Bəzi şirkətlərin internet səhifəsində qeydiyyatdan keçən zamanı ödənişlərin aparılması üçün müştərilər öz bank hesabı məlumatlarını təqdim edir və həmin məlumatlar onların online bazasında saxlanılır. Həmin şirkətlərə və ya onların vasitəsi ilə ödəniş edilərkər kart balansında yetərincə pul vəsaiti olmasa da, (1 manat məbləğində pul vəsaitinin olması kifayət edir) lazım olan ödəniş civarında pul vəsaiti offline (şəbəkədən xaric) qaydada qəbul edilir və daha sonra kart hesabı olan banka silinmə barədə məlumat göndərilir. Məlumat daxil olduqdan sonra kartda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılır və bu səbəbdən 59,62 ABŞ dolları məbləğində overdraft yaranmışdır. Cavabdeh kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmadığı barədə məlumatı olmasına baxmayaraq bu ödənişləri etmişdir. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama salınması təklif edilmişdir. Cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. xx.xx.2025-ci il tarixə borclunun nank hesabı müqaviləsiə əsasən yaranmış overdraft üzrə 59,62 ABŞ dolları məbləğində əsas bоrcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. xx.xx.2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışından görünür ki, Cavabdeh Overdraft nəticəsində (Overdraft-kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması) 59,62 ABŞ dolları əsassız varlanmaya səbəb olmuşdur; Bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, əsassız varlanmaya səbəb olmuş borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında Bank hesabı kart müqaviləsindən irəli gələn əsassız varlanma ilə əlaqədar öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Göründüyü kimi, tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh sistemdə baş vermiş xətadan istifadə edərək, kartdan 59,62 ABŞ dolları məbləğində vəsaiti məxaric edərək, əsassız varlanmışdır. Cavabdeh tərəfindən banka 118 manat ödəniş edilmiş, xx.xx.2024-cü il tarixə 171, 54 manat əsas borc, 10,09 faiz borcu olmaqla, ümumilikdə 181,63 manat borcu yaranmışdır. Cavabdeh həmin vəsaitin geri tələb olunması barədə xəbərdarlıq edilsə də, o, həmin vəsaiti geri qaytarmamışdır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əsassız varlanma nəticəsində əldə etdiyi vəsaiti iddiaçıya geri qaytarmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 59,62 ABŞ dolları məbləğində bоrc (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 59,62 ABŞ dolları məbləğində bоrc (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1909/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1909/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver