Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1958/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı Qəzeti Redaksiyasının nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qəzeti Redaksiyasının cavabdeh "xxxx" MTK-ya qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qəzeti Redaksiyası cavabdeh "xxxx" MTK-ya qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən çıxarışla və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 688 saylı Sərəncamı ilə İddiaçı Qəzeti Redaksiyasına məxsus olan inzibati binanın tikintisi üçün Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, giriş 66A, 859-860 saylı məhəllədə ayrılmış 90 kv.m torpaq sahəsinin cavabdeh "xxxx" MTK-nın qanunsuz sahibliyindən azad edilməsi, həmin sahəni əhatə edən hasarın sökülməsi və torpaq sahəsinin boşaldılaraq redaksiyaya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 688 saylı Sərəncamı ilə ona inzibati binanın tikintisi üçün Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, giriş 66A, 859-860 saylı məhəllədə 90 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncam əsasında torpaq sahəsinin ayrıc aktı, binanın eskiz lahiyəsi, inşaat pasportu və digər sənədlər hazırlanaraq təqdim edilmişdir. Bu sənədlər əsasında torpaq icarə müqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitdikdən sonra uzadılması məqsədi ilə yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Cavab məktubunda sərəncam ilə ayrılmış torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatının müvafiq dövlət orqanı tərəfindən həyata keçirildiyi bildirilmiş və bununla bağlı ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilməsi izah edilmişdir. Torpaq sahəsi üzərində hüquqların təkrar dövlət qeydiyyatının aparılması və çıxarışın verilməsi ilə bağlı aidiyyəti quruma müraciət edilmiş, lakin qurum imtina etmişdir. Buna görə imtina cavabından Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, məhkəmənin 2-1(112)-11658/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1622/2024 saylı, xx.xx.2024-cü il tarixli və Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə qərarının icrası məqsədi ilə müvafiq çıxarış verilmiş və həmin qurumun nümayəndəsinin iştirakı ilə torpaq sahəsinin sərhədlərinin nişanlanması aparılaraq torpaq sahəsinin yerləşməsinə dair koordinantların yerində müəyyənləşdirilərək onlara göstərilməsinə dair məktub verilmişdir. Nümayəndə ilə ərazidə olarkən torpaq sahəsinin iş üzrə cavabdeh tərəfindən hasara alınması və istifadə olunması müəyyən edilmişdir. Ona görə də müvafiq sənədləri cavabdehə təqdim edərək torpaq sahəsini zəbt etdiklərini bildirmiş, sahənin boşaldılaraq qanuni sahibinə təhvil verilməsini xahiş etmişdir. Lakin torpaq sahəsi cavabdeh tərəfindən könüllü olaraq boşaldılmamışdır. Sahə cavabdeh tərəfindən hasara alındığından həmin əraziyə daxil ola və tikinti işləri apara bilmir. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, İddiaçı Qəzeti Redaksiyasının cavabdeh "xxxx" MTK-ya qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qəzeti Redaksiyasının nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X2 hazırki işə Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğunu qeyd etdilər. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş: “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixdə verilmiş ********** VÖEN İddiaçı Qəzeti Redaksiyasına məxsusdur və VÖEN halhazırda aktivdir; “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə verilmiş ********** VÖEN cavabdeh "xxxx" MTK-ya məxsusdur və VÖEN halhazırda aktivdir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir; Həmin Qanunun 1.1.9-ci maddəsinə əsasən redaksiya - veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmədir; “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər, yəni İddiaçı Qəzeti Redaksiyası media subyekti olub, qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə, cavabdeh "xxxx" MTK isə mənzil-tikinti sahəsində işlər görməklə sahibkarlıq fəaliyyətini həyata keçiririlər. İş üzrə mübahisə predmeti qismində çıxış edən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, giriş 66A, 859-860 saylı məhəllədə ayrılmış 90 kv.m torpaq sahəsi İddiaçı Qəzeti Redaksiyası və cavabdeh "xxxx" MTK-nın fəaliyyətlərinin mərkəzi komponentidir. Belə ki, İddiaçı Qəzeti Redaksiyası həmin ərazidə inzibati bina tikməklə, orada media sahəsi ilə bağlı, cavabdeh "xxxx" MTK isə ərazidə söküntü işləri görüb layihələndirmə aparmaqla, yeni binaların inşası ilə bağlı fəaliyyətini təşkil etmək niyyətindədir. İddiaçı Qazeti Redaksiyası Cavabdeh MTK-ya qarşı iddiası üzrə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən (Yeni qaydalarla: AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, giriş 66A) 0,009 ha torpaq sahəsinə dair istifadə hüququnun xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, lakin həmin sahənin cavabdeh tərəfindən zəbt edildiyini iddia edir və sahənin boşaldılaraq, ona (qanuni sahibinə) qaytarılmasını tələb edir. Cavabeh bu halı təsdiq edən sənədlərə istinadən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşası üçün icarə əsasında ona 2,7520 ha torpaq sahəsinin ayrıldığını, məhz həmin ərazi hüdudları daxilində apardığı tikinti işləri ilə bağlı sahənin hasarlandığını bildirir və nəticə etibarı ilə bu sahənin ərizəçi tərəfindən mübahisələndirilən sahə ilə üstüstə düşməsinin müəyyən edilməməsi mövqeyindən çıxış edir. Göründüyü kimi sahibkarlıq fəaliyyətini həyata keçirən subyektlər kimi İddiaçı Qəzeti Redaksiyası və cavabdeh "xxxx" MTK arasındakı hüquq münasibətləri Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, giriş 66A, 859-860 saylı məhəllədə ayrılmış 90 kv.m torpaq sahəsi üzərində sahibkarlıq maraqlarını realizə etmək üçün qanuni sahibin müəyyən olunması məsələsindən irəli gəlir. Bununla belə, tərəflər arasında hüquqi nəticə etibarı ilə istifadə və sahiblik hüquqlarının müdafiəsindən irəli gələn mübahisə yaranmışdır. İddiaçı mübahisələndirdiyi sahədən öz məqsədləri üçün istifadə etmək və orada sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyətindədir. Cavabdeh də ona ayrılmış sahədə yaşayış və qeyri-yaşayış sahələrinin inşasını həyata keçirir, həmin ərazi üzrə sökülən binaların mülkiyyətçilərinə, hər ay kirayə haqqı ödəyir. Yaşayış və qeyri-yaşayış sahələri inşa edildikdən sonra onların alqı-satqısı, habelə icarəyə verilməsi mümkün olacaqdır. Qüvvədə olan mülki qanunvericilik cavabdeh tərəfindən qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini mümkün edir. Bu baxımdan iddiaçı və ya cavabdeh nəticə etibarı ilə mübahisəli sahədən həyata keçirdikləri sahibkarlıq fəaliyyəti çərçivəsində gəlir əldə etmək məqsədi ilə istifadə edəcəklər. Hüquqi nəticə etibarı ilə iddiaçının cavabdehə qarşı iddiası, habelə iddiadan irəli gələrək təmin edilməsi tələb edilən müvəqqəti təminat tədbiri məhz onların hər ikisinin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır”. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə iş üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alıb hesab edir ki, istifadə və sahiblik huquqlarından irəli gələn hazırki mübahisə bilavasitə tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb kommersiya məhkəməsinə olduğundan, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 44, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qəzeti Redaksiyasının cavabdeh "xxxx" MTK-ya qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimaov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1958/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1958/2025
07.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver