Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1970/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Şirinova Fatima Ağa Mehdi qızının katibliyi, İddiaçı Əzimova Dilbər Əzim qızının, onun nümayəndəsi (vəkili) Berman Avraam Şirinbalayeviçin, Cavabdeh Əzimova Aytac Sənan qızının nümayəndəsi (vəkili) Manafova İnara Tahir qızının iştirakı ilə, İddiaçı Əzimova Dilbər Əzim qızının cavabdehlər "xxxx" MTK-ya və Əzimova Aytac Sənan qızına qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əzimova Dilbər Əzim qızı cavabdehlər "xxxx" MTK-ya və Əzimova Aytac Sənan qızına qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2018-ci il tarixli, 100 saylı müqaviləsinin iddiaçı Əzimova Dilbər Əzim qızının cavabdeh "xxxx" MTK ilə bağlanmış hesab edilməsi və Dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirirlər ki, 30 noyabr 2018-ci il tarixli, 99 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə, 6 saylı mənzili və 30 noyabr 2018-ci il tarixli, 100 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə, 5 saylı mənzili cavabdeh "xxxx" MTK-dən əldə edərək təhvil alıb. Cavabdeh "xxxx" MTK ilə müqavilələr bağlayarkən, özü iştirak etmişdir və mənzillərə görə ödənişlər tərəfindən həyata keçirilib, habelə müqavilələrə, o cümlədən ödəniş qəbzlərinə tərəfindən imza atılıb. Bildirmək istəyir ki, aldığı mənzillərə dair dövlət reyestr xidmətindən çıxarış almaq üçün sənədlərə baxış aparan zaman aşkar etdi ki, yuxarıd qeyd etdiyi 100 saylı müqavilədə iddiaçının adı yox cavabdeh Əzimova Aytac Sənan qızının adı qeyd edilib. Bununla əlaqədər 30 mart 2023-cü il tarixdə cavabdeh "xxxx" MTK-ya müraciət edərək,30 noyabr 2018-ci il tarixli, 100 saylı müqavilədə yol verilmiş texniki səhvə düzəliş edərək, iddiaçının adının qeyd edilməsini xahiş etmişdi. Ancaq, cavabdeh "xxxx" MTK-nın 05 aprel 2023-cü il tarixli cavab məktubunda məsələnin məhkəmə mübahisənin aidolduğunu bildirilmişdir. Eyni zamanda bildirmək istəyir ki, sözügedən mənzil MTK tərəfindən iddiaçıya təhvil verildiyi gündən bu günə kimi iddiaçının istifadəsində və sahibliyindədir.Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı Əzimova Dilbər Əzim qızı, onun nümayəndəsi və vəkili Berman Avraam Şirinbalayeviç iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Əzimova Aytac Sənan qızının nümayəndəsi (vəkili) Manafova İnara Tahir qızı iddia tələbinin əsassız olduğunu, iddiaya qarşı yazılı etiraz təqdim edib etirazın dəlillərinə uyğun izahat verdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinə etiraz edərək, aşağıdakıları bildirir 1. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, guya 30 noyabr 2018-ci il tarixli 100 saylı müqavilədə cavabdeh"xxxx" MTK tərəfindən texniki səhvə yol verilmiş və iddiaçının adının əvəzinə cavabdeh Əzimova Aytac Sənan qızının adının yazılmasına baxmayaraq müqaviləni iddiaçı imzalamışdır. İlk öncə qeyd etmək istəyir ki, sözügedən müqavilə cavabdeh Əzimova Aytac Sənan qızı tərəfindən şəxsən imzalanmışdır. Müqavilə hər səhifədə cavabdeh Əzimova Aytac Sənan qızı tərəfindən imzalanmış, müqavilənin əsli də cavabdehdə saxlanılır. Bundan əlavə, Əzimova Aytac Sənan qızına "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda da Əzimova Aytacın imzası mövcuddur. Bundan əlavə Əzimova Aytaca "xxxx" MTK tərəfindən xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinin qəbzi təqdim edilmiş, həmin qəbzdə də bir mənalı şəkildə yazılır ki, Əzimova Aytac Sənan qızı Bakı şəhəri, Çobanzadə küç, bina 2, 2- ci mərtəbə, 6 saylı mənzil üçün 52381 (əlli iki min üç yüz səksən bir) manat məbləği tam ödəmişdir. Necə olur ki, hər üç sənəddə texniki səhvə yol verilir? Texniki səhvi qoyaq bir qırağa, cavabdeh Əzimova Aytac müqaviləni şəxsən imzalamışdır. Belə olan halda əsaslı şübhə yaradılır ki, iddiaçı məhkəməyə saxta müqaviləni təqdim etmişdir. Bundan əlavə, iddiaçı sözügedən mənzilin dəyərinin öz tərəfindən ödənilməsini iddia etsə də, məhkəməyə ödənişə dair heç bir sənəd təqdim etməmişdir. 2. İddiaçı iddia ərizəsində qeyd edir ki, “Eyni zamanda bildirmək istəyirəm ki, sözügedən mənzil MTK tərəfindən mənə təhvil verildiyi gündən bu günə kimi mən istifadəmdə və sahibliyimdədir”. Bununla bağlı bir vacib məqama toxunmaq istəyirlər. Belə ki, Əzimova Aytac Sənan qızı yaxın keçmişə qədər iddiaçının gəlini idi (cavabdehlə iddiaçının oğlu arasında nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur). Nikah dövründə hər iki mənzil (cavabdeh Əzimova Aytaca məxsus olan Bakı şəhəri, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin 2532-ci məhəllədə yerləşən 2 saylı binanın, 2-i mərtəbədəki 6 saylı mənzil və iddiaçıya məxsus olan Bakı şəhəri, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin 2532-ci məhəllədə yerləşən 2 saylı binanın, 2-i mərtəbədəki 5 saylı mənzil ) birləşdirilmiş və iddiaçı, cavabdeh, cavabdehin əri və onların uşaqları həmin birləşdirilmiş mənzildə yaşayırdılar. Bu birləşdirilmiş mənzildə quraşdırılan su, elektrik sayğacları Əzimova Aytac Sənan qızının adına rəsmiləşdirilmiş, "xxxx" MMC ilə telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müqavilə də Əzimova Aytacla bağlanılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehlə iddiaçı arasında ailə-məişət zəminində mübahisə yaranmış, cavabdeh DİN-in 102 xidmətinə müraciət etmşdir. Buna dair xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərarın surətini məhkəməyə əlavə edirlər. O hadisədən sonra cavabdeh evi tərk etmiş və hal-hazırda kirayədə qalır. Lakin, bu o demək deyil ki, Bakı şəhəri, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin 2532-ci məhəllədə yerləşən 2 saylı binanın, 2-i mərtəbədəki 6 saylı mənzil cavabdeh Əzimova Aytac Sənan qızına məxsus deyil. Yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçının iddia tələbi absurd, əsassız və qanuna ziddir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı Əzimova Dilbər Əzim qızının cavabdehlər "xxxx" MTK və Əzimova Aytac Sənan qızına qarşı “müqavilələrin bağlanmasına” dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Əzimova Aytac Sənan qızı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 100 nömrəli müqavilənin təsdiqlənmiş surətindən görünür ki, «Satıcı» Bakı şəhəri, Nizami rayonu, B.Cobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə, 6 saylı mənzili «Alıcı»ya satır, «Alıcı» isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada «Satıcı»ya ödəyir. (1.1-ci bənd) İş materiallarında olan Əzimova Aytac Sənan qızı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 100 nömrəli müqavilənin əslindən görünür ki, «Satıcı» Bakı şəhəri, Nizami rayonu, B.Cobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə, 6 saylı mənzili «Alıcı»ya satır, «Alıcı» isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada «Satıcı»ya ödəyir. (1.1-ci bənd) İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışının təsdiqlənmiş surətindən görünür ki, Verilir, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsiindəki 2532-ci məhəllə ünvanda "xxxx" Mənzil Tikinti Kooperativinin payçısı Əzimova Aytac Sənan qızına , ondan ötəri ki, həmin şəxs kooperativə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilin tam dəyərini, yəni 52 381 (əlli iki min üç yüz səksən bir) manatı ödəmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışının əslindən görünür ki, Verilir, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsiindəki 2532-ci məhəllə ünvanda "xxxx" Mənzil Tikinti Kooperativinin payçısı Əzimova Aytac Sənan qızına , ondan ötəri ki, həmin şəxs kooperativə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilin tam dəyərini, yəni 52 381 (əlli iki min üç yüz səksən bir) manatı ödəmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən Əzimova Dilbər Əzim qızına ünvanlanmış 05 aprel 2023-cü il tarixli 146 nömrəli məktubdan görünür ki, Sizin "xxxx" MTK-ya ünvanladığınız 31 Mart 2023-cü il tarixli ərizənizə cavab olaraq bildiririk ki, 30 Noyabr 2018-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhhəllə ünvanda inşa etdiyi 2 saylı binanın 2-ci mərtəbəsindəki 78,74 kv.m sahəsi olan 5 saylı mənzili Sizin və həmin tarixli 100 nömrəli müqaviləyə əsasən həmin ünvanda inşa etdiyi 2 saylı binanın 2-ci mərtəbəsindəki 74,83 kv.m sahəsi olan 6 saylı mənzili isə Əzimova Aytac Sənan qızının adına rəsmiləşdirib. Həmin mənzillər tikilərək təhvil Sizə verilib. Ərzənizdəki mənzillərə görə ödənişlərin tərəfinizdən aparılması, müqavilələrə imza atmağınız və ödəniş qəbzlərinə imza atmağınıza baxmayaraq 30 Noyabr 2018-ci il tarixli 100 nömrəli müqavilədə texniki səhvin olduğunu aşkar etdiyiniz üçün müvafiq düzəlişin aparılmasnın zəruri olduğunu, həmin müqavilədə Sizin yox, Əzimova Aytac Sənan qızının adının yazılmasını bildirməniz və yol verilmiş səhvi düzəliş etməklə həmin müqavilənin adınıza qeyd etməyiniz barədə xahişinizin MTK tərəfindən həll edilməsi məsələsi məhkəmə mübahisəsidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, “Telekommunikasiya operatoru” ilə “Abunəçi Əzimova Aytac Sənan qızı” arasında Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müqavilə bağlanmışdır. İş materiallarında olan 30 noyabr 2018-ci il tarixli kassa mədaxil oredrinin qəbzinin əslindən görünür ki, Əzimova Aytac Sənan qızı tərəfindən "xxxx" MTK-ya Bakı şəhəri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilin tam dəyərini ödəmişdir. İş materiallarında olan "xxxx" MTK-nın məhkəmə qərardadı ilə əldə edilmiş xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Əzimova Aytac Sənan qızı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin əslindən görünür ki, «Satıcı» Bakı şəhəri, Nizami rayonu, B.Cobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə, 6 saylı mənzili «Alıcı»ya satır, «Alıcı» isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada «Satıcı»ya ödəyir. (1.1-ci bənd) İş materiallarında olan Əzimova Aytac Sənan qızının adına olan "xxxx" ASC-nin qəbzinin surətindən görünür ki, Bakı şəhəri, B.Çobanzadə, Bina 1900, 6 saylı mənzilinə görə elektrik enerjisinin haqqı ödənilmişdir. Beləliklə məhkəmə müəyyən edildi ki, Bakı şəhəri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilə dair 100 nömrəli xx.xx.2018-ci il tarixdə bağlanmış iki müqavilə mövcuddur. Hər iki müqavilənin tərəfləri Əzimova Dilbər Əzim qızı ilə "xxxx" MTK-dır. Həmin müqavilənin cavabdeh Əzimova Aytac Sənan qızında olan əslindən görünür ki, müqavilənin hər səhifəsi, o cümlədən sonundakı imza cavabdeh Əzimova Aytac Sənan qızı tərəfindən icra edilmişdir. Lakin məhkəmə qərardadı əsasında cavabdeh "xxxx" MTK-nın təqdim etdiyi xx.xx.2018-ci il tarixli 100 nömrəli müqavilənin tərəfləri Əzimova Aytac Sənan qızı ilə "xxxx" MTK olsa da, həmin müqavilədəki imzalar, habelə müqavilənin sonundakı imza iddiaçı Əzimova Dilbər Əzim qızı tərəfindən icra edilmişdir. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı bildirir ki, mübahisəli mənzilə dair müqavilə əslində onunla cavabdeh "xxxx" MTK arasında bağlanmışdır, həmin mənzil ona məxsus olsa da texniki səhv nəticəsində xx.xx.2018-ci il tarixli 100 nömrəli müqavilədə cavabdeh Əzimova Aytac Sənan qızının adı yazılmış, lakin müqavilə onun tərəfindən imzalanmışdır. Cavabdeh mübahisəli müqavilənin əslini təqdim edərək, hər hansı texniki səhvin olmadığını, onda olan müqavilədən, kassa mədaxil qəbzindən, maliyyə arayışından göründüyü kimi mənzil ona məxsusdur və müvafiq müqavilə onunla cavabdeh "xxxx" MTK arasında bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsinə əsasən bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 399.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Məhkəmə qeyd edir ki, mülki işin faktiki hallarına əsasən iddiaçı Əzimova Dilbər Əzim qızı hazırda belə bir iddia irəli sürməkdə haqlı olmamışdır. İşin faktiki hallarından müəyyən olunur ki, mübahisəli müqavilənin bağlanması zamanı hər hansı texniki səhvə yolverilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MTK-nın iddiaçıya cavab məktubunda da qeyd edilmişdir ki, 100 nömrəli müqaviləyə əsasən həmin ünvanda inşa edilmiş 2 saylı binanın 2-ci mərtəbəsindəki 74,83 kv.m sahəsi olan 6 saylı mənzili Əzimova Aytac Sənan qızının adına rəsmiləşdirilmişdir. Eyni zamanda cavabdeh Əzimova Aytac Sənan qızının etirazın dəlilləri kimi Bakı şəhəri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilə dair təqdim etdiyi kassa mədaxil orderi, kommunal ödəmələrə dair müvafiq müqavilələrin mövcudluğu, xx.xx.2018ci il tarixli 100 nömrəli müqavilənin əsli iddia tələbinin dəlillərini təkzib edir. Bundan başqa mülki mübahisədən aydın olur ki, hazırda Bakı şəhəri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış 100 nömrəli 2 müqavilə mövcuddur. Cavabdeh Əzimova Aytac Sənan qızına məxsus həmin müqavilə ləğv edilməmiş, etibarsız hesab edilməmişdir, qüvvədədir. Belə olan halda iddiaçının 30 noyabr 2018-ci il tarixli, 100 saylı müqavilənin iddiaçı Əzimova Dilbər Əzim qızı ilə cavabdeh "xxxx" MTK ilə arasında bağlanmış hesab edilməsi barədə tələbi əsaslı hesab oluna bilməz. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qeyd olunan müqavilənin bağlanmış hesab edilməsi baxımından qanuni əsaslar müəyyən edilməmiş, iddiaçının tələbini əsaslandırdığı hallar cavabdeh tərəfin istinad etdiyi hallarla və təqdim etdiyi sübutlarla təkzib olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi iddiaçı müqavilənin əslində onunla MTK arasında bağlandığını mübahisələndirməklə iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının müqavilənin bağlanmış hesab edilməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu səbəbdən iddia tələbi əsassızdır və həmin hissədə də təmin edilməməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Əzimova Dilbər Əzim qızı cavabdehlər "xxxx" MTK-ya və Əzimova Aytac Sənan qızına qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə irəli sürməkdə haqlı olmamışdır, bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, müqavilədə yol verilmiş texniki səhvə dair iddia dəlili iddiaçı tərəfindən formal əsaslarla və mülahizələrlə əsaslandırıldığı üçün müqavilənin bağlanmış hesab edilməsi tələbinin təmin edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əzimova Dilbər Əzim qızının cavabdehlər "xxxx" MTK-ya və Əzimova Aytac Sənan qızına qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1970/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1970/2023
10.10.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver