Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1940/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Kommersiya məhkəməsinə müraciət edərək, Cavabdeh öhdəliyini yerinə yetirərək, sökülən qarajın yerinə həmin ərazidə tikilən binadan sökülən qarajın sahəsi qədər yaşayış mənzilinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən yaşayış binasının tikintisi zamanı ona məxsus qaraj MTK tərəfindən sökülərək əvəzində həmin yaşayış binasında qarajın kvadratı həddində ev verilməsi öhdəliyini MTK üzərinə götürmüşdür. Hazırki ana qədər MTK ona həmin yaşayış binasından ev vermə öhdəliyini yerinə yetirməkdən boyun qaçırır və ona əvəzində heç bir kompensassiya ödəmək istəmir. Qeyd edir ki, binanın tikintisi zamanı qaraj sökülərkən onun içində olan əşyalar həmin yaşayış binasındakı mənzilə köçürülmüşdür. Dəfələrlə qarşı tərəflə razılığa gəlməyə çalışsa da, pretenziya məktubu göndərsə də, cavabdeh elə bir razılaşmanın olmadığını deyir. Halbuki razılaşmaya dair əllərində sübutlar və şahidlər vardır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 xx.xx.2022-ci il tarixli notarial qaydada tərtib edilmiş ərizəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı aiddir. Bununla əlaqədar yazılanları nəzərə almasını xahiş edir. Gələcəkdə bu məsələ ilə bağlı hər hansı bir iddia ortaya çıxarsa məsuliyyəti öz üzərinə götürür. X3 xx.xx.2022-ci il tarixli notarial qaydada tərtib edilmiş ərizəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı aiddir. Bununla əlaqədar yazılanları nəzərə almasını xahiş edir. Gələcəkdə bu məsələ ilə bağlı hər hansı bir iddia ortaya çıxarsa məsuliyyəti öz üzərinə götürür. Göründüyü kimi İddiaçı Cavabdeh MTK ilə aralarında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin yarandığını iddia edir. Belə ki, iddiaçı bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 26 ünvanında yerləşən yaşayış binasının tikintisi zamanı cavabdeh tərəfindən ona məxsus qaraj sökülmüş, əvəzində yaşayış evinin veriləcəyi vəd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir; 329-cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi hazırda iddiaçı Cavabdeh öhəliyini yerinə yetirərək, sökülən qarajın yerinə həmin ərazidə tikilən binadan sökülən qarajın sahəsi qədər yaşayış mənzilinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında sökülmüş qarajın əvəzi kimi yaşayış sahəsinin verilməsi barədə razılığa gəlmələri, müqavilə öhdəlikləri götürmələri barədə sənəd mövcud deyil, bu barədə Cavabdeh MTK İddiaçı qarşısında öhdəlik götürməmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçı və onun nümayəndə və vəkili tərəfindən tərəflər arasında müqavilə münasibətlərinin yaranmış olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə “yaşayış sahəsinin verilməsi” tələbinə münasibətdə də hesab edir ki, həmin tələb hər hansı hüquqi əsasa söykənmir, eyni zamanda iddiaçının belə bir iddia irəli sürməsi üçün yuxarıda qeyd olunduğu kimi subyektiv hüququ da olmamışdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinin verilməsi” tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə də bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olduğu təqdirdə isə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə əsassızdır. Digər tərəfdən, iddiaçı əşyalarının Cavabdeh MTK-ya məxsus sahədə saxlanıldığına dair video görüntülər təqdim etsə də də, bu hal Cavabdeh sökülən qarajın yerinə həmin ərazidə tikilən binadan sökülən qarajın sahəsi qədər yaşayış mənzilinin verilməsi öhdəliyini daşımasını təsdiq etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələbi baxımından qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qənaətə gələrkən, İddiaçı müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasının, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinin verilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1940/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1940/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver