Məhkəmə qərarları › İş №e-2(005)-1921/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1921/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1921/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, 180 nömrəli müqavilə əsasında təhvil verilmiş ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli binanın “A” girişinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 13 nömrəli mənzilə dair İddiaçı borcunun olmaması barədə müvafiq arayışın (maliyyə arayışının) təqdim edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli binanın “A” girişinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 13 nömrəli mənzil İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə mənzilin alğı-satqısına dair ilkin müqavilə ilə Maraqlı şəxs alınmışdır. İddiaçı həmin gün qeyd olunan binanı inşa etmiş Cavabdeh MMC ilə xx.xx.2018-ci il tarixli, 180 nömrəli müqavilə imzalamışdır. Həmin müqaviləyə əsasən, “İcraçı” kimi çıxış edən cavabdeh iddiaçını “Sifarişçi” kimi qəbul etmiş və qeyd olunan mənzili iddiaçıya təhvil vermişdir. Mənzili təhvil aldıqdan sonra iddiaçı uzun müddət onu təmir etmiş və köçərək mənzildə yaşamağa başlamışdır. Həmin tarixlərdə atası rəhmətə getdiyi üçün mənzilin sənədləşdirilməsi ilə məşğul ola bilməmişdir. Mənzilə dair müvafiq çıxarışın əldə edilməsi məqsədi ilə “ASAN Xidmət”ə müraciət etdikdə, həmin mənzilə dair maliyyə arayışını iddiaçıdan tələb etmişlər. Cavabdehin rəhbər şəxslərindən olan İmran Əliyev adlı şəxslə əlaqə saxladıqda isə, Cavabdeh MMC-nin artıq fəaliyyət göstərmədiyi, möhür onda olsa da, belə bir arayışın verilməsinə icazə verilmədiyi bildirildi. Hazırda uzun müddətdir ki, iddiaçı yaşadığı mənzili sənədləşdirə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, mənzili Maraqlı şəxs notarial qaydada bağlanmış müqavilə əsasında almışlar. Mənzilin dəyəri ilkin müqavilədə 137000 manat göstərilmişdir, 136000 manat bank vasitəsilə ödənilmiş, qalan 1000 manatın isə çıxarış aldıqda ödəniləcəyi şərtləşdirilmişdir. Çıxarış almaq üçün yeni maliyyə arayışı tələb olunur, lakin MMC həmin maliyyə arayışını verməkdən imtina edir. Mənzilin əvvəlki sahibi də onlara MMC-yə borclarının olmamasına dair yeni maliyyə arayışının verilməsini tələb etsə də, həmin sənədi verməkdən imtina etmişlər. Mənzil alındığı vaxtdan onların istifadəsindədir və onların MMC-yə hər hansı borcları mövcud deyildir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək və mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2017-ci il tarixli, 151 nömrəli müqavilənin surətindən görünür ki, “İcraçı” (Cavabdeh MMC) ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli binanın “A” girişinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 13 nömrəli mənzili tikərək 18 ay müddətində təmirsiz vəziyyətdə “Sifarişçiy”ə (Maraqlı şəxs) təhvil verməyi öhdəsinə götürmüşdür; - xx.xx.2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Maraqlı şəxs ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli binanın “A” girişinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 13 nömrəli mənzili müqaviləyə əsasən əvəzsiz olaraq almışdır. Maraqlı şəxs qeyd olunan mənzilə görə Cavabdeh MMC-yə mənzilin sifariş dəyərindən borcu yoxdur; - Mənzilin alğı-satqısına dair xx.xx.2018-ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, Maraqlı şəxs ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli binanın “A” girişinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 13 nömrəli mənzili 137000 manata İddiaçı satmağı, İddiaçı isə həmin mənzili qeyd olunan qiymətə almağı öhdəsinə götürmüşdür. İddiaçı satış məbləğindən 136000 manat vəsaiti notariusun bankda açılmış depozit hesabı vasitəsilə Maraqlı şəxs ödəyir, satış qiymətinin qalan 1000 manat hissəsini isə mənzilin yekun alğı-satqısna dair əsas müqavilə bağlanana qədər ödəməyi öhdəsinə götürmüşdür; - xx.xx.2018-ci il tarixli, 180 nömrəli müqavilənin surətindən görünür ki, “İcraçı” (Cavabdeh) MMC ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli binanın “A” girişinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 13 nömrəli mənzili tikərək xx.xx.2017-ci il tarixli 151 nömrəli müqaviləyə əsasən “Sifarişçi” Maraqlı şəxs təhvil verib. “Sifarişçi” isə öz növbəsində mənzili 3M-233 nömrəli xx.xx.2018-ci il tarixli mənzilin alqı satqısına dair 11 nömrəli notariat konturu tərəfindən verilmiş ilkin müqaviləyə əsasən İddiaçı satıb. Bununla əlaqədar qeyd olunan mənzilə dair İddiaçı ilə müqavilə bağlanılır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın “A” girişinin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 13 nömrəli mənzili xx.xx.2018-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs əldə etmişdir. Mənzil əvvəllər Cavabdeh MMC tərəfindən inşa edilərək Maraqlı şəxs təhvil verilmiş, daha sonra isə o, mənzili iddiaçıya satmışdır. Satış qiymətinin 136000 manat məbləği notariusun depozit hesabı vasitəsilə ödənilmiş, qalan 1000 manatın isə yekun alğı-satqı müqaviləsi bağlanarkən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin mənzilə dair çıxarış olmadığından yekun alğı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. İddiaçı cavabdeh MMC-dən mənzilin rəsmiləşdirilməsi üçün borcun olmamasına dair maliyyə arayışı verilməsini tələb etsə də, cavabdeh maliyyə arayışını verməkdən imtina etmişdir. Hazırda cavabdeh mübahisələndirilən mənzilə dair borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 752.1-ci maddəsinə uyğun olaraq, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, yəni Maraqlı şəxs tərəfindən müqavilə üzrə öhdəliklərinin icra edilməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh hüquqi şəxs tərəfindən mənzil Maraqlı şəxs əvəzsiz olaraq verilmiş, eyni zamanda onun MMC-yə hər hansı borcunun olmaması barədə 23 noyabr 2007-ci il tarixli maliyyə arayışı veilmişdir. Daha sonra iddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, yəni mənzilin sahibi arasında 05 aprel 2018-ci il tarixdə notarial qaydada mənzilin alğı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Həmçinin eyni tarixdə iddiaçı ilə cavabdeh MMC arasında mənzilin təhvil verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Mənzil həmin tarixdən iddiaçının sahibliyinə verilmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə gəlincə qeyd edilməlidir ki, notariat işinin materiallarından göründüyü kimi, mənzilin dəyəri olan 137000 manat puldan 136000 manatı müqavilə bağlanan gün bank vasitəsilə ödənilmiş, qalan 1000 manatının isə əsas müqavilə bağlanarkən ödənilməsi şərtləşdirilmişdir. Əvvəlki mhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs də mənzilin dəyərinin iddiaçı tərəfindən ödənildiyini, çıxarış olmadığından əsas alğı-satqı müqaviləsinin bağlanmasının mümkün olmadığını, MMC-yə müraciət etsə də yeni maliyyə arayışının verilməsindən imtina edildiyini bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, mənzilin təhvil verilməsi özlüyündə yalnız mənzilin fiziki olaraq təhvil verilməsini deyil, həmçinin mənzilə dair müvafiq rəsmiləşdirmənin aparılması üçün zəruri sənədlərin verilməsini də ehtiva edir. Belə ki, tərəflər arasında bağlanmış 05 aprel 2018-ci il tarixli müqavilənin 2.2.1-ci bəndində də Cavabdeh MMC müqavilənin predmeti olan mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən 425ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmasa da, həmin mənzil sonuncunun qanuni sahibliyi və istifadəsindədir. İddiaçının cavabdeh MMC-yə müqavilə üzrə borcu yoxdur. Mənzilin əvvəlki sahibinə isə 1000 manat borcunun olması MMC-nin maliyyə arayışı verməkdən imtina etməsi üçün əsas təşkil edə bilməz. Bu zaman nəzərə alınmalıdır ki, mənzilin əvvəlki sahibi də iddiaçıya maliyyə arayışının verilməsinə etiraz etmir. Bu baxımdan iddiaçının borcunun olmamasına dair maliyyə arayışının cavabdeh MMC tərəfindən verilməsindən imtina olunması əsassızdır və bu hal iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2018-ci il tarixli, 180 nömrəli müqavilə əsasında təhvil verilmiş ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli binanın “A” girişinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 13 nömrəli mənzilə dair İddiaçı MMC-yə borcunun olmaması barədə maliyyə arayışının təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli binanın “A” girişinin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 115 kv.m. olan 3 otaqlı, 13 nömrəli mənzilə dair İddiaçı borcunun olmaması barədə maliyyə arayışının təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar