Məhkəmə qərarları › İş №e-2(005)-191/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-191/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-191/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MTK-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şərur Mənzil-Tikinti Kooperativindən sahəyə görə artıq ödənilmiş 7642 manatın, həmin məbləğə hesablanmış 3360 manat faiz məbləğinin və mənəvi zərərin əvəzi kimi 50 000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MTK (Vergilər Nazirliyi tərəfindən verilən 27.02.2020ci il tarixli məlumata əsasən "xxxx" MTK 18.12.2018-ci ildə ləğv olunaraq Cavabdeh MTKa qoşulmuşdur) arasında Xudu Məmmədov küçəsi, 2942-ci saylı məhəllə ünvanında yerləşən, 6/2 giriş, 9 mərtəbədə yerləşən, sahəsi 118.28 kv.m. ibarət olan 150 saylı mənzilin alqı-satqısına dair 20 fevral 2013-cü il tarixli, 150 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, payçı mənzilə sahib olmaq üçün 30 oktyabr 2014-cü il tarixinədək hər ay 500 ABŞ dolları olmaqla ümumilikdə 10000 ABŞ dolları maliyyə vəsaitini satıcıya nağd şəkildə ödəməlidir. İddiaçıya təqdim edilən arayışından görünür ki, Xudu Məmmədov küçəsi, 2942-ci saylı məhəllə ünvanda inşa olunan yaşayış binası "xxxx" MTK-nə məxsusdur, 6/2 giriş, 9 mərtəbədə yerləşən, sahəsi 118.28 kv.m. ibarət olan 150 saylı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Qeyd edilən mənzil üçün İddiaçı "xxxx" MTK –nə borcu yoxdur” 30 oktyabr 2014-cü il tarixədək müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirdikdən sonra (10000 ABŞ dolları maliyyə vəsaitini Satıcıya nağd şəkildə ödədikdən sonra) binanın hazır olma ərəfəsində iddiaçıya "xxxx" MTK bildirmişlər ki, ona verilməsi nəzərdə tutulan 150N-li mənzili verə bilmirlər. Səbəb kimi həmin mənzilin ticarət obyekti kimi istifadə olunacağı barədə fikir irəli sürmüşlər. Lakin halhazırda həmin 150N-li mənzil ticarət obyekti kimi deyil, adi mənzil kimi digər şəxsin mülkiyyətindədir. "xxxx" MTK digər mənizilin iddiaçıya əlavə haqq müqabilində verilməsini təklif etdi və iddiaçı tərəfindən 35484 manat əlavə ödənildi. İddiaçıya təqdim edilən 20 dekabr 2019-cu il tarixli arayışından görünür ki, Xudu Məmmədov küçəsi, 2942-ci saylı məhəllə ünvanda inşa olunan yaşayış binası "xxxx" MTK-ya məxsusdur, 6/2 giriş, 9 mərtəbədə yerləşən, sahəsi 118.28 kv.m. ibarət olan 164 saylı mənzilin dəyəri, 35484 manat iddiaçı tərəfindən tam ödənilmişdir. Qeyd edilən mənzil üçün İddiaçı "xxxx" MTK -ya borcu yoxdur. Beləliklə, ümumilikdə iddiaçı hal-hazırda qaldığı Xudu Məmmədov küçəsi, 2942-ci saylı məhəllə ünvanda, 6/2 giriş, 9 mərtəbədə yerləşən, sahəsi 118.28 kv.m. ibarət olan 164 saylı mənzil üçün 35484 manat və 10000 ABŞ dolları ödəmişdir. Beləliklə iddiaçı 164N-li mənzil üçün 43284 manat (1 kvm dəyəri 366 manat olmaqla) ödəmişdir. Halhazırda istifadəsində olan Xudu Məmmədov küçəsi, 2942-ci saylı məhəllə ünvanda, 6/2 giriş, 9 mərtəbədə yerləşən, sahəsi 118.28 kv.m. ibarət olan 164 saylı mənzil üzrə Daşınmaz Əmlakın Dövlər reyestrdən çıxarışı alarkən iddiaçıya məlum oldu ki, mənzil sahəsi 118.28 kv.m. deyil, cəmi 97.40 m2-dir. Yəni, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan sahədən 20,88 kv.m azdır. Mübahisəli mənzilin ölçüsünün müqavilədə göstərilən ölçüyə uyğun gəlməməsi, AR MM 442-ci maddəsinə əsasən, öhdəliyin lazımınca icra edilməməsi deməkdir. Bununla da "xxxx" MTK alıcı İddiaçı qarşısında götürdüyü müqavilə öhdəliyini icra etməməklə 20.88 kv.m. sahəni təhvil verməmiş, müqavilədə göstəriləndən 20.88 kv.m. az yaşayış sahəsi olan mənzili təqdim etməklə əsassız olaraq 20.88 kv.m. sahə üçün aldığı 7642 manat məbləğində tam ödənişi iddiaçıdan qanunsuz yolla əldə edərək varlanmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3,43C korpus 6, mənzil 164 (yeni qaydalarla AZ 1129, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsusdur. - İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 20 fevral 2013-cü il tarixli, 150 saylı müqavilədən görünür ki, müqavilənin predmetini satıcıya ayrılmış ünvan 3 ünvanında Payçının vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 150 saylı mənzili təşkil edir.Satıcı inşa ediləcək binanın 6/2 giriş 9 mərtəbə 150 saylı mənzilini mənzilini Payçıya təhvil verməyi öhdəsinə götürür.Mənzil 3 otaqdan ibarətdir, tikinti sahəsi 188,28 kv.m, yaşayış sahəsi 59,12 kv.m təşkil edir. Payçı hər ay 500 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürür. - "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binasının 6/2 giriş, 9 mərtəbədə yerləşən, sahəsi 118.28 kv.m. ibarət olan 164 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-nə borcu yoxdur. - "xxxx" MTK tərəfindən verilmiş 20 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, ünvan 3,43C saylı yaşayış binasında ümumi sahəsi 118,28 kv.m, yaşayış sahəsi 59,12 kv.m olan, 3 otaqlı, 164 saylı mənzil İddiaçı məxsusdur. Mənzilin balans dəyəri 35484 manat təşkil edir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, e-2(005)- 2261/2020 saylı qərardadla təyin edilmiş və “Məhkəmə Ekspertiza Mərkəzi” tərəfindən 17 iyun 2021-ci il tarixdə təqdim edilmiş 10/3922 saylı ekspert rəyindən görünür ki, ünvan 3də Cavabdeh MTK tərəfindən inşa olunmuş binanın 9-cu mərtəbəsində yerləşən mənzilin “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun hesablanmış sahəsi 96,4 k.m, divaraltı sahələr, sütunlar, şaxtanın sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilaltı sahənin 117,1 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında Xudu Məmmədov küçəsi, 2942-ci saylı məhəllə ünvanında yerləşən, 6/2 giriş, 9 mərtəbədə yerləşən, sahəsi 118.28 kv.m. ibarət olan 150 saylı mənzilin alqısatqısına dair 20 fevral 2013-cü il tarixli, 150 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, payçı mənzilə sahib olmaq üçün 30 oktyabr 2014-cü il tarixinədək hər ay 500 ABŞ dolları olmaqla ümumilikdə 10000 ABŞ dolları maliyyə vəsaitini Satıcıya nağd şəkildə ödəməlidir. İş materiallarında olan arayışdan görünür ki, Xudu Məmmədov küçəsi, 2942-ci saylı məhəllə ünvanda inşa olunan yaşayış binası "xxxx" MTK-nə məxsusdur , 6/2 giriş, 9 mərtəbədə yerləşən, sahəsi 118.28 kv.m. ibarət olan 150 saylı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Hal-hazırda iddiaçının istifadəsində olan Xudu Məmmədov küçəsi, 2942-ci saylı məhəllə ünvanda, 6/2 giriş, 9 mərtəbədə yerləşən, sahəsi 118.28 kv.m. ibarət olan 164 saylı mənzil üzrə Daşınmaz Əmlakın Dövlər Reyestrdən çıxarışı alarkən iddiaçıya məlum olmuşdur ki, mənzil sahəsi 118.28 kv.m. deyil cəmi 97.40 m2-dir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, e-2(005)-2261/2020 saylı qərardadla təyin edilmiş və “Məhkəmə Ekspertiza Mərkəzi” tərəfindən 17 iyun 2021-ci il tarixdə təqdim edilmiş 10/3922 saylı ekspert rəyindən görünür ki, ünvan 3də Cavabdeh MTK tərəfindən inşa olunmuş binanın 9-cu mərtəbəsində yerləşən mənzilin sahəsi 96,4 k.m, divaraltı sahələr, sütunlar, şaxtanın sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilaltı sahənin 117,1 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 20 fevral 2013-cü il tarixli, 150 nömrəli mənzil tikintisi haqqında müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq müqavilənin 2.4-cü maddəsinə əsasən mənzilin tikinti və hesablaşma sahəsi 118,28 kv.m təşkil edir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan divaraltı sahələr, sütunlar, şaxtanın sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilaltı sahənin 117,1 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki İddiaçı Cavabdeh MTK-nə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə tərəfin mənəvi zərər tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı cavabdehin hərəkətləri nəticəsində hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirmələrini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 50000 manat mənəvi zərəra görə pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar