Məhkəmə qərarları › İş №e-2(005)-191/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-191/2025

27.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-191/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə 36 ünvanında inşa edilən binanın mansard mərtəbəsində yerləşən və müqavilə əsasında ona məxsus 125 kv.m sahənin yerində təhvil verilməsi və onun sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə 36 ünvanında inşa edilən binanın mansard mərtəbəsində yerləşən və barışıq sazişi əsasında ona təhvil verilmiş 95 kv.m sahə üzərində onun sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəflər arasında barışıq sazişinin bağlandığını qeyd edərək, həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə təqdim edilmiş barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hazırda tərəflər mübahisəni məhkəmədən kənar öz aralarında həll edərək məhkəmə araşdırmalarını aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi ilə tamamlamaq qərarına gəlmişlər. Tərəflər, yəni barışıq razılaşması haqqında sazişə imza edən şəxslər (mülki iş üzrə tərəflər): İddiaçı və Cavabdeh MTK bu bəndlər ilə tanış olmuş və tərtib edilən barışıq sazişini aşağıda göstərilən şərtlərlə imza edirlər: 1) Cavabdeh bu barışıq sazişini bağlamaqla 125 kv.m yaşayış sahəsini iddiaçıya təhvil verdiyini və iddiaçıya qarşı hər hansı bir iddia tələbinin olmayacağını qeyd-şərtsiz qəbul edir; 2) Bu barışıq sazişini bağlamaqla tərəflər aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərini icra etmiş hesab olunurlar və bununla da iddiaçı xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə ona verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə 36 ünvanında yerləşən binanın 79-cu mənzilindəki 95 kv.m yaşayış sahəsindən imtina edir; 3) Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunmaq üçün məhkəməyə təqdim edilir; 4) Barışıq sazişi tərəflər arasında mövcud mübahisənin həlli üçün əsasdır; 5) Barışıq sazişinə cavabdeh tərəfdən təmsilçi qismində iştirak edən Vəkil2 hüquqlarını təsdiq edən etibarnamə əlavə olunur. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunmalıdır. Həmçinin ödənilmiş dövlət rüsumları geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə İddiaçı və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1) Cavabdeh bu barışıq sazişini bağlamaqla 125 kv.m yaşayış sahəsini iddiaçıya təhvil verdiyini və iddiaçıya qarşı hər hansı bir iddia tələbinin olmayacağını qeyd-şərtsiz qəbul edir; 2) Bu barışıq sazişini bağlamaqla tərəflər aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərini icra etmiş hesab olunurlar və bununla da iddiaçı xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə ona verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə 36 ünvanında yerləşən binanın 79-cu mənzilindəki 95 kv.m yaşayış sahəsindən imtina edir; 3) Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunmaq üçün məhkəməyə təqdim edilir; 4) Barışıq sazişi tərəflər arasında mövcud mübahisənin həlli üçün əsasdır; 5) Barışıq sazişinə cavabdeh tərəfdən təmsilçi qismində iştirak edən Vəkil2 hüquqlarını təsdiq edən etibarnamə əlavə olunur. İddiaçı Cavabdeh MTK-ya qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair 2(005)-191/2025 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar