Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1980/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 434,96 (dörd yüz otuz dörd manat 96 qəpik) manat borcun (abonent kodu: **********031) və 30.00 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbini qəbul etmədiyini və mülki işə iddia icraatında baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 1980/2023 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu:**********031) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 03 aprel 2023-cü il tarixinə 434,96 (dörd yüz otuz dörd manat 96 qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 2 (iki) nəfər normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 31 mart 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1lki məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, qeyd olunan ünvanda yaşamamışdır. Həmin ünvan 12 kv.m sahədən ibarət olan qəzalı bir otaqdır. Bu sahənin qəzalı vəziyyyətdə olmasına dair Fövqəladə Hallar Nazirliyinin aktı da vardır. Özü artıq üç ildən çoxdur ki, başqa yerdə yaşayır və bu barədə arayış da təqdim etmişdir. Həmin evdə sayğac olmamışdır. Borc olanda qapıya bu barədə qəbz qoyulurdu. 2020-ci ilə qədər həmin mübahisəli ünvanda yaşamışdırlar, üç ildir ki, təzə binada yaşayır. İddiaçı ASC-yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh xx.xx.2023-cü il tarixli abonent kartının çıxarışından görünür ki, cavabdehin İddiaçı ASC-yə ödənilməyən ümumi borcu 456,96 manat təşkil edir. Ünvan üzrə 2020 ili üzə borc dəbbə ilə birlikdə 61,5 manat, 2021 ili üzrə dəbbə ilə birlikdə 113,17 manat, 2022 ili üzrə dəbbə ilə birlikdə 119 manat, 2023 ili üzrə dəbbə ilə birlikdə 51 manatdır. - 31 mart 2023-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cəmiyyət tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə xəbərdarlıq göndərilmiş və yaranmış borcunu 7 iş günü müddətində ödəməyi tələb olunmuşdur. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. - “X1” MTK tərəfindən verilmiş 15 may 2023-cü il tarixli 15/128 №-li arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında "xxxx" QSC tərəfindən yeni inşa olunmuş 8 mərtəbəli binanın 5-ci mərtəbəsində 26 saylı mənzilin sakinidir və xx.xx.2020-ci il tarixdən etibarən qeyd olunan ünvanda yaşayır. - İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ASC tərəfindən Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 138A, mənzil 3A ünvanında yaşayan Cavabdeh 2021-ci il mart ayından 2023-cü ilin aprel ayına kimi göstərilmiş su təchizatı və kanalizasiya xidməti: 2021-ci il mart ayından borc 93 manat, 2022-ci il üzrə borc 119 manat; 2021-ci il iyul-2022 iyul müddəti üzrə borc 29 manat, yekun borc 241 manat olmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən Cavabdeh qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən su ilə təchiz edilmişdir. Cavabdeh qeyd olunan ünvanda rəsmi qeydiyyatda olmasına baxmayaraq xx.xx.2020-ci il tarixdən etibarən orada yaşamır. O, həmin ünvanda yaşamaması – həmin ünvan üzrə istifadəçi olmaması barədə iddiaçıya müraciət etməmişdir. Cavabdeh ünvanda yaşadığı dövr ərzindən xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə gəldiyi nəticənin aşağıda qeyd olunanlara görə əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının" 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayma uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin Qaydaların 8.3-cü maddəsinə əsasən, istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Həmin Qaydaların 8.4-cü maddəsinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 8.5-ci maddəsinə əsasən, su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun 30cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə görə "Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır". Həmin Qanunun 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı vo kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Göründüyü kimi, tərəflər arasında su təchizatı ilə əlaqədar müqavilə bağlanmışdır. Cavabdehin istifadə etdiyi xidmətlərə görə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mövcud borc ünvan 2 ünvana quraşdırılmış su sayğacının göstəricisi əsasında hesablandığından və belə hesablaşmanın aparılmasında hər hansı qanunazidd hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı sudan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehdən tutulmalı olan borc məbləğinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Abonent kartından və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən, ünvan 2 ünvanı üzrə xx.xx.2023-cü il tarixə yaranmış cəmi borc və iddia tələbinin həcmi 434,96 manatdır. İddiaçı tərəfindən 2021- 2023-cü il aprel ayınadək 241 manat dəyərində su təchizatı və kanalizasiya xidməti göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh qeyd olunan müddət ərzində ünvan 2 ünvanında istifadəçi olmadığından onun istifadə etdiyi suyun dəyərinə görə borcu cəmi 193,96 (434,96 – 241 = 193,96) manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən edilməli, cavabdehdən yaranmış 193,96 manat borc tutularaq iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq 13,30 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 193,96 manat borc tutularaq **********031 saylı abonent koduna və 13,30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 193,96 (yüz doxsan üç manat doxsan altı qəpik) manat borc tutularaq **********031 saylı abonent koduna və 13,30 (on üç manat otuz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1980/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1980/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver